Səhnədə bir üzümüz gülür, bir üzümüzdə kədər olur

Səhnədə bir üzümüz gülür, bir üzümüzdə kədər olur

22 İyun 2011 20:16
Bəyəndim (0) Bəyənmədim (0)
Məndən sonra "Toylar kralı"nı kim aparsa, maraqsız olar

Deyirlər, güldürən insanlar ürəkdən gülə bilmirlər. Bu da bir həqiqətdir ki, hərənin qismətinə bir pay gülüş düşür. Bəziləri payını səhnədə bölüşür, bəziləri həyatda. Şəlalə isə qəhqəhəli gülüş səsi ilə zirvələrdən ətəklərə doğru elə hey axır. Axdıqca çöhrələrə təbəssüm, düşüncələrə sərinlik gətirir.

Şəlalənin bugünkü qonağı gülüş ustası-aktyor Çingiz Əhmədovdur...

- Hazırda nə işlə məşğulsunuz?

- Toylarda tamadalıq edirəm, ANS tv-də "Toylar kralıçası" proyektində aparıcıyam. Qoqolun "Evlənmək" əsərini Bəhram Osmanov tamaşaya qoyub, həmin tamaşa ilə Lənkəranda çıxış edəcəyik.

- Aktyorluqdan başqa əlinizdən nə gəlir?

- Təxminən 16-17 ildir aparıcıyam. Dövlət kanallarında aparıcılıq etmişəm. 2001-2006-cı illərdə ANS kanalında "Yeriniz məlum" verilişinin aparıcısı olmuşam. O vaxt verilişə hər sənət adamı gəlmirdi, naz edirdilər. Mənim sözümdən isə heç bir sənətkar çıxmırdı gəlirdi. Çox gözəl tamadayam toylarda.

- Sirr deyilsə, toylara tamada kimi neçəyə gedirsiniz?

- Deyir: "damara baxıb, qan alarlar." Elə olub ki, təmənnasız gedib, iştirak eləyib gəlmişəm. Bütün toyu 1 000 manata gedirəm, heç vaxt yarım saatlıq getmirəm.

-Müğənni olmaq istəmirsiniz? Axı müğənnilikdə pul daha çoxdur.

- Mən elə gündə zümzümə edirəm də. Hər tamaşada 500-400 nəfərlik insanın qarşısına çıxıb oxuyuruq 40 nəfərlik orkestrlə. Hind mahnılarını tum kimi çırtlayıram. Cavan Zeynallı ilə duetim var. Xanım İsmayılqızı, Abbas Soltan oğlu mənim üçün mahnı yazıblar. Bir də görürsən ki, hansısa verilişdə oxuyuram lazım olanda.

- Böyük bir sarayda tamaşaçıları ətrafınıza toplaya bilərsinizmi? Sizcə sizə tələbat var?

- Əlbəttə, 100%. Arxayınam ki, istənilən qədər tamaşaçı toplaya bilərəm. Musiqili komediya teatrında çalışıram, neçə illərin sənətkarıyam, tələbat çoxdur sənətimə. Bunu el şənliklərindən bilirəm. Küçədə gedəndə yaxınlaşıb hamı öz fikrini bildirir.

- Sirr deyilsə, insanları necə ələ ala bilirsiniz?

- Nəsibə xanımın bir sözü var idi. Aktyorda, diktorda, müğənnidə "Иди ко мне (tərcüməsi: yanıma gəl)" məsələsi olmalıdır. Əgər bu talant yoxdursa, o, heç vaxt insanları ələ ala bilməz.

- Sənətə gəlməyin asan olduğunu deyən gənc aktyorlarla razısınızmı?

- Xeyir, razı deyiləm. Çox çətindir aktyorluq sənəti. Bu sənətə gəlmək üçün baş daşdan-daşa dəyir. Vaxt var idi böyük-kiçik yeri bilinirdi. İndi düz adamın yanından keçirlər, adamı saymırlar. Böyük-kiçiklik qalmayıb. Əvvəllər nəsə bir tamaşada rol oynayanda sənətkarlardan ehtiyat edirdin, indi belə şey yoxdur, kim necə istəyir hərəkət edir. İstəyirsən özündənrazı gənclərə kəskin cavab verəsən, səhər çıxır efirə deyir, mənim hesabıma özünü reklam edir. Ona görə qalırsan belə. Sənətdə cılızlaşma gedir. Səviyyəsiz insan görəndə danışmağa yoruluram. Gözümüzü yumub açırıq, vaxt gedir. 76-77-ci illərdən bu sənətdəyəm, 84-cü ildə İncəsənət İnstitutuna daxil olmuşam. 27 ildir Dövlət Teatrında çalışıram. Görəndə ki, Cahangir Novruzova, Atabala Səfərova, Novruz Qartala ad vermirlər, sənətkarı qiymətləndirmirlər, çox yoruluram bu sənətdən.

- Şou-biznesdə yazılmış və yazılmamış qanunlar var. Gündəmdə qalmaq üçün davalara, dedi-qodulara, ucuz vasitələrə əl atırlar. Yeri gəlmişkən, sizdə belə hallar olub?

- Mən heç istəmirəm ki, qalmaqal olsun. "Toylar kraliçası"nın proyektinin aparıcısıyam. Hamı yaxınlaşıb deyir ki, çox gözəl aparırsan, sən yaxşı aparırsan, durub mən nəsə desəm, qalmaqal düşər. Mənə deyirlər, verilişin möhürünü sən vurursan. O qədər maraqlı aparırsan ki, adama ləzzət eləyir. Səndən sonra bu verilişi kim aparsa, maraqsız olar. Məni tanıyanlar bilir, mən qalmaqaldan uzağam.

- Verilişdən söz düşmüşkən, keçən müsahibələrimizin birində Samirə Yusifqızı "Toylar kraliçası" proyektinə qarşı bir çox iradını bildirdi. Əsas da Kamran Həsənli tərəfindən haqsızlığa yol verildiyini söylədi. Bir də dedi ki, kraldan, kraliçadan bir dənə olsa yaxşıdır. Görəsən, Çingiz Əhmədov kiməsə qarşı haqsızlığa yol verib bu proyektdə?

- Mən deyə bilmərəm məndən qabaq nə olub. O insan layihəni tərk edəndən sonra mən apardım verilişi. Qaldı "Toylar kraliçası" proyektinə, bu, Samirənin istəyi ilə deyil. Tamaşaçı sevir bu verilişi, reytinqdə birinciyik, bunun nəyi pisdir, qoy çox olsun kraliçalar, krallar. Burada haqsızlıq ola bilməz, özü də ANS tv-də. Əsas SMS rol oynayır. Kim nə qədər səs yığdı, yığdı. Mənim missiyam hakimlikdir, yəni rinqdə güləş gedir, mən "stop" deyirəm.

- Bir çox kral olmaq istəyən müğənnilər belə bir iddia irəli sürürlər: "Seçim turunda Çingiz Əhmədov yarışmada iştirak edənlərdən 2 000 $ pul istəyir ki, həmin iştirakçı iyirmiliyə düşsün." Həqiqətən belə hallar olubmu?

- İnanın, hamısı şayiədir. ANS tv-də elə şey yoxdur. Hamısı məni istəməyənlərdir ki, söz-söhbət çıxardırlar. 100% əminliklə deyirəm, ANS tv-də pul söhbəti ola bilməz. Orada prodüser Nadirə xanım var, seçim turunda münsiflər heyəti var. Sonuncu dəfə 107 nəfərdən 20 nəfəri seçdik. Əsas səsdir.

- Bu yaxınlarda sizin bir video görüntünüz düşdü saytlara. Əsas da "Toylar kralıçası"nda müğənni xanımla biabırçı danışığınız yayıldı. Bu görüntü sizə necə təsir etdi?

- Belə şeylərə fikir vermək lazım deyil. İnanın, kim zəng eləyib soruşurdu bu barədə, söz ağzında qalırdı, "odboy" verirdim. Sadəcə sizin saytınıza, qəzetinizə böyük hörmətim var, ona görə cavab verirəm. Bu, kiminsə sifarişi ilə olmuşdu. Bilirdilər ki, mən reklamlarda hamı ilə zarafat edirəm. Böyütdülər ki, müdiriyyətə söz çatsın, o, da çatdı. Müdiriyyət də bildirdi ki, o, şoumendir - parodiyaçıdır , bu qədər şişirtmək lazım deyil. Bilirəm kim eləyib onu. Amma diqqətlə baxsanız, orda elə də böyük bir şey olmamışdı. İnanın ki, bezmişdim, hamı eyni sualı verirdi. Türkiyənin məşhur şoumeni Mehmet Ali Erbil də efirdə çox sözlər deyir, ancaq onu qınamırlar, əksinə, daha da çox sevirlər.

- Sizə qarşı hansı hərəkətləri haqsızlıq sayırsınız bu sənətdə?

- Fəxri adımın olmamağı mənə çox pis təsir edir.

- Çingizi xoşbəxt edəcək 3 səbəb...

- Fəxri ad almaq, övladlarının arzularını həyata keçirmək, sənətdə büdrəməmək.

- Aktyor Çingizin ilham pərisi kimdir?

- Ailəm.

- Olubmu qız fanatlarınız sizinlə sevgi münasibətləri qursunlar?

- Çox olub. İnstitut illərində çox yerə çıxa bilmirdim. Arxamca gəlirdilər. Subayçılıq idi. İndi isə teatrda tamaşalar oynayıram, ANS tv-nin layihəsində aparıcıyam. Ailəliyəm, övladım var. Yaş o yaş deyil ki, fanat sevgisi ilə baş qatam, hər şey subaylıqda qaldı.

- Həyatınızdakı hansı peşmançılığı şeytanın ayağına yazardınız?

- İstəməzdim nəyisə ağardım, deyim. Hər bir insan həyatında peşman olur.

- Memuar yazsaydınız, adını nə qoyardınız?

- Güldürməyin - gülək.

- Həyatda bir çətinliklə üzləşəndə yenə gülməyi bacarıb özünüzü ələ ala bilirsiniz?

- Teatrda, tamaşada bir üzümüz gülür, bir üzümüzdə kədər olur. İnsanları yola veririk. Mənim də üzüm gülməlidir ki, kiminsə könlü açılsın. Bu həyatdır.

- Özünüzü hansı nağıl qəhrəmanına bənzədirsiniz?

- Məlik Məmmədə.

- Hansı tip qadınlar ürəyinizə yatır?

- Evdar xanımlar çox xoşuma gəlir.

- Deyirlər, məşhurlar doğulduğu andan məlum olur ki, onlar adi uşaq olmayacaqlar.

- Nəslimizdən rəhmətlik Nəsibə xanım nənəmin dayısı qızı olub, Eldəniz Quliyev qohumumdur. Bu kökdən gəlir. Aktyorluq sənətinə gəlməmişdən qabaq müğənni olmuşam. Nazim Hacıyevin "Qırmızı qərənfil" ansamblında oxumuşam. Sonra üz tutdum tibb işçilərinin dərnəyinə. Mərhum Bədirzadənin yanında aktyorluqla məşğul olmağa başladım.

- Sizin tənqidi tərəfiniz nə olub?

- Tənqidi tərəfim o olur ki, mənə qarşı düzgünlük görməyəndə çox əsəbiləşirəm. Ola bilər mən də səhvə yol verə bilərəm, amma həmişə çalışıram səhvim olmasın.

- Çingizi necə xarakterizə edək?

- Sadə bir insan, özündən böyüyün hörmətini gətirən. Məsələn, yolda bir də görürsünüz ki, it-pişiyi vururlar, nifrət edirəm o insanlara. Heç kimin xətrinə dəymirəm, böyüklə böyük, kiçiklə kiçiyəm. Heç kimə ağız açmamışam. Amma ad çəkməyəcəyəm, kiməsə görə ağız açmışam, nazir qapısını döymüşəm ki, işi düzəlsin. Özümə görə ayağım getməyib. Niyə? Bədbəxtlikdir.

- Həyatda ən böyük məqsədiniz nədir?

- Ailəmi xoşbəxt görmək, sənətimdə layiqli yeri tutmaq, fəxri ad almaq.

- Həyat bir məktəbdir. Sizə nə öyrədib?

- Bu həyat çox mürəkkəbdir. Hər şeyi özüm öyrənmişəm, gözümü yumub-açıb görmüşəm ki, sənətdəyəm. Həyatda hər cür çətinlik olur. İnsan ömrünün axırına kimi nəyisə öyrənməlidir.

- Siz həm şirin, həm acısınız, həm ciddi, həm şənsiniz. Bunu özünüz bilirsiniz?

- Şirin olmağıma çox şirinəm, acılıq mənə qarşı acı olan insanlara yönəlib.

- Qırmızıdan yaşıla gedən o yolda nələri itirdiniz?

- Qırmızı ilə getməmişəm. Həmişə yaşılla getmişəm. Kaş ki, uşaqlıq illərimi başqa cür yaşayardım. Sənətə boş baxmışam. Bizim sənət elədir ki, mütləq düşmənin olur. Hər bir peşə sahibinin düşməni var. İnsanın düşməni yoxdursa, o insan deyil.

- Həyatda kimdən halallıq istərdiniz?

- Atam, anam sağ olsaydılar, onlardan.

- Oxuculara deyiləcək sözünü qaldımı?

- 48 yaşım var, Allah-Təaladan can sağlığı istəyirəm özümə və bütün məni sevənlərə. Bir də sənətə qiymət versinlər...

Gülüş ustası bu dəfə ürəkdən gülə bildi. Lakin nə yazıq ki, həyatın acılarına güldü...

Şəlalə Nəriman

O.M.