Zabir Əliyev: “Anamın yoxluğu mənə bu fani dünyanın keçici həyatını necə yaşamağı öyrətdi”

Zabir Əliyev: “Anamın yoxluğu mənə bu fani dünyanın keçici həyatını necə yaşamağı öyrətdi”

26 Avqust 2014 16:55
Bəyəndim (0) Bəyənmədim (0)
Mənə haqsızlığı öz doğma qardaşlarım edib və onları da bağışlamıram

Hər bir insanın öz arzusu, öz taleyi var. Arzular aparır insanları öz qanadlarında gələcəyə. İnsanlarsa zəhmətə alışır, sevir və hünərini göstərir. Hünərlə hər zaman hər an həqiqət nuru yaranır. Hünərini, cəsarətini göstərən hər bir insan isə öz arzusuna çatır. Hər kəs öz sevib-seçdiyi peşəsinin əsl vurğunu, cəfakeşi, mahir bilicisi olarsa, xoşbəxt olar. Belə insanlardan biri də hamının efirlərdən tanıdığı gözəl səs tembrinə malik olan teleaparıcı Zabir Əliyevdir.

- Necə oldu ki, məhz aparıcı peşəsini seçdiniz?

- Bəlkə də bir az qəribə səslənər, mən uşaq vaxtlarımda həmişə Dövlət Televiziyamızda hər dəfə səbirsizliklə gözləyirdim ki, Yeni ildə yeni aparıcılar kim olacaq. Yalnız aparıcıların vurğunuydum - xüsusilə də Rafiq Hüseynovun, Roza Tağıyevanın, Nərgiz Cəlilovanın, Ofeliya Sənaninin və s.

- Təxminən neçə yaşınız olardı?

- Orta məktəbə təzə gedirdim, 7-8 yaşlarımda. Hətta anam görərdi ki, özümə proqram tutardım, güzgünün qabağında durub boş kağıza baxaraq öz-özümə guya oxuyur, veriliş aparırdım. Bu da ki, əsgərlikdən gəlib televiziyaya qəbul olunana qədər mənim vərdişim oldu - güzgünün qabağında oturub proqram oxumaq. Anam hər zaman deyərdi sənin başın xarab olub, televiziya hara sən hara. Sən ora heç vaxt gedib çıxa bilməzsən.

- Orta məktəbi necə oxuyurdunuz, əlaçı idiniz, yoxsa dəcəl?

- Yox, dəcəl olmamışam. Hamıya qaynayıb-qarışmışam. Qiymətlərim 4-5 olub. Mən orta məktəbdə dərslərdən əlavə mahnı və rəqs dərnəklərinə gedirdim, Bədii qiraətdən bir az uzaq idim. Amma daxilimdə qiraətə böyük sevgim var idi.

- Bəs məktəbi bitirdikdən sonra incəsənətlə bağlı təhsilinizi davam etdirdiniz?

- İncəsənətlə bağlı yox, valideynlərimin istəyi ilə Dağıstan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişəm.

- Deməli, hüquqşünassınız, aparıcı hara, hüquq hara?

- (gülərək) Bəli, yuristəm, evdəkilərin istəyi olub bu sənət. Buna görə məni rəqsdən də yayındırdılar. Deyirdilər bizə arsız adam lazım deyil. Bilirsiniz, keçmişin də keçmiş fikirləri var idi.

- İlk dəfə televiziyaya necə addım atdınız?

- Əvvəla onu deyim ki, rəqs dərnəyini bitirdiyim üçün kifayət qədər səriştəm var idi. Mən ona görə də əvvəlcə rəqs müəllimi işləmişəm. Mingəçevirdə bir neçə yerdə eyni vaxtda işləyirdim. Türk liseyində,

San-Marino Akademiyasında, Tibb Texnikumunda, 3 saylı orta məktəbdə. Həftə ərzində bunların hər birində dərslərim var idi və çatdırırdım da. Uşaq Yaradıcılıq Birliyində mənim 4 dənə qrupum var idi. Mingəçevirdə ən təntənəli tədbirlərdə aparıcı özüm olurdum. İstəyimi nəhayət ki, orda gerçəkləşdirirdim. Bunlardan sonra İcra Hakimiyyətindən başladılar artıq məndən istifadə etməyə. Bütün tədbirlərinə aktyorları yox, məni dəvət edirdilər. Artıq dostlarım, tanışlarım mənə dedilər ki, Zabir, sən bu istedada maliksən, niyə gedib televiziyada işləmirsən? Bu söz ağlıma batdı. Getdim Mingəçevir televiziyasına, məni qəbul eləmədilər, dedilər özümüz sənə xəbər verərik. Sadəcə məni yola verdilər.

- Bəs dost-tanışlarınız sizə dəstək olmadı?

- İcra Hakimiyyətində bir qohumum var idi - Rizvan dayı. Getdim onun yanına ki, bəlkə məni tapşıra, mənə daydaylıq edə. O da mənə cavab verdi ki, get hələ mütaliə elə.

- Dayday da belə naxələf çıxdı, ay Zabir, bəs sonra neylədin?

- Heç nə, getdim başımı saldım işlərimlə məşğul oldum. Bir xeyli keçəndən sonra günlərin bir günü mənə Mingəçevir televiziyasından çağırış gəldi. Ancaq dayım tapşırmamışdı. Mən də getdim, Şuşanın işğalı ilə bağlı mənə proqram hazırlamağı tapşırdılar. Gəldim evə ssenarini yazdım, proqramımı tutdum. Çox bəyəndilər və məni televiziyaya işə götürdülər.

- Deməli, ilk addımınız Mingəçevir televiziyasında olub?

- Bəli. O zaman orda "İnternyus Azərbaycan" deyilən jurnalistika kursları var idi, indi də var. Orda bizə Amerikadan, Gürcüstandan, Rusiyadan müəllimlər gəlib dərs keçirdilər. Həmin seminarlarda mən də iştirak edirdim. Orda jurnalistika, aparıcılıq, kameradan tutmuş, işıqlandırmaya qədər, rejissorluğa qədər bizə öyrədirdilər. Burda daha çox püxtələşdim və qərara gəldim ki, Gəncə şəhərinin Kəpəz Televiziyasına işə girim. Çünki Mingəçevir televiziyası çox cılız idi. Hətta burda işləyə-işləyə Türk liseyinin direktoru məni "Saman yolu" televiziyasına işə düzəltmək istədi. Mən hazır olmadığımdan, o gücü özümdə hiss eləmədiyim üçün razılıq vermədim. Dedim Kəpəz Televiziyasında bir az inkişaf edərəm, sonra Allah Kərimdir. Beləliklə, Kəpəz Televiziyasında 2 il işlədim, oldum gəncəli, hamı da məni gəncəli kimi tanıdı. Əslində mən 1972-ci ildə dekabrın 17-də Mingəçevir şəhərində dünyaya göz açmışam, orda da böyüyüb boya-başa çatmışam. Nəhayət ki, 2 il işləyəndən sonra "Lider" telekompaniyasının radiosunda "dcey" işinə qəbul olundum. 3-4 ay işləyəndən sonra artıq TV-yə aparıcı kimi qəbul etdilər.

- İlk dəfə "Lider" telekompaniyasına daxil olarkən hansı hissləri keçirdiniz?

- Düzünü deyim ki, radioda işləyən vaxtı hələ səsim getməli idi. Heç yerə sığışmırdım, səbirsizliklə gözləyirdim ki, ay Allah, mənim səsimi bütün dünya eşidəcək. Sevincimin həddi-hüdudu yox idi. Sevincimi də, kədərimi də anamla bölüşürdüm. Mənim nailiyyətimə anam çox sevindi, məni qucaqlayıb bağrına basdı. Mənim üçün efirdə görsənmək önəmli deyildi, əsas o idi ki, səsimi bütün dünya eşidirdi.

- Ailədə neçə uşaq olmusunuz?

- 8 uşaq - 7 oğul, 1 qız. Necə deyərlər, 7 oğul istərəm, bircə dənə qız gəlin. Mən ailənin 7-ci övladıyam.

- Zabir, siz ananıza çox bağlı olmusunuz. Onun yoxluğu sizi necə yaşadır?

- (köks ötürərək gözləri doldu.) Anam hamımızı çox istəyirdi. Ən yaxın özünə məni bilirdi. Allah bütün dünyasını dəyişən analara rəhmət eləsin. Anamdan sonra sanki bütün yükün altında təkbaşına qaldım. Onsuz nə qədər gücsüz olduğumu anladım. Anamdan başqa bu yükə şərik olacaq kimsənin olmadığını da anladım. Onun yoxluğu da, varlığı qədər mənə öyüd-nəsihət verdi. Bu fani dünyanın keçici həyatını necə yaşamağı öyrətdi mənə onun yoxluğu. İndi hər an mənimlə olan ruhunu sevindirmək istəyirəm anamın. Onsuz hər yan mənə soyuq bir məzarı xatırladır.

- Uşaqlıq xatirələrindən nə yadında qalıb?

- İnandırım sizi ki, bu dəqiqəyə qədər qonşularımız üçün, küçəmiz üçün burnumun ucu göynəyir. Mingəçevirdə "Sovetski" deyilən indiki Dilarə Əliyeva adlanan küçədə keçib uşaqlığım. O vaxt poçtalyon gəlib qəzet paylayırdı. Mənim də buna marağım var idi. Bir gün ona dedim poçtalyon əmi, olar mən də sizinlə qəzet paylayım? Poçtalyon üzümə baxaraq məni özü ilə apardı poçta, orda isti-isti qəzetlər gəlirdi, onları ayırıb ayrı-ayrı bağlayırdılar. Qəzetlərin qəribə qoxusu var idi. Mən əl-ələ verib həmin poçtalyon əmiylə başladım qəzet paylamağa. Bax bu hadisə mənim yadımda həmişəlik qalıb.

- Həyatınızdan razısınız?

- Bilsəm ki həyatda günəş kimi işıq saçmayacağam, mən yaşamaq istəmərəm. Gərəkdir ki, hər bir kəs özü üçün mübarizə aparıb arzusuna nail olsun. Əlbəttə ki, razıyam.

- Həyatda haqsızlıqla qarşılaşanda nə edirsiniz?

- Mən deyərdim ki, məndən çox haqsızlıqla heç kəs rastlaşmayıb. Çox haqsızlıqlar görmüşəm, istər ailədə, istər qeyrilərində. Əgər ailədə haqsızlıq görürsənsə, kənardakıları boş verirsən.

- Çox maraqlıdır, doğmalarınızdan haqsızlıq görmüsünüz?

- Mehriban xanım, qəlbimin içində o qədər yaralarım var ki, o qaysaqları yenidən qoparmaq istəmirəm. Mənə haqsızlığı öz doğma qardaşlarım edib və onları da bağışlamıram.

- Zabir, siz "Ekstrahiss" verilişini apararkən onlara inanırdınız?

- Uşaq vaxtlarında həmişə nənəmdən eşidirdim ki, kimin bir işi olanda mollaya gedir. Mən elə bilirdim ki, molla ancaq Quran oxuyur. Ekstrasens, falçı nə olan şeydir, bilmirdim. Onun yanına nəyə gedirdilər soruşmurdum da. Bizim ailəmizlə bağlı bir problem var idi. O zaman bacım qoşulub qaçmışdı. Atam da onu ölənəcən bağışlamadı, nə də qəbul eləmədi. Bunun üçün nənəm mollaya gedirdi ki, atam yola gəlib bacımla barışsın, o da alınmadı.

- Atanız bu qədər qəddar idi, axı ata qızlarını çox istəyir?

- Bəlkə də çox istəyirdi. O, xeyir-dualarla bacımı yola salmaq istəyirdi. Atamın ahı bacımı elə tutdu ki, hələ də bacımın yoldaşı iki ayağından, bir əlindən şikəstdir. Bir qızı da var, 27 yaşında nə danışır, nə də yeriyir.

- Sizin "Ekstrahiss"lərdə göstərdikləriniz qorxunc filmlərə bənzəyirdi. Bunlar düz idi, yoxsa reklam edirdilər özlərini. Əgər düz idisə, siz onlardan qorxmurdunuzmu?

- Əvvəllər qorxurdum. Murad Dadaşov məni bu verilişə məhkum eləyəndə 15 ekstrahisslərin içinə saldı. Təbii ki, onlarla tanış olmalı idim. Həmin anlar mənim başım fırlandı, işlərimin hamısı alt-üst oldu. Özümü çox pis hiss edirdim onların içində. Onların arasında bir Rəna xanım var idi, mənə dedi ki, çalış onların gözünün içinə baxma, üstündə dəmir saxla, əlini və ayağını onlarla danışanda bir-birinin üstünə qoy. Onda sənin gücünü onlar almazlar. Bəlkə də belə idi, amma şüuraltı olaraq özümü formalaşdırdım ki, mənə heç nə təsir eləməz. Amma əsgərlikdə bir dəfə bərk qorxmuşam. Qərargahın məxfi hissəsində gecəni növbə ilə qalırdıq. Bir dəfə çarpayıda uzanıb gözlərimi yummuşdum. Bir də hiss etdim ki, kimsə əməlli-başlı məni dartıb aparır. Elə bildim ki, uşaqlardı. Öz-özümə deyirdim eləməyin də, yıxılaram axı. Gördüm yox e, elə məni aparırlar. Birdən gözlərimi açdım, "Bismillah" dedim. Elə bil bütün bədənim boşaldı və qayıtdım özümə, sən demə cin aparırmış. Bax onda bərk qorxmuşam.

- Yəqin ki, döyüş bölgəsində də olmusunuz?

- Əlbəttə, Ağdərə uğrunda döyüşlərdə iştirak eləmişəm. 1992-96-cı illərdə hərbi xidmətdə olmuşam. Əgər səfərbərlik olarsa torpaqlarımızı yağılardan xilas etməyə hazıram. Hər bir vətəndaş öz vətənini, torpağını sevməlidir.

- Sağ olun səmimi söhbətinizə görə. Sizə də işlərinizdə uğurlar arzulayıram və siz "Oxu Məni"yə nə arzulardınız?

- "Oxu Məni"ni sevməyən oxucu yoxdur. Mən də qəzetinizin çıxan anlarından oxucusu olmuşam. Həmişə Bakıya gəlib-gedəndə avtobusda satılan qəzetlərin içərisindən ən çox alınan "Oxu Məni" idi. Üz qabığı çox gözəl və cəlbedici işlənir. Hər dəfə deyirdim ki, kaş mənim də bu qəzetdə yazım dərc olunaydı, şəklim olaydı. Bu fürsəti sağ olun ki, siz mənə yaratdınız. Sizin sayənizdə axır ki, arzuma çatdım.

Sizə və bütün kollektivinizə uğurlar arzulayıram.

Mehriban Bəylərqızı