Əlisahib Cəlilov: “Teatr ölməyib. Sadəcə biz onun yaşadığını sübut etmək üçün cəsarətli ola bilmirik”

Əlisahib Cəlilov: “Teatr ölməyib. Sadəcə biz onun yaşadığını sübut etmək üçün cəsarətli ola bilmirik”

13:21
Bəyəndim (0) Bəyənmədim (0)

Mingəçevir Dövlət Dram Teatrının gənc və istedadlı rejissoru Əlisahib Cəlilov sənətə öz baxışı, yaradıcılıq axtarışları və səhnəyə gətirdiyi fərqli yanaşma ilə seçilən rejissorlardandır. Rejissor olmaq yalnız tamaşaya quruluş vermək deyil, həm də ideyanı yaşatmaq, obrazların dili ilə cəmiyyətə söz demək, tamaşaçının qəlbinə yol tapmaqdır. Əlisahib Cəlilov sadə, sakit, amma gözlərində böyük teatr eşqi olan gənc rejissordur. Onunla müsahibə aparmaq üçün üz tutdum Mingəçevir Dram Teatrına. Yolda fikirləşirdim ki, adi bir müsahibə olacaq. Gənc rejissor, yeni tamaşa, bir neçə sual-cavab...
Amma teatrın qapısından içəri daxil olan kimi anladım ki, yanılmışam. Zal qaranlıq idi, səhnədə işıq yanırdı. Aktyorlar məşq edirdi. Səhnənin kənarında bir gənc dayanmışdı - Əlisahib Cəlilov. Qışqırmırdı, əmr vermirdi, sadəcə baxırdı.
Amma onun baxışından hiss olunurdu ki, bu tamaşa onun üçün sadəcə iş deyil. Bu, onun içindəki bir dərdin səhnəyə çıxması idi. O, Yusif Səmədoğlunun “Qətl günü” romanının motivləri əsasında “Ölümsüz xeyir” tamaşasını hazırlayır. Adı kimi özü də ağırdır. Çünki söhbət ölümdən yox, ölümsüz qalan xeyirdən gedir. O, yeni tamaşadan elə həvəslə danışdı ki,
müsahibənin yarısında özüm də səhnəyə çıxmaq istədim.
- Sizi tanımayanlar üçün kimdir Əlisahib Cəlilov?
- Əlisahib Cəlilov teatrı sadəcə peşə deyil, düşüncə və həyat tərzi hesab edən bir insandır. Özünü hələ də axtaran, öyrənən, səhvlərindən nəticə çıxaran və sənətdə daim yenilik axtarışında olan gənc rejissordur. Mənim üçün teatr yalnız tamaşa hazırlamaq, aktyorları səhnəyə çıxarmaq deyil. Teatr insanın vicdanına toxunmaq, onu düşündürmək, bəzən narahat etmək, bəzən də öz həqiqətləri ilə üz-üzə qoymaq sənətidir. Özümü böyük sənətkar kimi təqdim etmək iddiasında deyiləm. Çünki düşünürəm ki, sənətdə insanın özü haqqında dediklərindən daha çox gördüyü işlər danışılmalıdır. Bir sözlə, Əlisahib Cəlilov hələ yolun əvvəlində olduğunu bilən, amma o yolu öz düşüncəsi, öz estetikası və öz sənət həqiqətləri ilə getmək istəyən bir rejissordur.
- Mingəçevir Teatrına rejissor kimi gedən yol necə başladı? Bakıda qalıb karyera qurmaq varkən, niyə məhz Mingəçevir? Bu risk idi, yoxsa sevda?

- Mənim üçün əsas məsələ ilk gün hansı hissləri keçirməyim deyil, buradan ayrılarkən səhnədə hansı yaradıcı iz qoyacağımdır. Mən Mingəçevir Dövlət Dram Teatrına Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Öyrədərək öyrənirəm” layihəsi çərçivəsində gəlmişəm. Mənim üçün bu, fərqli yaradıcı mühitlə tanış olmaq, aktyorlarla qarşılıqlı təcrübə mübadiləsi aparmaq və yeni səhnə axatarışlarına çıxmaq baxımından maraqlı bir təcrübədir. Ümumiyyətlə, mən sənətdə paytaxt və bölgə anlayışları arasında sərhəd qoymağın tərəfdarı deyiləm. Çünki istedadın da, yaradıcılığın da konkret coğrafiyası yoxdur. Risk idi, yoxsa sevdaya gəlincə isə, düşünürəm ki, sənətdə sevgi olmayan yerdə riskin mənası
yoxdur. Mənim üçün əsas məsələ harada işləməyim deyil, gördüyüm işə nə qədər vicdanla və məsuliyyətlə yanaşmağımdır. Çünki mənim üçün teatr bir məkan deyil, düşüncə və yaradıcılıq azadlığıdır. Hazırda Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin “Öyrədərək öyrənirəm” layihəsi çərçivəsində Mingəçevir Dövlət Dram Teatrında Yusif Səmədoğlunun “Qətl günü” romanının motivləri əsasında “Ölümünüz xeyir” tamaşasını hazırlayıram. Tamaşa magik realizm və fəlsəfi
qrotesk elementləri üzərində qurulub. Əsas mövzumuz insanın mənəvi ölümü, vicdanın susması, qorxu və itaət məsələləridir. Biz səhnədə bir suala cavab axtarırıq: insan fiziki olaraq yaşayırsa, bu, onun həqiqətən diri olduğu anlamına
gəlirmi? İstəyirəm ki, bu tamaşa yalnız izlənilməsin. Həm də tamaşaçını düşündürsün, onun yaddaşında müəyyən iz buraxsın.
- Bu gün bir çoxunun dilindən eşidirik ki, deyirlər “teatr ölüb”. Sizcə teatr ölüb, yoxsa biz tamaşaçını itirmişik? İnsanları telefondan qoparıb teatra necə gətirmək olar?
- Mən düşünmürəm ki, teatr ölüb. Teatr ölsəydi, bu gün onun ölüb-ölmədiyini müzakirə etməzdik. Sadəcə, bəzən teatr zamanla ayaqlaşmaqda çətinlik çəkir. Biz tamaşaçını itirdiyimizi deyirik, amma özümüzə bir sual vermirik: tamaşaçını itirmişik, yoxsa onu cəlb edə biləcək teatrı yarada bilmirik? Məncə, tamaşaçını teatra qaytarmaq üçün ilk növbədə teatrın özü dəyişməlidir. Bu, klassikadan imtina etmək, yaxud səhnəni ucuz əyləncə məkanına çevirmək demək deyil. Əksinə, teatr
öz bədii səviyyəsini qorumaqla müasir insanın düşüncəsinə, problremlərinə və mənəvi dünyasına toxunmağı bacarmalıdır. İnsanları telefondan zorla ayırmaq mümkün deyil. Amma elə bir tamaşa yaratmaq olar ki, insan iki saat ərzində
telefonuna baxmağı unutsun. Bir məsələni də unutmayaq: tamaşaçı teatra yalnız alqışlamaq üçün gəlməməlidir. O, bəzən narahat olmalı, düşünməli, özünü sorğulamalıdır. Çünki mənim üçün teatrın ən böyük estetikası insanın vicdanını
oyatmaqdır. Teatr ölməyib. Sadəcə bəzən biz onun yaşadığını sübut etmək üçün cəsarətli ola bilmirik.
- Sizcə, tamaşaçını itirməyin günahı kimdədir? Teatrda, məktəbdə, televiziyada? Uşaqlara teatr sevgisi aşılanmır. Razısan?

- Əvvəlcə bir həqiqəti qəbul etməliyik: Azərbaycan cəmiyyəti ümumilikdə teatra kütləvi şəkildə üz tutan cəmiyyət deyil. Bizim xalqın əksər nümayəndəsi musiqiyə, toya, şifahi söz sənətinə, məclis mədəniyyətinə daha çox bağlı xalqdır. Teatr isə
müntəzəm tamaşaçı vərdişi, estetik maraq, düşünmək və sənətlə davamlı ünsiyyət tələb edir. Bu vərdişin formalaşması üçün isə təkcə teatrın mövcudluğu kifayət etmir, ailədən, məktəbdən başlayan sənət tərbiyəsi lazımdır. Məktəb uşağa teatr
sevgisi aşılamalı, televiziya sənətə maraq yaratmalı, teatr isə tamaşaçıya yeni düşüncə və estetik təcrübə təqdim etməlidir. Təəssüf ki, bu üç istiqamət arasında arzuladığımız bağlılıq həmişə qurulmur. Amma mən teatrın da məsuliyyətdən kənarda qaldığını düşünmürəm. Teatr yalnız tamaşaçıdan onu başa düşməyi gözləməməlidir. Özü də dövrün insanını, onun ağrılarını, suallarını, ziddyyətlərini anlamalıdır. Tamaşaçıya asan həqiqətlər təqdim etmək yox, onu düşündürmək lazımdır. Teatr tamaşaçının arxasınca qaçmamalıdır. Amma onunla danışmağın dilini də itirməməlidir. Çünki tamaşaçısız teatr binadır. Tamaşaçısı ilə yaşayan teatr isə sənətdir.
- Bəzi gənc aktyorlar və rejissorlar əyalət teatrına getməkdən boyun qaçırır. Çünki ev, maaş problemi var. Bu doğrudur? Aktyoru Mingəçevir teatrında saxlayan nədir?
- Əlbəttə, sosial və maddi məsələlər yaradıcı insanın seçimlərinə təsir göstərir. Bunu inkar etmək olmaz. Aktyorun və rejissorun normal yaşayış şəraitinə malik olması yaradıcılıq prosesinin də keyfiyyətinə təsir edir. Amma bu, təkcə Mingəçevir teatrına aid məsələ deyil. Ümumilikdə regional teatrların inkişafı üçün həm sosial təminat, həm də yaradıcılıq imkanları vacibdir. Mən burada teatrın kadr siyasətinə cavabdeh şəxs deyiləm. Rejissor kimi əsas məqsədim aktyorlarla səmərəli yaradıcılıq mühiti qurmaq və onların potensialını səhnədə üzə çıxarmaqdır.
- Mingəçevir Teatrının özünəməxsus bir aurası və tamaşaçı kütləsi var. Paytaxt Bakıdan sonra regional teatrda rejissorluq etmək fəaliyyətinizə və bədii azadlığınıza necə təsir edir?
- Mənim üçün əyalət teatrı anlayışı var, amma əyalət təfəkkürlü teatr anlayışını qəbul etmirəm. Çünki sənətin coğrafiyası ola bilər, düşüncəsinin isə sərhədi olmamalıdır. Bakı ilə regional teatrlar arasında müəyyən imkan və şərait fərqlərinin olması təbiidir. Amma mən rejissor olaraq yaradıcılığımı məkanın imkanlarına deyil, sənətin imkanlarına əsaslandırmağa çalışıram. Mingəçevir Teatrında işləmək mənim üçün həm maraqlı təcrübə, həm də yaradıcı sınaqdır. Burada tamaşaçının düşüncə tərzini, teatrla münasibətini nəzərə alıram, amma bu, bədii prinsiplərindən imtina etdiyim anlamına gəlmir.

- Bölgələrdə teatra gələn tamaşaçı ilə Bakı tamaşaçısı arasında hansı mental və estetik fərqləri hiss edirsiniz? Onları teatra cəlb etməyin gizli düsturu nədir?
- Mən tamaşaçını Bakı və bölgə tamaşaçısı olaraq kəskin şəkildə ayırmağın tərəfdarı deyiləm. Çünki insanın sənəti qavramaq qabiliyyətini onun yaşadığı coğrafiya müəyyən etmir. Amma müəyyən mental və estetik fərqlərin olduğunu da inkar etmək olmaz. Bakı tamaşaçısının müxtəlif teatr üslubları və eksperimental səhnə formaları ilə qarşılamaq imkanları daha genişdir. Bölgələrdə isə tamaşaçı çox zaman daha aydın hadisəyə, səmimi aktyor oyununa və emosional təsirə üstünlük verir. Amma bu, bölgə tamaşaçısının mürəkkəb fəlsəfi tamaşanı qəbul edə bilməyəcəyi demək deyil. Əsas məsələ rejissorun öz fikrini hansı səhnə dili ilə çatdırmasıdır. Bir həqiqəti də qəbul etməliyik: biz cəmiyyət olaraq hələ teatrı gündəlik mənəvi ehtiyac səviyyəsinə qaldıra bilməmişik. Teatra getmək bir çox insan üçün həyat tərzinə çevrilməyib. Bunun səbəbini yalnız tamaşaçıda axtarmaq düzgün deyil. Teatr özü də tamaşaçı ilə münasibətlərini yenidən düşünməli, onu təəccübləndirməyi, düşündürməyi və yenidən teatra qaytarmağı bacarmalıdır. Mənim üçün tamaşaçını teatra cəlb etməyin gizli düsturu yoxdur. Sadəcə tamaşaçı səhnədə öz həyatından, öz ağrısından, öz suallarından nəsə tapmalıdır. Teatr yalnız
əyləndirməməli, insanın daxilində müəyyən narahatlıq da yaratmalıdır. Mən istəyirəm ki, tamaşaçı teatrdan çıxanda yalnız “gözəl tamaşa idi” deməsin. Həm də özünə sual versin. Çünki mənim üçün tamaşa bitdikdən sonra insanın daxilində başlayan düşüncədir.
- Səhnələşdirmək istədiyiniz elə əsər var ki, hələ ki, ona toxunmağa “cəsarət” etmirsən, və ya doğru zamanı gözləyirsiniz?
- Əlbəttə, hər rejissorun yaradıcı yaddaşında səhnəyə gətirmək istədiyi əsərlər var. Mənim də var. Amma düşünürəm ki, bəzi əsərlərə yalnız istək kifayət etmir. Onların öz zamanı, öz yaradıcı mühiti və hazırlıq mərhələsi olmalıdır. Mən əsərdən
qorxmaq anlayışını qəbul etmirəm. Sadəcə, böyük dramaturgiyaya məsuliyyətsiz yanaşmaq istəmirəm. Bəzən bir əsəri səhnələşdirməmək də ona göstərilən hörmətdir. Hələlik konkret ad çəkmək istəmirəm. Qoy bəzi yaradıcılıq niyyətləri öz zamanını gözləsin.
- Mingəçevir Teatrı ilə bağlı gələcək arzularınız nədir?
- Mən gələcəyi çox uzaqda axtarmıram. Hazırda gördüyüm işin özü də gələcək planlarımın bir hissəsidir. Hələlik əsas məqsədim üzərində çalışdığımız tamaşanı layiqincə ərsəyə gətirməkdir. Gələcəklə bağlı düşüncələrim də var. Amma mən
arzular haqqında danışmaqdansa, onların nəticəsini göstərməyi üstün tuturam. Çünki sənətdə ən yaxşı cavab sözdə deyil, səhnədə verilir. Təbii ki, həyata keçirmək istədiyim layihələr, səhnədə görmək istədiyim əsərlər var. Amma düşünürəm ki, insanın qarşısına bəzən elə fürsətlər çıxır ki, əvvəlcədən qurduğu bütün planlardan daha maraqlı olur. Mən istəyirəm ki, müxtəlif teatrlarda işləyim, fərqli yaradıcı insanlarla qarşılaşım. Özümü sınayım. Eyni zamanda, yalnız rejissor kimi deyil, bir insan kimi də inkişaf etmək istəyirəm. Çünki insanın dünyagörüşü dəyişmirsə, onun sənətində də bir müddətdən sonra təkrarlar başlayır. İstəyirəm ki, illər sonra geriyə baxanda sadəcə tamaşalar hazırladığımı yox, teatrda müəyyən bir iz qoya bildiyimi görüm. Çünki sənətdə əsas məsələ görünmək deyil, iz qoymaqdır. Müsahibədən sonra Əlisahib Cəlilov yenidən məşq zalına qayıtdı. Aktyorlar səhnədə idi. Mən isə zaldan çıxanda düşündüm: Bəlkə həqiqətən də xeyir ölmür? Bəlkə sadəcə biz onu unutmuşuq? Cavabı bilmək istəyirsinizsə, “Ölümsüz xeyir” tamaşasının premyerasına gəlməlisiniz. Çünki bu tamaşa sizə yox, içinizdəki insana oynanılacaq. Sonda rejissordan soruşdum: “Bu tamaşadan sonra özünüz nə gözləyiriniz? Bir az susdu, sonra dedi: “Mən istəyirəm ki, tamaşaçı zalda oturduğu yerdə bir anlıq öz həyatını düşünsün. Vəssalam”. “Ölümsüz xeyir” səhnəyə çıxmayıb, amma artıq Mingəçevirdə danışılır. Görünür, bu şəhər çoxdan belə bir tamaşa gözləyirmiş. Elə bir tamaşa ki, səhnədən düşüb küçəyə, küçədən evə, evdən də ürəyə gedəcək...

Nisə Rafiqqızı
Azərbaycan Jurnalistlər Birliyin üzvü,
“Qızıl Qələm” mükafatı laureatı