Restoranda oxuyanlara əməkdar artist adını verirlər

Restoranda oxuyanlara əməkdar artist adını verirlər

28 İyun 2011 18:11
Bəyəndim (0) Bəyənmədim (0)
Polisə yenidən müraciət etmişəm, axtarışdadır

Həyat çay kimidir, elə hey axır və heç zaman geri dönmür. Çaylar enişli-yoxuşlu yollarla süzülərək haradasa birləşir. Eynən insanlar qarşılaşdıqları kimi. Məhz o an su şırnağı sıldırımdan aşağı tökülərək şəlaləyə çevrilir. Bu şəlalə neçə-neçə canlıya həyat verdiyi kimi neçəsini də yuyub aparır. Nəticədə hər şey su aydınlığına çıxır. "Şəlalə" rubrikasında da həqiqətlərə can verilir, gizli mətləblər aydınlığa çıxır. Beləcə, beyinlərdə formalaşmış stereotiplər yuyulub gedir. Çünki həyat insana verilən ən dəyərli hədiyyə olduğu kimi şəlalə də suların ən qüdrətlisidir. O həm də paklıq, gözəllik rəmzi, həyat mənbəyidir.

Bugünkü qonağımız da həqiqətləri olduğu kimi etiraf etməyi bacarır. O da şəlalətək aşıb-daşır. Elə isə, gəlin birlikdə Yaqut Babayevanın enişli-yoxuşlu həyat yoluna birlikdə səyahətə çıxaq.

- Özünüz haqda məlumat verərdiniz...

- M.F.Axundov adına Pedaqoji İnstitutun rus-dili fakültəsini bitirmişəm. Babam İrandan Lənkərana gəlib. Özüm Bakıda anadan olmuşam. Uşaq vaxtı atam məni qarmon sinfinə qoyub, amma mən qarmonu yox, oxumağı seçdim. Sarabski adına mədəniyyət evində ansamblın bədii rəhbəriyəm. 1980-cı ildən bu sənətdəyəm.

- Həyatda xoşbəxtsinizmi?

- Allaha şükür, 2 gözəl balam var. Bu yaxınlarda qızımın toyu oldu. Naşükür insan deyiləm. Bu günə min şükür. Bir də sənətimə qiymət versəydilər, çox yaxşı olardı. Bu, mənə çox pis təsir edir. Azərbaycanda yaşayırıq. Ağlamayana süd vermirlər. O, boyda can qoymuşam, soyuq havalarda bütün bölgələrdə konsert vermişəm. Əməyə qiymət verən yoxdur. İndi restoranda oxuyanlara əməkdar artist adını verirlər. Bir dəfə demişəm ki, necə olur ki, Manana restoranda oxuya-oxuya ona ad verilir, bizim kimi sənətkarlara ad verilmir? 31 ildir bu sənətdəyəm. Müraciət də eləmişəm. 3 ildir sənədlərim gedib, hələ bir səs-soraq yoxdur. Düzdür, Manananın haqqında fikir söyləmək mənə qalmayıb. İstər-istəməz adama pis təsir edir, mən də zəhmətimin bəhrəsini istəyirəm axı.

- Deyirlər, Yaqut Babayeva bir çox müğənni xanımların paxıllığını çəkir.

- Mən paxıl olsam, ürəyimdə kin olar. Mənim kimi düz insan yoxdur. Sadəcə, düzgünlük olmayanda fikrimi bildirirəm. Sonra da deyirlər ki, mən paxılam. Allah var göydə, özüm kimi ürəyiaçıq insan görməmişəm. Mənə yaxın olan insanlar bunu təsdiq edə bilər.

- Ümumiyyətlə, özünüzü necə xarakterizə edərdiniz?

- Çox sadə, səmimi, bir də əsəbiyəm, tez özümdən çıxıram. Kimsə mənə ilişə, onu yerində oturda bilirəm.

- Həyatda ən böyük səhviniz nə olub?

- Bu sənətə gəlməyim ən böyük səhvimdir. Kaş ki, gəlməzdim.

- Bəs daha dəqiq desək?

- Olub. 1 dəfə. Heç vaxt açıqlamaq istəməzdim. İllər keçib, istəməzdim yadıma salım.

- Səhnəyə gəlişinizi bir səhv adlandırdınız. Elə isə, hansı sahəni seçərdiniz?

- Həkimlik, özü də çox bacarıram. Bir də yemək bişirməyi çox sevirəm, mənim kimi yemək bişirən olmaz.

- Çox dadlı bişirirsinizsə, bəlkə hansısa restoranda aşpaz olasınız?

- Mən hansısa restoranda yemək bişirib nümayiş etdirsəm, çox bahalı satılmalıdır. Hər adam pul çatdıra bilməz. Özüm də həmişə yeyinti məhsullarının bahalısını alıram. Xoşlayıram evimə qonaq gəlsin, ləzzətli yeməklərdən bişirim onun üçün.

- Bəzi müğənnilərimizin gözəllik salonu var. Bəs sizin necə?

- Mənə yaxın dostlarım təklif ediblər. Lazım olsa, imkanım da var, ala bilərəm, amma marağım yoxdur. Kimin də nəyi var, özünə qismət olsun.

- Yaqut Babayeva sənətdə kimi nömrə 1 görür?

- Uşaq vaxtından Zeynəb Xanlarovanın mahnılarını sevib gəlmişəm bu sənətə. Zeynəb Xanlarovadan başqa heç kimi görmürəm №1.

- Bəs şou-biznesdə №1 kimdir? Məlum yarışmanı nəzərdə tutmuram. Səhnədə olan gənc müğənnilərdən danışıram.

- Zeynəb Xanlarovanın yanında kimdir axı onlar? Bir də indi hər şeyi SMS həll eləyir. №1 Zeynəb Xanlarovadır mənim fikrimcə. Öz adımdan danışıram, ondan başqasını görmürəm.

- Yaqut Babayeva "Bir aləmsən, sarı gəlin" mahnısını oxuyanda niyə onu zövqsüz adlandırdılar?

- Kim məni zövqsüz adlandırırsa, ən böyük zövqsüz onun özüdür. Belə deyək, səviyyəsiz mahnıdırsa, niyə toylarda pul verib bu mahnıya oynayırlar? Mənim ürəyim nə istəyir, onu da oxuyuram. Səviyyəsiz mahnıdırsa, səviyyəli xalqım niyə oynayır? Manaf Ağayev dedi ki, "Ay canı yanmış" mahnısından 1 milyon qazanmışam. Vaxt var idi, o mahnını bəyənmirdilər. Bəs indi nə oldu? Kim ki deyir, filan mahnı zövqsüz mahnıdır, toylarda özü hamıdan qabaq o mahnını oynayır da, oxuyur da.

- Sirr deyilsə toylara neçəyə gedirsiniz?

- Dəvət olanda gedirəm. Bütün toyu 1000 manata , yarım saatı 500 manata oxuyuram.

- Bəs efirlərdə niyə az-az görünürsünüz?

- Hara çağırsalar, gedirəm. Qaldı ki, mən pul verib heç vaxt efirə getmirəm.

- Efirdən söz düşmüşkən məndə olan məlumata görə, ATV kanalının yüksək vəzifəli bir əməkdaşına qarşı Binəqədi Rayonu Polis Şöbəsinə ərizə vermişdiniz.

- İlk dəfə sizə açıqlama verirəm, görürəm ki, siz hər cümlənizdən məni qalmaqala salmaq istəyirsiniz. Çox təkid etdiniz, deyəcəm. Bir gün ATV kanalının əməkdaşı İkram Əliyev mənə zəng eləyib dedi ki, 4 ay efirdə olacaqsan, mənə 13800 manat pul ver, bütün sənin işlərini özüm görəcəm. Dedim ki, mənim bu qədər imkanım yoxdur. Səhər yenidən zəng vurub bildirdi ki, danışmışam, 5 000 manata 4 ay ATV-nin bütün verilişlərində olacaqsan. Həm də mənə klip çəkmişdi, mahnı öz sözlərinə bəstələnmişdi. ATV-də klipi də verəcəm, gedəcək, - dedi. Mən də sevincək razılaşdım. Fikirləşdim, pulu borc tapıb verərəm. Səhəri mənə yenidən zəng vurub dedi: ""ruçka", vərəq götür, verilişlərin vaxtını yaz. Mən də götürüb yazdım. Dedi ki, bu həftədən sonra sənsən verilişdə. 1 həftə oldu, İkram yoxdur. Ay atam öldü, - gah dedi, - anam, sonra qayınatam öldü, - narahat olma, 1-ci gündən klipin ATV-də gedəcək, - deyə inandırdı məni. Mən də dost-tanışa bildirdim ki, səhər efirə baxın, məni göstərəcəklər. Sonra gördüm bu fırıldaqçı məni aldadır. Binəqədi polis şöbəsinə müraciət etdim. 5 000 manatdan 2 000 manatını onların sayəsində aldım, 3 000 manatım qaldı. Mən də Yasamal Məhkəməsinə müraciət etdim. Gəldi dedi, filan şeylərə xərc çəkmişəm. Məhkəmənin qərarı ilə 3 000 manatdan 1200 manatı mənə ödəməyi barədə hökm çıxarıldı. Donuzdan bir tük də qoparmaq qənimətdir. Qərar 1 ildir verilib, ancaq məni bu gün-sabah eləyib aldadır, hələ də pulumu verim. Hamıya ata-ata gedir. İnanın, SMS-lə ona nələr yazmışam, qorxusundan cavab vermir. Ən axırıncı adamdır ki, bu sözləri götürür. Biri bir cinayət edən kimi İnterpol tapır. Bu hara yoxa çıxıb tapılmır, bilinmir. Yenidən müraciət etmişəm polisə, axtarışdadır. Kişi kimi çıxmır meydana, qaçıb gizlənir.

- Mənə çox maraqlıdır, Space televiziya kanalında yayımlanan "Şişman şou"da həmkarınız Zeynəb Dostəliyevə ilə sizin aranızda nələr baş vermişdi? O vaxt belə bir xəbər yayıldı ki, siz ağıllı-başlı saçyolmasına çıxmısınız.

- Əvvəla, onun adını çəkmək istəmirəm, görürəm ki, siz çox şeylə maraqlanırsınız.

- Yaqut Babayeva sualıma cavab vermək istəmirsə, mən hər şeyi olduğu kimi yazacam.

- Nəyi yazacaqsınız ki? Deyin bilim.

- Yaqut xanım, mən sizin fikrinizi bilmək istəyirəm. Məndə yetərincə məlumat var.

- Onda çox xahiş edirəm ki, nə var, elə də yazın. Görürəm, söhbətdən qaçmaq mümkün deyil.

Adını çəkmək istəməzdim, o insan gəlib qapını döydü, bir otaqda qalırdıq. Mən də hamamda çimirdim. Tez ol qapını aç, - dedi. Dedim ki, hamamdayam, sabunluyam, gözlə, 5 dəqiqəyə çıxıram. Yox, tez ol, qapını aç, paltar sərəcəm, - deyə qışqırdı. Mən də sabunlu açdım. Dedim, 2 dəqiqə gözləsəydin, nə olardı? Bir az söz-söhbət düşdü, saçyolması olmadı. Bir də çox xahiş edirəm, onun adını çəkməyin yanımda. Söhbəti bağlayaq. Bu mübahisə zamanı qarmon çalan Gövhər xanım da orada olub. Şahid odur ki, elə də böyük dava-dalaş düşməyib.

- Gəlin bir az da duyğulardan danışaq. Sizin üçün məhəbbət nə deməkdir?

- Məhəbbət ülvi bir hissdir. İndi məhəbbət yoxdur. İndi sən can deyirsən, o, can demir. Hər şey qarşılıqlı olmalıdır.

- Yaqut Babayeva üçün tərk edilmək daha asandır, yoxsa tərk etmək?

- Heç biri xoşuma gəlmir. Nə məni tərk etsinlər, nə də mən kimsəni tərk edim.

- Sizcə qadınlar ağıllıdır, yoxsa kişilər?

- Əlbəttə, qadınlar. Qadınlar kişilərdən 5 çömçə yuxarıdır.

- Xəyanətə münasibətiniz necədir? Heç sizə xəyanət ediblərmi?

- O, qədər xəyanət ediblər ki. Özüm də pis baxıram xəyanətə. Hamı mənim sadəliyimdən istifadə edir.

- Ürəyinizdən nə keçir?

- Kaş yenidən uşaq olardım. Atam-anam yanımda olardı. Hər xasiyyətdə mənə oxşayardılar.

- Bəs hansı insanlara Yaqut Babayevanın ürəyi yanmır?

- Qurban kəsib Əli süfrəsi verəndə mənə dost-tanışlarım deyirlər ki, apar ver türməyə. Niyə verməliyəm türməyə? Türmədəkilər cinayət törədiblər, cəzalarını çəkməlidirlər.

- Axı məhbusların da arasında şərə düşənlər və ya təsadüf qurbanı olanlar var. Biz də ki, onlar da bizim kimi insanlardır.

- Mənim ürəyim yumşaqdır, amma cinayət törədənə qarşı çox qəddaram. Onlar orda cəza çəkməlidirlər, kef eləməməlidirlər. O qədər kimsəsizlər var, onlara edərəm də köməyi. Şəxsən türmədə yatanlara ürəyim yanmır.

- Nə vaxt ürəkdən ağlamısınız?

- Atamı, cavan bacımı itirəndə ağlamışam. Bir də görürsən ki, kimsə mənə bir söz deyir, yaşlıdır, cavab verə bilmirəm. Cavab qaytarmağım ayıbdır axı. Onda ürəyimə salıb ağlayıram. Allah eləməsin ağlayım bundan sonra.

- Gözə-nəzərə inanırsınız?

- Dəhşət inanıram gözə, nəzərə. Mən yola çıxanda həmişə düz gedirəm. Ayağımın altına baxmıram. Bu yaxınlarda şəhərə çıxmışdım, bir də gördüm ayağım burxuldu, yıxıldım. Hazırda gipsdədir. Necə oldu bilmədim, hamısı göz-nəfsdir.

- Yaqut Babayeva 1 daşla kimisə susdurmağa qadirdir?

- Əvvəllər hər sözə reaksiya verirdin. Çox aqressiv idim. Elə bil indi yaş üstə yaş gəlir, çox şeyə fikir vermirəm. Lazım olsa, susdurmağı çox gözəl bilirəm. Mənə söz çatdırmaq çətindir. Heç kimlə işim yoxdur. Sənətimlə məşğulam. Hərə öz sənəti ilə məşğul olsa yaxşıdır.

- Kimlərlə dostluq edirsiniz?

- Səhnədə heç kimlə, kimisə ürəyimə yaxın buraxmıram. Rəfiqələrim var, başqa sahədə çalışırlar.

- Sizin üçün Şəlalə nə deməkdir?

- Şəffaflıqdır, təmiz sudur, gözəl təəssüratdır.

"Şəlalə" bu gün bir çox sirləri yuyub apardı, həqiqətləri aydınlığa çıxardı. Onun hər damlası qonağımızın kövrək xatirələrinə qarışaraq ümid toxumuna həyat verdi. Ümid cücərəcək, arzuya çevriləcək, qol-budaq atacaq, bar-bəhər verəcək. Şəlalə isə daha neçə-neçə arzuları canlandırmaq üçün axmaqda davam edəcək...

Şəlalə NƏRİMAN

O.M.