
NƏRGİZ MÜTƏLLİMOVA: “Bizdə hələ şou-biznes yoxdur ki, kimsə möhtəşəm bir şou eləyib biznes götürə”
- Özün haqqında məlumat verərdin?
- Mən Nərgiz Mütəllimova Ağcabədi rayonunda anadan olmuşam. Əslimiz Şuşa və Qəbələdəndir. Musiqi Kollecinin Fortepiano şöbəsini, sonra ADİMU-nin Teatrşünaslıq fakültəsini bitirmişəm. 12 ildir bu sənətdəyəm. Ailədə 3 bacı, 1 qardaşıq.
- Necə oldu ki, müğənni oldun?
- Heç özüm də bilmirəm. Bir də gördüm ki, Xanım İsmayılqızının yanında mahnı seçirəm. Bəstəkar da səsimi yoxladı, dedi ki, oxuya bilərsən? Mən də o gündən bu günə kimi ifa edirəm.
- Sənətin sirlərin kimdən öyrənmisən?
- Gözəl sənətkarımız, bacım Firəngiz Mütəllimovadan.
- Məndə olan məlumata görə səsində nə isə problem yaranmışdı deyə bir müddət bu sənətdən uzaqlaşdın.
- Allah ölənlərinizə rəhmət eləsin! Anam rəhmətə getdi deyə bir müddət uzaqlaşdım. Yalnız ona görə. Yoxsa səsimdə heç bir problem olmamışdı.
- Firəngiz xanım müsahibələrində bildirmişdi ki, arzum budur ki, bacım müğənni olsun. Səbəb nə idi?
- Anamın gözəl səsi vardı. O vaxtı oxumağa icazə verməyiblər. Ona görə həmişə deyirdi ki, kaş qızlarımın biri müğənni olaydı. Bacım da həmişə anamın arzusunu görə deyirdi ki, müğənni olum.
- Toya gedirsənmi və hansı mahnıları ifa edirsən?
- Toy məsuliyyətli bir işdir. Toya gedən ən azından 50% da olsa mahnıları əzbər bilməlidir, lap yarım saatlığa da getsən. Kimsə sənin hansısa mahnını sevib dəvət edirsə, sonra başqa mahnılar da istəyirlər. Mən də deyə bilmərəm ki, o mahnını ifa edə bilmirəm. Toyda oxumaq mənim üçün çətindir. Ona görə bütün toyda oxuyanları alqışlayıram.
- Qalmaqal nə deməkdir sənin üçün?
- Sadəcə kimsə gündəmə gəlmək istəyirsə, öz aralarında danışırlar və gündəmə gəlmək üçün "dava-dalaş" salırlar. O, da olur qalmaqal.
- İlk məhəbbətin neçə yaşında olub?
- 15 yaşında sevmişəm. İndi yadıma düşəndə gülürəm.
- Subaylığın daşını atmaq fikrin var?
- Əlbəttə. Amma hələ tam ürəyimcə olan birisi yoxdur.
- Hansı müğənnilərin ifalarına qulaq asırsan?
- Aygün Kazımovanın, Faiq Ağayevin, Xumar Qədimovanın mahnılarına qulaq asıram.
- Şou-biznesə münasibətin necədir?
- Bizdə hələ şou-biznes yoxdur ki, kimsə möhtəşəm bir şou eləyib biznes götürə. Bizdə şou əhlinin bir hissəsi öz cibindən və yaxud borc-xərc edib şou göstərirlər. Yəni bizdə şou-biznesə "toy biznesi" desək daha düz olar. Çünki hal-hazırda hamı toylara düşməyə can atır. Qınamalı da deyil, çünki pulu toydan götürürlər, şoudan yox.
- Şou-biznesdə olmaq üçün səs lazımdır, şans və ya "day-day"?
- Şans lazımdır. Çünki səsi olub o qədər qıraqda qalan müğənnilər var ki. Amma hara gedirsən səsi olmayanlar ortadadır. Şans olmayandan sonra "day-day" olsa da özünü doğrulda bilməyəcəksən.
- Şou-biznesdə birinci kimi görürsən?
- Aygün Kazımovanı. Çünki şouda hər nə yenilik varsa, ilkini onda görürük. Ona görə bu gün Aygün Kazımovadır ilklərə imza atan. Açığını deyim, mən Aygün Kazımovanın fanatıyam.
- Hazırda qəlbinin sakini varmı?
- Hal-hazırda qəlbim boşdur. Qəlbimə heyfim gəlir ki, layiq olmayan insana görə narahat eləyim. Layiq olan qəlbimdə olacaq.
- Nədən qorxursan?
- Təklikdən qorxuram. Həmişə də Allaha dua edirəm ki, doğmalarıma cansağlığı versin.
- Səncə şou-biznesin qanunların kim yazır?
- Bütün qanunları verən Allahdır. İndi kimsə deyir ki, mənəm, biz ona nə deyə bilərik? Yəqin ona elə gəlir.
- Bir çox sənət dostların özlərinə titul seçir. Sən hansı titulu seçərdin özünə?
- Titulum yoxdur, amma adıma uyğun olaraq şou-biznesin çiçəyi (zarafat) titulunu özümə verərdim. Elə öz soyadım da bəsdir.
- Göz yaşlarının əsiri olmusanmı?
- Əslində çox ağlamağı sevmirəm, içimdə çəkirəm. Həmişə ağlayanda siz demişkən, göz yaşlarımın əsiri olmuşam. Allah həmişə hamıya sevinc göz yaşları qismət eləsin.
- Həyatda nəyə heyfsilənirsən?
- İndiyə kimi övladım olmadığına görə heyfsilənirəm. Amma neyləmək olar? Bu da bir qismətdir.
- Bəs həyatda neçə dəfə sevmək olar?
- Əsl sevgi iki dəfə olur: uşaqlıq və gənclik illərində. Çünki insanın ən saf duyğuları o vaxt olur. Sonrakılar öyrəşməkdir. Çox istəmək sevgi deyil.
- Bəzi şou-biznes əhli niyə səni qəbul edir bu sənətdə?
- Şou-biznesdə heç kimlə problemim olmayıb. Həm də bəlkə Firəngiz xanımın bacısı olduğuma görə. Oxuyandan sonra bir dəfə bacıma dedim ki, maşallah, sənət aləmi səni çox sevir. O, da mənə görə müsbətdir.
- Bir vaxtlar çoxları deyirdi ki, səsi yoxdur, bacısına görə hamı qəbul edir. Bunu necə qarşıladın?
- Nə deyə bilərdim ki?!. Elə bu yaxınlarda bacım müsahibə verəndə dedi ki, Nərgiz oxuyanda hamı deyirdi ki, niyə oxuyur? İndi oxumur. Hamı deyir ki, niyə oxumur.
- Qısqanc xanımsan?
- Qısqanc deyiləm, çünki kim nə isə edəcəksə, onsuzda edəcək. Boş yerə özümü narahat etmirəm.
- Şəlalə nə deməkdir sənin üçün?
- Mənim üçün Şəlalə Şuşanın dağlarından axan təbii dağ sularının coşub təbiətin varlığını sübut etmələridir. Bir də sizin kimi gözəl gözlərə sahib olan xanımdır.
- Sənətdə olduğun illər ərzində özünə nələri qadağa qoydun?
- Kiminləsə yaxın dost olmağı. Gördüm ki, bu sənətdə səmimiyyət yoxdur.
- Qadına xoşbəxt olmaq üçün nə lazımdır?
- Qadına qarşı dürüst həyat yoldaşı və övlad. Çünki mənə görə hər ikisi olarsa, qadın xoşbəxt olar.
- Bu sənətdən nə qazandın?
- Ancaq tanındım. Nərgiz Mütəllimovadan başqa heç nə qazanmadım. Maddiyyata gələndə, əksinə, mahnılara, kliplərə pul xərclədim.
- Niyə prodüserin yoxdur?
- Bir vaxtlar var idi. Yarım il işlədik, sonra gördüm ki, ehtiyac yoxdur. Prodüser o müğənniyə lazımdır ki, şou proqramları gedir, toylara gedir. Mən hələ ki ehtiyac görmürəm, amma ola bilsin ki, efirlərə çıxsam prodüserlə işləyəcəyəm.
- Nərgiz özündən razıdır?
- Nərgiz bəlkə də elə görünür. Heç vaxt özümdən razı olmamışam, özümə hörmət qoyuram. Özündən razı insanları da heç vaxt sevməmişəm. Çünki bütün insanları Allah yaradıb.
- Sizi həyatda nə qıcıqlandıra bilər?
- Öz yerini bilməyən insanlar. Çalışıram ki, onlardan uzaq olum. Çünki elə insanların hər sözü, hər hərəkəti məni qıcıqlandırır.
- Həyatda səhvin olubmu?
- Hər insanın həyatda səhvi olur. Mənim də səhvlərim olub, amma burda deyə bilmərəm. Üzrlü hesab edin.
- Gözə, nəfsə inanırsan?
- Bəli, inanıram. Gözdən də çox nəfsə. Allah bizi pis gözlərdən, pis nəfislərdən qorusun. Çünki gözə görə üzərlik yandırırıq. Bəs pis nəfslərə görə nə edə bilərik?
- Yaradıcılığında nə kimi yeniliklər var?
- Yeni mahnılarım var. Bir də inşallah, seriala çəkilməliyəm, yeni serialdır, komediya janrındadır.
- Stilistin varmı?
- Stilistim var, yalnız saçlarıma görə. Geyimlərimi özüm seçirəm. Yaraşır - yaraşmır, bilmirəm. Çünki heç kimə etibar etmirəm. Gərək öz zövqümlə seçəm, başqasının zövqü ilə yox.
Şəlalə NƏRİMAN.