
“Ən yaxın dostum da, rəfiqəm də anamdır ” - MÜSAHİBƏ
Məktəb illərindən bilirik ki, nitq insanlar arasında yeganə ünsiyyət vasitəsidir. Deməli, məntiqli, səlis danışmağı bacaranlar ən ünsiyyətçil insanlardır. Belə bir deyim də var: "Cəbhədə hədəfi nişanda saxlayan, məclisdə gözəl nitqə malik olan məğlubedilməzdir". Yəqin ki, çox təəccüblənəcəksiniz, əziz oxucularım. Elə isə...
Bugünkü rubrikamızın qonağı mehriban çöhrəli, məlahətli səsi ilə ürəklərə yol tapan sevimli teleaparıcımız Lamiyə Ələkbərqızıdır.
- Lamiyə xanım harada doğulub boya-başa çatıb?
-1973-cü il sentyabrın 2-də Naxçıvan şəhərində anadan olmuşam. Ata-anamın yeganə övladıyam. Elə orda da böyüyüb boya-başa çatmışam. Orta məktəbi gümüş medalla bitirmişəm. Məktəbi bitirdikdən sonra Naxçıvan Musiqi Texnikumuna daxil olmuşam. 1990-cı ildə ailəliklə Bakıya köçmüşük.
- Necə oldu ki, bu sənəti seçdiniz?
- Rəhmətlik atam tanınmış musiqiçi olub. Özü də tar ifaçısı. "Dan ulduzu"nu yaradanlardan biri də atam olub. Yəni mən gözümü sənətkar ailəsində açmışam. Elə texnikumu bitirən kimi Bakıda Üzeyir Hacıbəyov adına Dövlət Musiqi Akademiyasına daxil oldum. Oranı qırmızı diplomla bitirib, daha sonra paralel olaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil oldum və buranı da qırmızı diplomla bitirdim.
- Bilmək olarmı hansı fakültəni bitirmisiniz?
- Televiziya rejissorluğu fakültəsini bitirmişəm, xor dirijorluq fakültəsini isə Azərbaycan Dövlət Musiqi Akademiyasında bitirmişəm. Ləman Atakişiyevanın tələbəsi olmuşam, Vasif Adıgözəlovun da sinfini bitirmişəm.
- Tamaşaçı sevgisini qazanmaq çətin olmadı ki?
- Əslində, bunu tamaşaçılar deyə bilər. Özüm haqqında tərif danışsam, yaxşı olmaz. Hər zaman düşünürəm ki, tamaşaçı sevgisi var.
- Lamiyə xanım efirdə neçə müddətdir işləyirsiniz?
- 20 ildir artıq efirdə işləyirəm. Onun 10 ilini Azərbaycan Dövlət Televiziyasında çalışmışam. 10 ilə yaxındır ki, "Lider" ailəsində çalışıram.
- Televiziyada ilk işinizi necə xatırlayırsınız?
- Mənim ilk işim televiziyadan öncə olub. 8-ci sinifdə oxuyarkən Naxçıvan Dövlət Filarmoniyasında skripka çalan işləmişəm. Məni tanıyanlar bilir ki, çox zəhmətkeş qızam, musiqi məktəbini skripka üzrə bitirdiyim üçün mən həm də skripka çalıram.
- Bildiyimə görə, siz hətta xalq artisti Faiq Ağayevlə duet oxumusunuz və çox gözəl də alınıb. Nədən müğənnilik sənətini seçmədiniz?
- Bəli, mənim çox gözəl sapran səsim var. Lakin oxumağa o vaxt atam icazə vermədi. Əslində, bir çox təkliflər oldu, hətta Azərbaycan Dövlət Xorunda oxuyub maaş alırdım. Nə edə bilərdim, atam qoymadı müğənni olmağa, dedi ki, oxumaq olmaz, qızım. Mən də dedim, olmaz-olmaz da, əslində, oxumağa böyük həvəsim var idi. Daha sonra televiziyada rejissor kimi çalışmağa başladım. 3-cü dərəcəli rejissor assistenti kimi məni Dövlət Televiziyasına işə götürdülər.
- O zaman neçə yaşınız var idi?
- 21 yaşım var idi, sonra bir az vaxt keçdi. O zaman "Ailələr talelər" verilişi var idi. Məni o verilişə 2-ci dərəcəli rejissor assistenti təyin elədilər. Bir az sonra isə 3-cü dərəcəli rejissor keçdim və 10 il "Ailələr talelər" verilişində quruluşçu rejissor vəzifəsində çalışdım. Bundan başqa "Burulğan" verilişində də çalışdım. Özümün moda verilişim varıydı, aparıcım da Zaur adlı bir oğlan idi.
- Lamiyə xanım, biz "Moda" verilişinin aparıcısı kimi sizi görmüşük?
- Bu lap əvvəllər olub. Bir gün Zaur çəkilişə gəlmədi və tez-tez gecikmələri olurdu. Artıq işə çox məsuliyyətsiz yanaşırdı və mən onu uzaqlaşdırdım. Onu da deyim ki, o, daha sonra heç bir televiziyada özünə yer tapmadı. Amma efir üçün çox yaraşıqlı bir siması var idi. Elə ondan sonra məcburiyyət qarşısında qalıb verilişi özüm aparmalı oldum.
- Demək, Zaurun məsuliyyətsizliyi sizin aparıcı olmağınıza ilk təkan olub.
- (Gülərək) Bəli, Zaurun gedişi məni öz verilişimdə aparıcı elədi. Mənim efirə çıxmaq fikrim yox idi. İlk müsahibim də rəhmətlik Rüfət Mehdiyev oldu. Mən proqramı yığdım, montaj elədim. Utana-utana baş redaktorun müavini İlham müəllimə təqdim elədim. O, mənim aparıcılığımı çox bəyəndi, daha sonra baş redaktor Bəxtiyar Qaraca öz təsdiqini verdi və o andan məni verilişin aparıcısı etdi. Daha heç kimə ehtiyacım olmadı.
- Səhv etmirəmsə, siz o vaxtlar "Gözəllik işığında" adlı bir verilişə də rejissorluq edirdiniz.
- Bəli, o verilişin aparıcısı xalq artisti Məleykə Əsədova idi. Mən həmin verilişin quruluşçu rejissoru idim. Onu da vurğulayım ki, Məleykə xanımın çox gözəl aparıcılıq qabiliyyəti, diksiyası, boy-buxunu və siması var idi. Aktrisanın belə gözəl aparıcı olmağı özü də önəmlidir.
- Aparıcılıqdan söz düşmüşkən, hazırda televiziyalarda aparıcıların sayı günü-gündən artır. Təəssüflər olsun ki, onlar efirdə ədəbi dilin normalarına fikir vermirlər, necə gəldi danışırlar. Belə aparıcılar haqda nə deyə bilərsiniz?
- Bu cür aparıcılar gərək özləri efirə çıxmasın. O aparıcının ki diksiyası, danışığı, efir mədəniyyəti yoxdur, beləsini efirə çıxarmaq düzgün deyil. Çünki kənardan çox gülməli görünür.
- Aparıcılar içində özünüzə kimi rəqib görürsünüz?
- Rəqib deməzdim, ancaq mənim ən çox sevdiyim aparıcılardan Nərgiz Cəlilovanı, Nailə İslamzadəni, Rafiq Hüseynovu misal göstərə bilərəm. İndiki nəsildən isə Emin Musəvini, "İTV"dən Salehi, "ATV"dən İlhamə Bədəlovanı, "ANS"dən Elnarə və Zabiri daha çox sevirəm.
- Səhv etmirəmsə, müğənnilərlə də çalışırsınız. Onlarla işləmək sizin üçün çətin deyilmi?
- Xeyr, mən müğənnilərlə işləmirəm. Sadəcə olaraq bir neçə müğənni dostlarım var, onlara köməklik edirəm.
- Qısa zamanda sizin verilişlərə bənzər verilişlər açıldı. Buna münasibətiniz necədir?
- Gözəl sualdır. Onlar hamısı məndən götürüblər. İlk olaraq bu tərzdə verilişləri açan və aparan mən olmuşam və onlar açıblarsa da, özlərini mənə oxşatmağa çalışıblar. Hətta mənim geyimimi, danışıq tərzimi yamsılayanlar da var. Lakin tamaşaçılar məni Lamiyə olaraq tanıyıb və qəbul ediblər.
- Stilistiniz kimdir?
- Əlbəttə anam. Anam nəinki mənə zövq verir və mənim ən yaxın rəfiqəmdir, ürəyimin bir parçasıdır. Ailəliyəm. Gözəl və çox sevdiyim həyat yoldaşım var. İki oğul anasıyam. Amma anama bağlıyam. Mənim övladlarımın tərbiyəsi ilə də anam məşğul olur. Anam mənim həyatımda böyük dəstəkdir. Hamının anasına can sağlığı arzulayıram. Ana müqəddəs bir varlıqdır.
- Həyat yoldaşınız sizi qısqanmır ki?
- Əksinə, mənə dəstək olur. Baxmayaraq ki, biz ayrı-ayrı peşələrin sahibləriyik. O, Dövlət Neft Şirkətində işləyir.
- Düzünü deyin, həyat yoldaşınız sizə xəyanət edərsə, onu bağışlayarsınız?
- Eləyib də, bağışlamışam da. Neyləyə bilərəm, axı bizim 2 gözəl övladımız var.
- İnsan ömrü səhifəsi bitməyən bir kitaba bənzəyir. Ömür kitabınızda hansı səhifələri dönə-dönə oxumaq istəyərdiniz?
- Ömür kitabımın yaddaşında xoş sevincli səhifələrimin biri övladlarımın dünyaya gəlişi, ən ağır səhifəm isə "kövrələrək" atamı itirdiyim gündür. Nəinki atamı, arxamı, dayağımı, dostumu itirdim.
- Özünüz haqda haqsız sözlər eşitdikdə, əsəbinizi necə cilovlayırsınız?
- Mən çox səbirli insanam. Allah səbirli insanları çox sevir. Əgər səbrimi tükədirlərsə, mütləq onun cavabını verirəm. Axı öküz iliyəm.
- Yeni işləriniz, layihələriniz haqda nə deyə bilərsiniz?
- Qarşıda böyük layihəm var, Nuri və Ceyn cütlüyü layihəsidir. İkinci işim televiziya verilişlərimdir. Qarşıda isə bir çox layihələr düşünürəm. Hələ ki, "Stil", "Həyat tərzi", "Bir könüldən" verilişlərim davam edir.
- Bu qədər ağır yükü zərif, incə çiyinlərinizdə necə daşıyırsınız, yorulmursunuz ki?
- Yoruluram, amma işimi də sevirəm.
- Asudə vaxtlarınızda nə ilə məşğul olursunuz?
- Asudə vaxtım olmur. Yalnız bayram ərəfələrində öz ailə üzvlərimlə birgə dincəlməyə gedirəm.
- Kiməsə dəstək olub irəli apardığınız bir insan sizi yarı yolda qoyarsa, onu bağışlayarsınız?
- Yox, qətiyyən.
- Lamiyə xanım özünü həyatda xoşbəxt sanırmı?
- Xoşbəxtəm desəm, çox böyük səslənər, xoşbəxt deyiləm də desəm, kiçik səslənər. Lamiyə xanımı tamamlamayan bir ailə üzvü var. O yadıma düşəndə özümü xoşbəxt sanmıram. O da atamın yoxluğudur. Bir tərəfdən isə anamı, həyat yoldaşımı görürəm, düşünürəm ki, xoşbəxtəm, çünki sağlam ailəm var. Bütün ailələrə tamamlanmış bir xoşbəxtlik arzulayıram. Heç bir ailədə biri var idi, biri yox kəlməsi deyilməsin.
- Niyə jurnalistlərə müsahibə verməkdən qaçırsınız, səbəbi nədir?
- Heç özüm də bilmirəm. Elə suallar verirsiniz ki, insanın bütün varlığını tərpədirsiniz və təsirləndirirsiniz. Xüsusilə də siz, Mehriban xanım, suallarınızla məni çox təsirləndirdiniz.
- Uşaqlıq xatirələrinizdən ən yadda qalan epizod.
- (Gülərək) Atamın əsgərlikdən gəlməyi.
- Bəyəm atanızı əsgərliyə siz yola salmışdınız?
- (Gülərək) Yox. Atam hərbi qulluğa çox gec gedib. Onda mənim iki yaşım olub. Lakin qayıdan vaxt indi də gözümün önündədir, eyvanımızda durmuşdum, atam əsgər formasında içəri girəndə qışqırdım ki, bizə əsgər əmi gəlib. Bu, mənim ən yadda qalan unudulmayan uşaqlıq xatirəmdir.
- Axır ki, sizi güldürdüm və buna da çox sevindim. Bildiyimizə görə, siz həm də çox gözəl sürücüsünüz?
- Hə, çox gözəl sürücüyəm, bir çox kişilərdən yaxşı sürürəm. İlk dəfə də maşını mənə atam ad günümdə hədiyyə edib. 15 ildir sükan arxasındayam.
- Bu illər ərzində hansısa bir qəza törətmisinizmi?
- Olub, bir dəfə mən hamilə olarkən yuxu tutub məni. Bir də ayıldım ki, başqasının maşınını vurmuşam, qarşı tərəf də məni bağışlayıb.
- Çox sağ olun ki, işlərinizin bu qızğın vaxtında bizə vaxt ayırdınız. Bildiyimizə görə, yaxınlarda möhtəşəm bir konsertə hazırlaşırsınız?
- Bəli, 31 mayda Yaşıl Teatrda Nuri və Ceyn cütlüyü ilə "De ki, sevirəm" adlı möhtəşəm bir konsertimiz olacaq və hər birinizi o konsertdə görmək istərdim. 31 may həm də son zəng günüdür.
- "Oxu Məni"yə nə arzulardınız?
-Tükənib-bitməyən oxucu kütləsi arzulayıram. Bütün komandanıza uğurlar arzulayıram. Çox sağ olsunlar ki, sizin kimi belə jurnalistləri var və bizləri yada salırsınız.
Mehriban Bəylərqızı