Ekstrasens Zirəddinin dayısı qızı aşıq Zülfiyyəni oğurluqda ittiham etdi

Ekstrasens Zirəddinin dayısı qızı aşıq Zülfiyyəni oğurluqda ittiham etdi

27 İyul 2013 00:01
Bəyəndim (0) Bəyənmədim (0)
VİDEO: Cəfakeş insan, dərdli ana, xoşbəxt olmaq istəyən qadın, gələcəyə boylanan şəxs və ya müğənni İlhamə Şəmkirli

Hər kəsin bu dünyada bir sənəti, bir missiyası var. Bu missiyaların içində ən çətini və şərəflisi analıqdır. Ana yeganə varlıqdır ki, səni başqalarına nisbətən doqquz ay tez tanıyır. Deməli, ana qədər doğma varlıq ola bilməz.

Bugünkü qonağım ana peşəsinin layiqli sahibidir. Bəlkə də o, sevimli xanım, xoşbəxt qadın, qayğısız həyat yoldaşı və ya fəxri adlı müğənni ola bilməyib, amma sözün əsl mənasında ana olmağı bacarıb. O ana ki, cənnət ayaqları altındadır...

- Özünüz haqda məlumat verərdiniz...

- Mən İlhamə Şəmkirli 1975-ci ildə Şəmkirin Moru kəndində anadan olmuşam. Həyatın ən ağır sınaqlarından keçmişəm. Xalqımın sadə bir müğənnisiyəm.

- Necə oldu ki, müğənni oldunuz?

- Ailədə beş bacı, iki qardaş olmuşuq. Bacılarımın hamısı evdar qadındır. Nəslimizdə bircə mənəm oxuyan. Bu sənəti özüm seçdim. Əvvəllər müəllimim olmayıb, indi var. Muğam ustadı Qəzənfər müəllimin yanına gedirəm. Bir də Sevinc xanımdan dərs alıram. Hər zaman öz üzərimdə çalışıram. Artıq on ildir bu sənətdəyəm.

- Bu on ildə efirlərə çıxmaq istəməmisiniz?

- Həmişə qorxmuşam efirlərdən. Demişəm ki, birdən söz-söhbət, dava-dalaş olar. Şou biznesdə qalmaqallar çox olduğundan bu işlərdən uzaq qaçmağa çalışıram. Efirlərdə görünməsəm də, ayın bütün günləri toya dəvət alıram. Populyar müğənnilərlə bir toyda oluruq. Həmişə gedib toyu lazımı səviyyədə idarə edib, pulumu alıb gəlmişəm. Heç vaxt fikirləşməmişəm ki, ay birdən ev yiyəsi pulumu verməz. Toylarda bu cür hallara çox rast gəlmək olur. Onun da səbəbi fonoqramdır. Həmişə toylarda, şənliklərdə canlı oxumuşam. İstənilən müğənni ilə çıxıb canlı ifa edərəm.

- Yetərincə tanınmamağınıza səbəb nədir?

- 16 yaşında qızım rəhmətə getdi. Ondan sonra hər şeydən qaçmışam. Beynində şiş var idi. Allah heç bir valideynə övlad acısı verməsin. Mən nələr çəkdim, onu bir Tanrı bilir. Bir az səhhətində problem var idi. Özü öz ayağı ilə "Nəsrəddin Tusiyə" getdi yoxlanmaq üçün. Orada diaqnoz qoydular ki, başında şiş var (kövrəlir). Bütün qazancımı, var-dövlətimi qoydum, balamı qurtara bilmədim. 2008-ci ildə dünyasını dəyişdi. Ondan sonra iki il oxumadım. Gördüm çox çətindir, üç övladım da böyüyür, məcbur olub Bakıda toylara getdim.

- Bildiyimə görə, redaksiyamıza gəlişinizin əsas səbəbi sizin mahnınızı Aşıq Zülfiyyənin oxumasına etirazınızdır.

- Əzab-əziyyət çəkib mahnı almışam, sonra kimsə durub sözünü dəyişib oxuyur. O mahnıya görə kimsə toylara getsin. Niyə? Nəyə görə? Bu mahnının sözləri Ələmdar Kəlbəcərliyə aiddir, bəstəkarı Abış müəllimdir. Bir gün Ələmdar müəllimlə toyda idik. Mənə dedi ki, super bir mahnı yazılıb, şeiri mənimdi. Onu bir adama məsləhət gördüm, dedi, mən belə mahnı oxuya bilmərəm. Mən də söylədim ki, elə də imkanım yoxdu. Dedilər ki, razılaşarıq. Beləcə, "Şəmkirli qız" mahnısını alıb ifa etdim. Bu günlərdə görürəm ki, Aşıq Zülfiyyə o mahnını "Space" kanalında ifa edir, özü də sözlərini dəyişərək.

- Buna sizdən əvvəl şair etiraz etməli idi.

- 900 manat Abış müəllimə vermişəm. Ümumiyyətlə bu mahnıya 2500 manat xərcim çıxıb. Hətta bu il klip çəkdirib efirə çıxmaq istəyirdim bu mahnıyla. Şair Zülfiyyəyə təqdim edəndə o deyib ki, səviyyəmə uyğun deyil. Amma mən Şəmkirli olduğuma görə bu mahnını oxumuşam. Öz qızlarımıza oxumuşam, Şəmkirim üçün oxumuşam. Zülfiyyə isə "Şəmkirli qız" sözünü çıxardıb, "Ay ömrüm, günümlə" əvəz edib. Əgər "Şəmkirli qız" sözünü çıxarırsansa, niyə Şəmkir toylarına gedirsən? Getmə də. Özünə sığışdırıb Şəmkirli qız sözünü demirsən. Mən belə düşünürəm ki, mahnını oğurlayıb özününkü edib. Ona da imkan vermərəm. Ya oxuyanda "Şəmkirli qız" desin, ya da oxumasın. Bəstəkar da, şair də narazıdır. İstəsəniz, əlaqə saxlayın. Və buradan deyirəm: "Mən narazıyam, oxumasın".

- Düzünü deyin, paxıl insansınız?

- O da sənət baxımından. Efirdə görəndə deyirəm, kaş mən də onun kimi olum, məni də tanısınlar. Belə kiminsə xoşbəxtliyinə paxıllıq etmirəm. Yalnız sənətdə olanlara paxıllığım tutur, bu da xoş paxıllıqdı. Məni tanıyanlar bilir ki, tıxsız balığam, hamı ilə münasibətim yaxşıdır.

- Sizin üçün ailə hansı anlamı daşıyır?

- Məncə, ailə hər şeydən böyükdür. Mən uşaqlarım üçün hər cür fədakarlığa hazıram. Uşaqlarıma görə yoldaşımdan ayrıldım. Ayrıldım, evdən bir dəst paltar götürüb çıxdım ki, bir belə döyülüb söyülməsinlər.

- İlk məhəbbətiniz kim olub?

- İlk məhəbbətim olmayıb. On beş yaşında yoldaşım məni qaçırtdı.

- Maraqlıdır.

- Yoldaşım qonşuluğa gəlirdi. Məni orada görüb bəyənib. Bakıya gəlib "Bədən Tərbiyəsi İnstitutuna" qəbul oldum və 1991-ci ildə o məni qaçırtdı. 2007-ci ildə ayrıldıq. Yoldaşım da şəmkirli idi. Heç bilmədim sevgi nə deməkdir.

Bunu hamı bilir, əsas da ətrafımdakı insanlar. Yoldaşım çox içən olub. Söz-söhbətlər olurdu. Uşaqlar da bezmişdi artıq. Moskvada yaşayanda xanımlıq eləmirdim, işləyirdim. Yuxa, çörək bişirib, satıb, uşaqlara baxırdım. Çünki onların məndən başqa ümid yeri yox idi. Məcbur idim, balalarımı ac qoya bilməzdim. Gəlib döyürdü, söyürdü, dəfələrlə xəstəxanaya düşmüşəm. Onda biz Rusiyada yaşayırdıq. Qızımın ölməyinə də səbəb o oldu. Həkim dedi ki, bu qorxudan olub, qızım psixoloji sarsıntılardan xəstəlik tapıb. Anam Moskvaya gəldi, məni Azərbaycana gətirdi. Ailəmizdə onun belə içki içməyinə hamı narazı idi. O biri yeznələrimiz çox gözəl insanlardır, ailəcanlıdırlar. Bir bu belə çıxdı. İçəndə özündə olmurdu. Anam məni rayonumuza aparandan sonra eşitdik ki, yoldaşım həbsxanaya düşüb. 16 yaşında dağıstanlı qızı zorlamışdı. Onsuz da boşanmağa gəlmişdim. Bu söz-söhbətdən sonra 100 faiz boşanacağımı bilirdim. Yeddi il iş kəsdilər ona, iki il yatıb çıxdı. Artıq mən ondan boşanmışam.

- Boşandıqdan sonra necə saxladınız balalarınızı?

- Bir il Şəmkirdə qaldım, ata-anamın evində. Sonra gördüm uşaqlar böyüyür, baxa bilmirəm. Bacım Bakıda yaşayırdı, indi Gəncəyə köçüb. Gəldim onun yanına. Uşaqlara görə bir az salonda işlədim, özüm salon ustası oldum. Şükür bu günə ki, böyük qızımın on doqquz, oğlumun on yeddi, balaca qızımın on üç yaşı var. O biri qızım da ki dünyasını dəyişib (kövrəlir). Həmişə deyirəm, dörd övladım var.

- Ailədə razı idilər sizin oxumağınıza?

- Atam, anam narazı idi, deyirdilər, ərindən ayrılıbsan, pis baxacaqlar, oxuma.

- İlk dəfə Bakıya gələndə hansı hissləri keçirdiniz?

- İnanın, Bakıya gələndə yalnız nə iş olur olsun, övladlarımı saxlamağı fikirləşirdim. Babamdarda "Bulaq" restoranında ofisiant, qabyuyan işləmişəm. Sonralar həyatımda elə bir insan oldu ki, mənə kömək etdi.

- Təmənnasız?

- Yeddi il onunla ər-arvad kimi yaşadıq. Bütün problemlərimi həll elədi. Özü də iş adamıydı. Subay oğlan idi, hələ də evlənməyib. Problemim olanda zəng edib deyirəm. Sadəcə ayrı-ayrı evlərdə yaşayırıq. Çünki o, haçansa ailə qurmalıdır. Mən özüm kirayədə balalarımla yaşayıram. Həyat yoldaşım ev vermədi mənə. İnşallah, öz şəxsi evim olar.

- Sabiq həyat yoldaşınızla əlaqəniz varmı?

- O, hazırda Binəqədidə yaşayır. İllər sonra Bakıya gəldi və ailə qurdu. Oğlum gedib görüşür, zəngləşir. Qızlarım onu istəmir. Tovuzdan boşanmış bir qadınla evlənib, bir oğlu var. Amma keçmiş yoldaşımın bacıları, qardaşları, hamısı bizə gedib gəlir. Günahı da onda görürlər.

- Eşitdiyimə görə, keçmiş həyat yoldaşınızın indiki yoldaşı ilə münasibətiniz var.
- Çox yaxşıdır. Qız neyləsin. O da boşanmışdı. Ona böyük hörmətim var. İndi də keçmiş həyat yoldaşım içir. Sadəcə deyirəm ki, hayıf o qızdan. Ona çox yazığım gəlir. Mən nələr çəkdim onun əlindən, onu Allah bilir.

- Ayrılandan sonra barışmaq istəmisiniz?

- Sənədlə boşanandan sonra uşaqlara görə üç dəfə şans verdim. Onda da Bakıya gəldi, and içdi ki, hər şeylə qurtarıram, məni qəbul elə. Mən də razı oldum. Sonra gördüm ki, yalan deyir. Anasını, bacısını döyürdü. Bundan hər şey gözləmək olar. Uzaqlaşdım və yaxınlığımıza buraxmadım.

- Bəs qızınız dünyasını dəyişəndə atası nə reaksiya verdi?

- Qızım dünyasını dəyişəndə atasının ayağı qırılmışdı. Amma qırx günün içində istəsəydi, gələrdi. Heç ortalıqda görsənmədi ki, ona övladın ölümü təsir etsin. Gəlinlik balamı torpağa tapşırdım. Beş ildir rəhmətə gedib. Cəmi iki dəfə gedib qəbir üstə.

- Sevgi nə deməkdir sizin üçün?

- Bir nəfərə bağlanmaq, qəlbini ona verməkdir əsl sevgi.

- Güzəştə getməyi bacarırsınız?

- Hə, çox bacarıram.

- Təsadüflərə necə, inanırsınız?

- Çox inanıram.

- Ürəkdən haçan ağlamısınız?

- Demək olar ki, hər gecə. 1991-ci ildən ağlayıram.

- Sizcə istedadlısınız?

- Çox istedadlıyam. Çünki maraqlı insanam.

- Həyat sizin üçün nə rəngdədir?

- Həm ağ, həm qara. Amma indi qara çoxdur.

- Həyatda nədən qorxursunuz?

- Tək qalmaqdan.

- Deviziniz nədir?

- İrəli getmək. Bu yaxınlarda bir yarışma olacaq "Lider"də. Orada iştirak edəcəyəm.

- Nəyi görmək istəyirsiniz?

- O dünyanı görmək istəyirəm.

- Qəribədir.

- Mən vergili olmuşam. Fala baxmışam. Yoldaşım içəndən sonra artıq baxa bilmədim. Tanınmış ekstrasens Zirəddin bibim oğludur.

- Vergi insana necə verilir?

- İki ay yataq xəstəsi olmuşam. Fal kitabım var idi. Hər şeyi görürdüm. Nə deyirdim, düz çıxırdı. Üç il baxdım. Hətta əlimdə dəvə şəkli var.

- Bəs indi necə, baxa bilirsiniz?

- Əvvəllər baxırdım. Şəmkirdə Mirhəşim var, güclü baxıcıdır, həm də seyiddir. O vaxt məni onun yanına apardılar. "Bu qız vergilidir" dedi, düz çıxdı. Şou-biznesdə bir çoxları var ki, Mirhəşimi yaxşı tanıyır. Görmüşəm orada onları, ad çəkə bilmərəm (gülür).

- Bəs Zirəddin Rzayevə necə, inanırsınız?

- Onun ekstra-gücünə çox inanıram. Çünki mənim ayağımda problem var idi, onu Zirəddin sağaltdı. Onun əllərinin şüası mənə çox kömək oldu. Bir-iki seansa düzəldim. Zirəddin mənim canım-ciyərimdi. Amma ona heç vaxt deməmişəm ki, mənə nəsə lazımdır. Elə də zəngləşmirik, axtarmırıq bir-birimizi. Mənim günahımdı, mən axtarmıram. Hamı məni Zirəddinin anasına oxşadır. 3 il olar görmürəm onu. İstəsəm, bilirəm ki, mənə hər cəhətdən dəstək olar. Sadəcə mən istəmirəm.

- Sizcə qadın gözəlliyi nə deməkdir?

- Sadəlik.

- Özünüzü cazibədar hiss edirsiniz?

- Hərdən hə.

- Kişi necə olmalıdır?

- Sözündə düz. Kişi kostyum geyməlidir, qadın kimi əzilib, büzülməməlidir.

- Xəyanətə münasibətiniz.

- Bağışlaya bilmərəm.

- Düzünü deyin, həs həyat yoldaşınıza xəyanət etmisiniz?

- Onunla yaşaya-yaşaya yox, ayrıldıqdan sonra bir insanla ailə kimi yaşamışam.

- Qadın neçə dəfə sevə bilər?

- Bir dəfə.

- Sənət aləmində ən yaxın dostlarınız kimdi?

- Bəsti Bəkirovanı çox sevirəm. Çoxları onu qaraqabaq, yekəxana bilir. Amma elə deyil, çox gözəl münasibətimiz var. Yoldaşı da gözəl insandır. Hətta toylarda həmişə məni qabağa verir ki, oxuyum. Şərait yaradır ki, göz önündə olum. Çox vaxt toylara Yusif Mustafayevlə, Baloğlan Əşrəfovla, Aşıq Vüqarla gedirəm.

- Hansı ifaları toyda sizdən istəyirlər?

- Əvvəllər "Can-cana"nı istəyirdilər, oxuyurdum. İndi isə Nazəninin "Gəl çıxaq gedək buralardan" mahnısına çox tələbat var.

- Müğənnilik sənəti sizə nə öyrətdi?

- Xanımlığı.

Xoşbəxtlik dünyada ən qiymətli xəzinədir. O qədər qiymətlidir ki, başqasına verdikcə özündə azalmır. Həmsöhbətimizin bizə bəxş etdiyi xoş anların daimi olması, əbədi xoşbəxtliyə çevrilməsi arzusu ilə...

Şəlalə Nəriman

O.M.