
Güldürəndə ürəyimdə qəmgin nisgil olub
Gülərkən ağlamaq ağlayarkən gülmək qədər çətindir. Lakin güldürmək və ağlatmaq ondan da çətindir.
"Şəlalə" rubrikasının bugünkü qonağı həm güldürməyi, həm ağlatmağı bacaran Arif Quliyevdir.
- Özünüz haqda məlumat verərdiniz oxucularımıza.
- 1950-ci il mayın 16-da anadan olmuşam. 8-ci sinfi Əlibayramlı (indiki Şirvan) şəhərində internat məktəbində bitirmişəm, sonralar Bakıya gəlib Mədəni-maarif texnikumuna qəbul olmuşam. Mingəçevir Dövlət Teatrında uzun müddət işləmişəm. Sonra sənədlərimi İncəsənət İnstitutuna vermişəm, üçüncü cəhddə Musiqili komediya fakültəsinə qəbul olmuşam. Xalq artistiyəm, Prezident təqaüdü alıram.
- Həyatda kimdən halallıq istəyərdiniz?
- Kim mənə, sənətimə hörmət qoyubsa, onlardan halallıq istərdim.
- Hansı hərəkətləri haqsızlıq sayırsınız?
- Kimisə nahaqdan şərləyəndə haqsızlıq sayıram.
- Elə tamaşaçıları güldürəndə ürəyinizdən ağlamaq keçib?
- Təbiidir ki, kimisə güldürürsən, amma həyatda hamının dərdi-qəmi var. Mən heç vaxt büruzə verməmişəm. Elə olub tamaşadayam, kimisə güldürəndə ürəyimdə qəmgin nisgil olub. İstəməmişəm büruzə verim, həyatdır, neyləmək olar.
- Deyirlər, boşanmısınız, tək yaşayırsınız...
- Yox, Allaha and olsun, evimdəyəm, yoldaşım yanımdadır, gedir balaca Arifi yatızdırmağa, nəvəmi. Mənim 62 yaşım var, bundan sonra boşansam, nə olaram.
- Arif Quliyevə indiki dövrdə tələbat var?
- Əvvəl necə idi, indi də elə, mənə çox tələbat var. "Muzkomediya"da çıxış edirəm, hamı mənə sevgisini alqışları ilə bir yerdə bildirir. Əzab-əziyyətlə gəlmişəm bu sənətə, bəhrəsini də görürəm. Öz sənətimə, işimə sadiq qalmışam, bu sənətimi əlimdə bayraq tutaraq tamaşaçılarımızı maraqlı tamaşalarla sevindirirəm.
- Sizi nə xoşbəxt edə bilər?
- Xalqın sevgisi, məhəbbəti, çəkdiyim əziyyətin bəhrəsini görəndə xoşbəxt oluram. Sənətimi çox sevirəm.
- Nəyə qiymət verirsiniz?
- Həyat yoldaşıma. Çox sevinirəm ki, yoldaşım evcanlıdır, bütün sevgisini, qayğısını uşaqlara verir. 1977-ci ildən ailəliyəm.
- Tamaşaçı sevgisini qazanmaq üçün nə edirsiniz?
- Çalışıram tamaşaçılarımla səmimi olum. İstedadın varsa, tamaşaçı səni göyə qaldıra bilər. Əgər özünü dartsan, həmin an tamaşaçılarını itirə bilərsən.
- Sizin üçün sevgi nədir?
- Sevgi həyatdır, qarşılıqlı münasibətdir. İstədiyin insanla danışmaq sənə zövq verir. Sevgi dosta da qarşı ola bilər, yaxınlarına da qarşı. İdeal sevgi ürəkdən, gözdən gəlməlidir.
- Xəyanətə münasibətiniz?
- Xəyanət cürbəcür olur. Çörək yediyin insan sənə xəyanət edə bilər, iş yoldaşın da xəyanət edər. Amma dəyər verdiyin insan sənə xəyanət etsə, bu çox faciəli olar. Əgər ikinci rəhmət qazanmaq istəyirsənsə, gərək xəyanət etməyəsən.
- Subay qızların ailəli kişilərlə münasibətinə necə baxırsınız?
- Çox pis baxıram. Hər bir gənc qız ailə qurmalıdır. Hər kəsin öz qisməti var. Bir də belə hadisələrlə çox rastlaşırıq. Mümkün deyil ki, qarşısını alasan.
- Bəs təhlükəli qadından necə, qorunmaq lazımdır?
- Qadın təhlükəli olanda çox əsəbi olur, gözlərinə heç nə görünmür. Allah o gündən qorusun ki, qadının ayağını tapdalayasan, həmin an istədiyi riskə əl ata bilər.
- Hiss edirsinizmi yaş o yaş deyil, Arif Quliyev artıq babadır?
- Əlbəttə, babalıq böyük xoşbəxtlikdir. Ailəm var, Dövlətdən sənətimə qayğı görürəm. Cürbəcür, rəngarəng həyat gördüm. Hər yaş dövrünün öz gözəlliyi var. Yaşımızın üstünə yaş gələndə də elə bil qatar kimi hər vaqon ipə çəkilir. Hamının qocalığı o vaqondan keçir.
- Sizcə istedadlı bir aktyorla dil tapmaq asandır?
- Ən dəhşətli müharibədir istedadlı ilə aparılan müharibə. Hər sahədə istedadlı var. Bəzən həmin şəxsin qabiliyyəti olmur adamla bir-iki kəlmə danışsın. Amma aktyor kimi tamaşada elə oynayır ki, dəhşətə gəlirsən.
- Nədən yorulursunuz?
- Belə baxanda heç nədən, həyat rəngarəngdir. Yorulanda kitab oxuyuram, yumor səhnələrinə baxıram, şeirlər əzbərləyirəm, yorğunluğum çıxır.
- İndiki gənc istedadlı aktyorlardan kimi bəyənirsiniz?
- Çox xoşuma gəlir KVN, "Bu şəhərdə", Elməddin, Fərda. Hər birinin öz yumor hissli var.
- Bəs siz bu aktyorlar kimi solo tamaşa vermək istəyərdinizmi?
- Bu yaxınlarda Cəlilabad-Biləsuvar zonasında solo yumor tamaşası verdim. Axın çox idi, biletlər də 4 manat idi. Amma durub burda hansısa böyük zalda tamaşa göstərim, mənim yerə vermək üçün 2 000 - 3 000 manatım yoxdur. Yer çox bahadır, icarəyə verirlər. Konsert zalları deyir, gətir yerimin əvvəlcədən pulunu ver, nə istəyirsən elə. Buna imkanım yoxdur. Hazırda İncəsənət Universitetində dərs deyirəm. Prezident təqaüdçüsüyəm, "Qizıl Dərviş" mükafatım var. Ən əsası, sevgim, məhəbbətim var tamaşaçılara. Mənə təmənnasız olmalıdır konsert zalları. Sənətkarlara qiymət sağlığında verilsə, çox yaxşı olar.
- Nədənsə qorxursunuz?
- Heç nədən. Bir ölümdən, o da yazılıb, ən dəhşətlisi odur. Ölüm bilir ki, bizi gözləyir, özümüz beynimizdən çıxardırıq, yaşamaq lazımdır. Gərək hamını xoş münasibət, sevgi, məhəbbətlə qarşılayasan. Gərək sağlığında rəhmət qazanasan. Həyat insan üçün sınaqdır. Ona görə mən hamını sevinclə qarşılayıram, xoş rəftarla yola salıram.
- Sirr deyilsə, tamada kimi toylara neçəyə gedirsiniz?
- Ara-sıra gedirəm toylara. Bir gün bir toy yiyəsi zəng eləyib ki, toya neçəyə gedirsən? Mən də evdə idim. Elə dedim gəldi evə, oturub çay içirdik. Əl çəkmədi, qiyməti de. Dedim, evimə bax, 34 ildir bu evdə yaşayıram, 20 ildir bir Volqam var. Bax bu evə, maşına, qiyməti de. Baxıb dedi, 500 dollar. Mən də dedim, az olsun, həmişə olsun. Rayon toylarına 700-800 dollara gedirəm. O dünyaya nə villa, nə Çayka aparmayacağıq. Həyatdır, ruzi nə olursa, onunla razılaşmaq lazımdır.
- Kədəri dəf etmək üçün nə edirsiniz?
- Özüm-özümə oxuyuram. Çoxlu şeirlər deyirəm. Ən çox oxuduğum mahnı budur:
Bağımda üzüm qaldı,
Yemədim, üzüm qaldı,
İki əmi qızının
Birində gözüm qaldı.
İnsan üçün biri azdı. (Zarafat).
- Sizin üçün məhəbbət nə deməkdir?
- Məhəbbət həyatdır, işıqdır, insanı yaşadan, ona zövq verən stimuldur.
- Bəs sizin üçün Şəlalə nədir?
- Aşıb-daşan həyatın başlanğıcı.
Sev ki, səni sevəni,
Yerlə yeksan olsa.
Sevmə səni sevməyəni,
Misirdə Sultan olsa da.
- Sizi nə ağladıb həyatda?
- Bəzi vaxtlar çıxılmaz vəziyyətlərim olanda oturub ağlamışam. Hər bir insanın daxilən problemi var.
- Tələbələriniz varmı, onlarla münasibətiniz necədir?
- İncəsənət Universitetində dərs deyirəm. Tələbələrimə həmişə başa salıram, bacardıqca dərslərinizi oxuyun. Dərsimə gəlməyənlərə çox vaxt güzəşt edirəm. Elə tələbəm olub, evdə valideyni ilə münasibəti pis olub, gəlib mənə deyib, mən də gedib barışdırmışam onları. Bacardıqca hamıya kömək edirəm.
- Bəs bəzi aktrisaların villaları, xarici maşınları var. Sizcə aktrisalıqla bu şeylərə nail olmaq olar?
- Kimin nəyi var, özünə qismət, yəqin sponsoru alır. Axı onlarda olan gözəllik bizdə yoxdur.
- Görürəm hər söhbətinizdə mənə şeir deyirsiniz, mümkünsə ürəkdən gələn bir şeri deyərdiniz bizə.
- Yığışıb gözümün içinə köçdün,
Gözümə bir daha girən olmasın.
Çəkirəm üstünə kirpiklərimi,
Səni gözlərimdə görən olmasın.
Gözümün ağında yuxulayırsan,
Gözümün qarası sənə balıncdır.
Üstünə çəkdiyim kirpiklərimsə,
Yuxunu kəsməyə iti qılıncdır.
Gözlərin gözümdən boylanır yenə,
Gözümün içində görmürsən məni.
Əgər gözlərimin içindəsənsə
De, niyə yollarda gəzirəm səni?
Çəkirəm özümə baxışlarını,
Baxıram nə zaman oyanacaqsan.
Yığıb saxlayıram göz yaşlarını,
Yuxudan oyanıb yuyunacaqsan.
- Arif müəllim, çox fikirləşdim ki, bu sualı verim sizə, yoxsa yox. Sonda qərar gəldim ki, mənə səmimi cavab verəcəksiniz. Çox vaxt sizi maşın dolu qızlarla görürəm. Qızlarla hara gedirsiniz?
- (Gülür). Birinci insansınız ki, mənə bu barədə sual verdiniz. Siz məni bu qoca vaxtımda boşatdırmaq istəyirsiniz.
- Axı qeyd elədim, səmimi olun.
- Gördünüz, qızlar mənim dostum, tanışlarımdır. Çoxu tələbələrimdir. Bax belə şeyləri görürsünüz, sonra da şayiə çıxır. Bir çox işlərim olur tanış qızlarla.
- Nə işləri ilə məşğul olursunuz?
- Sən də daha, əziz dostum, dərinə getmə. Sadəcə oturub söhbət edirik.
- Olurmu söhbət zamanı bu qızlar ərə getmək barədə danışsınlar?
- Hə, olur, elə çox vaxt bu barədə söhbət edirik də.
- Demək, Arif Quliyevin qızları ərə vermək titulu var.
- A, siz nə danışırsınız? Sadəcə, mənim çevrəm böyükdür.
- Mənə çox maraqlı oldu, siz həmin qızların xasiyyətlərinə çox bələdsiniz. Yəqin siz gəzirsiniz, bələd olursunuz, sonra ərə verirsiniz.
- (Gülür). Tərifləyirəm, ailə qurur, başımdan olur. Onsuz da yoldaşım mənə inanır, qısqanmır.
- Yəqin özünüzü qabaqcadan sığortalayırsınız?
- Əlbəttə.
Şəlalənin səsi qəhqəhəli gülüşü xatırlatsa da, hər damlası göz yaşlarına bənzədi bu gün. Çünki qonağımız Arif Quliyev idi...
Şəlalə Nəriman
O.M.