Bəzən istəmirəm heç kim məni tanısın

Bəzən istəmirəm heç kim məni tanısın

13 İyun 2011 11:49
Bəyəndim (0) Bəyənmədim (0)
Ailə qurduqdan sonra sevgi hörmətə çevrilir

Deyirlər, televiziya ekranı adamı olduğu kimi göstərmir. Efirdə ən azı 6-7 kq kök görünürsən. Tele - jurnalistlərin belə bir ifadəsi də var: "filankəs kameraya işləyir." Bu isə o deməkdir ki, obyekt kamera qarşısına keçən kimi başqalaşır və istər-istəməz publikaya oynamağa başlayır. Deməli, ekranda gördüyünüz insanlar vizual baxımdan özləri olsalar da, əslində, özləri deyillər. Doğrudur, istisnalar da var. Lakin istisnalar qaydaları pozmadığı üçün fakt faktlığında qalır.

Bəs onda efirdən gördüyümüz tanınmışlar kimlərdir? Bütün bunları və deyilməyən digər fikirləri nəzərə alaraq, sizə "Kadr arxası" adlı rubrikanın davamını təqdim edirik. Burada həmsöhbətimizi olduğu kimi göstərməyə çalışacağıq...

Hərbi vətənpərvərlik proqramlarının gənc və istedadlı aparıcısı Rövşən Cahangirov hərdən şou xarakterli verilişlərdə də yer alır. Onu gah patriotik, gah da əyləncəli amplualarda görmək olur. Əslində kimdir o, döyüşən əsgər, şoumen, yoxsa sadəcə nümunəvi ailə başçısı? Bu və digər suallara cavab tapmaq üçün onunla kadr arxası müsahibəni təqdim edirik.

- Xoş gəlmişsiniz rubrikamıza. Özünüzü təqdim edərdiniz.

- Rövşən Cahangirov. 1977-ci ildə anadan olmuşam. 1997-ci ildən Azərbaycan Dövlət Televiziyasında yayımlanan "Tələbə klubu" verilişi mənim televiziyaya vəsiqəm oldu. Həmin verilişdə ilk dəfə olaraq Azərbaycan dilində KVN hazırladıq. O vaxtdan bu günə qədər televiziya sahəsində çalışıram. AVA media şirkətində baş prodüserəm. Ailəliyəm. 2 oğlum, 1 qızım var.

- Müğənnilərlə çalışırsınız?

- Rejissor kimi bir neçə müğənninin mahnılarına klip çəkmişəm. Ancaq hal-hazırda heç bir müğənni ilə çalışmaq istəmirəm. Çalışmaram demirəm. Bəlkə nə vaxtsa şou-biznes qərbdəki kimi inkişaf mərhələsinə, səviyyəsinə çatar, o zaman çalışaram.

- Bəs müğənni Elnarə ilə necə? İşləməzsiniz?

- Elnarə xanım həyat yoldaşımdır. Gördüyünüz kimi, o toylara, şou-proqramlara, maqazin verilişlərinə qatılmır. Demək olar ki, prodüserliyini edirəm. İstisna haldır.

- Deməli, Elnarənin sənətinə qarşısınız?

- Mən xasiyyətcə çox demokratik insanam. Əslində sənətinə, verdiyi qərarlara hörmətlə yanaşıram. Məsləhətləşdiyimiz məqamlar olsa da, fikirlərimiz əksər hallarda üst-üstə düşür. Nəyinsə nəticəsinin yaxşı olmasını hamı istəyər.

- Sizcə siz, yoxsa Elnarə daha çox tanınır?

- Məncə Elnarə. Çünki Elnarə müğənnidir, səhnəndədir. Kütlə onu daha çox tanıyır və sevir. Məni də tanıyanlar olur, ancaq bəzən inanın, istəmirəm heç kim məni tanısın. Əsgər problemləri ilə daha çox yaxınlaşırlar. Nəsə istəyirlər, mənə elə gəlir ki, əsgərlikdə olana kənardan müdaxilə olmamalıdır. Əsgər əsgərliyini etməlidir.

- Hər vətəndaş vətənpərvərdir?

- Mənim üçün o vətəndaş vətənpərvərdir ki, Azərbaycan Respublikası Konstitusiyasının hər maddəsinə hörmət edir. Dövlətçiliyin nə olduğunu anlayır, millətin qədrini bilir və onun xeyrinə çalışır. Cəmiyyət özü də vətənpərvərlər yetişdirməlidir.

- İstər televiziyada, istər mətbuatda vətənpərvərlik haqqında verilən verilişlər, yazılan yazılar sizi qane edirmi?

- Müharibə şəraitində olan ölkə üçün qane edəcək səviyyədə deyil verilişlər, hərbi reportyorlar yoxdur. Gənclər gəlir, çətinliyə tab gətirmir gedir. Pafos və reytinqə işləmək lazım deyil. Şöhrətpərəstlik pisdir. Professionallar çox gec və az pul qazanır. Mətbuatda vətənpərvərlik haqqında yazı yazan 1 və ya 2 jurnalistin materiallarını məqbul sayıram. Əli qələm tutan, hər efirə çıxan jurnalist peşəkar ola bilməz. Nəyisə şişirtmək, kimisə ləkələməyi özünə sənət seçmək jurnalist olmaq demək deyil. Peşəkarların azlığı özünü büruzə verir.

- Necə fikirləşirsiniz, ailə qurduqdan sonra sevgi bitir?

- Təbii əvvəlki kimi olmur, dəyişir. Ancaq münasibətlərdəki hörmət qalır. Öncə insan bir qızın gözəlliyinə vurulur, daha sonra xasiyyətinə. Həmin insanı tanıdıqca bağlanır, sevir. Ailə qurur, həyat yoldaşı kimi sevir. Sevgi şəkildən şəklə düşə bilər, ancaq o sevgini qorumağı bacarmaq lazımdır. Nəyisə itirmək asandır, qazanmağı və qorumağı bacarmaq lazımdır ki, sonradan peşman olmayasan.

- Rubrikamızın ənənəvi sualını sizə də ünvanlamaq istəyirəm. Kadr arxasında, yoxsa göz önündə olmaq yaxşıdır?

- Maraqlı sualdır. Baxır yaşa, mən indi televiziyaya gəlsəydim, kadr arxasında olmağa üstünlük verərdim. Kadr önündə olduğum üçün də peşman deyiləm. Kadrda olmağın da öz yeri var.

- Kişi üçün nə ayıbdır?

- Pul qazanmamaq ayıbdır.

Qəribədir, nədənsə onunla söhbət zamanı özümü əsgər kimi hiss etmədim. Döyüşdə olduğu kimi atışmadıq və özümüzü müxtəlif cəbhələrdə hiss etmədik. Nə də bu gün toylarda populyar olan "Ay canı yanmış" mahnısından danışmadıq. Bu isə o deməkdir ki, Rövşən ilk növbədə səmimi insan və nümunəvi ailə başçısıdır...

Günel Əliqızı

O.M.