Heç kimə inanmıram həyatda

Heç kimə inanmıram həyatda

20 İyul 2011 14:00
Bəyəndim (0) Bəyənmədim (0)
Hamı paxıllığımı çəkir

Zahiri gözəllik həyatın özü kimi gəldi-gedərdi. Daxili gözəllik isə əbədidir. Rubrikamızın bugünkü qonağı daxili aləminin səsi ilə qadınları gözəlləşdirən Nigar İbrahimovadır.

- Özünüz haqda məlumat verərdiniz.

- Mən-İbrahimova Nigar 1978-ci il dekabrın 17-si Bakı şəhərində anadan olmuşam. Əslimiz Göyçə mahalındandır. Bakı Dövlət Universitetinin kimya-biologiya fakültəsini bitirmişəm. 6 il İstanbulda vizajist Universitetində oxumuşam. 2008-ci ildə Dolaros Moskva akademiyasının sertifikat diplomunu almışam. "Kanal D"də dərslər almışam.

- Hazırda hansı müğənnilərlə çalışırsınız?

- Nazpəri Dostəliyeva, Aygün Kazımova, Lalə Məmmədova, Natəvan Həbibi, Nura ilə çalıram.

- Sizcə vizajist olmaq istəyən hansısa məktəbi keçməlidir?

- Mütləq sənət lazımdır, hər bir sənətdə peşəkar olmalısan. Professional olmaq üçün bütün kosmetikanın sirlərini, incəliklərini bilməlisən. Yoxsa bir də görürsən, hansısa salonlarda 1-3 ay gedib tələbə kimi işləyirlər, sonra gəlib deyirlər, mən vizajistəm. Hər oxuyan molla Pənah olmaz.

- Olubmu ki, bəzədiyiniz xanım sizin makiyajınızı bəyənməyib?

- Bir dəfə bir xanımın makiyajını çəkmişəm. Başladı ki, ay xoşuma gəlmir, dodaq boyasını vurmayın, evdə varımdır. Gördüm nazlanır, dedim, hansı rəngi istəyirsiniz? Qaldı fikirləşə-fikirləşə. 16 cür dodaq boyası çıxartdım, gördü çıxılmaz vəziyyətdədir. Dedim xoşlamırsansa, pula görə eləyirsənsə, dur üzünü yu get. Başladı, yox mən istəyirəm ki, 10 manat endirim edəsiniz. Dedim, bunu qabaqcadan deyərdiniz, nəyə lazım idi ki, bu kaprizlər? Məsələn, elə müğənni olur, fikrimi bildirirəm, mənimlə razı olur. Eləsi olur, deyir, hamı məni qara saçda görüb, istəmirəm başqa cür olum. Elə müğənnilər də var ki, bilirəm artıq ona hansı vizajı edəcəm. Çox vaxt məsləhət verirəm onlara, mənim fikrimlə razılaşırlar.

- Sirr deyilsə, siz xanımlarımızı neçəyə vizaj edirsiniz?

- Qiymətlər tez-tez dəyişir. Gündəlik makiyaj 100 manat, toy makiyajı 200 manat olur.

- Bu il hansı dodaq boyası dəbdədir?

- Qırmızı dodaq boyası. Yay olduğu üçün şaftalı rəng, çəhrayı rəng, ət rəngləri, açıq rənglər moddadır. Dodaq üçün tatuaj, qələm sürtmək moddan düşüb.

- Nigar İbrahimovaya qarşı paxıllıq hissi varmı? O özünə kimi rəqib görür?

- Əlbəttə, dörd bir yanım - hamı paxıllığımı çəkir. Elə mətbəximin içində də paxıllığımı çəkənlər var. Yanımda çalışanlar da paxıllığımı çəkirlər. Azərbaycanda, Azərbaycandan kənarda, hər bir rayonda tələbələrim var. Ümumən 82 tələbəm var. Onlar mənə rəqib ola bilməzlər, çünki bu sənəti məndən öyrəniblər. Vizajın incəliklərini ilk dəfə Azərbaycana mən gətirmişəm. İlk dəfə ANS-də, AzTV-də vizaj sənətini mən nümayiş etdirmişəm. Tələbələri 800 - 1 000 dollara hazırlayıram.

- Kimisə təmənnasız vizaj etmisiniz?

- Olub. Üç dəfə. O da uşaq evlərindən olan qızları bəzəmişəm. Bir xanım var idi, 13 yaşından mənim yanıma gəlib gedirdi. Bir gün gəldi yanıma, dedi, əlimdə bu qədər pul var, uzun müddətdir 5 manatdan yığmışam, istəyirəm mənim makiyajımı sən edəsən. Mən bu qızın qabiliyyətinə dəyər verib, təmənnasız vizaj etmişəm, özünə də demişəm, toyuna görə hədiyyə edirəm sənə. "Qızıl Aypara" cəmiyyətindən bir kimsəsiz qız olub, onun da makiyajını mən etmişəm.

- Hansı geyim üslubuna üstünlük verirsiniz?

- Klassik geyimləri sevirəm. İş həyatında mən heç vaxt idman üslubunda geyinmirəm, heç vaxt da makiyajsız evdən bayıra çıxmıram.

- Mənfi cəhətiniz nədir?

- Çox tələbkaram, xasiyyətim ağırdır.

- Bəs müsbət cəhətiniz?

- Kimsə səhv edəndə düşmənim də olsa, bağışlayıram. Buzum əriyir həmin dəqiqə.

- Xəyanətə münasibətiniz necədir?

- Heç kimin həyatında istəmərəm xəyanət olsun. Xəyanət evdə də ola bilər, işdə də, institutda da. İnsana arxadan zərbə olar. Xəyanət olanda da o insanın artıq heç bir sözünə inanmırsan.

- Xoşbəxtsinizmi?

- Sağlam insan sağlam düşüncəsi olanda xoşbəxtdir. Bu günə də çox şükür, xoşbəxtəm.

- Sizin üçün sevgi nədir?

- Məni anlayan insan var, mən çox sevirəm onu. Əgər dörd, səkkiz saat onunla bir yerdə qalırsansa, bezmirsənsə, demək, bu həqiqi sevgidir. Yoxsa istəmədiyin insanın yanında olanda on dəqiqə dözə bilmirsən, o insan sənə maraqsız olur, demək, ona qarşı istək, sevgi yoxdur.

- Xanım deyəndə nəyi başa düşürsünüz?

- Səliqə-sahman, mədəniyyət, etika. Əsl qadın oturuşu-duruşu ilə bilinir. Xanım deyəndə iş qadını nəzərdə tuturam.

- Bəs kişi deyəndə?

- Satqın olmasın, ailəsini, valideynlərini sevsin. Əlindən gələni sevdiyi qadına eləsin.

- Sevdiyiniz insanı qısqanırsınız?

- Mənim yanımda hansısa bir qadın olarsa, mən heç vaxt sevgilimi ona qısqanmaram. Həyatda elə yaşamalısan ki, paxıllıq, hərislik heç bir insana qarşı olmasın. Məsələn, durduğun yerdə durmalısan ki, istədiyin də qısqanmasın, sənə şəxsi hörmət münasibəti qoysun.

- Əsəbiləşəndə neyləyirsiniz?

- Ürəyimin təmizliyindən zəhəri içimə buraxıram, bir də bağırıram. Görəndə ki günah məndədir, utanmıram, üzr istəyirəm. Çox nadir hallarda əsəbiləşirəm.

- Bəs İradə ilə Nigarın xasiyyətlərində hansı fərq var?

- Fərq ondadır, qeyd elədim, mən evdən eşiyə makiyajsız çıxmıram. İradə isə eynəyini taxıb, köməkçisi ilə mağazaları gəzməyə gedir. Mən hər evdən çıxanda özümə çox diqqət edirəm, ona görə ki, mənimlə təmasda olan xanımlar çoxdur. Hər şeyə fikir verirəm.

- Həyatda sizi nə qıcıqlandırır?

- Çox insanlardan haqsızlıq görəndə qıcıqlanıram. Ətrafımdakıların paxıllıq hissini görürəm. Bu sənəti öyrədirəm onlara, sonra da görürəm ki, çörəkləri dizinin üstündədir. Mənə çox əsəb gəlir onda.

- İradə üçün darıxırsınız?

- Təzə gedib, onun üçün də, Ipək balamız üçün də darıxıram. Onsuz rəngsiz gəlir hər şey mənə.

- Bəs efirdə İradənin adı qalmaqalda hallananda necə reaksiya verirsiniz?

- Düzdür, mən həmişə sülhün tərəfdarıyam. İradə isə tutduğundan dönmür. Təbiidir, İradə mənim bacımdır. Efirdən sonra maraqlanıram, çalışıram ki, sülh olsun.

- Nigar xanım, inşallah, xeyir iş haçandır?

- Hazırlaşırdıq, bilirsiniz ki, atam rəhmətə getdi. Ona görə hələ bu il saxladıq.

- Zaman dəyişir, insanlar?

- Əlbəttə, insanlar. Həyatda hər bir xasiyyətdə insana rast gəlmək olar.

- Qorxduğunuz var?

- Allahdan başqa heç kimdən qorxmuram.

- Sizcə sevib evlənənlər xoşbəxt olurmu?

- Mən elə ailələr tanıyıram, sevib evləniblər, neçə ildir bir evin içində danışmırlar. Çox az hallarda sevib evlənənlər xoşbəxt olur.

- Necə oldu ki, İN studiyasını yaratdınız?

- Neçə illik zəhmətimin bəhrəsidir, uzun illərdir bu sənətdəyəm. İlk dəfə İN studiyasının açılışında bacım İradə qırmızı lenti kəsdi. Bir də fikirləşdim, çoxlu tələbələrim var, vizajın bütün sirlərini bilirəm. Niyə kimdənsə asılı olmalıyam? Qərara gəldim və İN studiyasını açdım. Bir çox insanlar reklama tələbat olduğunu hiss edirlər. Mənim peşəmdə gördüyüm iş reklamdır. Mən kiminsə vizajını edirəmsə, bu mənim üçün reklamdır. Mən onu ürəyimcə bəzəyirəm. Həmin insan da tədbirə gedir. Tədbirdə də görürlər. Bir də görürsən ki, səhər on nəfər gəlir. Baxırlar əl işimə, maraqlanıb gəlirlər. Bu mənim üçün gördüyüm işin həm qiyməti, həm də reklamıdır.

- Kimin üçün yaşayırsınız?

- Anam, bacılarım üçün yaşayıram. Sevdiyim insana görə yaşayıram.

- Bir müddət aparıcılıq etdiniz, niyə uzaqlaşdınız birdən-birə?

- Aparıcılıqda dəyər yoxdur. Bütün aparıcılar arxa planda olurlar. Hamısı bərbad gündədir. Peşəkar aparıcı yoxdur, qiymət verən də yoxdur onlara. Özümü görmədim bu sənətdə, baxanda çoxu savadsızdır, heç biri də gündəmdə qalmır. Artıq məni vizaj sənətimlə bağlı tanıyırlar.

- Gecə yatanda nə fikirləşirsiniz?

- Səhərin planını cızıram. Harada olacam, nə geyinəcəm? Allahdan can sağlığı arzu edirəm məni sevənlərlə.

- Kimə inanırsınız həyatda?

- Ətrafımda kim olur olsun, istəyir ailəm olsun, heç kimə inanmıram həyatda. Allahdan başqa heç kimə.

- Sizin üçün Şəlalə nədir?

- Təmiz, pak sudur. Şəlalə böyük qüvvədir. Mənim üçün özəllikdir.

İnsanı gözəlləşdirmək də olur, sadəcə gözəl görmək də. Birinci halda təbiət köməyimizə gəlirsə, ikinci halda son sözü gözəl qəlb deyir. Şəlalə də təbiətin yaratdığı nadir incilərdəndir. Lakin onu gözəl görən insan qəlbinin aynası olan gözlərdir.

Şəlalə NƏRİMAN

O.M.