Cavad Rəcəbov: “Həyat özü başdan-başa riskdir - hər dəqiqəsi”
- Özünüzü təqdim edərdiniz?
- Rəcəbov Cavad Hənifə oğlu, cənub bölgəsindənəm. Ailədə 1 bacı, 1 qardaş olmuşuq. Özümün də 1 qızım, 1 oğlum var. 51 ildir bu sənədəyəm.
- 51 il sənətdə olan Cavad Rəcəbov niyə hələ də ad almayıb?
- Çox pis təsir edir mənə. Çünki mənim tələbələrim, məndən bəhrələnən müğənnilər hazırda hamısı xalq, əməkdar artist adına layiq görülüblər. Halbuki onlar məndən sonra tanınıblar. Mən rayonda qalmağımla bir az arxa planda qaldım. Mənim təqdimatım gedəndə yuxarıda deyiblər ki, Cavad Rəcəbov rayonlu oxuyandı, bir quş qoyublar ayağıma. 2004 - də bir gedib, 2008 - də bir, 2014 - də isə 2 dəfə. Rayondan başqa təqdimat da göndərilib. Hələ buna bir rəy verən yoxdur ki, 51 ildir sənətdə canımı qoymuşam, qiymətləndirmək lazımdır.
- Musiqi təhsiliniz varmı?
- Mədəni-Maarif Texnikumunu bitirmişəm. 1980-ci ildə Bakıda Universitetin nəzdində ansambl yaratdım. Ora kinofilm fakültəsinə götürdülər. Gördüm ki, mənə uyğun deyil. 1980-ci ildə Az.TV-də çıxış edəndə "Dan ulduzu" ansamblının rəhbəri Gülarə xanım məni orda gördü və ansambla dəvət etdi.
- Ailənizdə musiqiçi olubmu?
- Bizim ailədə musiqiçi olmayıb. Mənim atam balıqçı olub. Deyilənlərə görə çox gözəl səsi olub. El şənliklərinə getməyib, yalnız balıqçı dostlarına mahnı ifa edirmiş. İndi də oğlum sənətimi davam etdirir. Nəslimizdə oxuyan olmayıb.
- Coşqunla Rəfail sizi parodiya edib. Münasibətiniz onlarla necə olub?
- Onlar mənə zəng etdilər, konsertdən qabaq bildirdilər ki, sizin "Mübarək olsun" mahnınızı parodiya etmək istəyirik, necə baxırsınız? Onlara dedim eləyin, beş də artıq. Konsert günü də məni oğlumla dəvət etdilər, gəldik, hətta onlarla bir yerdə ifa da etdim, çox maraqlı alındı. Çox xoş oldu, demək Cavad Rəcəbov sevilən müğənnidir ki, sayılıb-seçilir, onu orda parodiya etdilər.
- Uşaqlıq xatirələrinizdən danışardınız?
- Uşaqlıqda mənə Tarzən deyirdilər. Meşədə ağacların üstündə qaçırdım. Suda super üzürdüm, yaxşı mənada "suiti" deyirdilər mənə. Belə ad qoymuşdular.
- İlk müəlliminiz kim olub?
- Bizim rayonda Sona xala var idi, qız toylarına gedirdi. Məni götürdü özü ilə. 1964-cü ildən nağara çalırdım. Oradan da bəhrələndim və indi bu zirvədəyəm.
- Şou-biznesdə özünüzü görürsünüz?
- Sözün düzü, şou-biznesdə yoxam. Amma efirlər hamısı məni dəvət edir. Yeni kliplər, albomlar hazırlayıram.
- Bəs şou-biznesin açarı kimin əlindədir?
- Onun açarı xalqın əlindədir. Əgər səni sayıb-seçib toylara dəvət edirlərsə, demək xalqımızın əlindədir şou-biznesin açarı.
- Solo-konsert vermək fikriniz varmı?
- Mən bütün xarici ölkələrdə konsert vermişəm. Bu yaxınlarda bir təşkilatdan mənə dəvət gəldi ki, solo-konsert verim. İnşallah, Bakıda konsert verəcəyəm, danışıqlar gedir. Yüz faiz.
- Bir çox müğənnilər var ki, oxuduğu-yazdığı mahnıları başqaları mənimsəyir. Bu, sizə necə təsir edir?
- Mən bildim siz oxu hara atırsınız. Mənim mahınımı kimsə götürüb oxuyursa, buna çox sevinirəm ki, ifa etsinlər. Mahnı xoşuna gəlib ki, ifa edib də... Amma məndən icazəsiz onu götürərək mahnının adını dəyişib özününküləşdirmək... Əlbəttə, nə Allaha, nə bəndəyə, nə həmin müğənniyə xoş gedər. Onun bəhrəsini götürüb özününküləşdirirsən. Mən o mahnını 1981-ci ildə Gülarə xanımın ansamblının ifasında yazdırmışam. Radionun "Qızıl Fond"unda saxlanılır. Mahnının adı "Həsrətin oldum" idi, dəyişib adını "Mənim tənha gözəlim" edib. Bəli, bunu Qədir Məmmədov edib. Mahnının sözləri Vahid Əzizin, musiqisi Oqtay Kazıminindir, 1981-ci ildə yazılıb. O mahnını Qədir Məmmədov özəlləşdirib. Vasif Məhərrəmov da 2 il bundan qabaq oxuyub, halallığın da o adamdan alıb. Mən də bunu eşidən kimi zəng vurub dedim Vasif qardaşım, bu oxuduğun mənim mahnımdır. Dedi nə danışırsan, bunun halallığını mən Qədirdən almışam. Mən də dedim nə Qədir?.. Bu mahnını mən 1981-ci ildə "Qızıl Fond"da yazdırmışam. Sonra deyəsən gedib araşdırıb, zəng edib, "Qızıl Fond"dan da deyiblər ki, mənəm ifaçısı.
- Sevimli - şouda sizin söhbətiniz düşdü.
- Mən onun üçün xəbər göndərmişdim, verilişdən qabaq dedim ayıbdır, niyə belə edirsən? Mən bilsəydim Mikayıl onu dəvət edib, verilişə getməzdim. Onu orada gördüm, daha çıxa da bilməzdim. Mikayıl da sualını verdi, biz də dalaşdıq. Münasibətim yoxdur o vaxtdan.
- Məndə olan məlumata görə verilişdə reklam vaxtı əlbəyaxa olmusunuz.
- Onun musiqiçiləri bir az qalxıb xoruzlandılar, verilişdən sonra da cavablarını aldılar. Mənim adamlarım da gəldi, verilişdən sonra çöldə bir az dava oldu. Onu da arxa yandan qaçırtdılar getdi. Qoymadım ki, başqa söhbət olsun, çünki Qədir yerlimdi, yaxşı deyil. Amma heç kimə olmaz ki, mahnının adını dəyişib mənimsəyəsən. Hətta Vahid Əziz mənə dedi ki, qoy verim məhkəməyə. Dedim lazım deyil, daha edib, bilən bilir ki, mahnını ilk dəfə mən ifa etmişəm.
- Prodüseriniz varmı?
- Yoxdur. Heç vaxt da olmayıb, olmayacaq da. Heç səs rejissorum belə yoxdur. Bütün işlərimi özüm görürəm, hər şeyi özüm edirəm.
- Ürəkdən haçan ağlamısınız?
- Ürəkdən yaxınlarımız, əzizlərimiz dünyasını dəyişəndə ağlamışam. Allah heç kimə qismət eləməsin pis günü.
- Qısqanc insansınız?
- Yox, Allah mən elə ailə qismət edib ki, həmişə inanmışam. İçimdə, ürəyimdə heç vaxt başqa şeylər fikirləşməmişəm. Ona görə qısqanclıq olmayıb.
- Özünüzə hansı titulu verərdiniz?
- Uzun illərdir sənətdəyəm. Mənim titullarım çoxdur. Bizim bölgədə mənim titulum "Bizim Cavad"dır. İkinci titulum "Orkestr adam" titulu 1981-ci ildə verildi. Çünki o vaxtı heç bir ərəb, hind mahnısını öz səsləri ilə sintez edib, ifa edə bilmirdilər. Mən edirdim orkestrlə. İndi isə kompüterləşmə ilə kim necə istəyir edir. Əsas odur ki, məni bütün sevənlər "Bizim Cavad" adı ilə çağırırlar.
- Həyatda nəyəsə risk etmisiniz?
- Həyat özü başdan-başa riskdir - hər dəqiqəsi.
- Həyat bir məktəbdir, sizə nə öyrətdi?
- Həyatda mən çox əziyyətlər görmüşəm. Çünki atam çox cavan dünyasını dəyişib. Mənim 4, bacımın 2 yaşı olub, ona görə anam çox əziyyət çəkib, ta ki bu səsi Allah-tala mənə qismət etdi. 1964-cü ildən mütəmadi el şənliklərinə, konsertlərə getmişəm. Əziyyət çəksəm də, bəhrəsini də gördüm.
- Daxilinizdəki Cavadla həyatdakı Cavadın fərqi nədir?
- Mənim daxilim necədir, içimdə nədirsə, aşkarım da odur. Çox mülayim insanam. Düzdür, əsəbiləşirəm, 5 dəqiqədən sonra elə bil o şey olmayıb. Hamıyla səmimiyəm.
- Həyatda arzuladığınız nə olub?
- Arzulamışam ki, övladım olsun, olub. Bir qızım, bir oğlum var. Qızımı köçürmüşəm, 3 qız nəvəm var. Oğlumu da oxutdurmuşam, musiqi təhsili var. Onun da bir oğlu var, adı da Cavaddır. Üç gün bundan qabaq ad günü idi, 8 yaşı tamam oldu. Fəxr edirəm ki, gözəl ailəm, nəvələrim var. Məni yaşadır nəvələrim, adımı saxlayan, qoruyan var.
- Sevən ürək nə zaman unutmağı bacarır?
- Məndə sevgi-məhəbbət var. Bir insan desə ki, məni bağışla, mən həmin an bağışlayaram.
- Heç depressiyaya düşmüsünüzmü?
- Düşürəm. Həyatda başıma çox macəralar gəlib. Ən dəhşətlisi bu olub ki, 1992-ci ildə cənub bölgəsində bir az problem var idi. Cənab Prezident o vaxt yoluna qoydu. Mənim bir şadlıq sarayım var idi. Gözügötürməyənlər bəzi insanlardan bir neçəsini öyrədirmişlər ki, bu Cavadı aradan götürək, sarayı qalsın bizə. Mənim maşınıma qumbara qoydular, maşın partladı, mən də onun içində, Lənkəranda. Maşın tikə-tikə oldu. Məni Allah saxladı, salamat qaldım. Onda həyəcan keçirdim, depressiyaya düşdüm.
- İndiki şou-biznesindəki xəyanətkar ikiüzlülərə münasibətiniz necədir?
- Mən yenə deyirəm, qalmaqalla sənətə gəlməmişəm. Hər çıxışımda AzTV-yə minlərlə məktub gəlirdi. Azərbaycanda ilk dəfə minus-pilusu mən yaratmışam. Azərbaycanda ilk dəfə səsyazma studiyası məndə olub. Mənim haqqımda sənədli film var "Qızıl Fond"da. Hələ xalq, əməkdar artistlərin heç elə sənədli filmi yoxdur. Amma mənim adıma "Bu günün nağılı" adında sənədli film var. Mən sözümü deyib bu sənətə gəlmişəm. "Dan ulduzu" ansamblının solisti olmuşam. İncəsənət Universitetini bitirmişəm. Rəhmətlik Məmmədbağır Bağırzadəylə, Səxavətlə bir məktəbdə oxumuşam. Mən sıradan gələn bir insan deyiləm. Son zamanlar qalmaqallar oldu, yenə deyirəm o vaxtı da dedim mən qalmaqalla sənətə gəlməmişəm, o qalmaqal da Qədirlə oldu. Adamın Allahı olar, sən necə mahnı mənimsəyə bilərsən?.. Şou-biznesdə bəzi hərəkətlərə pis baxıram. Sənəti olmayanlar da çoxdur bu sənətdə, özləri bilər.
- Nəyə nifrət edirsiniz həyatda?
- Çörəyə qiymət verməyənlərə nifrət edirəm. Gətirirsən, öyrədirsən, sonra çörəyi tapdayır. Bir məsələ var: "Tısbağa qından çıxdı, qının bəyənmədi". Nankor insanlara nifrət edirəm. Mən atasız böyümüşəm, çox əziyyət çəkmişəm. Mənə kim o vaxtı dəstək olub, mən onların indi balalarına hörmət edirəm, dəstək oluram. Yaddan çıxarmaram yaxşılıqların. Kim ki yaddan çıxardır, nankorluq edir. Mən onları Allaha tapşırıram.
- Sizin ifa tərziniz hansı üslubdadır?
- Mənim oxuduğum mahnılar rəngarəngdir. Onların arasında hind, türk, ərəb iran, əfqan mahnıları çoxdur. Bizim musiqini qərb yox, şərq üslubunda ifa edirəm.
- Həyatınızda nəyi dəyişmək istərdiniz?
- Heç nəyi dəyişmək istəməzdim. Yenidən dünyaya gəlsəydim, yenə də müğənni olardım.
Şəlalə NƏRİMAN