Telli Hüseynova: “İstəyirəm prezidentimizin imzası altında mən də fəxri ad alım”
- Özünüzü təqdim edərdiniz?
- Mən Hüseynova Telli Bayram qızı Bakı şəhərində doğulmuşam. Əslimiz cənub bölgəsindən – Masallıdandır, milliyyətcə talışıq. Atam-anam cavanlıqdan gəliblər Bakıya və fəhlə olublar. Ailədə 7 uşaq olmuşuq və hamımız burada böyümüşük. Orta səviyyədə dolanışıq tərzimiz olub. Yeddimiz də rus məktəbini bitirmişik. Heç kim bilmirdi ki, mən talışam. Çünki ləhcəmdən hiss olunmur. Orta məktəbi bitirmişəm, vaxtında ali təhsil ala bilmədim, imtahandan kəsildim. Sonra ticarətlə məşğul olmağa başladım. 8 il mağazada satıcı işləmişəm. Çox gözəl də pul qazanırdım. Bütün məşhur insanları oradan tanımışam. Sonra bir nağıl kimi həyatım dəyişdi.
- Neçə ildir aktrisa kimi fəaliyyət göstərirsiniz?
- 21 ildir bu sənətdəyəm.
- Deyirsiniz həyatınız bir gecədə nağıl kimi dəyişdi və siz bu sənətə gəldiniz?
- Bilirsiniz, mən ticarətdə işləyəndə rus millətindən olan bir xanım var idi, həmişə məndən alver edirdi. Və hörmət naminə dedi ki, sizi teatra dəvət edirəm. Mən ondan soruşdum ki, siz aktrisasınız? Dedi yox, mən xor artistiyəm. Bildirdim ki, mənim də arzum olub uşaqlıqdan xorda oxumaq. Mənə dedi ki, oxu. Mən oxuyanda isə dedi ki, nə gözəl səsin var. Səhər gəl teatra. 1993-cü il idi. Getdim. Teatrın rəhbəri Vaqif Məstanov, - elə indiki rəhbərimizdir də odur - Qəzənfər müəllim mənə qulaq asdılar. Bildirdilər ki, sənin çox gözəl səsin var və həmin gündən də qəbul etdilər. Sözün düzü, savadım yoxdur. Çünki evdən məni teatra qoyurdularsa, onun özü böyük şey idi. Mən həmişə böyük minnətdarlığımı bildirirəm rəhmətlik əməkdar artistimiz Xanlar Muradova və bir də Allah ömür versin, aktrisamız Emma Məlikovaya. Mənə teatrda onlar çox dəstək oldular. Onların xahişi ilə mənə teatrda kiçik rol verdilər. Sonra qastrollara aparırdılar. 2001-ci ildə Afaq Bəşirqızı mənə rol verdi – "Afaq gülür, güldürür" də. Mən indiyə kimi ona o qədər minnətdaram ki, bunu dillə deyə bilmirəm. Məni efirə, televiziyaya çıxartdırdı və tanıtdırdı. Balaca bir rolu oynayandan sonra bütün Azərbaycan məni tanıdı.
- Ailəlisiniz, Telli xanım?
- Ailəliyəm. Mən teatrda işlədiyimə görə gec ailə qurmuşam. 36 yaşında ailə qurdum. 37 yaşında Allah mənə bir qız övladı nəsib etdi. Ailə qurduğum insan qeyri-adi peşənin yiyəsidir. İndi qızımın 9 yaşı var, adı Fatimədir. İndi də teatrda işləyirəm, xor artistiyəm.
- Bəs həyat yoldaşınız sizi qısqanmır?
- Yox, qısqanmır. Çünki 36 yaşında ailə qurmuşuq. O vaxtı qısqanmırdı, bundan sonra daha qısqanmaz ki... Çünki mənim xasiyyətimi hamı bilir. Kimlər mənim yanımda olursa ərləri deyir ki, xanımlarımız Tellinin yanındadırsa qısqanmırıq.
- 36 yaşında ailə qurdunuz. Sizi istəyən olmayıb deyə gec ailə qurmusunuz?
- Məni istəyənlər çox olub. Ticarətlə məşğul olurdum deyə yalnız pul qazanmağı düşünürdüm. 18 yaşımdan işləmişəm. İndiki gənclər kimi deyildim. Yalnız pul qazanıb yaxşı dolanmağı düşünürdüm.
- Səhnədən uzun müddət uzaq düşdünüz. Niyə?
- Səhnədən uzaq düşməmişdim, teatrda çalışırdım. Sadəcə efirlərə çıxmırdım, çağırmırdılar deyə. Minnətdarlığımı bildirirəm ANS kanalına. Onlar məni yada salıb ilk dəfə "Günəbaxan" verilişinə dəvət etdilər. Sual verirdim ki, niyə məni tez-tez dəvət edirsiniz, sadə bir xor artistiyəm. Əməkdar, xalq artisti deyiləm ki... Onlar da dedilər ki, sən efirə çıxanda danışıb-gülür, insanlara pozitiv enerji verirsən. Mən də özlüyümdə fikirləşirdim ki, balaca insan olsam da, nə qədər enerji insanlara müsbət enerji verməyi bacarıram.
- "Günəbaxan" verilişinə necə dəvət aldınız? Bilirsiniz ki, verilişlər arasında ən çox reytinqi olan verilişdir. Məsuliyyəti də ağırdır.
- İnanın, bu bir nağıl oldu mənim üçün. Avqust ayının axırı idi, mənə prodüserlər bildirdilər ki, Könül xanım zəng eləyib mətbəxdə yenilik eləmək istədiyini bildirir. Məhz istəyirik ki, mətbəximizdə sən olasan. Mən əvvəl dedim bacarmaram. Könül bildirdi ki, Telli, sən bacararsan, həmişə çıxdığın efirdir, alınar, gəl söhbət edək. Getdim rəhbərliklə - Seyfulla müəllim, Samirə xanım, Könül xanım - hamımız danışdıq. Və mətbəxi bir saatlıq mənə həvalə etdilər. Çox xoşbəxtəm, bu mənim üçün böyük şans idi.
- Beş gündür "Günəbaxan"dasınız. Həmkarlarınızdan sizə qarşı paxıllıq hiss edirsinizmi?
- Hələ çoxlarının xəbəri yoxdur ki, mən hər gün "Günəbaxan"ın mətbəxində oluram. Bəlkə də bilirlər, hiss etdirmirlər. Fasebookda çoxları mənə təbrik SMS-i yazdılar və çox bəyəndiklərini bildirdilər. Bir çoxları da yazdılar ki, inanmazdıq ki, siz bacararsınız, bizim üçün şok oldu ki, o qədər tanınmışlar var ki, niyə məhz sizi seçdilər. Deyirlər bəlkə adamın var. Nəyə desəniz and içərəm ki, mənim üçün də gözlənilməz oldu. Mənim Allahdan başqa adamım yoxdur. Mən bilirdim ki, ANS düzgün kanaldır, qərəzsizdir. Çox insanlara kömək, dəstək olur, insanlara həmişə yer verir. Mən də gələndə məşqsiz-filansız başa saldılar ki, bax özün necəsən elə də ol. Birinci gün bu qonaqlarımız olacaq. Bacardığın qədər istedadını üzə çıxart. Bir onu deyə bilərəm ki, çox xoşbəxtəm. Allah hamıya kömək olsun. Mən də onların içində. Hamıya da öz minnətdarlığımı bildirirəm.
- Ürəkdən haçan ağlamısan?
- Mən demək olar ki, elə hər gün ağlayıram. Ən çox ürəkdən ağlamışam valideynlərimi itirəndə. Qardaşım da rəhmətə gedəndə çox sarsılmışam. Çətinliklər çox olub. Həyatımın yarısını bəlkə də ağlamışam.
- Sənətin sirlərini kimdən öyrənmisən?
- Mənim teatrda hamı müəllimim olub. Hər aktrisadan bir şey öyrənmişəm. Hazırda əməkdar artist Nərgiz Kərimovdan bir az vokal dərsləri alıram. 21 ildir özüm vokalist kimi tamaşalarda ifa da edirəm.
- 21 ildir sənətdəsiniz. İndiyə kimi fəxri ad almaqla bağlı müraciət etmisiniz?
- İstəyirəm dövlətimizdən mən də ad alım. Təbii, bütün əziyyətlərimizin, bütün uğurlarımızın axırda bəhrəsini görmək üçün fəxri ad almaq istəyirəm. Allah haçansa qismət edər mənə də. İstəyirəm prezidentimizin imzası altında mən də fəxri ad alım, hiss edim ki mən də respublikamız üçün nə isə etmişəm. İki həftədir də "Günəbaxan" verilişindəyəm. Mən hələ də şokdayam. Çox səmimi insanam, hamı bilir. Nəsə xoşuma gəlməsə həmin an deyəcəm, çıxıb gedəcəyəm. Hər gün evə gedəndə dostdan-tanışdan, qonşulardan maraqlanıram ki, necə danışdım, necə görsəndim? Çünki mən rusdilliyəm, Azərbaycan dilinin qrammatikasını yaxşı bilmirəm, olur ki, fikrimi düzgün çatdırmıram. Rus sözlərini çox işlədirəm. Prodüserlər həmin an deyirlər ki, çalış Azərbaycan sözlərini çox işlət, rus sözlərini yox. Çalışıram, ona görə hamıdan soruşuram ki, necə danışdım?
- Belə çıxır ki, bu veriliş sizin həyatınızı 100 faiz dəyişəcək.
- Mən bu yay evdə çox xəstə yatdım. Şəkər xəstəliyim var. O da teatrda bir problem olmuşdu, ona görə tutuldum, bir dəvətli rejissorun ucbatından - İranə Tağızadənin. O, xanım sayəsində mən şəkər tapdım. Bunu da hamı bilir. Çox böyük sarsıntı keçirdim. Səbəb də bu oldu ki, bütün ayı məşq elə, tamaşa vaxtı bütün nazirlər, bütün tanınmış insanlar tamaşanı izləməyə gələcəklər. "Arşın mal alan"ı oynamalı idik. Bəhanə edib arıqları yığdı, kökləri qoymadı tamaşada ifa etsinlər. Bilmirəm nə tez girdi gözünə mənim köklüyüm. Çox təsir etdi mənə. Dedilər ki, ona fikir vermə, gəlib bir tamaşanı səhnəyə qoyub gedir. Sistem altına düşdüm, iynə-dərmana düçar oldum. Rəhbərliyimiz də dedi ki, fikir vermə. Niyə fikir verməməliyəm ki... Məni köklüyümü nəzərə almayıb bütün kanallar verilişə dəvət edir. Bir köklüyüm sənə belə təsir etdi ki, məni tamaşadan uzaqlaşdırdın. Bizim hansı aktrisamız arıqdır ki?! Musiqili Komediya Teatrında bir-iki nəfəri çıxmaqla hamısı kökdür. Bura balet məktəbi deyil ki. İndi hər səhər sevinə-sevinə tezdən saat yuxudan durub gəlirəm işə. Saçımı, makiyajımı orada edirlər. Deyirlər niyə tez gəlirsən? Deyirəm səhnənin havasını uduram. Elə bil ki, ikinci dəfə dünyaya gəlmişəm. Mən ANS-in rəhbərliyinə, bütün işçsilərinə öz minnətdarlığımı bildirirəm sizin qəzetin vasitəsilə, çox sağ olsunlar. Göydə Allah, yerdə onlar mənə dəstək oldu ki, mən artıq yaşamaq istəyirəm. Bir zəng məni həyata qaytardı.
- Hazırda kimlə yaşayırsınız?
- Mən uzun müddət kirayədə yaşamışam. İndi qardaşımla bir evdə yaşayıram. Çox tünd xasiyyəti var qardaşımın. Məcburam dözəm. Çünki mən o qədər qazanmıram ki, kirayələrə pul töküm. Ata-anamın yurdudur. Kiçik qardaşım da qızımla mənə həyan durub. Yoldaşım Rusiyadadır.
- Uşaqlıqda necə qız olmusan?
- Çox dəcəl, dalaşqan olmuşam. Həmişə məktəbdə dalaşırdım.
- Kimlərin ifasını dinləyirsən?
Muğam mənim ruhumdu, çox sevirəm. Aygün Kazımovanı, Faiq Ağayevi çox bəyənirəm.
- Titulunuz nədir?
- "Gülüş yaradan Telli". Gözəl olmasam da mimikam yaxşıdır.
- Bayaq dediniz həyatda çətinliyiniz çox olub.
- O qədər olub. Şükür, arxada qaldı, qalib gəldim. Yoldaşım Rusiyaya gedəndə pulumuz olmadı. Uşağım 4 aylığından dayə əlində qaldı. Mən kloun işlədim, əziyyət çəkdim. İndi öz paltarlarımla çıxıram efirə. Allahıma şükür edirəm. Əziyyətlə bu sənətə gəldim, qalib də oldum. Həyatda kinli insan deyiləm. Təmiz qəlbliyəm. Valideynlərim dindar insanlardır.
- Telli haçan təhlükəli ola bilər?
- Ailəmə, uşağıma nəsə deyib böhtan atarlarsa, onda mən çox təhlükəli ola bilərəm, əlimdən qurtula bilməzlər. Əvvəllər söz atırdılar ki, yoldaşın atıb səni, ağlayırdım, deyirdim Ya Rəbb, mən buna layiq deyiləm axı, kim nə deyir Sənə tapşırıram. Niyə mən körpə balamla əziyyət çəkim.
- Maraqlı müsahib oldunuz. Buna görə mən də sizə öz minnətdarlığımı bildirirəm.
Şəlalə NƏRİMAN.