“İnsanlardan zərbə aldıqda ağlayıram”

“İnsanlardan zərbə aldıqda ağlayıram”

17 Aprel 2015 15:09
Bəyəndim (0) Bəyənmədim (0)
İndi özüm üçün yox, balam üçün yaşayıram

- Sevda, çoxdandır görünmürsən. Hazırda yaradıcılığında nə kimi yeniliklər var?

- Bilirsiniz ki, təzəlikcə ana olmuşam. Allah bütün qızlara nəsib etsin bu hissi. Bununla bağlı sənətdən aralı düşmüşdüm. Artıq sənətimlə məşğul olmağa başlamışam. Hal-hazırda yeni mahnılar üzərində çalışıram. Bir çox bəstəkarlarla çalışıram - Zülfi Bədəlov, Kəmalə Qasımova, Arzu Yəhyayeva ilə. Yeni mahnılarım yaxınlarda işıq üzü görəcək. Tezliklə efirlərdə olacağam.

- Artıq ana oldun. Əvvəlki Sevda ilə indiki Sevdanın fərqi nədir?

- Fərq yerlə göy qədərdir. Axı indi mən anayam. İndi özüm üçün yox, balam üçün yaşayıram. Onun üçün yaxşı olsun deyə daha çox şeylər əldə etmək istəyirəm. Həyata da, insanlara da baxışım dəyişdi. Əvvəllər insanların nə düşündüyü məni maraqlandırmırdı. Amma artıq maraqlandırır, çünki indi oğul anasıyam.

- Övladına hansı adı qoydun, uşağa lazımınca baxa bilirsənmi?

- Oğlumun adı Elgündür. Yoldaşımla birlikdə qərar verdik adını. Əlbəttə, sevə-sevə baxıram. Nəfəsimdir o mənim. Doymuram ona baxmaqdan.

- Müğənni olmaq həvəsi səndə uşaqlıqdan yaranıb, yoxsa təsadüfən gəlmisən bu sənətə?

- Uşaqlıqda "Bənövşə" uşaq xorunda oxumuşam. Konsertlərə qatılırdım. Qismət. İndi ailə üzvlərim də sevinclə deyirlər ki, nə yaxşı varsan. Mənimlə, sənətimlə fəxr edirlər. Rəqsi də çox sevirəm, müğənniliyi də. Oxumaqla bərabər rəqs etməyin özü də bir istedad tələb edir. Yaxınlarda tamaşaçılarımızı yeni mahnılarla sevindirəcəyəm.

- Sənətinə dönürsən. Bəs oğluna kim baxacaq? Uşaq balacadır. Hər adama da etibar eləmək olmaz, bilirsən də...

- Artıq oğlumun dayəsi var. Qırxı təzəlikcə çıxdı. Və mən onun üçün çox işləməliyəm. Hazırkı dayəsi mənim üçün çox uzun illər və yaxın tanıdığım biridir. Ona görə çox rahatam ki, onun elə gözəl dayəsi var.

- Bildiyimə görə ananın səhhətində problem yaranmışdı. Hazırda necədir?
- Anam ağır xəstədir, dialez xəstəsidir. Bir böyrəyi işləmir, o biri böyrəyi də xərçəng olduğuna görə çıxarıblar. Səhhəti ilə əlaqədar anam uşağa baxa bilməz. Allah hamıya kömək olsun, içində də mənim anam.

- Bəs həyat yoldaşın narazı deyil bu sənətə dönməyinə?
- Əksinə, həyat yoldaşım mənə çox dəstəkdir. İstəyir ki, bu sənətə dönüm. Sənətimi də, məni də çox sevir. Sənətlə bağlı bütün işlərimi o, istiqamətləndirir.

- Məhəbbət nə deməkdir sənin üçün?
- Məhəbbət ilk vaxtda həyəcan, darıxmaq, onsuz yaşaya bilməmək. Amma sonra bir müddət keçir, onun yerini qarşılıqlı anlayış, hörmət və səbir alır. Bu üçü olmasa, məhəbbət uzun çəkməz məncə.

- Hazırda toylara gedirsən? Təkliflər var?

- Əvvəllərə təkliflər olsa da gedə bilmirdim. Axır aylarımı ağır keçirtdim. Sonra da uşaq oldu. Artıq çəkilərim oldu, ona görə də yox deyirdim. Amma artıq hazıram. İnşallah, bütün məclislərdə iştirak edəcəyəm.

- Nə zaman ağlayırsan?
- Yaxşı hesab etdiyim insanlardan zərbə aldıqda ağlayıram. Yoxsa heç nə ağlada bilməz məni. Son ağlamağım da oğlum dünyaya gələndə oldu. Hətta ağlamağımı eşidənlər də oldu. Heç nəyə dəyişmərəm o anı.

- Ümumiyyətlə səni nə kövrəldə bilər?

- Mən həddindən çox kövrək və həssas insanam.

- Kövrək insanlar romantik olur. Romantiklər isə sevməyi bacaranlardır. Səncə, ürək neçə dəfə sevə bilər?

- Ürək çox sevə bilər. Bu bir gerçəklikdir. Bir də görürsən ki, elə bir insanı unudursan və nə vaxtsa qarşına daha layiq bildiyin insan çıxır. Yəni sevirsən.

- Tez-tezmi qalırsan ağlın və hisslərin arasında?
- Sevəndə qalırdım, indi daha yox. Daha bizdən keçdi, ailəli adamıq.

- Ömür yollarında ən çox nə köməyinə çatıb - pul, ağıl, yoxsa şöhrət?

- Ayaq üstə durmaq üçün gərək hisslərini kənara qoyasan. Əlbəttə ağıl. Ağlımı işlətdiyim üçün şöhrəti də, pulu da qazandım.

- Mahnılarında öz taleyinizi oxumusanmı?
- Yox, öz taleyimdən oxumamışam. Amma oxuyanda həmin mahnını yaşayıram, o rola girirəm.

- Şou-biznesdə özünü görürsənmi?
- Əlbəttə, mən özümü görürəm şou-biznesdə.

- Kimdən halallıq almaq istərdin?
- Halallığı yalnız anamdan almaq istəyərdim. Qalanlar özləri məndən istəsin halallığı.

- Özünü hansı nağıl qəhrəmanına bənzədirsən?
- Özümü "Zoluşka"ya bənzədirəm.

- Sevda haçan təhlükəli ola bilər?
- Bəziləri üçün təhlükəli, bəziləri üçün təhlükəsizəm. Ailəmə zərər verən insanlar üçün təhlükəli olaram.

- Həyatında hansı peşmançılığınızı şeytanın ayağına yazardın?

- Hər insanın həyatında olduğu kimi mənim də həyatımda peşmançılıqlar olub. Vacibi olanlardan dərs çıxarıb, təkrarlamamaqdır.

- Qadın gözəlliyi nə deməkdir sənin üçün?
- Qadının daxili gözəl və təmiz olsun gərək. Oturuşunu, duruşunu bilsin.

- Əsl kişi necə olmalıdır?
- Sərt, səliqəli, təmizkar olmalıdır. Xanımını incitməməlidir. Kişi geyimi ilə seçilməlidir.

- Bu sənət sənə nə öyrətdi?

- Daşürəkli olmağımı.

- Çərçivə nədir sənin üçün?
- Atdığın addımlara fikir verməlisən. Bəzi yerlərdə elə söz olar, lazımdır ki, çərçivədən çıxmayasan.

- Sevdanı nə qıcıqlandıra bilər?
- Yalan. Bir də görürsən ki, kimisə yalandan tərifləyirlər. Gərək elə edəsən ki, səhər ölüb gedəndə sən rəhmət desinlər.

- Qısqanc xanımsan?
- Çoooox...

- Qalmaqal nə deməkdir sənin üçün?
- Reklam deməkdir qalmaqal.

- Bu yaxınlarda "odnoklassnik"də sənin şəkilinlə səhifə açıldığını gördüm. Buna münasibətin necədir?

- Vallah görmədiyim üçün heç nə deyə bilməyəcəyəm. Sadəcə, Allaha tapşırıram o səviyyəsizi.

Şəlalə NƏRİMAN