
Mütəllim Dəmirov: “22 ildir sənətdəyəm, ada ehtiyac duymuram, artıq xalq görür”
- Özünü oxucularımıza təqdim edərdin?
- Mən Dəmirov Mütəllim Rəsul oğlu 1970-ci il dekabrın 28-də Bakı şəhərində anadan olmuşam. Ailədə 5 bacı, 3 qardaşıq. Bu sənətə gəlməyim irsən keçib mənə. Babamda, atamda səs olduğuna görə mənə də nəsib olub. Hazırda Opera və Balet Teatrının solistiyəm.
- Necə oldu ki, xanəndə oldun?
- Uşaqlıqdan musiqiyə həvəsim olub və atam da gənclik illərində oxuyub. Ola bilsin ki, oradan gəlir və qanda varsa bu mütləq büruzə verir. Kiçik yaşlarımdan oxuyurdum, haradasa 11 yaşımdan oxuyuram və indiyə kimi də belə davam edir. Belə bilsəydim özümü başqa sahəyə yönəldərdim. Nə isə, qismət belə imiş, şükür məsləhətinə!
- Uzun müddətdir ifa edirsiniz. Niyə istədiyiniz pillədə deyilsiniz, səbəb nədir?
- 1995-ci ildə "Füzuli - 500" Muğam müsabiqəsinin laureatı oldum. Ondan sonra mən Opera və Balet Teatrına dəvət aldım, ora işə qəbul etdilər. Nə isə, elə o vaxtdan da özümü teatra həsr elədim. Amma nə fayda. Heç bir faydası yoxdur. Tanınmamağımın müəyyən səbəbləri var: birinci səbəb budur ki, sənətçi televiziyadan tanınar. Televiziyalar da maşallah, hamısı 1500-2000 manat istəyir, qiymət oxuyur. Mən bu pulu haradan verim? 270 manat maaş alıram. Sağ olsunlar, hərdən dost-tanışlar vasitəsi ilə məclislərinə dəvət edirlər. Verdikləri pulla dolanıram. Kirayədə qalıram. Necə edim, bilmirəm. Yenə də şükür, birtəhər dolanıram. İstədiyin pilləyə çatmaq üçün gərək pul xərcləyəsən, ya da ki, yaltaqlıq edəsən və onda da olursan "Kral". Bura Azərbaycandır.
- Bu sənətdə kimdən bəhrələnmisən?
- Bu sənətə gəlməyimin səbəbkarları Allah rəhmət eləsin, Yaqub Məmmədov, Səxavət Məmmədov, Qədir Rüstəmov, bir də Allah cansağlığı versin Alim Qasımov olub. Onların fanatı olmuşam. Uşaqlıqdan bunlara qulaq asa-asa gəlib Alimin tələbəsi oldum. Ustadım Alim müəllim olub. Amma bunlardan başqa da sənət aləmində nə qədər ustadlar var özümə ustad hesab edirəm.
- Kimlərlə ki bu səhnəni böldünüz, artıq onların bir çoxları xalq, əməkdar artistidirlər. Bəs səni bu narahat edirmi?
- Sözün açığı, əksəriyyəti mənimlə oxuyan uşaqlardı və hərəsinin bir qisməti var. Yəqin nə vaxtsa gözləri, qarınları doyarsa yadlarına düşərəm. Onu bir Allah bilir.
- Uşaqlıq xatirələrindən danış.
- Uşaqlıq xatirələrim odur ki, uşaq idim, nağara çalmağı çox istəyirdim və istəyimə də nail oldum. Nağara çala-çala gəlib oldum kasıb bir xanəndə.
- Kimlərin ifasını dinləyirsən?
- Çox keçmiş xanəndələrə qulaq asıram. Bunlardan Cabbar Qaryağdıoğlu, Şəkili Ələsgər, İslam Abdullayev, Seyid Şuşinski, Yavər Kələntərli, bir də aşıq musiqilərinə qulaq asıram. Aşıq Şakiri, Bəyləri, Məmmədağanı çox həvəslə dinləyirəm.
- Özünü şou-biznesdə görürsən?
- Hamı bilir ki, şou-biznesdə hamı hamının dalına danışır. Bunu da mən bacarmaram. Çünki xasiyyətimə yad olan hissdir. Şou-biznesdə yoxam, sənətdəyəm. Qədrimi bilirlər, inanıram ki, haqq-ədalət yerini tutacaq.
- İlk məhəbbətin olubmu?
- Hamının həyatda ilk məhəbbəti olub. Mənim də ilk məhəbbətim olub, amma qismət deyilmiş. Onlar imkanlı idilər, mən isə kasıb. Ataların belə bir misalı var: "Yorğanına görə ayağını uzat".
- Bəs məşhurluğun arxasında hansı çətinliklər gizlənir?
- Məşhur olmaq üçün bu sənətdə olub-olanlarla ayaqlaşmaq lazımdır. Amma onu da qeyd edim ki, məşhurluğun arxasında böyük aktyorluq durur. Çünki bu sənətdə hər bir obrazda oynamağı bacarmalısan. Bütün çıxışlarınla nəzərdə olmalısan. Yəqin ki, onu bacaranlar bilir. Mən bunları bacarmadım ki, bu həyatla da ayaqlaşa bilmədim.
- İndi gənclərin kütləvi şəkildə şou-biznesə qatılmaq istəyini nə ilə izah edə bilərsən? Azərbaycana bu qədər müğənni istehsalı doğrudan lazımdımı?
- Bilirsiniz, yenə deyirəm, həyatda hər bir insanın qisməti var. Tanınacaq, tanınmayacaq, o da şansdan irəli gəlir. Amma gəlin səmimi olaq, mənim kimi yüzlərlə xanəndə var ki, kölgədə qalıb. Səbəb də imkansızlıqdır. Əgər imkanım yaxşı olsa mən də gündə efirdə olaram. Qaldı, indiki gənclər əgər bu sahəni seçirlərsə, lazımdır ki, seçirlər. Çünki hazırda ölkədə ən yüngül və qazanclı iş budur. Səslərini kompüter vasitəsilə ürəkləri istəyən kimi düzəldirlər. Qoy oxusunlar, nə deyə bilərəm.
- Şou əhlinə həsr olunmuş verilişlərdə səni ən çox nə qıcıqlandırır?
- İnanın, heç birinə baxmıram. Çünki marağım yoxdur. İnsan eyni simaları efirlərdə nə qədər görər... Burdan çıxıb o biri kanala gedirlər. Nələrinə baxım, qətiyyən maraqlanmıram.
- Bəs sənin prodüserin varmı?
- Prodüserim yoxdur. Amma görünür bu sənətdə yaxşı prodüserə ehtiyacım var. Nə qədər olmasa bu sənətdə mənə köməkliyi çatardı.
- Öz gəlirlərini necə istifadə edirsən? Əsas xərclərin nəyə gedir?
- Gəlirim kirayəyə gedir, bir də yeməyə xərcləyirəm.
- Səncə, Azərbaycan musiqisi tarixində qalacaqsanmı?
- Mənim "Qızıl Fond"da iki lent yazım var. Haçansa, kimlərsə qulaq asacaq. Necə ki, biz kimlərəsə qulaq asırıq.
- Qısqanc insansan?
- Belə də, tam deyə bilmərəm.
- Kimdən halallıq almaq istərdin?
- Ustadlarımdan halallıq almaq istərdim.
- Xanəndəlikdən başqa əlindən hansı sənət gəlir?
- İnanın, bu sənətim olmasa, əlimdən başqa sənət gəlmir, ya fəhləlik edərəm, ya da ki, şoferlik.
- Dilindən düşməyən mahnı hansıdır?
- Dilimdən düşməyən mahnı Azərbaycan xalq mahnılarıdır, təsniflərdir, bəstəkar mahnılarıdır - hamısı da bir-birindən gözəl. Dillərimizdə əzbərdir . Nə gözəl ki, bunlar var.
- Ürəkdən haçan ağlamısan?
- Dövrümüz elə ağlamalı dövrdür də. Qarabağda gedən döyüşlər zamanı gedib orada konsert verəndə yaralıları görüb ağlamışam. Xocalı faciəsi çox kövrəldir məni. Hərdən içim dolur, onda oxuya-oxuya ağlamaq olur. Belə şeylər də olmasa insan məhv olar. Gözdən yaş gəlirsə, insan yüngülləşir.
- Ailənizdə səndən başqa bu sənətlə məşğul olan varmı?
- Ailədə bir mənə nəsib olub xanəndə olum. Bu da ki, qismətdir.
- Nə zaman haqsızlığın qurbanı oldun?
- Zaman özü haqsızdır. Nə vaxt haqlı danışırsan, onda olursan haqsız. Haqq sözü getmir. Yalan olasan, ikiüzlü olasan, onda haqlısan bu həyatda. Yalnız bu dövr üçün belə olmalısan. Bunu da mən bacarmıram.
- Əgər əlində imkan olsaydı həyatında nəyi dəyişərdin?
- Getdi o günlər ki, həyatımda nəyisə dəyişim. Gənclik dövründə etməlisən etməli olduqlarını, yeriyib, yürümək deyil. Allah nəsib etsin, hər şey qismətə bağlıdır. Tanrı yazdığı həyatdır, buna da şükür edirəm.
- Hazırda operada vəziyyət necədir? Deyirlər ki, sənə qarşı haqsızlıq var.
- Belə də, birtəhər yola gedirik.
- Neçə ildir bu sənətdəsən?
- 22 ildir ki, bu sənətdəyəm.
- 22 il sənətdə olan Mütəllim müəllim niyə hələ də ad almayıb?
- Bilirsiniz, yenə deyirəm, müraciət eləmişəm, xalq özü görür, nə deyim, ehtiyac da yoxdur ki, ad alam.
- Sənin tanınmağın üçün olubmu qalmaqal təklif olsun hansısa sənətçidən?
- Olub, ad çəkməyəcəm, mən razı olmamışam. Xasiyyətimə uyğun deyil kimlərləsə durum söz-söhbət yaradım.
Şəlalə NƏRİMAN