Ramiz Məlik: “Özümdən asılı olmayaraq əlim ilişdi onun boğazına, birdən ayıldım ki, onu öldürürəm” - MÜSAHİBƏ
Hər sənət əsərinin müəllifinin ürəyi saf və səmimi bir ilham mənbəyidir. Ən böyük və xoşbəxt sənətkarlar öz ilhamını xalqdan alanlardır. Rubrikamızın bugünkü qonağı ilhamını tamaşaçılardan alan, obrazları ilə tamaşaçıların qəlbində böyük sevgi qazanmış, hər zaman öz daxili saflığını və kübarlığını qoruyub saxlayan Dövlət mükafatı laureatı xalq artisti Ramiz Məlikdir.
- Ramiz müəllim, Sovet dövründə Məlikov familiyasını daşıyırdınız, necə oldu ki, Məlik soyadını götürdünüz?
- Azərbaycan müstəqillik qazanandan sonra soyadların dəyişdirilməsi haqda Milli Məclis qərar verdi. Mən də babamın adını götürüb oldum Ramiz Ağarza oğlu Məlik. 1943-cü il avqustun 4-də Bakıda doğulmuşam. O zaman doğulduğum ev indiki Mədəniyyət və İncəsənət Universitetinin yerində olub. Sonradan 1949-cu ildə evləri sökdülər. Atam 3-cü paralelində həyət evi aldı və bu günə qədər də orada yaşayırıq...
- Ailədə neçə uşaq olmusunuz?
- On uşaq olmuşuq, 6 bacı, 4 qardaş. Onlardan ikisi rəhmətə gedib. Bakıda 31 saylı orta məktəbi bitirmişəm. 2 il ali məktəbə daxil ola bilmədim. Sonra işləməyə başladım.
- Bəs necə oldu ki, aktyorluq sənətini seçdin?
- Mənimlə bir yerdə oxuyan Rasim Səfərov (hal hazırda "Lider" televiziyasında işləyir) bir gün mənə dedi ki, gedək Əbilov adına kluba. Klub aşağı Dağlı küçəsində yerləşirdi, çox tarixi bir klubdur. Biz ora gedəndə Məmmədağa Dadaşov dram dərnəyində idi. Yusif Əzimzadənin "Ağacan" presini məşq edirdilər. Mənim də 14 yaşım var idi 1957-ci ildə. Biz oturub məşqə baxırdıq, birdən çönüb məndən soruşdu ki, dərnəyə gəlmək istəyərkən, fikirləşmədən "yox" dedim. Necə oldusa saqqızımı oğurladılar, razılıq verib dərnəyə yazıldım.
Beləcə, Əbilov adına klubun 5 il üzvü oldum, sonra adı dəyişdi oldu Ələsgər Ələkbərov adına Xalq Teatrı. 15 il də bu teatrda çalışdım. 1960-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil oldum. Müəyyən səbəbə görə məni aktyorluq şöbəsinə keçirtdilər.
- Teatr institutunda ilk dəfə hansı obrazı oynadınız?
- Bizim diplom işimiz var idi. Edvardo Filipponun "Komediyanın küdurəti" tamaşasında Cakoma obrazını oynayırdım. Kursun rəhbəri rəhmətlik Tofiq Kazımov idi. Əsəri isə Nəsir Sadıqzadə hazırlamışdı. Tamaşa çox böyük təmtəraqla keçdi, hətta Tofiq müəllim hər birimizə diplom işimiz üçün 5 qiymətini verdi. 1967-ci ildə hələ dövlət imtahanını verməmiş bizi göndərdilər qədim şəhərimiz İrəvana. Orda 30-cu illərin axırı, 40-cı illərin əvvəllərində daşnaklar bizim C.Cabbarlı adına İrəvan dram teatrını bağlamışdılar. Biz gedib onu bərpa eləməliydik. 12 nəfərdən ibarət qrup idik, Nəsir Sadıqzadə də bizimlə getmişdi.
- Hansı tamaşayla teatrı bərpa eləməyə başladınız?
- Biz ora C.Cabbarlının "Sevil" tamaşasını apardıq və orda da tamaşanı hazırlamağa başladıq. Mən Balaş rolunu oynayırdım, Tariyel Qasımovla dublyor idim. Bu tamaşayla biz C.Cabbarlı adına Azərbaycan Dram Teatrının fəaliyyətini bərpa etdik. 6 aydan sonra mən qayıdıb gəldim Bakıya, doğma teatrıma. Kollektiv isə qaldı. Mən orda işləyə bilməzdim, çünki bir xalq kimi ermənilərdən, dillərindən zəhləm gedirdi. Gördüm ki, qala bilmirəm, bir şuluqluq saldım, çamadanımı da qoltuğuma vurub çıxardılar işdən.
- Çox ciddi obrazlar oynadığınız halda tamaşaçılarla səmimi münasibət qura bilirsiniz. Bunun sirri nədədir?
- Mən səhnədə, tamaşada rolumu, obrazımı oynayıram. Amma qapıdan bayıra çıxanda oluram səmimi Ramiz. Çoxlarından eşidirəm ki, mənim üçün deyirlər, qaraqabaqdır, nə deyim, əslində belə deyiləm.
- Ramiz müəllim, "Poçt şöbəsində xəyal" pyesində oynadığınız obrazla üç tanınmış aktrisamızı – Firəngiz Mütəllimova, Bəsti Cəfərova və Hicran Nəsirovanı səhnədə gülərkən pərt edib ağlatmısınız. Siz həyatda da qadınları belə pərt edirsiniz?
- Əsla, o səhnədə idi. Mən o xanımların hər üçüylə çox mehriban görüşürəm, biz bir-birimizi çox sevirik. Qaldı ki, həyatda mən heç bir qadının xətrinə dəymərəm. Onlar bizim ana və bacılarımızdır.
- Sənətdə ən yaxın dostunuz kimdir?
- Gördüyünüz kimi, söhbətimin əvvəlindən mənimlə yanaşı oturan Rafiq Əzimovdur. Mən onunla 50 ilə yaxındır ki, dostluq edirəm, sonra tələbə dostum Hacı İsmayılov, İlham Əsgərov, Rəfael Dadaşov. Adlarını çəkdiyim bu insanlar mənim sənətdə ən yaxın dostlarımdır.
- Son illərdə sizi televiziya kanallarında görmürük, səbəbini açıqlaya bilərsiniz?
- Mən televiziya kanallarından bir neçə il bundan qabaq uzaqlaşmışam, səbəb odur ki, il yarım bundan əvvəl iki ağır əməliyyat keçirdim ürəyimlə və böyrəyimlə bağlı. Hətta dublyorlardan da uzaqlaşdım, jurnalistlərin müsahibəsindən də.
- Bəs necə oldu ki, ilk zəngimdə məni çox asanlıqla və səmimi qəbul etdiniz?
- Sizin zənginizdən öncə "ANS" televiziyası bizdən korifey sənətkarımız Barat Şəkinskayanın 100 illiyi ilə bağlı müsahibə götürdü, onu yaxından tanıyan şəxslər kimi. Yeri gəlmişkən, qeyd edim ki, Barat xanım bizə mənəvi ana idi, o bizi doğma oğlu Elçindən ayırmırdı. O müsahibədən sonra bizdə o qədər ruh yüksəkliyi oldu ki, çox böyük bir ovqat hissi ilə o dövrlərə qayıtdıq və bu nostalji hissi bizə güc verdi. Ardınca siz zəng elədiniz ki, "Oxu Məni"dən Mehriban xanımdır, mən də sizin məlahətli səsinizi eşidib görüşməyə razılıq verdim.
- Deməli, bəxtim var imiş, yoxsa qəbulunuza düşə bilməzdim?
- Səmimi olaraq deyim ki, başqa vaxt olsaydı, deyərdim, vaxtım yoxdur.
- Siz də jurnalistlərdən qaçırsınız?
- Qaçıram. Çünki bəzən baxıram televiziya verilişlərinə, şou proqramlara, utanıram. Mentalitetimizə uyğun olmayan bayağı söhbətlər eləyirlər, əsəbimdən heç baxmıram da. Əlbəttə, yaxşı verilişlərimiz də var.
- Xanımınızla sevib evlənmisiniz?
- Bəli, sevib ailə qurmuşam, bir qızım, bir oğlum var - Lalə və Anar. Dörd nəvəm var. Böyük nəvəmin 19 yaşı var, hal-hazırda İspaniyada Universitetdə oxuyur. Qızım öz ailəsi ilə xaricdə yaşayır.
- Övladlarınızdan sizin sənəti davam etdirən varmı?
- Oğlum Anar demək olar ki, mənim sənətimə yaxın bir sənətdə işləyir. Azərbaycan Dövlət Televiziyasında telerejissordur. Qızım isə Tibb İnstitutunu bitirib.
- Ən böyük alqışı nə zaman, hansı rolunuzda qazanmısınız?
- Ən axırıncı dəfə "Qarabağnamədə" Cavadxanı oynayanda. Orda mənim belə bir monoloqum var: "Mən türk namusunu, Azərbaycan torpağını son nəfəsimə qədər qoruyacağam. Sisyanova çatdır. O, yalnız mənim və övladlarımın meyiti üzərindən adlayıb Gəncə torpağına ayaq basa bilər". İnanın ki, bu sözlərdən sonra tamaşaçı alqışlarının ardı-arası kəsilmək bilmirdi. Bunu dillə təsəvvür edə bilmərəm. Bu alqışlar tamaşaçının mənə yox, Cavadxana olan sevgisi idi.
- İndiki dövrdə teatr səhnəsində gənclərimizi necə görürsünüz və tamaşalara gənclərin axını varmı?
- Görmürəm, bu da məni çox narahat edir. Biz o vaxtlar teatra müqəddəs bir yer kimi baxırdıq. Təəssüflər olsun ki, indi belə deyil. İndiki gənclərin oynadığı tamaşalara baxdıqca çox heyfsilənirəm. Bizim müəllimlərimiz bizə başqa cür dərs veriblər. Rza Təhmasib, Mehdi Məmmədov, Tofiq Kazımov, Məlik Dadaşov kimi müəllimlərimiz olub. Amma indi Mədəniyyət və İncəsənət Universitetində dərs deyənlər bir dəfə də olsun teatrda rol oynamayıblar. Teatr səhnəsinin nə uzununu, nə də enini bilirlər. Əlbəttə, istedadlı gənclərimiz var, onları düzgün yola yönəldən pedaqoq və savadlı rejissor lazımdır. Təəssüflər olsun ki, indi nə Adil İsgəndərov var, nə Tofiq Kazımov var, nə də Mehdi Məmmədov.
- Teatr səhnəsində kimi özünüzə rəqib görürsünüz?
- Mənim indiyə kimi rəqibim olmayıb, nə də heç kimi özümə rəqib görmürəm. Amma rəhmətlik T.Kazımov deyirdi ki, intriqasız teatr olmaz.
- Ən yaddaqalan, unudulmaz tamaşa və obrazınız hansı olub?
- Biz o zaman bir neçə tamaşayla Tbilisiyə qastrola getmişdik. İlk tamaşa "İblis" pyesi oldu. Mən Arif rolunu oynayırdım. Hətta Şevardnadze özü tamaşaya gəlmişdi. 2-ci səhnədə barmağım ilişdi dəmirə, dırnağım sədəfdən qopdu. Kleylə dırnağımı yapışdırdım, girdim səhnəyə. 45 dəqiqə necə oynadımsa, ağrını hiss etmədim. Səhnədən qrim otağına girən kimi özümdən getmişəm, bir də ayılmışam ki, məni xəstəxanaya aparıblar. Bu tamaşada bir səhnə də heç vaxt yadımdan çıxmaz. Mən Arifin obrazına necə daxilən yanaşdımsa, hətta tamaşa zamanı gərgin hadisə də qarşıma gəldi. Şəfiqə Yusifova Xavəri oynayırdı. 3-cü səhnəsində iki dəfə az qalmışdı ki, onu boğum, xırıldaya-xırıldaya güclə mənə dedi ki, Ramiz məni boğursan, ölürəm. Doğrudan da özümdən asılı olmayaraq əlim ilişdi onun boğazına, birdən ayıldım ki, onu öldürürəm. Bu obraz mənim daxilimə necə sirayət eləmişdimsə, inanın ki, saçlarım da vaxtından tez ağardı.
- Hal-hazırda hansı əsər üzərində çalışırsınız?
-Hal-hazırda "Qoca kloun tələb olunur" adlı əsər üzərində işləyirik. Orda cəmi üç kloun var. Mənə Nikolanı, Rafiq Əzimova Pipianonu, Rəfael Dadaşova isə Filipponu həvalə eləyiblər. İndi üç dost səhnədə üç klounu oynayırıq.
- Ramiz müəllim, sizcə yetərincə diqqət mərkəzindəsiniz?
-1982-ci ildə əməkdar artist fəxri adına layiq görüldüm, 1984-cü ildə "İblis" tamaşasında Arif obrazıma görə Dövlət mükafatına layiq görüldüm, 1998-ci ildə isə xalq artisti fəxri adını aldım. Əlbəttə, bu mükafatları mənə qazandıran xalqım olub, tamaşaçı sevgim olub, mən xalqıma, dövlətimə, prezidentimə minnətdaram.
- Və sonda "Oxu Məni"yə arzularınız?
- Qəzetinizə müvəffəqiyyətlər arzulayıram, adına uyğun olaraq daima oxunsun, biz sənət adamlarını da sənətində olan yenilikləri ilə işıqlandırsın.
- Çox sağ olun. Biz də qəzetimizin kollektivi adından sizə can sağlığı, yaradıcılığınızda uğurlar və sevgi dolu həyat arzulayırıq.
Mehriban Bəylərqızı