Vüsalə Hikmət: “Məncə əsl sevgi yoxdur”

Vüsalə Hikmət: “Məncə əsl sevgi yoxdur”

8 İyul 2013 16:01
Bəyəndim (0) Bəyənmədim (0)
“Bizim müğənniləri dinləmirəm, yalnız öz mahnılarıma qulaq asıram”

Şəlalə təbiətin musiqisidir. Onun saf sularının şırıltısı qəlbləri riqqətə gətirir.

"Şəlalə" rubrikasının bugünkü qonağı bəstəkar Vüsalə Hikmətdir.

- Vüsalə Hikmət kimdir?

- Əslim Qubadandır. Uşaqlıqda çox dəcəl olmuşam. Eqoist uşaq olmuşam. Hər kəsin gözünün odunu alırdım. Bütün ətrafdakı uşaqlar, xüsusilə oğlanlar məndən qorxurdular. Ümumiyyətlə çox həssas uşaq olmuşam. Beş yaşımdan musiqi ilə məşğul olmağa başladım. Sonra böyüdükcə musiqiyə həvəs daha da artdı və qərar verdim ki, sənədlərimi Konservatoriyaya verim, təhsilimi davam etdirim və qəbul olundum. Altı il oxumuşam. Orada da magistraturanı bitirmişəm. Oxuyan dövrdə artıq başladım musiqilər bəstələməyə, əsərlər yazmağa. Sonra isə mahnı yazmağa həvəsim artdı və alındı. İlk müəllimim Zemfira Qafarova olub. Hal-hazırda Türkiyədə çalışır.

- Bir bəstəkar olaraq Azərbaycanın musiqi sahəsindəki gələcəyini necə görürsünüz?

- Gələcəyi yaxşı görürəm. Çünki çox istedadlı gənclərimiz gəlir bu gün səhnəyə. Mən buna çox sevinirəm və özüm də gənc olmağıma baxmayaraq gənclərə dəstək oluram həmişə.

- Sizcə ilk məhəbbət güclü olur?
İlk məhəbbət çox güclü və unudulmaz olur.

- Elə isə, ilk məhəbbətinizdən danışın.

- İlk məhəbbətim məktəb illərində olub. Amma indi düşünürəm ki, bu məhəbbət deyildi, sadəcə bir simpatiya idi.

- Doğrudanmı dünya göz yaşlarına dəyməz?
-
Heç bir şey və heç bir kəs göz yaşlarına dəyməz.

- Sizcə insana lazım olan əsas xüsusiyyətlər hansılardır?

- İnsan ilk öncə mədəni, namuslu və vəfalı olmalıdı. Ürəyində rəhm, beynində isə zehin olmalıdı.

- Qısqanc insansınız?

Çox qısqanc insan deyiləm, sadəcə bir balaca eqoistəm.

- Sizi nə əsəbiləşdirə bilər?

- Sözün düzü, çox çılğın təbiətim var. Hansısa düz söylənməyən söz, ya yersiz hərəkət belə məni özümdən çıxarda bilər.

- Vüsalə Hikmətin mahnılarının dəyəri və qiyməti neçəyədir? Deyirlər, bəstələdiyiniz mahnıları çox baha qiymətə satırsınız.

- Sözün düzü, məndə mahnılar elə də bahalı deyil, məndən də baha satanlar var, əslində. Amma təbi ki, hər bir bəstəkar öz əməyinin haqqını almalıdır.

- Vüsalənin qəlbi hələ boşdur?
- Mən bu haqda danışmaq istəmirəm. Çünki özəldir.

- Hansı müğənnilərin ifalarını dinləyirsiniz?
-
Mən xarici müğənniləri çox dinləyirəm. Bizim müğənnilərimizi dinləmirəm. Yalnız öz mahnılarıma qulaq asıram.

- Hisslərlə ağılın arasında tez-tez qalırsınız?
-
Hə, bu tez-tez baş verir. Əkizlər bürcü olduğuma görə hər zaman fikir ayrılığı yaranır.

- Kumiriniz kimdir?

- Latın Amerikalı ulduz Beonsu çox bəyənirəm.

- Yaradıcılığında hansısa maraqlı bir hadisə olubmu?

- Ali Məhkəmənin himnini yazmışam, Fidan Hacıyeva ifa edib.

- Həyatda neçə dəfə sevmək olar?

- Məncə əsl sevgi yoxdur. Əsas iki insan bir-birinin tayı olmalıdır və ruh qohumluğu olmalıdır aralarında. Bu da olur sevgi.

- Hansı nağılın qəhrəmanısınız?

- Mən yeni bir qəhrəmanam. Elə bir obrazım var ki, hələ o olmayıb.

- Vüsalənin xəyallarının ağ atlı oğlanı necədir?

- Mənim xəyalımda yoxdur ağ atlı şahzadə. Bundan əminəm. Amma yetər ki, yanımdakı insan əsil ideal kişi xüsusiyyətlərinə malik olsun.

- Axır vaxtlar çox gözəlləşmisiniz. Səbəbi nədir?

- Mən özümü gözəl saymıram, amma özümə baxmağı, qulluq etməyi çox sevirəm. Bir də ki, deyirlər, insanın daxili üzündə əks olunur.

- Sizin üçün ailə hansı anlamı daşıyır?

- Ailə mənim üçün çox böyük, dərin və əhəmiyyətli anlam daşıyır. Ailə müqəddəsdir mənim üçün.

- Şəlalə nə deməkdir sizin üçün?

- Şəlaləni çox sevirəm. Saflıq, gözəllik rəmzidir. Öpürəm səni, çox sağ ol, əziz bacım.

Bu gün bəstəkarla söhbətdə sarı simə toxunmadım. Bəzi məsələlərdə o, mənə akkord tutmağa çalışdı. Bəzən solo ifa etməli oldum. Ümumilikdə major ladında musiqi parçası alındı.

Şəlalə Nəriman.

O.M.