Yaqut Nəriman: “Saatlarla ayaq üstə o səs-küydə oxumaq asan deyil”

Yaqut Nəriman: “Saatlarla ayaq üstə o səs-küydə oxumaq asan deyil”

21 Yanvar 2015 15:20
Bəyəndim (0) Bəyənmədim (0)
Elə müğənnilərimiz var ki, Türkiyədən gətirdikləri heç onların ayağının tozu da olmaz

- Özünü təqdim et oxuculara.

- Tanıyan tanıyır artıq. Qısa deyə bilərəm ki, mən Yaqut Nəriman "Azəristar" yarışmasında V yerdə olmuşam. Məktəb illərindən ifa etsəm də, 2004 – cü ildən professional sənətdəyəm. Ailəliyəm, 1 övladım var.

- Yaqut, 2014-cü il sənin yadında necə qaldı?

- Hər bir ilin öz gözəlliyi olduğu kimi bu il də mənim yaddaşımda öz gözəlliyi ilə qaldı. Bu ildə mənim gözümün ağı-qarası oğlan övladım dünyaya gəldi. Buna görə Tanrıma şükür edirəm. Bundan başqa "Nazı-nazı" adlı mahnımı yeni oranjimanda dinləyicilərə təqdim etdim.

- Yaradıcılığında nə kimi yeniliklər var?

- Bir çox bəstəkarların mahnılarını ifa etmişəm. Yeni mahnılar yazdırıram. 70-ci illərin türk mahnılarından bir-ikisini yeni üslubda ifa edəcəyəm. Hazırda yeni mahnılarıma klip çəkdirmək istəyirəm. Yalnız irəli getməyi fikirləşirəm. İnşallah, yeni fotosessiya düşünürəm.

- Gündəmə gəlmək üçün nə etmək lazımdır?

- Yeni mahnılar yazdırıb, yeni fotosessiyalar etdirmək. Gündəmdə qalmaq üçün əsas mahnıdır, çünki mahnı tutarlı olarsa, istər-istəməz səni axtarıb tapacaqlar ki, məclislərində iştirak edəsən. İndi bəzi gənclər var ki, gündəmə gəlmək üçün soyunur, şəkillərini də bütün sosial şəbəkələrdə paylaşırlar. O da bəxtə-bəxt olur ki, gündəmi tutuzdursunlar. Mənim fikrimcə gündəmdə olmaq istəyirsənsə sənət göstərməlisən. Yoxsa bədəni nümayiş etdirmək... Əgər bədəni nümayiş etdirmək istəyirsənsə bu başqa, yəqin öz fikirləri var. Mən yalnız sənətimlə gündəmə gəlmək istəyirəm.

- Sosial şəbəkələrdən istifadə edirsinizmi?

- İnanın, bir aydır ki, instiqramda özüm şəxsən oluram. Onu da bacım açdı mənə və öyrətməyə başladı. Çünki heç vaxt marağım olmayıb. Feesbukda artıq 2-ci ilə keçir ki, Dan səhifəm var, onu da çox gözəl insan, qardaş kimi mənə əziz olan Tural Tahiroğlu istifadə edir, mənim bütün çəkdirdiyim şəkillər, iştirak etdiyim məclislər haqqında məni sevərlərə məlumat verir. Çox sağ olsun, əziyyət çəkir. Qaldı intstiqramda özüm şəxsən oluram. Feesbuka vaxtım olanda baxıram, imkan olanda cavablandırıram fikirləri.

- Ziyarətlərə tez-tez gedirsən.

- Məni tanıyanlar bilir ki, Allaha bağlı insanam. Allahımı da çox sevirəm. Ziyarətlərə də gedəndə elə bil ki, ruhum dincəlir. Ocaqlara çox inanıram. Çünki hamı bilir ki, mən də ağır seyid - Mirşükür Ağanın nəticəsiyəm. Adla deyirəm, ocağımız var.

- Haqsızlığın qurbanı olmusan?
- Olub. O da yaxşı ki, bacım yanımda olur. Toylarda bir də görürsən səsi alırlar. Paxıllıq hissindən irəli gəlir. Belə olanda bacıma baxışlarımla bildirirəm, həmin an səsimi verirlər. Bizim əziz millətdə paxıllıq hissi olmasa, yaxşı olardı. Mən çox qınamıram gənclərimizi fonoqrama oxuyanda. Çünki yazıqlar neyləsinlər, səsi alırlar. Bu yaxınlarda Şəmkir rayonunda çox möhtərəm bir ailənin toyunda iştirak edirdim. Oxuyanda gördüm səsi alırlar. Mən də özümü itirmədim. Tez-tez popuriləri oxudum ki, hiss olunmasın səsimin alınmağı. Çünki musiqinin bütün sirlərini əzbər bilirəm. Toyu yola verib gəldim Bakıya. Səhəri də Xəzər TV-nin "Hər şey daxil" verilişində qonaq idim. Verilişdən sonra bir də gördüm Şəmkirdən zəng gəldi ki, Yaqut xanım, çox gözəl səsiniz var, qulaq asdıq, üzrlü sayın ki, bizim Gəncədən gətirdiyimiz ansambl toyu zay eləyib qoydu. İfa edə bilmirdilər ki, səslər qarışıq çıxıb. Sonra bir-iki məclislərində oldum.

- Özünü nədə qınayırsan?
- Tənbəllik deyilən sindrom yoxdur məndə. Özümü qınayıram ki, çox adama yaxşılıq edirəm. Məncə hər adama da yaxşılıq etmək lazım deyil. Bir də özümü qınayıram ki, tənbəllik etməyim, çox çalışıb istədiyim pillədə olum.

- Ulduzluq sindromu var səndə?

- Qətiyyən yoxdur. Əgər elə bir şey olsaydı, heç kimlə ünsiyyət qurmazdım. Çünki yetərincə bu sənətdə sözümü deməyə başlamışam, hələ davam da edəcək. Mən həmişə sadəliyə üstünlük verirəm. Sadəlik hər şeydən yaxşıdır.

- Özünü şou-biznesdə görürsən?

- Şou-biznesdə yox, özümü bu sənətdə görürəm. Çünki bizdə şou-biznes yoxdur. Baxın, qonşu türk kanallarına. Necə incəliklə harda olurlar, gizli kamera ilə çəkilir və efirlərə verilir. Bizdə isə belə bir şey olsa, həmin dəqiqə loru dildə desək, bəzi müğənnilərin "krışaları", yəni day-dayları zəng edib imkan verməzlər ki, material getsin. Bunu hamı bilir. Bizdə şou-biznes yoxdur və özümü orada görmürəm.

- Klip çəkdirmək fikrin var?
- Bilirsiniz ki, 2 klipim var - birini rejissor Zöhrab Ağayev çəkib, "Sənsizlik" mahnıma, ikincisini də Kənan MM çəkib, "Gözlər yalan deməz" mahnıma. Hazırda "Nazı" mahnıma istəyirəm klip çəkdirəm. Seçim edəcəyəm rejissorlar arasında. Bilirsiniz, mənə əsas keyfiyyət maraqlıdır. Yoxsa, bu tanınmış rejissordur, ona müraciət edəcəyəm, yox, elə bir şey olmayacaq. Hər hansı gənc bir rejissor da ola bilər. Hələ fikirləşirəm.

- Hansı stilistə müraciət edirsən?

- Hamı bilir ki, Samiraldo ilə mənim fotosessiyam oldu. Saç kəsimlərimi də Samiraldo edir. Gündəlik saçımı Elnurə xanım düzəldir. Artıq neçə illərdi ki, toya da gedəndə, efirə də gedəndə Elnurə xanıma müraciət edirəm və çox bəyənirəm əl işini.

- Toylarda vəziyyət necədir?
- Bu ay bir az zəiflik oldu. Şükür, ruzini verən Allahdır. Tədbirlərə çox gedirəm, gəlir yerim oradan olur. Təşəkkür bildirirəm dostlara ki, məni yaddan çıxartmırlar. Bu yaxınlarda "Buta Plaza"da Dəmir yolunun 50 illik yubileyində mən də iştirak etdim. Mənim üçün məsuliyyətli idi. Sağ olsunlar, həmişə dəstəklədilər. Çünki bu tədbirdə 50 ölkənin naziri iştirak edirdi. 3-4 sənətkarın içində mənə də yer verilməsi mənim üçün uğurdur.

- Hansı sənətçilərdən dəstək görürsən?
- Bu yaxınlarda Xəzər TV-nin "Star layf" verilişində "Dünya" mahnımın təqdimatı oldu. Zeynəb Dostəliyevaya minnətdarlığımı bildirirəm ki, mənə dəstək oldu və mənə mahnısını təmənnasız verdi. Nazənin xanımdan böyük dəstək gəlir mənə. Ona da minnətdarlığımı bildirirəm. Çox sevirəm Nazənin xanımı. Gözəl insan, gözəl ailə başçısıdır. Məsləhətlərinə də qulaq asıram. Burdan ürəklə deyirəm, bir də görürsən efirdə ad çəkəndə çıxardırlar. Əminəm ki, 18 ilin "Oxu məni" qəzetində belə bir şey ola bilməz. Həmişə fikirlərimizi azad deyirik. Siz "Oxu məni"çilər mənə böyük dəstəksiniz, həmişə yanımdasınız. Bu mənim üçün uğurdur. Çünki sizdə yazı getsə, ehtiyac olmur ki, başqa yerlərə müsahibə verim. Həmişə yanımdasınız. Gözümü açıb "Oxu məni" qəzetini görmüşəm. Ailəmiz də dəstəkdir mənə. Xəzər TV kanalı da həmişə biz gənclərə dəstək olur. Rəhbərliyə minnətdarlığımı bildirirəm. Kimlər ki mənə dəstəkdir, Allah köməkləri olsun, sağ olsunlar, deyirəm. Səmimi olum ki, bu sənətdə Elçin Əlibəyli də mənə dəstək olub, verilişlərinə çağırıb, sağ olsun. Unuda bilmərəm, sağ olsunlar hamısı.

- Özünə çox arxayınsan bu sənətdə?
- Əlbəttə, Allahım həmişə mənə dayaqdır. Ailəm, bacım mənə arxayındır. Əsas da səsim var, səsim olmasa özümə arxayın olmaram.

- Sənin fikrincə bu gün toydan çoxlu qonorar alan müğənnilər soyğunçudur?

- Yox, niyə soyğunçu olmalıdır ki, əziyyət çəkib çörəyini qazanır da. Hamıya asan gəlir. 6 saat ayaq üstə qalaraq o səs-küydə oturub oxumaq, hər adamın nazını götürmək asan deyil. Biz müğənnilərin bir çoxları əziyyət çəkirik. Bu sənətdə gərək milyonlar verələr bizə, yoxsa başqa ölkələrdən gətirib fonoqramala oxuyub, 150 min cibinə qoyub səhnəyə lüt çıxaraq bizimkiləri feyziyab etməsinlər. Bizim elə müğənnilərimiz var ki, Türkiyədən gətirdikləri heç onların ayağının tozu da olmaz. Mən deyərdim ki, Türkiyədən gələn müğənnilər soyğunçudurlar, biz yox.

- Bəziləri düşünə bilər ki, Yaqut pul qazanmaq üçün bu sənətə gəlir.

- Kim nə düşünür - düşünsün, maraqlı deyil mənə, mənim öz fikrim, öz amalım var. Yaqut əziyyət çəkib pillə-pillə gəlirsə bu sənətə, əlbəttə, qazanmaq da istəyir. Birinci növbədə tamaşaçı sevgisi, ikinci növbədə pul qazanmaq istəyirəm. Çünki mahnı oranjimanı, klip çəkdirmək, bəzi efirlər pulludur, - bunların hamısına pul vermək lazımdır. Ona görə həm istədiyim pillədə olmaq istəyirəm, pul da qazanmaq istəyirəm.

- İstedadı olmayan gənclər bu sənətdə var?
- O qədər. Hamı bilir. Yaxşı ki, kompüterlə səslərin düzəldib xalqa göstərirlər. Toylara da gedəndə ona görə canlı oxuya bilmirlər, yarım saatlıq kompüterləşmiş səsləri ilə cingildəyib gedirlər. Ehtiyac yoxdur ad çəkim, göz önündədirlər.

- Bəyəndiyin müğənnilər kimdir və həmişə kimlərin ifasını dinləyirsiniz?

- Bilənlər bilir ki, mən "Azəristar" yarışmasında olanda yalnız Aygün Kazımovanın repertuarından oxuyurdum. Çünki çox bəyəndiyim sənətkardır və sevə-sevə mahnılarını da efirlərdə olanda oxuyuram.

- Duet oxumaq fikrin var?
- 2 kişi müğənnisindən duet təklifi gəlib. Bir də Zeynəb Dostəliyevadan. Verilişdə də dedi ki, bizim səs tembrimiz üst-üstə düşür. İnşallah, oxuyacağam.

- 2015-ci ildə yaradıcılığında nə kimi yeniliklər var?

- Yeni mahnılar yazdırmaq, əsas da həmişə ki, kimi çalışıram bütün xeyriyyə konsertlərində iştirak edim. Yeniliklərim bol olacaq. İnşallah, bu haqda məlumat verəcəyəm. Bir daha sizə uğurlar arzu edirəm ki, həmişə yanımdasınız, dəstəksiniz. Bacıma da təşəkkür edirəm ki, belə bir kollektivlə birgə mənim yanımdadır.

İsa RƏVAN