Nazənin: “Mənə pislik edənlərin bəlasını Allah özü verəcək, mən kiməm ki...”

Nazənin: “Mənə pislik edənlərin bəlasını Allah özü verəcək, mən kiməm ki...”

5 May 2014 14:52
Bəyəndim (0) Bəyənmədim (0)

- Nazənin xanım, özünüzü təqdim edin

- Əslim Astaradandı. Ailədə səkkiz uşaq olmuşuq. İki qardaşım rəhmətə gedib. Üç övladım var. Musiqi məktəbinin fortepiano sinfini "Sovetski"də bitirmişəm. 1997-ci ildən bu sənətdəyəm.

- Ailədə razı oldular bu sənətə gəlməyinizə?

- Mənim böyük qardaşım 17 il məni dindirmədi bu sənətə gəlməyimə görə. Şükürlər olsun ki, indi hamısı mənimlə fəxr edir.

- Göz yaşlarının əsiri olmusan?

- Yox, olmamışam.

- Bu sənətdə ilk müəllimin kim olub?
- Bəxtiyar müəllim olub. Musiqi məktəbinə gedirdim ki, evdən elə bilsinlər ki, qarmon çalmağı öyrənirəm, oxumuram, musiqidən ayrılmamaq üçün. Astarada musiqi məktəbinin direktoru Bəxtiyar müəllim ilk yolgöstərənim olub.

- Uşaqlıq illərin necə keçib?
- Atam rəhmətlik evdə mənə Nazənin deyib, ailədə də həmişə Nazan deyirdilər. Hazırda ailədə Naza deyirlər. Nazənin adını deyəndə bir az qəribə gəlirdi mənə. Axı hamı məni Nazan deyə çağırırdı. Mən bir az həsrətli gəlmişəm dünyaya, adımı da Nazənin qoyublar, yəni nazla gəldim dünyaya, neçə oğlandan sonra gəlmişəm. Dəcəl olmamışam, elə mən gözümü açandan qardaşlarımın qulluğunda dayanmışam.

- Həyatda necə insansınız?

- Şəlalə, mən onu desəm özündən çox böyük razılıq olar. Həyatda pis cəhətimi deyə bilərəm ki, insanlara tez inanıram, insanlara tez aldanıram. Yaxşılıq edirəm insanlara, qarşılığında da o, insanlardan pislik görürəm. Həddindən artıq kövrəyəm. Pislik etməyi heç bacarmıram. Bu mənim zəif yerimdi. Axır vaxtlar elə şeylər görürəm ki, deyirəm bundan sonra qəddar olacağam. Amma ola bilmirəm.

- Qadın gözəlliyi nə deməkdir sizin üçün?
- Biri var insanların üzdə olan gözəlliyi, biri də var insanın daxilində olan gözəlliyi. Adamlar var mənə çox pisliklər edirlər. Allah haqqı ölsələr də mən onlara pislik etməyəcəyəm. O, pisliyindən qalmır, mən də yaxşılığımdan qalmayacağam. Allaha tapşırıram onları. Hər gün deyirəm, Allahım, mənə və ailəmə pis gözlə baxanları sənə tapşırıram. Onların bəlasını ver.

- Nazənin xanım, məndə olan məlumata görə, şəkilləriniz falçılardadır.

- O qədər eşidirəm... Hara aparırlar aparsınlar, Allahdan başqa hər şey yalandı. Falçı nə çarədir? Belə şəkillərə baxıb nə isə edirsə, getsinlər öz balalarına nə isə etsinlər ki, ağ günə çıxarsınlar. Falçıların balaları bu dəqiqə nə gündədir.

- Qısqanc xanımsan?

- Mən şir bürcündənəm. Mən sevirəm ki, məni qısqansınlar. Mən heç vaxt qısqanmıram. Belə baxanda da mənim olan mənim olmalıdır. Deyim ki, çox da belə qısqanclıq edirəm, eləmirəm.

- Kimdən halallıq almaq istərdin?
- Anamdan halallıq almaq istərdim... (kövrəlir).

- İlk dəfə toya kimlə getmisiniz?

- Müəllimlərimlə getmişdim. Heç yadımdan çıxmaz. O vaxt uşaq idim, VIII sinifdə oxuyurdum. Eyni zamanda musiqi məktəbində də oxuyurdum. Qonşuda toy var idi. Atam rəhmətlik həmişə məktəbdən gəlib görürdü ki, yoxam. Ölürdüm oxumaq üçün, ürəyim partlayırdı. O vaxtı belə mikrofonlar yox idi. Axı kabellə olan mikrofonlar var idi. Oturan yerdə gizlənirdim müəllimlərimin arxasında. Ayağa da qalxmırdım, ancaq oxuyurdum. Anam rəhmətlik görüb ki, kimsə oxuyur: "Leylam, Leylam". Bilib ki, mənəm. Ən populyar mahnı idi o vaxt, oxuyurdum. İnanın, pul almadım, sadəcə həvəsim var idi oxumağa. Bizdə günorta başlayırdı toy, saat 12-1-də, gecəyarı qurtarırdı. İlk toya getməyim də bax belə olub.

- Bəziləri gündəmdə qalmaq üçün dedi-qodulara, ucuz vasitələrə əl atırlar. Yeri gəlmişkən, sizin vasitənizlə reklam olmaq istəyənlər olubmu?

- Fikir vermirəm. Ola bilər elə söz deyərəm, görmüsünüzsə yazın ki, kimisə reklam etmək istəyir. Mənim reklamlarım mahnılarımdı. Hər dəfə istəyirəm ki, elə mahnım olsun ki, tutsun, sevilsin. Şükür, ildə 2 mahnı oxuyuram. El şənliklərində də hamı oxuyur. Ailəsini ortaya qoymaqla kim gündəmdə qalıb ki, əksinə, başıaşağılıq gətirir. Mən də həmişə istəyirəm ki, gündəmə yalnız mahnılarımla gəlim.

- İlham pəriniz kimdir?
- Hal-hazırda mənim Orxanımdı.

- Həyatınızda gizli kodlar, sirli şifrələr varmı?
- Allah haqqı, Şəlalə, Orxandan başqa gizli kodlarım yoxdur. Bütün kodlar, şifrələr Orxandadır. Sevgim də odur. Həmişə deyirəm ki, atam-anam, gedək "aşk yuvamız"a. Yoldaşım çox vaxt qısqanır bizi.

- Həyatınızda hansı peşmançılığı ayağınıza yazardınız?
- Üzdəniraq insanlara salam verməyimi, onların salamını almağımı. Və yaxşılıqlar etdiyim vaxtda məni vurmaq istədilər, vura bilmədilər söz yox ki, arzuları ürəklərində qaldı. Allah vurdu onları. Biz nə çarəyik ki, Allahın vurmasından çox qorxuram.

- Hər zaman taleyimdən gileylənib,

Səni dərdə salmışam, ay ürəyim.

Yaxşıdan pistək ötrü hey deyinib,

Sənə əzab vermişəm, ay ürəyim.

- Nazənin xanım, oxuduğunuz "Ay ürəyim" mahnısını həyat yoldaşınıza görəmi oxumusunuz?

- Mən sənə inanmasan da düz deyəcəyəm. Bu mahnının sözləri də, musiqisi də Sevinc Mansurovanındır. Sevinc xanım oxudu, dedim ki, nə gözəl mahnıdır. Gördüm ki, bu mövzuda hələ bir mahnı oxunmayıb. Ona görə də oxudum. Yox, yoldaşıma aidiyyəti yoxdur. Deyirəm Sevinc xanım, elə bilirlər ki, bu mahnını həyat yoldaşıma oxuyuram. Gülür. Yoldaşım mənə "Naza" deyir, mən də ona həmişə "Həyatım" deyirəm.

- Həyatda bir çətinliklə üzləşəndə yenə gülməyi bacarıb özünüzü ələ ala bilirsiniz?
- Mən açıq deyim. Çətinliklə rastlaşanda gülə bilmirəm. Özümdə hiss edirəm ki, o rola da girə bilmirəm. Allaha qurban olum, maddiyyat tərəfdən heç vaxt çətinliyim olmayıb. Çətinlik valideynlərimi itirəndə olub. Allah heç kəsə valideyn itkisini erkən göstərməsin. Valideynlər hər zaman ölməzdi. Mən heç vaxt ağlıma gətirməzdim ki, anam-atam ölər. Düşünürdüm ölməzdilər, onlar dünyasını dəyişəndə hiss etdim ki, mən böyümüşəm. Onlar dünyasını dəyişəndə özümü ələ ala bilmirdim. Anam 2 ildir, atam da 8 ildir rəhmətə gedib. Anam heç vaxt xəstələnməmişdi, 20 günün içində rəhmətə getdi, gözlənilməz oldu. Çox böyük depressiyaya düşdüm. Ən çətin anlarım onda olub. Niyə yalan deyim ki, məni tanıyanlar bilir ki, həmişə yaxşı yaşamışam. Erkən ailə həyatı qurmuşdum. Çətinliklərim olmalı idi. Anamın, atamın itkisi deyərdim ən çətin anlarım oldu. İnsan heç vaxt heç kimini unutmamalı, hər şeyi də fəxrlə deməlidir.

- Qadınların bir çoxları niyə kobud kişiləri xoşlayırlar?

- Vallah, mən sevmirəm kobud kişiləri. Əksinə mən həyat yoldaşıma işdə olanda zəng edəndə, yanına kimsə gələndə bu cümləni vurğu ilə deyəndə ki, yanıma adam gəldi, sonra zəng edərəm, xətrimə dəyir. Həmin an deyirəm ki, sən bilmirsən mən kövrəyəm, həssasam. Mənimlə o tonda danışma. Deyir baş üstə. Tonunu qaldıranda həmin dəqiqə deyirəm ki, yadından çıxartma, mən qadınam. Tez başqa cür olur. Mən sevmirəm kobud insanı. Yalandan nə deyim. Yoldaşımdan kobudluq görməmişəm. Yoldaşım həmişə məni əzizləyir, Nazlım deyir.

- Nazənin xanımın titulu nədir?

- Atam mənə gül kimi ad qoyub. 3 nəvəm var. Ana adı bəsdir mənə. Allah-tala məni ana edib, mükafatlandırıb. Qurban olum Allaha. Niyə sevinməyim, niyə xoşbəxt olmayım?!

- Yaradıcılığında nə kimi yeniliklər var?
- Hazırda "Ay ürəyim" mahnısı dillər əzbəri olub. Cabbar Musayevdən gözəl mahnım olacaq. Amma tez oxumaq istəmirəm. Çünki o biri mahnım moddan düşəcək. Köhnə mahnılarımızı oranjiman etdirəcəm. İnşallah, solo-konsert verəcəyəm. 1 ildən sonra, Orxan bir az böyüsün. Çünki bütün enerjimi, sevgimi, gücümü, fikrimi Orxana vermişəm.

- Gözünüzün günahı çox olub, yoxsa dilinizin?

- Düzünü deyim, dilimin günahı çox olub.

- Sizcə böyük səhnəyə gedən yol asandırmı?
- Yox, çox çətindir. Böyük səhnəyə çıxmaq, orda durmaq çətindir. Çalışasan ki, heç kimin sözünə fikir verməyəsən. Yalnız sənətini düşünəsən. Bu da ailə ilə düz gəlmir. Necə gəlmir düz, yəni mən sırf bağlıyam övladlarıma, 1 saniyə onlarsız qala bilmirəm. Mənə yoldaşım bu gün mənə desə ki, ya səhnə, ya ailə, mən həmin an ailəmizi seçib, razılaşaram.

- Dostun çoxdur bu sənətdə, yoxsa düşmənin?

- Dostum çoxdur, həddindən artıq. Mənim qardaşım Ağamirzə ən yaxın dostumdu. Ailəliklə ona qurban olaram mən.

- Nazənin xanım, kimlərin ifalarını dinləyirsən?
- Hamı bilir ki, 15 ildir mənim kumirim Niyaməddin Musayevdir. Onun mahnılarını çox sevirəm. Eldar Ələkbərovun mahnıları üçün ölürəm. Bu dəqiqə maşına oturum, Eldarın diskləri mən də var. Kişilərdən İbrahim Tatlısəsə, qadınlardan ən çox Xumar Qədimovaya qulaq asıram.

- Unudulmaqdan qorxursan?
- Vallah, o haqda düşünmürəm.

- Nəyə nifrət edirsən?
- Xəyanətə.

- Bu gün keçmişə baxanda nə kimi hisslər keçirirsən?

- Keçmişə baxanda yalnız valideynlərimin acısı yadıma düşür, başqa heç nə düşmür. Atamla, anamla bir süfrədə otururduq. Anam bizə yemək çəkirdi, təndir çörəyi bişirirdi. O anlar yadıma düşəndə yanıb-tökülürəm. Allah-tala mənə hər şey verib, qadın kimi xoşbəxtəm. Gül kimi balalarım var. Fəxr edirəm onlarla. Allah elədiklərinin heç birini almasın məndən. Söhbət var-dövlətdən getmir e, həyatda bir dəqiqə içində Allah yerlə yeksan edər var-dövlətimi.

- Övladlarınızdan bu sənəti seçən olubmu?
- Yox, olmadı. Orxan bilmirəm necə? 9 ayına kimi toylarda oxumuşam, televizorda musiqi səsi eşidəndə əllərini çırpa-çırpa oynayır.

- Axır vaxtlar sürətlə arıqlamağının səbəbi nədir?
- Yaman dietaya oturmuşam. Hər gün axşam yoldaşımla gəzirəm. Ümumiyyətlə, çörəkdən imtina etmişəm. Orxan dünyaya gələndən sonra kilo aldım. Çalışıram ki, kökəlməyim. Efirə çıxıram, özümə fikir verməyi çox sevirəm.

- Nazənin xanım risk etməyi sevir?

- Sevirəm.

- Ürəyin dərmanı nə ola bilər?
- Sevgi ola bilər, o deyil ki, kişi ilə bir yerdə yaşayasan. Mən yenə deyirəm ki, hər şeyi Orxanda görürəm. 15 ildən sonra da sualı versəniz, nə desəniz Orxan deyəcəyəm.

- Şou-biznesin açarı kimin əlindədir?
- Aygün Kazımova deyirdi məndədir. Amma mən deyərdim ki, Allahın əlindədir. Heç kimin əlində deyil.

- Şou-biznesdə baş verən hansı hadisələrdən utanırsınız?
- Rəzalətlərdən utanıram ancaq. Dilə gətirmək istəmirəm. Gündəmdə qalmaq üçün oyun çıxardırlar, nə gəldi reklam etmələrindən, bir-birlərindən acıq etmələrindən, atmaca atmalarından, belə şeylərdən utanıram.

- Səmimi olun, ilk məhəbbətiniz olub?
- Hə, olub, yalan deməyəcəyəm, VI sinifdə oxuyurdum. O bilmədi ki, mən onu sevirəm.

- Bəs ilk məhəbbətinizi heç sonralar görmüsünüzmü?
- Yox, görməmişəm. Oğlan bilmirdi ki, mən onu sevirəm. Uşaqlıq sevgisi idi. Hətta öz-özümə utanırdım ki, niyə onu sevirəm. Amma çox sevirdim onu, ürəkdən.

- Tələbələriniz varmı?
- Vallah, tələbəm yoxdur. Bir çoxları mənim mahnılarımı sevə-sevə oxuyurlar. Hətta mənim etdiyim boğazları edirlər. Necə mikrofon tuturlar görürəm. Yaxınlaşıb deyirlər ki, sizin kimi olmaq istəyirəm. Baxın, siz mikrofonu belə tutursunuz, mən də elə tuturam, yəni bu normaldır. Deyirəm başqa cür başa düşərlər, deyərlər bu nə oxuyandı, istəmirəm çox vaxtı bu haqda danışım.

- Artıq tanınanda küçəyə çıxanda hansı hissləri keçirirdiniz?
- Yaxşı ki, mən göylərdə uçmadım. Bəlkə yadınıza gəlir. "Qayıdacağam" mahnısını oxudum. Allah Nüsrət Kəsəmənliyə rəhmət eləsin, Cabbar Musayevə ömür, cansağlığı versin! Mən Azərbaycanda tanındım, yeni sima, yeni səs oldum, birdən-birə sevildim. O zaman bir-iki müğənni başlamışdı. ABA televiziyası var idi. Mən qulaq asanda ağlayıb sevindim ki, bu yerə gəlib çata bildim.

- Sənsiz elə bilmə öləcəyəm mən,

Qara bir kədərə dönəcəyəm mən.

Gecələr yuxuna girəcəyəm,

Sən məni unuda bilməyəcəksən.

Kimi unuda bilməyəcəksiniz ki, bu mahnını ifa etmisiniz?
- Mən mahnını oxuyanda o hissləri yaşayıram. O həzin mahnılar məndə alınır. Sırf həyatımla bağlı olmayıb ki, kimisə unuda bilməyəcəyəm. Elə bir şey yoxdur. Sadəcə mahnını oxuyanda ruhumu qoyuram. Çox sevilən mahnılarımdan biridir.

- Plastik əməliyyata münasibətiniz necədir?
- Etdirmişəm, bundan da çəkinmirəm, lazım olsa yenə etdirərəm. Burun əməliyyatı etdirmişəm.

- Deyirlər Nazənin xanım 2 qabırğasını da çıxartdırıb.

- Yox, Allaha and olsun, elə bir şey olmayıb. 20 ildən sonra Orxanımı tapmışam. Belə şey etdirməmişəm. Burnumda əməliyyat etdirmişəm. Amma nə qabırğa? O dünyada cavab verəcəyik, elə şeylərdən qorxuram. Belə baxanda kimsə edirsə pis baxmıram. Mən ata qalxaram.

- Həyat yoldaşınla ilk dəfə necə tanış oldun?
- Birinci mən vurulmamışam. 1997-ci ildən mənim yoldaşım məni sevməyə başlayıb. Mən yaxına qoymurdum. Məni çox dəhşət istəyib, hətta şoka düşdü məni sevdiyindən. Mənə həmişə deyirdi ki, məni saymırdın.

- Bax, ailədə dalaşırsınız, söz-söhbət olur. Küsəndə barışmaq üçün kim birinci addım atır?
- Həmişə birinci həyat yoldaşım addım atır. Orxanımın canı üçün 10 dəfə mənə deyir ki, sənin ürəyin daşdı. Mənim ürəyim də getsə, ölsəm də, bilsəm ki, onun dərdindən öləcəyəm, özü mənə bir addım atmalı olur. Mən addım atmaram. Bu mənim ən pis cəhətimdir. Bilirəm ki, düz etmirəm. Günah məndə də olsa o, birinci addım atır. Deyim ki, bir saat mənim yoldaşım məndən küsülü qala bilməz, ürəyi partlayar. Ümumiyyətlə, yaxınları, əzizləri onunla danışmasa, ürəyi partlayar. Orxanın gəlişi atasını da dəyişdi. Ailəmizdə hər cəhətdən möhkəmlik daha da artıq oldu. İkimiz də söz vermişik ki, Orxanı böyüdəcəyik, ab-hava dəyişdi, Allah qorusun bizi bədnəzərdən.

- Etiraf elə, yenə dünyaya övlad gətirmək istəyirsən?

- Mən bir də heç vaxt, heç vaxt deməyəcəyəm. Allah gətirdi 20 ildən sonra övlad verdi, bu bizim son beşiyimizdir.

- Nazənin xanımın əlinin duzu varmı?

- Əlimin duzu var. Nə bişirirəmsə dadlı olur. Nankor insanlara qarşı əlimin duzu yoxdur. Mənim əlimin duzu olsaydı, məndən istifadə edib vura bilmədilər, Allah qoymadı.

- Sənət adamısınız. Həyat yoldaşınız bir çox toylara gedəndə sizi qısqanmır ki?
- Həyat yoldaşım həmişə mənə deyir ki, sənin sənətini çox sevirəm, çalış heç vaxt sənətini atma, arxandayam sənin. Olur ki, qısqanır. Həmişə deyirəm ki, bir güzgüdə özünə bax, gör kimsən, səndən varmı?! Mən həyatı boyu yoldaşımın, övladlarının başını aşağı salmaram. Çünki həyat yoldaşımı sevirəm, mümkün olmaz ki, nə isə xəyanət olsun, heç vaxt. Həyat yoldaşım başımın tacıdır. Olur ki, məclisə gedirəm. 300-400 nəfər kişi olur, bilir bunu və mən olan yerdə az görünür, bir də ki, məclisə onunla gedəndə qohumlarımızın, yaxınlarımızın toyu olanda qoymur məni oxumağa, hamı bilir. Toya özü aparır. İş olanda da sürücüsü, ya da ki, qardaşı ilə gedirəm toya. Nəzarətsiz qoymur məni. Rusiya toylarına isə özü ilə gedirəm. Hamı bilir ki, tək getmirəm.

- Şəlalə nə deməkdir sizin üçün?

- Şəlalə mənə çox əzizdir, çünki ailəmizdə də Şəlalə adları var, çox istəyirəm. Axar sudur şəlalə, aşıb-daşandı. Özün kimi də adın var, yaraşır sənə adın. Adın kimi də özün gözəl insansan. Çox istəyirəm səni, Şəlalə, adın əzizdir mənim üçün.

- Dənizə gedirsinizmi, kompleksiniz varmı?
- Allah bütün ölənlərə rəhmət eləsin. Hamı bilir ki, dənizə gedirəm, amma çimə bilmirəm. Mənim 2 qardaşım suyun qurbanı olub. Bir qardaşım hərbi xidmətdən tərxis olunmağına 4 ay qalmış suda boğulub, ikinci qardaşımın övladı təzə dünyaya gəlmişdi, 40 günlüyündə qardaşımın meyiti gəldi. Böyük dəhşətdir. (kövrəlir). Allah heç kimə göstərməsin. Ona görə suya girmirəm. Ayağım dənizdə suya dəysə, elə bilərəm meyiti ayağıma dəyər. Üzməyi də bacarmıram, elə bilirəm bir qaşıq su məni boğar.

Şəlalə NƏRİMAN