Aparıcı olduğumu bir müddət atamdan gizlətdim

Aparıcı olduğumu bir müddət atamdan gizlətdim

6 İyul 2011 19:53
Bəyəndim (0) Bəyənmədim (0)
Heç kəs mən ola bilməz

Bəzi insanlar var ki, hər gün qonağınız olur. Lakin biz onları tanımırıq. Heç onlar da bizi tanımırlar. Nə qədər qəribə səslənsə də, həyatımızın müəyyən anlarını birlikdə keçiririk. Onlardan biri ilə bu gün sizləri tanış eləməyə çalışacağam. Bugünkü qonağım hər gün bəlli saatlarda sizlərin də qonağı olan Samirə Müseyib qızı Mustafayevadır. Həmsöhbətimin xəbər spikeri olduğunu nəzərə alaraq, ona verdiyim sualları ardıcıllıqla sıralayıb nömrələdim. 15 sualdan ibarət mini müsahibəmdə bundan qat-qat çox mənalar verən cavablar aldım.

Qısa arayış: Samirə Mustafayeva 1984-cü ildə Bakıda anadan olub. 5 ildir ailəlidir, 1 qızı var.
- Televiziya sizin üçün nədir və bu sahəyə gəlişiniz necə olub?
- Televiziya mənim üçün peşədən savayı həm də həyatımın demək olar ki, çox
hissəsini doldurur. Yəni yaşam tərzimə çevrilib, mənə elə gəlir ki, mütləq elə belə də olmalı idi. Düşünürəm ki, mütləq mən aparıcı olmalı idim. Televiziyaya gəlişim də nə zamansa baş verməli idi. Bu zaman 2003-cü ilin sonları , 2004-cü ilin əvvəllərinə təsadüf etdi. Radioda elan verildi və mən Atv ailəsinə üzv oldum. Düzdür, atamdan gizlətdik bir müddət, çünki atamın arzusu məni müəllimə görmək idi. Amma sonradan hər şey düzəldi. 2 ay saat, gün bilmədən efirə hazırlaşdım. Və 1-ci həftə səhər, növbəti həftə axşam efirinə çıxdım.
- Niyə xəbər departamentini seçdiniz?
-
Özüm də hələ bu suala cavab tapa bilməmişəm. Çünki bilirəm ki, məndə
digər verilişlər də alınardı, amma niyə məhz xəbər? Buna baxmayaraq, sevinirəm ki, məhz xəbərdəyəm. Səbəbləri çoxdur. Mən daxilən də bir qədər ciddiliyi sevənəm.
- Xaraktercə necə birisiniz?
-
Səmimi olmağı sevirəm. Amma tələb olunan qədər. Efirdən də bu hiss olunur. Məsələn, tamaşaçı ilə aramızda olan kameranı hiss etmirəm. Hətta
uzaq Afrikada baş verən yol qəzası belə məni sarsıda bilər. Yəni çatdırdığım xəbərin eyni zamanda tamaşaçısıyam.

- Çəkiliş zamanı başınıza gələn maraqlı hadisə?
-
Qeyri adi və çıxılmaz vəziyyətlər çox olub. Bir dəfə bir ailədə xoşagəlməz hadisə baş vermişdi. Gəlin qayınanasını süpürgə ilə döymüşdü. Bilmirəm niyə, amma mən efirdə xəbəri çatdıranda gülməyimi saxlaya bilməmişdim. Düzdür, sonradan bu, böyük söz-söhbətə səbəb olmuşdu. İndiyədək yadımdadır. Bərdədə övladlığa götürülmüş körpənin işgəncələrlə döyülməsi məni elə təsirləndirmişdi ki, sona qədər göz yaşlarımı saxlaya bilməmişdim.
- Özünüzü tanınmış sayırsınız?
- Tanınmış olmaq yox, sevilmək və faydalı, lazımlı olmaq istəyirəm. Hal-hazırda peşəmdə ən çox yer ayırdığım sahə ailə, qadınlar və körpələrlə bağlı problemlərdir. Reallaşan və hələ kağız üzərində qalan layihələrim var. Tutduğum mövqedə kiməsə yardımçı olmaq istəyirəm. Yiyələndiyim peşə hər kəsə asanlıqla nəsib olan deyil və bu fürsətdən istifadə edərək faydalı olmaq istəyirəm. Yəni aparıcı adından göründüyü kimi kütləni arxasınca aparmağı, maarifləndirməyi bacarmalıdır. Çünki adətən məşhurlardan ibrət götürürlər.

- Efirdə nə haqda danışmaq olmaz?
-
Hər şeydən danışmaq olar. Sadəcə, yerində və çərçivəsində.
- İnsanın mövqeyini nə sarsıda bilər?
- İnsan tutduğu mövqedə qərarlı və mətin olmalıdır. Heç bir çətinlik mənim
mövqeyimə təsir edə bilməz.
- Sevmək çətindir, yoxsa sevilmək?
-
Hər ikisi çətindir.
- Qadına nə yaraşmır?
-
Qadın qiymətli olmalıdır. Özünü çox sevməlidir, hörmət etməlidir, yerini
bilməlidir. Qadın mütləq formada olmalıdır. Sanki harasa hazırlanıb gedir. Qadın dünyagörüşlü olmalıdır, marka geyməyə bilər, amma markalardan mütləq xəbərdar olmalıdır. Savadlı olmalıdır. İsmətli olmalıdır demirəm, çünki əgər Azərbaycan qadınından danışırıqsa, artıq belədir. Bunların hər hansı biri olmadıqda qadın adı o insana yaraşmır.
- Efirdən bezdiyiniz anlar olub?
- İşim mənim ən sevimli məşğuliyyətimdir. Heç bir çətinlik məni bu sevgidən yayındıra bilməz.
- Sizə qarşı qısqanclıq var?
-
Hər kəs öz uğuruna çatmaq üçün çalışsa, heç kəsin uğuruna paxıllıq, qısqanclıq etməsə, yolu hər zaman açıq olar. Məsələn, mənim devizim belədir: Məndən yaxşı , pis ola bilər, amma heç kəs mən ola bilməz. Qadın kimi qısqanclıq təbii ki var.
- Jurnalistin silahı nədir?
-
Deyirlər, əgər jurnalist öz problemini qabarda bilmirsə, öz haqq səsini çatdıra bilmirsə, əsl jurnalist ola bilməz. Jurnalistin silahı onun duz yazan qələmidir.
- Kadr arxası, ya göz önü yaxşıdır?
-
Maraqlı sualdır. Göz önündə olmaq, kadr arxası baş verən hər bir məsuliyyəti öz üzərinə götürmək deməkdir. Ona görə də göz önünə elə bir adam çıxmalıdır ki, kadr arxası əziyyəti yerə vurmasın.
- Aparıcı olmaq istəyənlərə məsləhətiniz.
-
Aparıcı olmaq həkim, müəllim və digər peşələr qədər məsuliyyətlidir. Aparıcı dünyagörüşlü olmalıdır. Çünki tamaşaçı müxtəlif təbəqəni əhatə edir. Efirə məsuliyyətlə yanaşmalıdır, günün mövzusuna ciddi hazırlaşmalıdır. Hər an onu izləyən kütləyə sözün yaxşı mənasında təsir etməyi bacarmalıdır. Gənclərə məsləhət görürəm ki, tanınmaq, məşhur olmaq xətrinə bu peşəni seçməsinlər.
- Media və şou əhli niyə yola getmir?
-
Bu mənim sahəm deyil deyə, bir qədər çətinliklə cavab verirəm. Deyir, qoy özümə yer eləyim, gör sənə neyləyirəm. Populyarlığın ilk vaxtlarında mediaya
ehtiyac duyurlar, ta ki sükanı ələ alana qədər. Amma bəzi gənc jurnalistlər də var ki, süjetin marağa səbəb olması üçün xırda bir şeyi şişirdirlər. Sonda narazılıqlar başlayır. Bir şeyi də deyim ki, şou əhlinin xəbərdə olan mediaya xüsusi simpatiya və hörməti var.
Bu ana qədər televiziya ekranının soyuq şüşəsi sizi ondan ayırırdı. Lakin biz bu virtual sərhədi götürərək, sizləri görüşdürdük. Həmişəkindən fərqli olaraq, bu dəfə siz onun mənəvi dünyasının qonağı oldunuz.

Günel Əliqızı

O.M.