“Televiziya məkanında hamı məni pul verməyən kimi tanıdı”

“Televiziya məkanında hamı məni pul verməyən kimi tanıdı”

20 İyul 2013 16:31
Bəyəndim (0) Bəyənmədim (0)
Müğənni Asif İsa oğlu «Afət», «Saçları sarışın qız» və «Olmaz belə qamət» kimi ara mahnılarını oxuduğuna peşmandır

Toy insan həyatının ən xoşbəxt və əlamətdar hadisəsi hesab olunur. Lakin nədənsə toyumuzu idarə edən müğənnilər "toy müğənnisi" və ya "ara müğənnisi" adı ilə aşağılanır. Halbuki toyların sahibi olan hər bir ailə Azərbaycan xalqının təmsilçisidir. Deməli, xalqının sevincini paylaşan, onun sevimlisi olan sənətkar xalqının artistidir.

Bu və digər məsələləri daim xalq arasında olan, toy müğənnisi adından çəkinməyən müğənni Asif İsa oğlu ilə birlikdə müzakirə edəcəyik.

- Özünüz haqqında məlumat verərdiniz.

- Mən Asif İsa oğlu 1966-cı ildə Bərdə şəhərində doğulub, böyümüşəm. Atam musiqiçi olub - klarnet ifaçısı. On iki yaşımdan musiqi ilə məşğul olmuşam. Ailədə altı uşağıq. Böyük qardaşım qarmon ifaçısıdır. Ailəliyəm, iki övladım var. İncəsənət Universitetini bitirmişəm.

- Necə oldu ki, musiqi sənəti ilə məşğul oldunuz?
- Bilirsiniz, musiqi bizə irsən keçib. Mən əvvəllər toylara zərb ifaçısı kimi gedirdim. Sonralar böyük xanəndələrlə getməyə başladım. Elə olurdu ki, bəzi ara mahnılarını onlar ifa edə bilmədiyindən mən oxuyurdum. Atam onlara demişdi ki, mənim gözəl səsim var. Tədricən hər toyda oxumağa başladım. Allahın qismətidir, elə oldu hamı başladı yalnız məni toylara çağırmağa. Bir də gördüm ki, artıq bütün toyu idarə edirəm. Otuz ildir bu sənətdəyəm. Toylara böyük xanəndələr Əbülfət Əliyev, Yaqub Məmmədovla getmişəm.

- Uşaqlıq illərində arzunuz nə olub?

- Uşaqlıq illərindən belə həmişə istəmişəm hüquqşünas olum. Musiqiyə də həvəsim olub. Sırf arzulamamışam ki, bu sənətdə olum. Hobbi kimi baxmışam. Əsgərliyə qədər alınmadı ki, sənədlərimi ali məktəbə verim. Gedib qulluq edəndən sonra sənədlərimi Daşkənddə hüquq məktəbi var, ora verdim. O vaxt hər adam ora sənəd verə bilməzdi. Elə oldu ki, qismət olmadı, arzum ürəyimdə qaldı. Artıq özümü tərifləyim. Çünki indi bir çox lazımsız insanlar var ki, özlərini tərifləyir.

- Hansısa müsabiqədə iştirak etmisiniz?

- 1981-ci ildə "Oxu tar" müsabiqəsində iştirak etdim. Finala kimi gəldim. Münsiflər də Süleyman Ələsgərov, maestro Niyazi idi. Yekun konsert günü getmədim. Uşaqlarla bulvara getdim gəzməyə. Sonralar diplomumu verdilər. Asəf Zeynallı adına musiqi məktəbində Hacıbaba Hüseynovdan dərslər almışam.

- Bəs niyə efirlərdə görünmürsünüz?

- 95-ci ildən efirlərdə çox olurdum. Allah Rəhmət eləsin Reyhan Müslümovaya. İlk dəfə məni görəndə mənə görə kimlərəsə zəng elədi, tapşırtdı və efirlərə çıxdım. Əvvəl çox çıxırdım. Sonralar televiziyalar kommersiyalı oldu deyə, çıxa bilmədim. Özləri zəng edirlər, danışırlar, sonra deyirlər ki, bilirsiniz bizim efir pulludur. Mən də deyirəm ki, mənim pulum yoxdur verim efirə çıxım. Sonralar televiziya məkanında hamı məni pul verməyən kimi tanıdı. 2001-ci ilə kimi çıxdım. ATV, Space kanallarında gözəl mahnılar yazdırmışdım. "Afət" mahnısına görə çox çağırırdılar. Sadəcə hara çağırırlar, ora da pulsuz çıxıram. Heç vaxt da pul vermərəm efirlərə, hamı bilsin. Qaldı Ceyran Haşımovanın "Sən bir nəğmə" verilişinə, orada mahnıları həmişə mən tərtib edib iştirak edirdim. Çünki mən bəstəkar mahnılarını çox sevirəm, ara mahnılarına üstünlük vermirəm. Əsas sənət göstərməkdir.

- Toy bazarında yeriniz bilinir?
- Çox vaxt toylara gedəndə özüm ürəyim istəyən mahnıları ifa edirəm. "Bozbaş" mahnılarından imtina edirəm. Özümə aid bəstəkar mahnılarını ifa edirəm. Retro bəstəkar mahnılarını dəqiq bilirəm. Hamının dediyi o şou-biznesdə yalnız çirkinlik və ara mahnıları var. Ad çəkmirəm, hamı da bilir, toylara da münasib qiymətə gedirəm. Baxır adamına. Əvvəlcədən şərtimi kəsirəm. Qaldı ki, mən yekəxana deyiləm, xasiyyətim budur.

- Müasir toylarda dəbdə olan "Maral" mahnısını çoxmu sifariş verirlər?

- Heç vaxt oxumuram, oxumaram da. Çünki sözləri bəsitdir, harmoniyası yoxdur, musiqisi zəifdir. Hər şairin sözünə qətiyyən mahnı ifa etmərəm. Çox sevdiyim şair Ramiz Rövşəndir. Ondan sonra heç şair görməmişəm. Adi muğam oxuyanda da Nizamidən, Füzulidən, Seyid Əzimdən oxuyuram. Bəziləri var ki, bacıdan, ana ürəyindən oxuyur, qürur duyur. Sadəcə pul qazanmaq üçün elə ifa edirlər. Mən Yusif, Baloğlan kimi heç vaxt ifa etmərəm. Bilirlər ki, muğam Əruz vəznindədir, başqa cümlələrdən istifadə olunmamalıdır. Yoxsa bir də görürsən muğam oxuyur, ağzına gələn sözləri qoşur. Bu muğam deyil, heç adını bilmək də olmur. Yusiflə Baloğlan da təbii ki, səbəbi var ki, elə oxuyur. Yəni kütlə istəsin, qazanc əldə etsinlər. Mən şəxsən oxumaram. Nadirlə münasibətim var. Bu adam çıxıb dedi ki, mən pul qazanmaq üçün belə edirəm və oxuyuram. Açıq danışdı, hərənin öz yeri var. Kim necə istəyir, elə də oxuyur. Mən qazanıram, az olsa da, amma çoxlu pulu qurban verirəm oxumağıma. Ramiz Mirişlidən sonra necə "Maral" kimi bərbad mahnı ifa edim? Alınmır axı. O vaxt "Saçları sarışın qız" mahnısını səhv eləyib oxumuşam, peşmanam. "Səbuhi" studiyasında kasetim çıxırdı. Elə oldu ki, bir mahnı çatmadı. Boş qalırdı. Mənə dedilər, gecə vaxtı bayatılardan söz düzəldib bu mahnını bəstələdim. "Saçları sarışın qız, qaçma, dayan, sözüm var" mahnısını "Şeron" qrupunun rəhbəri Tərlanın, bir də Vüqar Camalzadənin qarşısında oxudum. İnanın, bu mahnı elə-belə ara mahnısı kimi çox sevildi. Bütün toylara ona görə çağırdılar məni. Kasetim də bəstəkar mahnılarıma görə yox, məhz bu "Sarışın qız"a görə satıldı. Sonralar Sabir Əliyev oranjiman etdirib, mənim mahnımla gündəmə gəldi. Hamı elə bildi ki, ilk oxuyan o olub. Başladı pul qazanmağa. Mən lazım olsaydı, baş qoşardım, tələb edərdim. Çünki mahnını mən ərsəyə gətirmişdim. Sadəcə ara mahnısı olduğundan baş qoşmadım. On beş ildir həmin mahnını yazmışam, hələ də sevilir. Bir də görürsən toyda istəyirlər. Onu da deyim ki, bu mahnını Türkiyədə, hər yerdə çox bəyəndilər. Sadəcə qazanan Sabir Əliyev oldu. Mən - Emin Sabit oğlunun, Ramiz Mirişlinin, Cahangir Cahangirovun mahnılarını ifa edirəm. Bu mənə bəsdir.

- Bu sənətdə yüksəlmək üçün nəyiniz çatmadı?
- Xarakterim düz gəlmədi. 2005-ci ildə "Lider"də, "Space"-də "Olmaz belə qamət" mahnım çox səs-küyə səbəb oldu. Sağ olsunlar İlahə Şıxlinski və bir çoxları, mahnımı pulsuz verdilər və çox kömək etdilər. Sadəcə çirkinlik çoxdur bu sənətdə. Ona görə yüksəlmək çətin oldu. Xasiyyətim çox pisdir. Mən hüquqşünas olmalı idim, ola bilmədim.

- Hansı müğənnilərin ifasını bəyənirsiniz?
- Səmimi deyim, qulaq asmıram heç kimə. Hamısının səs tembri bir-birinə oxşayır. Burunun altında ağız açılır, yumulur. Çoxları erməni müğənni Boka kimi melizmlər edir. Elə bil hamısının canına virus düşüb. Heç kimin ifasına qulaq asmıram, nə də maraqlanmıram.

- Sizi özünüzdən nə çıxarda bilər?

- Haqsızlıq çıxarda bilər. Düzgünlük olmayan şey. Bir də görürsən yaltaqlıq edirlər. Belə şeyləri görəndə əsəbiləşirəm.

- Şou-biznesdə özünə hədən artıq bər-bəzək verən kişilərə münasibətiniz necədir?

- Təmiz geyinməyi bər-bəzək hesab etmək olmaz. Mən biləni, Rəşid Behbudov konsert vaxtı heç vaxt oturmazdı ki, şalvarı qırışmasın. Bu da təmizlikdən irəli gəlirdi. Bir də görürsən saqqal saxlayırlar. Nə viddə çıxırlar, özlərini nə günə qoyublar, adam belələrini nə görmək istəyir, nə səsinə qulaq asmaq istəyir.

- Dalınızca atılan daşlardan topuğunuza dəyən olubmu?
- Hə, çox olub. Sadəcə həmin insana bildirmişəm ki, bax sən səhv etmisən.

- İlk məhəbbətinizi necə xatırlayırsınız?
- Üç-beş yaşında olub. Uşaq olmuşam. Amma qız üstündə dalaşmışam. İlk məhəbbəti sevəndən sonra dərk edirsən.

- Hazırda nə kimi yeniliyiniz var?
- Yeni mahnılarım var. Ramiz Rövşənin sözlərinə mahnı yazdırdım, klip də çəkdirdim. Sadəcə efirə çıxarda bilmədim. Pul istəyirlər deyə, internetə yüklədim, Youtube-da kliplərimə məni sevənlər baxa bilərlər. Uzun müddət gündəmdə olmasam da, hamı məni tanıyır. Pul vermirəm kanallara, ona görə də çağırmırlar. Real məsələ də deyil ki, çağırsınlar.

- Şou-biznesdə nə baş verir? Belə çıxır ki, pulun yoxdursa, yerin olmamalıdır?

- İnanın, heç nə başa düşmürəm, nə də maraqlanmıram. Heç fələk də baş açmır ki, pulun olsa, nə olacaq, pulun olmasa, nə olacaq.

- Qısqanc insansınız?

- Çox qısqancam.

- Gözünüzün günahı çox olub, yoxsa dilinizin?
- Hər ikisinin günahı çox olub.

- Yalançı tərif şirindir, yoxsa həqiqi tənqid?

- Həqiqi tənqid insanı ucaldır. Yalançı tərif insanı uçuruma aparır. Yüksək tərif insanı həmişə ucaldır. Çünki düzgün tərifdir.

- İnsanın mövqeyini nə sarsıda bilər?
- Yalnız xəyanət sarsıda bilər. Maddi durum aşağı düşəndə sarsıla bilər.

- Sevmək çətindir, yoxsa sevilmək?
- Sevilmək çətindir.

- Həmkarlarınızın içində dostlarınız varmı?
- Hamısı ilə münasibətim yaxşıdır, amma dostluq etmirəm.

- Ürəkdən haçan ağlamısınız?
- Uşaqlıqda, bir də yaxınlarımı itirəndə.

- Həyatda neçə dəfə sevmək olar?
- İki dəfə. Çünki hansısa sevgi öləndə onu yenisi ilə əvəz edirsən.

- Ürəyinizdə hansı sual qaldı?
- Çox maraqlı oldu suallar. İnana bilmirəm ki, sizinlə belə maraqlı söhbət keçdi və suallara hazırlıqsız cavab verdim. Çox sağ olun hər şeyə görə.

Azərbaycanda hələ də əməkdar artist və xalq artisti fəxri adları istifadə olunur. "Toy müğənnisi", "ara müğənnisi" adları da indiyədək dövriyyədədir. Xalq isə həmişə olduğu kimi ən sevincli, əlamətdar anlarını ən çox sevdiyi müğənnilərlə bölüşür...

Şəlalə Nəriman

O.M.