“Çəkilişlərə dəvət alıram, amma səhhətimə görə etiraz edirəm” - MÜSAHİBƏ

“Çəkilişlərə dəvət alıram, amma səhhətimə görə etiraz edirəm” - MÜSAHİBƏ

2 May 2014 23:06
Bəyəndim (0) Bəyənmədim (0)
Sənətə 5 yaşında gəldiyini deyən Xalq artisti səhnəni qəflətən tərk etməyinin səbəbini açıqladı

El arasında belə bir məsəl var: fədakarlıq bacarmayan mənəvi yüksəlişdən də məhrum olar. Əlbəttə, hər bir insan öz üzərində çalışmalı, mübarizə aparmalı, bir sözlə, fədakar olmalıdır. Belə olarsa, hər kəs öz arzusuna çatar.

Bugünkü müsahibim fədakar, mübariz insan, obrazları ilə qəlbləri fəth edən Azərbaycan Respublikasının xalq artisti Zərnigar Ağakişiyevadır.

Zərnigar xanım öz tipik cəhətlərinə görə diqqəti çəkən, dramatik rolları şövqlə oynayan, daxili ehtirasını və psixoloji tapıntılarını səhnə təsvirinə uyğun tərzdə məharətlə nizamlaya bilən bir sənətkardır. Gəlin Zərnigar xanımın həyatı ilə bir daha yaxından tanış olaq.

- Zərnigar xanım, özünüz haqda nə deyə bilərsiniz?

- Bilirsiniz, səhhətimə görə hamıdan bir az uzağam. Sadəcə olaraq, səsiniz məni o qədər çəkdi ki, sizinlə görüşməyə razılıq verdim.

- Təşəkkür edirəm. Sənətə ilk gəlişiniz necə oldu?

-(Gülərək) Sənətə 5 yaşımda gəlmişəm.

- 5 yaşında?

- Bəli, 5 yaşımda dahi şairimiz Səməd Vurğunun şeiri ilə səhnəyə gəlmişəm, özü də kənd klubunda. Mən körpəlikdən bağçaya getmişəm, elə orda da dil açmışam. Bağça müəlliməmin öyrətdiyi şeirlə də valideynlər üçün kənd klubunda keçirilən tədbirdə çıxış etdim və alqışlandım. Hətta o zamanlar Ələsgər Ələkbərov bizim kəndə qastrola gələrkən mənim haqqımda eşidib və çağırtdırıb dinləyəndən sonra "bu qız gələcəyin istedadlı bir sənətkarı olacaq" deyib.

- Yeri gəlmişkən, harada doğulub boya-başa çatmısınız?

- Quba rayonunun Rustov kəndində, kasıb bir ailədə doğulmuşam. Ata-anamın yeganə övladı olmuşam. 5 yaşımdan sonra valideynlərim Quba rayonuna köçüb, elə orada da məskunlaşıb işləyiblər. Anamın iş yoldaşlarının bir qismi rus qadınları idi. Evdə tək qalmayım deyə, anam məni həmin iş yoldaşının qızıyla bir yerdə qoyurdu. Həmin qızla böyüyərək rus dilini mükəmməl öyrəndim. Anam rus dilini bildiyimə əmin olandan sonra məni Qubada rusdilli orta məktəbə qoydu. Lakin mən tam 10-cu sinfi bitirmədim. 8-ci sinifdən çıxıb işləmək qərarına gəldim. O zaman eşitmişdim ki, 8-ci sinifdən çıxıb texnikuma girsəm, ali məktəbə də daxil olmaq asan olacaq. Mən həm də orta məktəbdə oxuya-oxuya özfəaliyyət dərnəyinə gedirdim. Rəssamlıqla, idmanla məşğul olurdum, Hətta rayon üzrə keçirilən bir çox tədbirlərdə iştirak edirdim.

- 8-ci sinfi bitirib işləməyə gedə bildinizmi?

- Hə, anam da razılıq verdi. İşləmək üçün məni bağçada səhnəyə ilk çıxardan müəlliməmin yanına getdim. O, artıq rayonumuzda ikinci katib işləyirdi. Məni görcək sevindi və iş istədiyimi bildikdən sonra göndərdi ticarət üzrə işləməyə. Orda da mənə veriləcək heç bir iş olmadı. Çünki nə təhsilim, nə də savadım var idi. Qərara gəldilər ki, məni göndərişlə Bakı Kooperativ Texnikumunun Əmtəəşünaslıq şöbəsinə yollasınlar. Elə də oldu. Mən asanlıqla texnikuma qəbul oldum. Tələbə ikən də texnikumda bütün bayram konsertlərində özfəaliyyətimlə iştirak edirdim və həmişə öndə idim. Orda oxusam da, ticarət sahəsi mənlik deyildi. Nə istədiyimi özüm də bilmirdim. Amma hiss edirdim ki, məni nə isə, harasa çəkir. Texnikumu bitirən ili müəlliməm mənə qiymət yazanda dedi ki, Zərnigar, bu qiyməti sənə ona görə yazıram ki, burdan birbaşa İncəsənət İnstitutuna gedəsən. O zamanlar Rusiyadan hər texnikuma məktub gəlirdi ki, son kursda oxuyan iki nümunəvi tələbə 1 illik Moskvaya kursa getməlidir, rəssamlıq və reklam üzrə. Rəssamlıq qabiliyyətimə görə məni də göndərdilər.

- Tək qız uşağı olduğunuz halda valideynləriniz sizə necə razılıq verdilər?

- Çox çətinliklə razılıq aldım. Atam narazı idi. Çətinliklə də olsa, Moskvaya getdim və həmin kursu müvəffəqiyyətlə bitirib, doğma vətənimə qayıtdım. O kursun da mənə çox xeyri oldu. Moskvadan qayıdan kimi tezliklə özümə iş tapdım, işləyə-işləyə sənədlərimi yığıb İncəsənət İnstitutuna verdim. Axşam şöbəsinə qəbul oldum. Assistent Mikayıl Mirzə, kursun rəhbəri isə Ağəli Dadaşov idi. İnanın ki, 5-6 ay boş-boşuna gəlib-gedirdim. Heç kim bizimlə maraqlanmırdı. Qış semestrində mənə rejissor 3 qiymət yazanda dözə bilmədim. Dedim, axı siz məni səhnədə görməmisiniz, niyə 3 yazırsınız? Mənə dedi ki, sən heç Azərbaycan dilində danışa bilmirsən, sənə nə yazmalıyam? Heç nə demədim. Gördüm ki, Mikayıl Mirzə ilə Ağəli müəllim bir-birlərinə baxıb nə isə pıçıldayırlar. Sən demə, onlar Cəfər Cabbarlının "Aydın" pyesini diplom tamaşası kimi hazırlayırlar. Ağəli müəllim məni yaxına çağırıb dedi, qızım, istəyirik sənə hazırladığımız tamaşada rol verək. Bu dəvətdən çox sevindim, Elə oradaca razılıq verdim və ürəyimdə dedim: "Mən indi sizə 3 yazmağı göstərərəm".

- Deməli, ilk rolunuz "Aydın" pyesində Susanna oldu.
- Bəli. Tamaşa tədris teatrında müvəffəqiyyətlə oynanıldı. Tamaşada Rasim Balayev Dövlət bəy, Elmira Şabanova Gültəkin, Mikayıl Mirzə Aydın, Əlabbas Qədirov və bir çoxları öz rollarını müvəffəqiyyətlə oynadılar. Sonradan bu tamaşa Akademik Milli Dram Teatrında oynanıldı.

- Deyə bilərsinizmi neçənci ildə?

- Səhv etmirəmsə, 60-cı illər idi. Onu da qeyd edim ki, Mikayılın diplom tamaşası ilk addımı idi. Tamaşanın sonunda bütün aktyorlar tamaşaçılar tərəfindən gül yağışına tutuldu. Sevincimin həddi-hüdudu yox idi. Bu güllərin içində mənə də düşən pay var idi. Artıq o gündən mən öz yolumu seçdim.

- Bildiyimə görə, sizin gözəl vokal səsiniz olub.

- Bəli, elədir. Elə indi də vokal səsim var, o səs məndə qalıb. Mən institutda oxuya-oxuya vokala da gedirdim. Yaxşı repertuarım da var. Vokal səsimə görə Sultan Hacıbəyov mənim qiymətimi verib.

- Maddi vəziyyətiniz necə idi o zamanlar?

- Mən artıq ayaq üstə dura bilirdim. Öz çörəyimi özüm qazanırdım. Ata-anamın sevinci mənim xoşbəxtliyim idi. "Azdrama"da aktrisa kimi öz yerimi tutmuşdum. Artıq baş rollara dəvət alırdım. O zaman Leyla Bədəlbəyli Belorusiyaya getdiyi üçün tamaşanı mənim ifamda təhvil verdilər. Taleyimi də bu tamaşa həll elədi. Uğurlu addımlarım nəhayət ki, başladı. Əsər klassik əsər idi. Ostrovskinin "Müdriklər" tamaşası. Orda oynayırdı İsmayıl Osmanlı, Səməndər Rzayev, Hökümə Qasımova, Fateh Fətullayev və mən.

- Bir məqama da toxunum. Sizin bəzi hallarda soyadınız Atakişiyeva gedir. Əsl soyadınızı deyə bilərsinizmi?

- Çox gözəl vurğuladınız. Bilirsiniz, çox zaman səhv yazırlar. Kim harda nə görür, onu da yazır. İndi isə hər kəs "Oxu Məni" vasitəsilə öz səhvini düzəltsin və bilsin ki, mən Zərnigar Fəti qızı Ağakişiyevayam.

- Daha hansı obrazlarda oynamısınız?

- Saymaqla qurtarmaq olmaz. Məsələn. "Atayevlər ailəsi"ndə Dilşad xanım, "Pəncərədən daş gəlir"də Həzi Aslanovun arvadı, "Mehmanxana sahibəsi"ndə Mirandalina, "Kökdən düşmüş piano"da Qayınana, "Sevil" pyesində Dilbər, "Adamın adamın"da xəbərçi Xədicə, "Yad adam"da Amalya, "Kimdir haqlı"da Zeynəb və s.

- Bu cür sevilən sənətkar necə oldu ki, birdən-birə səhnəni tərk elədi?

- Əvvəla, rollar yox idi. Sonra da ki, zamanın axını var, gələcək nəsillər var. Axı onlar da püxtələşib işləməlidirlər. Mən artıq yetərincə səhnədə sözümü demişəm. Bir də ki, səhhətimə görə komaya düşdüm və səhnəni tərk eləməli oldum.

- Sirr deyilsə, xəstəliyin səbəbi nə idi?

- İndi bütün xəstəliklərin səbəbi əsəb və stressdir. Tək, kimsəsiz, ata-ana qayğısından uzaq, öz taleyini qurmaq üçün, yaşamaq üçün, dolanmaq üçün əməkhaqqı dalınca qaçan, heç bir köməyi və arxası olmayan, qarşısında maneələri çox olan bir qadın necə xəstəliyə tutulmasın? Yəqin alın yazım belədir (Bir anlıq köks ötürərək gözləri dolur).

- Zərnigar xanım, özünüzü heç zaman tək sanmayın. Çünki hamımızı qoruyan bir Tanrımız var.

- Əlbəttə, bu günümə də min şükür. Həyat özü bir sınaqdır. Əgər bu sınaqlardan çıxmışamsa, deməli, güclüyəm. Məni bu günə kimi də yaşadan sənətim və tamaşaçı sevgim olub. Bu gün aldığım ada, təqaüdə, yaşadığım evə və güzəranıma görə dövlətimə minnətdarlığımı bildirirəm. Ulu öndərimizin hər kəlməsi, dəyərli sözləri həmişə mənim üçün örnək olub. Bu gün çox sevinirəm ki, bizim belə ləyaqətli, layiqli oğul, həm atasına, həm vətəninə, həm Azərbaycan xalqına, Azərbaycan torpağına gözəllik gətirən, canlandıran, çiçəklənməsində böyük rolu olan Azərbaycan xalqının belə bir prezidenti var. Bir Azərbaycan vətəndaşı kimi bu gün mən İlham Əliyevlə fəxr edirəm.

- Sizi axtaran, bu gününüzdə qapınızı döyən yaxın rəfiqəniz varmı?

- Gözəl sual verdiniz. Mənim daxilimi bir anlıq tərpətdiniz. Bu mənzilə köçəndən sonra heç kim qapımı döyməyib. "Yeni mənzilin mübarəkdi" deyən olmayıb. Bir-iki yaxın rəfiqəm var. Onlar da öz işlərində-güclərində, yalnız telefonla əlaqə saxlayırıq. Mən bu mənzilə köçəndə düşünürdüm ki, sevincimə şərik olan dostlarım olacaq. Çox təəssüf. Heç kimdən incimirəm, həyat belədir. Bu həyatla, təkliklə barışmaq lazımdır.

- Bəs niyə ailə qurmadınız?

- Hansı kişi qəbul edərdi ki, onun qadını günlərlə, aylarla qastrollarda, səhnələrdə olsun? Sevənlərim də olub, elçi düşənlərim də. Mənim ailəm də, sevgim də, övladım da oynadığım obrazlarımdı.

- Niyə efirlərdən qaçırsınız?

- Ekran elə bir şeydir ki, orda söz demək çox məsuliyyətlidir. Sənin fikrinlə razılaşan da olar, alt-üst edən də. Verilişdə bir də görürsən ki, aparıcı sənin fikrini öz istədiyi kimi yönəldir. O ki qaldı çəkilişlərə, dəvət alıram, amma səhhətimə görə etiraz edirəm.

- Sizin üçün səhnə nədir?

- Səhnə həyatın təzahürüdür. Həyatda olan hər bir şey səhnədə özünə yer tutur. Səhnə özünü göstərmək üçün deyil, yaşayıb yaratmaq üçündür. Tamaşaçı suallarına cavab istəyir.

- Çox sağ olun maraqlı müsahibəyə görə. Sizə uzun ömür, cansağlığı arzulayıram. Bəs siz "Oxu Məni"yə nə arzulayardınız?

- Sizin qəzetin adı çox dərindən düşünülmüş bir addır. Burda sənət adamları da ola bilər, qeyri talelər də. "Oxu Məni" hər kəsə onun daxili aləminə varmaqdan gələn bir addır. Hər kəsin bu cür iç dünyasını oxucu kütləsinə təqdim eləmək onların da öz dünyasını oyadır. İstər-istəməz bu qəzetin adını oxuyanda onun dərinliyinə, mənəviyyatına, qəlblərin dərin guşəsinə qədər oxunacaq bu qəzet. Mehriban xanım, sizə də uğurlar arzulayıram və taktik suallarınızla ruhuma toxunmadan keçmişimi öyrəndiniz üçün təşəkkür edirəm.

Mehriban Bəylərqızı