Rasim Balayev Sərdar Cəlaloğlunu başıxarab adlandırdı

Rasim Balayev Sərdar Cəlaloğlunu başıxarab adlandırdı

26 İyul 2013 00:16
Bəyəndim (0) Bəyənmədim (0)
Xalq artisti çox şeylərə təəssüfləndiyini etiraf edir

Təkcə elə "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki rolları ilə özünə tamaşaçıların ürəyində əbədi abidə ucaldan sevilən aktyorumuz Rasim Balayev Azərbaycanda deyildi. Onun Çexiyada istirahətdə olduğunu bilir və Bakıya qayıdacağı günü gözləyirdik. Avqustun 8-də 65 yaşı tamam olacaq bu böyük və bənzərsiz aktyorun cavablandırmasını istədiyimiz çoxlu suallarımız vardı...

- Rasim bəy, əvvəlcə ayağınız sındı, sonra da qolunuz. Nə olub? Deyəsən, yaman gözə gəlmisiniz...

- Demə, demə, qızım... (gülür). Bundan sonra nə gözə gəlmək?! Mən gah belə oluram, gah da elə. Qocalıqdır da, yapışıb yaxamıza, bizimlə yol gedir. Gözüm də əzilmişdi, sonra da qolum. Baxın, gözümdə hələ də şişkinlik var. Bərk yıxıldım, gözüm maşının arxasındakı dəmirə dəydi, qolum da sındı. Hələ yaxşı qurtardım. Qolum da, gözüm də hələ də ağrıyır.

- Allah şəfa versin. Bəs sənət sahəsindəki işlərinizlə bağlı nə yenilik var?

- Kinematoqrafçılar İttifaqı Rüstəm İbrahimbəyova görə bağlandı. Mən də istefa verdim. Aktyorluq etmirəm. Oturmuşam evimdə. Bir neçə iş təklif etdilər, qəbul etmədim. Çünki mənim bu qədər böyük rollardan sonra pis, səviyyəsiz rollara çəkilməyə haqqım yoxdur. Balaca rol olsun, amma yaddaqalan olsun, səviyyəcə məni qane eləsin. Hələ ki, elə bir ssenari görmürəm. Nə işim olacaq?! Hərdən gəlirəm bu bağda köhnə dostlarla oturub çay içirəm, sonra da çıxıb gedirəm evə. Beləcə, ömürdən növbəti günləri yola salıram.

- Oynadığınız böyük rollardan biri də Babək roludur. Babəki isə bu yaxınlarda təhqir etdilər...

- Sərdar Cəlaloğlunu deyirsinizsə, onun başı xarabdır. O, Səməd Vurğuna da dil uzatdı. Nəbini də, Həcəri də təhqir elədi. Nə deyim, iş-peşəsi olmayan adamdır da. Bəs nə eləsin ki, gündəmə gəlsin?! Get işinlə məşğul ol da, qardaş. Bu, tərbiyəsizlikdir.

- İndiki günlərdə özünüzü hansı rolda görürsünüz?

- Heç bir rolda. Bu zəmanə mənlik deyil. Mən həmişə "az aşım, ağrımaz başım" ideyası ilə yaşamışam.

- Oynadığınız böyük, unudulmaz rollardakı tərəf-müqabillərinizlə yenidən bir kinoya çəkilmək istərdinizmi?

- Əlbəttə. Yaxşı ssenari olsa, bir də o böyük aktyorlar olsa, bu dəqiqə çəkilərəm. Darıxıram səhnə üçün.

- Özünüzün təklif etdiyiniz elə bir ssenari yoxdurmu?

- Bacarmadığım işə girişmərəm. Ssenari yazmaq mənlik deyil. Hətta mənə rejissorluq da təklif etdilər. Qəbul etmədim. Rejissor peşəkar olmalıdır ki, ortaya da mükəmməl iş çıxsın. Yoxsa indi hər yerindən duran kameranı alıb əlinə, hər yoldan keçən də aktyor olur, nəticədə ortaya gündə bir teleserial çıxır. Nə bilim, vallah. Assistent olmayan aktyor birdən-birə səhnəyə çıxa bilməz. Kino çəkmək asan iş deyil. Bu gün hər şeyi, o cümlədən kinonu da ucuzlaşdırıblar. Kinonun çox bəlaları var. Ömründə kino çəkməyənə kamera verib kino çəkdirəndə xalq da haqlı olaraq irad bildirəcək və kanalı dəyişəcək. İndikilərin çəkdiyi kinoda nə rabitə var, nə ana xətt, nə də bir hadisə. Çox primitiv və gülməli bir şey ortaya çıxır. Dublyaj da yoxdur. Çox süni danışırlar. Bu gün nə kinolarda, nə də teleseriallarda səmimiyyət yoxdur. Ona görə də xalq haqlı olaraq başqa kanala çevirir. Başqa xalqların teleserialını izləyir.

- Siz bu gün hansı teleseriala baxırsınız?

- Heç birinə. Hərdən kanalları o yan-bu yana çevirəndə gözümə dəyir, əsəbiləşirəm. Zövqümü korlamaq istəmirəm deyə baxmıram da.

- Bəs bu gün gənc aktyorlardan bəyəndiyiniz varmı? Kimin adını çəkərdiniz? Yolunuzla gedən tələbəniz varmı?

- Mən yaxşı aktyor ola bilərəm, amma müəllimlik mənlik iş deyil. Çünki hövsələsiz adamam. Əvəzolunmaz adam yoxdur. Bəlkə məndən də yaxşı aktyorlar var. Amma mən yoxam və yəqin ki, olmayacağam da. Adam işi ilə görünər. Amma mən bu gün aktyor sənətində yaxşı iş adamı görmürəm.

- Niyə tələbələriniz yoxdur?

- Kino ilə o qədər məşğul olmuşam ki, vaxtım olmayıb tələbə hazırlaşdırım. İndi də hövsələm qalmayıb. Mən bu sənətə vurulub gəlmişəm. Eşqlə gəlmişəm. Mən indi o eşqlə aktyorluq edən gənc görmürəm. O da olmasa, mən işləyə bilmərəm. Müəllimlik başqa bir eşqdir. Həm də istəmirəm tələbəm olsun.

- Gənc aktyorlardan kimin adını çəkərdiniz?

- Heç kimin. Tanımıramsa, adını hardan biləcəyəm?!

- Kino ilə bağlı hansısa bir təklifiniz, məsləhətiniz varmı gənc aktyorlara?

- Yox, təklifim-zadım yoxdur. Onlar gənc beyinlərdir, işlətsinlər başlarını, ortaya yaxşı məhsul çıxarsınlar. Mən də dəstəkləyim. Başqa heç nə.

- Əkrəm Əylisli sizi yaman hirsləndirmişdi. Hirsiniz soyudumu?

- Əkrəm bəy yaxşı yazıçı idi. Savadlı adam idi. Amma gərək belə iş tutmayaydı. İlin-günün bu cağında gərək belə eləməyəydi. Xalqlar həmişə düşmən olmur ki. Gərək onda bu gün Almaniya ilə heç kim danışmaya. İllər keçməli idi. Amma bu gün onun vaxtı deyildi. Qətiyyən deyildi.

- Rasim bəy, dünyanın hər yerində cəmiyyətdən narazı sənət adamları küsüb ayrı ölkələrə gedir. Məsələn, Depardye belə elədi. Bəs siz necə, Azərbaycandan getmək istəyirsinizmi?

- Daha gecdir. 30 yaşım olsaydı, mən də çıxıb gedərdim buradan.

- Hara gedərdiniz?

- Ən azı Türkiyəyə. 90-cı illərin əvvəllərində gedib orada iki filmə də çəkildim. Hamısı da deyirdi qal burada, çəkil filmlərimizə. Qalmadım, ailə vəziyyətimlə düz gəlmədi. O vaxt qalsaydım, indi bəlkə də Türkiyədə ən sayılıb-seçilən aktyorlardan biri idim.

- Azərbaycanda sayılmırsınız demək istəyirsiniz?

- Türk aktyorunun tamaşaçısı yüz milyonlarladır. 70 milyon öz tamaşaçısıdırsa, 30-40 milyon da ordan-burdan türkdilli əhali var. Amma Azərbaycanda sənə uzağı 9 milyon baxır. Onlarda populyarlaşmaq imkanları daha genişdir. Amma mən bu gün geriyə baxanda narazı olmuram. Ən azından ona görə ki, az da olsa tanınıram.

- Arzusunda olduğunuz bütün rolları oynadınızmı?

- Oynamadım. Çünki oynamaq istədiyim rolun adı yoxdur. Teatrda aktyorun arzuları hər roldan sonra daha da çoxalır. Kinoda isə belə olmur. Çünki ssenari olur, aktyora rol verilir, o da oynayır. Ssenarini yazan şəxs özü məni hansı rola layiq bilibsə, o rolu da oynamışam. Yaxşı ssenari, yaxşı rejissor olsa, bu gün də kinoya çəkilərəm. Heç kimə görə yox, öz işimi sevdiyim üçün çəkilərəm.

- Kinematoqrafçılar İttifaqından niyə istefa verdiniz?

- Dedilər, ittifaqı bağlayırıq, daha işləmə, mən də bu ilin fevral ayında istefa verdim. 23 il işlədiyim kollektivdən ayrılmaq mənə çətindir. Amma məsləhət belə oldu.

- Sonra yeni ittifaq yaratdılar axı. O ittifaqa üzv olmaq fikriniz yoxdur ki?

- Birinə oldum, sonunu gördüm də...

- Rasim Balayev iradəli insandırmı?

- O qədər də yox. Gərək adam elə doğulsun. Kinoda daha iradəliyəm. Mənimki bilirsiniz nədir? Rol olsun, kamera olsun, səhnə olsun. Onda iradəli də oluram, əzmkar da oluram, cəsarətli də oluram. Amma real həyatda elə deyiləm.

- Yaxşı sənətkar olmaq üçün insanda hansı müsbət cəhətlər olmalıdır?

- Allah vergisi, istedad, bol şans. Bu üçü olanda işin yağ kimi gedir. Məsələn, savadlısan, vergin var, amma şansın yoxdur. Hə, bu başqa məsələdir.

- Rasim Balyev özünü şanslı insan hesab edirmi?

- Şanslı da deməzdim, şanssız da deməzdim. Şanslıyam ona görə ki, 27 yaşımda özümün də xəbərim olmadan mənə əməkdar artist adı verilib. 34 yaşımda xalq artisti adını almışam. Yaşımın yarısı qədər xalq artistiyəm yəni. Camaat isə 34 yaşında sənətə hələ təzə-təzə gəlir. Ordenlər almışam. Ən əsası xalqın sevgisini qazanmışam.

- Fəxri ad Rasim Balayev üçün çox önəmli idimi?

- O vaxtlar biz ancaq sənət üçün, xalq üçün çalışırdıq, belə şeyləri düşünmürdük. Versələr də sənətimiz üçün, xalq eşqi ilə çalışardıq, verməsələr də. Bəs indi? Çünki indi o adı layiq olmayanlara verirlər, onlar da o məsuliyyəti hiss etmirlər. İki mahnı oxuyurlar, ad istəyirlər. Sənət üçün külüng vurmaq, iş görmək lazımdır. Sənətin qədrini bilmək lazımdır. Sənətkar sadə olmalıdır, eyni zamanda şəxsiyyətini formalaşdırmalıdır. İş görsə də, həmişə heç bir şey eləməmiş kimi davranmalıdır.

- Bəs niyə şanssız olduğunuzu deyirsiniz?

- Bunu bu günüm, bu vaxtım üçün deyirəm. Boş qalmaq məni sıxır. Darıxıram boş-bekar olanda. Elə bir dövrə gəlib çatmışıq ki, kinoda tənəzzül gedir. Bunu görmək istəməzdim. Mənim oynamaq istədiyim ciddi, psixoloji əsərlər yoxdur. 6-7 il filmlərin çəkilməməyi kinoya ağır zərbə oldu. Klip çəkməyə getdilər. Bununla da zəncir qırıldı. İndi də o zəncirin ucunu tapa bilmirlər deyə kinomuz tənəzzül dövrünü yaşayır.

- Bəlkə kömək edəsiniz zəncirin ucunu tapmağa...

- Mən heç nə edən deyiləm. İtirən tapsın. Mənim gücüm daxilində deyil o işlər.

- Rasim bəy ilk rolunu necə xatırlayır?

- Kiçik bir epizod olub. Moskvada çəkilən filmdə kiçik bir epizodu oynamışam. Onun mənə böyük köməyi olub. Az yaşımda tanınmış aktyorların, böyük sənətkarların yanında olmuşam. İşləməklərinə baxıb çox şey öyrənmişəm.

- Şah əsəriniz hansıdır?

- Məni tanıdan, məşhur edən Nəsimi rolunda çəkilməyim. Hətta o roldan sonra məni çox vaxt "Nəsimi" deyə çağırıblar da.

- Heç tamadalıq eləmisinizmi? Təkliflər olubmu sizə?

- Hə, olub, amma qəbul etməmişəm.

- Niyə? Bacarmazsınız?

- "Bacarıram" deyə əlinə mikrofon alanlardan 20 dəfə yaxşı bacararam. Sadəcə bu iş mənlik deyil. Pula ehtiyacım da olub, amma toylara tamada kimi getməmişəm.

- Maddi durumunuz necədir?

- Prezident təqaüdü alıram. Çox kiçik əmək təqaüdü alıram - 160 manat. Məndən sonra işləyənlər var, 1000 manat alırlar. Mən çox nəfskar adam deyiləm. Dolanıram, böyük iddiam da yoxdur. Prezident ev verib. Bağım var. Maşınım var. Aç qalmıram, min şükür.

- Elə bunlar? Axı elələri var ki, ad-sanından istifadə eləyib özlərinə gəlirli obyektlər açıblar. Sizin bir obyektiniz yoxdurmu?

- Yox, mən gec ayıldım. Mən ayılanda obyektlərin hamısı alınmışdı, mənə qalanı olmadı. Həqiqətən istəyərdim ki, bir obyektim olsun, verim icarəyə, ayda 1000 manat alım, bala-bala xərcləyim. Amma buna da şükür, indi birtəhər dolanıram da... Acından ölmürəm.

Aysel

Virtualaz.org