Babək Niftəliyev: “Cins şalvarda muğam oxuya bilmərəm ki...”

Babək Niftəliyev: “Cins şalvarda muğam oxuya bilmərəm ki...”

18 Sentyabr 2014 18:04
Bəyəndim (0) Bəyənmədim (0)
Özünü xalqın sənətkarı kimi görmək hamısından gözəldir

- Özün haqqında məlumat verərdin?

- Niftəliyev Babək Muğam oğlu, 1985-ci ildə Kəlbəcər rayonunda anadan olmuşam. Asəf Zeynallını bitirmişəm, Milli Konservatoriyanı da bitirmişəm. Hazırda magistraturada oxuyuram. Ailədə 3 qardaşıq. Ailəliyəm, bir övladım var. 1997-ci ildən bu sənətdəyəm.

- Ailənizdə səndən başqa bu sənətə marağı olan oldumu?

- Uşaq vaxtlarından evdə bu sənətə maraq yalnız məndə oldu. 7-8 yaşımdan saza marağım olub. Bizim Kəlbəcər adamları saza-sözə çox marağı olan insanlardı. İlk fəaliyyətimi də sazla-sözlə başlamışam. Evdəkilər sonra bildirdilər ki, sənin səsin xanəndəliyə çox düşür, aşıqlığa yox. Sonra da evdəkilərin təkidi ilə mən muğamla məşğul oldum. Sənətimi də çox sevirəm,

- Bu sənət yollarında ilk müəllimin kim olub, kimdən çox bəhrələnmisən?

- İlk sənətin sirlərini Gəncə Musiqi Məktəbində Sərdar Bağırovdan götürmüşəm. Sonra da muğamın sirlərini mənə öyrədən mərhum xanəndəmiz Məmmədbağır Bağırzadə olub. Asəf Zeynallıda müəllimim Canəli Əkbərov, Milli Konservatoriyada müəllimim isə Arif Babayev olub. Bir çox xanəndələrimizin dərslərində də oturub muğamın sirlərini öyrənmişəm.

- Nə zaman haqsızlığın qurbanı oldun?

- Haqsızlıqlar çox olub, açıqlamaq istəmirəm. Təzə-təzə ilk addımlarımı atanda bu sənətdə daha çox rastlaşmışam.

- Özünü şou-biznesdə görürsən?

- İnanın, şou-biznesin heç mənasını hələ də bilmirəm ki, o nə deməkdir, özümü görmürəm.

- Bəs özünü bu sənətdə hansı zirvədə görürsən?

- Mən xalq sənətkarıyam, xalqın içindəyəm, el arasında bir misal var: sənətkarı xalq dolandırar. Yaxşı ifaçı da elə xalqın içindən çıxır. Əsas o, deyil ki, sənə ad versinlər. Elə özünü xalqın sənətkarı kimi görmək hamısından gözəldir.

- Səncə, bu sənətdə bir az kar, bir az da kor olasan?

- Məncə, məqsədəuyğundur, bəzi anlarda özünü bilməməzliyə qoyasan, özünü karlığa da qoyasan, olmalıdır hərdən.

- Sənin üçün maraqlı müğənni kimdir, kimin ifasını dinləyirsən?

- Bir çox müğənnilərə qulaq asıram. Amma ad çəkməyəcəyəm.

- Niyə ad çəkmirsən, bu səndə paxıllıq sindromu da ola bilər?

- Yox, paxıllıq deyil, sadəcə kimsə adını eşidəcək, biri eşitməyəcək. Mən də ona görə ad çəkmirəm. Hamısı ilə də münasibətim normaldır. Salam verdiyim də var, öpüşüb-görüşdüyüm də, ona görə ad çəkə bilmərəm.

- 1991-ci ildən sənətdəsən, səndən sonra gələnlər daha böyük uğurlara nail olublar. Bu səni narahat etmir ki?

- Narahat etmir. Sadəcə bir balaca hisslər oyanır ki, mən də çalışmalı, daha da güclü olmalıyam.

- Sənin üçün önəmli sənətdir, yoxsa pul?

- Birinci mənim üçün önəmli sənətdir. Çünki sənət olandan sonra pul özü gələcək.

- Qısqanc insansınız?

- Ailəmə qarşı qısqancam. Dosta qarşı, qardaşıma qarşı qısqanclıq yoxdur.

- Əgər əlinizdə imkan olsaydı həyatınızda nəyi dəyişərdiniz?

- Əlimdə imkan olsaydı Qarabağımızı qaytarardım.

- Qalmaqalla münasibətin necədir, olubmu ki, səni qalmaqala salsınlar?

- Qalmaqala münasibətim pisdir. Uzaq gedirəm. Dəfələrlə olub ki, qalmaqala salmaq istəyiblər, mən istəməmişəm.

- Bu sahədə xeyli uğur qazanmısan, paxıllıq və qısqanclıqlar çoxmu olub sənə qarşı?

- Çox olub, mənə qarşı paxıllıq hiss etmişəm amma heç vaxt reaksiya verməmişəm.

- Ürəkdən haçan ağlamısan?

- Qarabağımız gedəndə ağlamışam. Mənim onda 8 yaşım var idi. Onda nə dərk edirdim. Sonralar çox ağlamışam - dərk edəndən sonra. Əzizlərimi itirəndə – Məhəbbət Kazımov rəhmətə gedəndə daha çox ağlamışam.

- Məlumdur ki, şou aləminə qədəm qoyan hər müğənni çətinliklə qarşılaşır. Bəs Babəkin ünvanına daş atan, qınayan olubmu?

- Birinci növbədə həmişə çalışmışam kimsə mənə irad tutanda, tənqid edəndə özüm-özümdən nəticə çıxarım. Fikirləşirdim ki, görən bu düz deyir, səhv deyir. Sonra görürdüm ki, tənqid mənim sənətimdə daha da önəmlidir, nəticə çıxarırdım. Amma bir də görürsən hansısa bir qəlbiqara insan durub nəsə deyir. Özüm-özümdə bilirdim ki, səhv deyir, büruzə vermirdim.

- Səninlə rəqabət aparanlarla asanlıqla dil tapa bilirsən?

- Əlbəttə tapıram və cavablarını da yerində verirəm.

- Sevginin uğrunda nəyi qurban verərdin?

- Həyatımı.

- Uşaqlıqda necə oğlan olmusan, səni necə çağırırdılar?

- Çox sakit uşaq olmuşam. Hamı uşaqlıqda mənə Babuş deyirdi.

- İlk məhəbbətin olub?

- Uşaq vaxtlarımda olub.

- Həyatda neçə dəfə sevmək olar?

- Həyatda bir dəfə sevməlisən. İki sevda çəkənlərin cəzası var - rəhmətlik Hacıbaba Hüseynov oxuyub?

- Özünə hansı titulu verərdin?

- Xalqın sevgisi.

- Əminsən ki, xalq səni sevir?

- Çox əminəm, çünki çöldə-bayırda, toyda olanda bunu hiss edirəm. Hamı mənim yaxşılığımdan danışır. Bilmirəm niyə, hələ heç kim məni pisləməyib.

- Xanəndəlikdən başqa qazanc yerin var?

- Xeyr, heç bir qazanc yerim yoxdur, yalnız toylardan gəlirim olur.

- Səni özündən nə çıxarda bilər?

- Məni özümdən yalnız kimsə artıq hərəkət edərsə bu çıxara bilər - çöldə, toyda və s. Onda Allah göstərməsin mənim o üzümü, bilirsən nələr olar... Onda məni tanımaq olmaz. Şükür, hələ belə bir şey olmayıb.

- Sənə şöhrət gətirən ilk mahnı hansı olub?

- Muğan ifaçısı kimi hamı məni tanıyırdı. "Sənsiz keçən ömrüm" mahnısı mənə uğur gətirdi. Bir çox məclislərə o mahnıya görə çağırırdılar, sonra da klip çəkdirdim.

- Geyim tərzinə niyə dəyişiklik etmirsən?

- Bizim muğam sənəti çox ağır sənətdir, ona görə durub cins şalvar geyinib muğam oxuya bilmərəm. Muğam bizim ana laylamızdı. Muğam oxuyanda da biz ondan tərbiyə, qida alırıq.

- Kumirin kimdir?

- Alim Qasımov.

- Yaradıcılığınızda nə kimi yeniliklər var?

- Yeni albom çıxardacağam. Çoxdandı albomum çıxmır. Həmişə çalışıram ki, bir mahnı tapıb sonra disk çıxardam. Ona görə çalışıram. Maraqlı mahnılarım olsun ki, onu dinləyici sevsin.

- Solo-konsert vermək fikrin var?

- İstəyirəm solo-konsertim olsun, amma maddiyyat imkan vermir.

- Hansı məqamda sənətdən gedərsən?

- Səsim batsa, Allah uzaq eləsin.

- Prodüserin var?

- Yox, prodüserim, menecerim hamısı özüməm. Çətin də olsa bacarıram. Çünki özüm xoşlayıram öz işimi görməyi.

- Müğənnilərdən kimlərəsə hədiyyə almısan?

- Çox vaxt hansısa tədbir, ad gününə gedəndə çalışıram pul verim, hədiyyə də aldığım olub.

- Rəqibin kimdir?

- İfaçı həmişə öz üzərində çalışmalıdır. Heç kim heç kimin rəqibi deyil, heç vaxtda maraqlanmıram kim-kimin rəqibidir.

- Efirlərdə niyə gec-gec görsənirsən?

- Tez-tez çıxmaq olmur. O ifaçı tez-tez çıxar ki, biliyi, sənəti, səsi yoxdur. Ona görə ki, yaddan çıxmasın. Mənə ehtiyac yoxdur tez-tez çıxmağa.

- Şəlalə nə deməkdir sənin üçün?

- Gözəl mənzərədir, dağlardan axıb gələn sudur.

- İstedadı olmayan sənətdədir, istedadı olan yox!

- Əvvəllər belə olmayıb ki, maşın satasan, ev satasan, efirə çıxasan, sənətin yox idisə, efirə də çıxa bilməzdin. İndi əksinə, kim istəyir maşınını satır. Day-dayıya görə çıxır. Reklamlarda efirdə fikir vermirlər ki, sənətin var, ya yox. Zəmanə dəyişib, mən də bir dinləyici kimi qıraqdan baxıram.

Hamınıza uğurlar arzu edirəm.

Şəlalə Nəriman