İlham Mirzəliyev: Payız-qış istilik mövsümünə hazırlıq işləri noyabrın ilk həftəsi tam başa çatdırılacaq – MÜSAHİBƏ
Payız-qış mövsümünün yaxınlaşması ilə istilik təchizatı məsələsi yenidən gündəmin əsas mövzularından birinə çevrilir. İstilik təchizatı infrastrukturunun yenilənməsi, qazanxanaların modernləşdirilməsi, istilik şəbəkələrinin texniki vəziyyətinin yaxşılaşdırılması və xidmət keyfiyyətinin yüksəldilməsi qarşıdakı mövsümün əsas prioritetləri sırasındadır. Bununla yanaşı, istilik təsərrüfatında müasir texnologiyaların tətbiqi, enerji səmərəliliyinin artırılması və bərpaolunan enerji mənbələrindən istifadə imkanlarının genişləndirilməsi istiqamətində də işlər davam etdirilir. Qlobal bazarlarda enerji resurslarının bahalaşması, maliyyə dayanıqlığı, müasir texnologiyaların tətbiqi və istilik sektorunun gələcək inkişaf perspektivləri isə aktual müzakirə mövzularıdır.
2026–2027-ci illərin payız-qış mövsümü ərəfəsində görülən hazırlıq tədbirləri, istilik infrastrukturunun mövcud vəziyyəti, həyata keçirilən modernləşdirmə layihələri, “ağıllı sayğac” sistemlərinin tətbiqi, eləcə də qarşıdakı illər üçün müəyyənləşdirilən inkişaf hədəfləri barədə “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev AZƏRTAC-ın suallarını cavablandırıb.
Oxuməni.az AZƏRTAC-a istinadən müsahibəni təqdim edir.
- İlham müəllim, 2026–2027-ci illərin payız-qış mövsümünə hazırlıq hansı mərhələdədir? Hazırda ümumi hazırlıq səviyyəsini neçə faiz qiymətləndirirsiniz?
- Hazırlıq işləri yekun mərhələdədir və oktyabrın 27-nə olan ümumi hazırlıq səviyyəsini hesab edirəm 95 faiz qiymətləndirmək mümkündür. Qalan işlər əsasən sınaq-sazlama ilə bağlıdır və noyabrın ilk həftəsində başa çatdırılacaq. Mövsümün başlanğıcına tam hazır olacağıq.
Yeni mövsümdə Bakıda və regionlarda 549 qazanxana, 87 istilik məntəqəsi və 2 yüksəldici nasos stansiyası vasitəsilə 3838 yaşayış binasının (təxminən 178 min mənzil), 272 məktəbin, 159 uşaq bağçasının, 142 səhiyyə obyektinin və digər obyektlərin istiliklə təmin edilməsi nəzərdə tutulur.
Mövsümə hazırlıq işləri ilk növbədə əvvəlki mövsüm ərzində baş vermiş qəza və nasazlıq halları nəzərə alınmaqla hazırlanmış tədbirlər planına əsasən aprel ayından etibarən başlanılıb və bu müddətdə 12 min 153 metr istilik xətti dəyişdirilib, 875 dirsək yenilənib, 5458 kvadratmetr sahədə izolyasiya örtüyü bərpa edilib, 30 qazan aqreqatı əsaslı, 182-si cari təmir edilib, 1131 qazanın qızma səthi təmizlənib. 438 nasos, 5282 siyirtmə və 531 mühərrik təmir olunub, 22 dəst nasos, 312 siyirtmə və 100 ventil yenisi ilə əvəzlənib.
Bundan əlavə, 135 kilometr qaz xətti yoxlanılıb, 298 metr yeni qaz xətti çəkilib. İşin miqyasını təsəvvür etmək üçün deyim ki, mövsüm boyu istilik təsərrüfatlarımızda quraşdırılmış 85 mindən çox avadanlıq və qurğu fasiləsiz işləməlidir.
- Ötən istilik mövsümü ilə müqayisədə bu il istilik şəbəkəsinə qoşulan yeni bina və obyektlərin sayı artıbmı?
- Yeni bina və obyektlərin mərkəzləşdirilmiş istilik sisteminə qoşulması təkcə “Azəristiliktəchizat” ASC-dən asılı deyil. Seçim istehlakçının hüququdur və hər kəs özünü qane edən variantı seçir. Təbii ki, biz mərkəzləşdirilmiş istilik sisteminə qoşulmuş binalarda bütün mənzillərin xidmətimizdən istifadə etməsinə çalışırıq, eyni zamanda, bu bina sakinlərinin də marağında olmalıdır, çünki daha çox mənzilin qoşulması qazanxana və şəbəkənin saxlanılması xərclərinin daha çox istehlakçı arasında bölünməklə mənzil başına düşən xərcləri azalda bilər. Hazırda isə əsas vəzifəmiz artıq sistemə qoşulmuş istehlakçılara verilən istiliyin keyfiyyətini və sabitliyini artırmaqdır. Xidmət keyfiyyətli olduqca mərkəzləşdirilmiş sistemə maraq da artacaq.
- Mövsüm ərzində istilik təchizatında hər hansı fasilələrin yaranmaması üçün hansı əlavə tədbirlər görülüb?
- Qeyd etdiyim kimi, mövsümə hazırlıq hələ aprel ayından təsdiq edilmiş vahid tədbirlər proqramı çərçivəsində aparılır. Hazırda bütün qazanxana və istilik məntəqələrində, avtomatika avadanlıqlarında, qaz, elektrik və su təchizatı sistemlərində son sınaq-sazlama yoxlamaları gedir.
Bundan əlavə, istilik sisteminin ən vacib həlqələrindən biri olan yaşayış binalarının aşağı paylama sistemlərinə baxış keçirilir və aşkar edilən çatışmazlıqlar aradan qaldırılır. Son dövrdə rayon icra hakimiyyəti başçılarının ərazilərdə keçirdiyi səyyar görüşlərdə istilik istismar sahələrinin rəhbərlərinin iştirakı da ənənəyə çevrilib və ümid edirəm ki, bu görüşlər birgə fəaliyyətin tənzimlənməsində və istilik təchizatı ilə bağlı sakinlərin problemlərinin həll edilməsində əhəmiyyətli olacaq.
- İstilik mövsümünün noyabrın 15-dən başlanılması nəzərdə tutulurmu? Bu tarixdən etibarən əhalinin istiliklə təminatına başlanılacaqmı?
- Bəli. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 4 may tarixli 128 nömrəli qərarı ilə təsdiq edilmiş “İstilik enerjisindən istifadə qaydaları”na əsasən iqlim şəraiti fərqli olan 26 rayon və şəhərdə istilik mövsümü noyabrın 1-dən, Bakıda və digər ərazilərdə isə noyabrın 15-dən başlayır. Məlumat üçün bildirim ki, əvvəlki illərdə istilik mövsümünün noyabrın 1-dən başlanması nəzərdə tutulan şəhər və rayonların sayı cəmi 9 ədəd olub və qeyd edilən 26 rayondan 18-də “Azəristiliktəchizat” ASC-nin xidmət sahələri fəaliyyət göstərir.
- Bəs istilik şəbəkələrinin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? Ən çox yenilənməyə ehtiyacı olan ərazilər hansılardır?
- İstilik təchizatı bir neçə həlqədən ibarət zəncirdir: istilik mənbəyi, magistral və məhəllədaxili xətlər, binanın aşağı paylama sistemi və nəhayət, mənzildaxili sistem. Bu zəncirin istənilən həlqəsindəki nasazlıq birbaşa istiliyin keyfiyyətinə və sabitliyinə təsir edir.
Hazırda cəmiyyətin balansında ümumi uzunluğu 1000 kilometrə yaxın istilik şəbəkəsi var. Ən çətin məsələ bu xətlərin şəhərin küçə və meydanlarının, o cümlədən mərkəzi hissələrin altından keçməsidir. Sıx nəqliyyat hərəkəti və eyni ərazidə yerləşən digər kommunikasiyalar təmir-bərpa işlərini həm çətinləşdirir, həm də bahalaşdırır. Ona görə də, qəzalı xətlərin təmiri və bərpası əsasən yay aylarında, mövsümə hazırlıq çərçivəsində aparılır. Əsas yenilənməyə ehtiyac olan ərazilər isə rayon istilik qazanxanalarından qidalanan magistral istilik xətlərinə aiddir və məlumat üçün bildirim ki, hazırda Bakı şəhərində 5 bu tipli qazanxana istismar edilir və istehsal edilən edilən istilik enerjisinin 30 faizə yaxını bu qazanxanaların payına düşür. Digər ən çox yenilənməyə ehtiyacı olan ərazilər isə uzun müddətli istismar edilən köhnə tipli qazanxanalara aiddir və 70-ə yaxın sayda olan bu qazanxaların ümumi istehslda xüsusi çəkisi 19 faizə yaxın təşkil edir.
- 2024-cü ildə 5 qazanxana, 2025-ci ildə 7 qazanxana tam şəkildə modernləşdirilərək istismara verilib. Bu ilin sonuna neçə qazanxananın modernləşdirilməsi başa çatacaq və qazanxanaların yenilənməsinə nə qədər vəsait yönəldilib?
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 24 iyul tarixli 402s nömrəli Sərəncamına əsasən, cəmiyyətdə istismar müddəti başa çatmış qazanxanaların modernləşdirilməsi və yenidən qurulması layihəsi çərçivəsində 12-si artıq yenilənib. 2024-cü ildə 5, 2025-ci ildə 7 qazanxana sökülərək yenidən qurulub. Onlar ümumilikdə 107 yaşayış binasına (5525 mənzil), 8 məktəbə, 6 uşaq bağçasına, 1 səhiyyə obyektinə və 48 digər obyektə xidmət göstərir.
Bundan başqa, daxili imkanlar hesabına Sumqayıtda və Sabunçu rayonunda köhnə qazanxanaların yerində modul tipli qazanxanalar quraşdırılıb. İsmayıllıda isə yararsız divar tipli qazanlar (kombilər) sökülərək yerinə 0,35 Qkal/saat gücündə qazan qurğusu qoyulub.
Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 17 yanvar tarixli 894 nömrəli Sərəncamına uyğun olaraq, bu ilin investisiya proqramı çərçivəsində Xətai rayonunda Bakı İstilik Elektrik Mərkəzindən qidalanan 2 istilik məntəqəsi qazanxanaya çevrilir. Burada 2 kilometr xarici qaz xətti, elektrik və su təchizatı sistemləri, eləcə də ümumi uzunluğu 6 kilometrə yaxın məhəllədaxili istilik xətləri yenidən qurulur. Yasamal rayonunda isə 1 köhnə qazanxana modernləşdirilir. Bu layihələr başa çatdıqdan sonra Xətai rayonunda Gəncə prospektindəki 27 hündürmərtəbəli yaşayış binası (2353 mənzil), 2 uşaq bağçası və 12 digər obyekt, Yasamalda isə 19 yaşayış binası (950 mənzil), 1 uşaq bağçası, 2 səhiyyə obyekti və 20 digər obyekt yeni qazanxanalardan istilik alacaq. Bu il icra olunan layihələrin ümumi dəyəri 3,6 milyon manatdır.
- Son illərdə neçə kilometr istilik xətti yenilənib və qarşıdakı dövrdə daha nə qədər xəttin dəyişdirilməsi planlaşdırılır?
- Son üç ildə 40 kilometrə yaxın istilik xətti yenisi ilə əvəz olunub. Maliyyə imkanlarını və işlərin texniki təşkilini nəzərə alaraq hər il orta hesabla 12–15 kilometr xəttin dəyişdirilməsini planlaşdırırıq. Xətlərin dəyişdirilməsi layihələndirmə, qazıntı üçün texniki şərtlərin alınması və ərazidən keçən digər kommunikasiyalara görə 10-a yaxın qurumla razılaşdırma tələb edir. İşlər sıx nəqliyyat hərəkəti şəraitində aparıldığından əvvəlcədən əlaqələndirmə vacibdir.
- Yeni texnologiyaların tətbiqi hesabına istilik istehsalında enerji itkilərinin və xərclərin azaldılması mümkündürmü?
- Bəli. Müasir texnologiyalar istiliyin istehsalı və ötürülməsi zamanı itkiləri və istismar xərclərini azaltmağa imkan verir. Yüksək səmərəli qazanlar yanacaq sərfini, tələbatdan asılı olaraq sürəti tənzimlənən nasoslar isə elektrik sərfini azaldır. Avtomatik idarəetmə sistemləri istilik istehsalını hava şəraitinə və faktiki tələbata uyğunlaşdırır. Xətlərin yenilənməsi və izolyasiyanın yaxşılaşdırılması da istiliyin istehlakçıya daha az itki ilə çatmasını təmin edir.
“Azəristiliktəchizat” ASC bu məqsədlə köhnəlmiş avadanlıqları mərhələli şəkildə yeniləyir. Əldə olunan qənaət hər obyektin texniki vəziyyətindən və tətbiq olunan həllərdən asılıdır. Ona görə layihələr qiymətləndirilərkən həm ilkin investisiya, həm də sonrakı illərdə yanacaq, elektrik və təmir xərclərində gözlənilən azalma nəzərə alınır.
- İlham müəllim, “Azəristiliktəchizat” ASC-nin maliyyə dayanıqlığı hazırda hansı vəziyyətdədir? “Azəriqaz”la qarşılıqlı hesablaşmalar məsələsində müəyyən borc öhdəliyinin olduğu bildirilirdi. Hazırda həmin borcun vəziyyəti necədir, borcun neçə faizi ödənilib?
- Təbii qaza görə cari ödənişlərimiz tam həyata keçirilir. 2025-ci ildə istilik təsərrüfatlarında 31,5 milyon manat dəyərində 191 milyon kubmetr təbii qaz istifadə olunub, ödəniş isə 32,3 milyon manat, yəni istifadə olunan qazın dəyərinin 102,6 faizi qədər olub.
Bu ilin 9 ayında 24 milyon manat dəyərində 145,6 milyon kubmetr qaz istifadə edilib və onun dəyəri 100 faiz ödənilib. İl üzrə 32,4 milyon manat dəyərində 196,4 milyon kubmetr qaz sərfi proqnozlaşdırılır və bu məbləğ də tam ödəniləcək. Əvvəlki illərdə yaranan borcla bağlı hazırda Azərbaycan Respublikası Energetika nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan Respublikası Maliyyə nazirliyi ilə birlikdə təkliflər hazırlanmaqdadır.
- ASC-nin debitor borclarının ümumi məbləği nə qədərdir və bunun əsas hissəsi hansı abonentlərin payına düşür? Həmçinin abonent borclarının tam və ya əhəmiyyətli hissəsinin azaldılması üçün konkret hədəf müəyyənləşdirilibmi?
- Debitor borclarının 88 faizi əhali istehlakçılarının payına düşür. Əsas çətinlik ondadır ki, digər kommunal xidmətlərdən fərqli olaraq istilikdə fərdi tənzimləmə imkanı yoxdur: ödəniş etməyən istehlakçının istilik təchizatını qanunla müəyyən edilmiş qaydada dayandırmaq texniki cəhətdən mümkün olmur.
Bu ilin 9 ayında istehlakçılara 26,5 milyon manatlıq xidmət göstərilib. Bunun 95,8 faizi istilik təchizatının, 2,1 faizi isti su təchizatının, 2,1 faizi isə xidmət müqavilələrinin payına düşür. Ötən ilin eyni dövrü ilə müqayisədə xidmətin həcmi 24,4 faiz (5,2 milyon manat) artıb. Artım əsasən istilik təchizatı hesabına olub, isti su xidmətləri isə 101,2 min manat azalıb.
Göstərilən xidmətlərin haqqı 94,2 faiz (24,9 milyon manat) ödənilib: əhali üzrə 92,3 faiz, büdcə təşkilatları üzrə 96,7 faiz, təsərrüfat obyektləri üzrə 104,1 faiz, Şuşa şəhəri üzrə 95,1 faiz. Ən çətin vəziyyət məcburi köçkün şəhərciklərindədir: burada 1,4 milyon manatlıq xidmət göstərilib, ödəniş isə cəmi 49,9 faiz (705,6 min manat) olub.
- İstilik tariflərinin mövcud səviyyəsi ASC-nin xərclərini qarşılamağa imkan verirmi?
- Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2025-ci il 20 iyul tarixli 4 nömrəli qərarı ilə 2025-ci il noyabrın 1-dən əhali üçün tarif mənzilin 1 kvadratmetr ümumi sahəsinə görə 0,45 manat, qeyri-əhali istehlakçıları üçün isə 1 kubmetr isidilən həcmə görə aylıq 0,38 manat müəyyən edilib.
Bu tariflər xərclərimizi tam qarşılamır və fərq dövlət büdcəsindən ayrılan subsidiya hesabına ödənilir. Məqsədimiz səmərəliliyi artırmaqla subsidiyadan asılılığı mərhələli şəkildə azaltmaqdır.
- Təbii qaz, elektrik enerjisi və digər xərclərin bahalaşması ASC-nin fəaliyyətinə necə təsir edir?
- Birbaşa təsir edir, çünki enerji resursları xərclərimizin təxminən yarısını təşkil edir. Ümumi xərclərdə təbii qazın payı 39,2 faiz, elektrik enerjisinin payı 7,8 faiz, su və kənardan alınan enerjinin payı 2,2 faizdir – cəmi 49,2 faiz. Ona görə qaz və ya elektrik qiymətindəki istənilən artım xərclərimizə dərhal təsir göstərir.
- Alternativ enerji mənbələrindən, xüsusilə Günəş enerjisindən istilik istehsalında istifadə imkanlarını necə qiymətləndirirsiniz? Ümumiyyətlə, istilik sistemində enerji səmərəliliyinin artırılması üçün hansı tədbirlər görülür?
- Bərpaolunan enerji mənbələrinin istilik təchizatında tətbiqi gündəmdədir. Asiya İnkişaf Bankının dəstəyi ilə icra olunan layihə çərçivəsində bərpaolunan mənbələrə əsaslanan kiçikmiqyaslı pilot layihə hazırlanır. Enerji səmərəliliyinə gəlincə, əsas istiqamətlər köhnəlmiş qazan və nasosların yenilənməsi, xətlərdə sızmaların aradan qaldırılması, izolyasiyanın yaxşılaşdırılması və avadanlıqların düzgün tənzimlənməsidir. Mövsümə hazırlıq çərçivəsində qazanların və şəbəkələrin ərpdən təmizlənməsi, avadanlıqların təmiri və xətlərin sınaqdan keçirilməsi də bu məqsədə xidmət edir. Binaların istilik izolyasiyası və binadaxili sistemlərin sazlığı da az əhəmiyyətli deyil: istehsalda əldə olunan qənaət istiliyin ötürülməsi və istifadəsi mərhələlərində də qorunmalıdır.
- Bəs gələcəkdə qazanxanalarda daha az qaz sərfiyyatı ilə daha çox istilik əldə etməyə imkan verən texnologiyaların tətbiqi planlaşdırılırmı?
- Bəli. Məqsəd eyni istilik tələbatını daha az qazla ödəməkdir. Qazanların yenilənməsi və yanmanın avtomatik tənzimlənməsi ilə yanaşı, tullantı qazlarının istiliyindən təkrar istifadə də mümkün həllərdəndir. Seçim hər qazanxananın iş rejiminə və layihənin iqtisadi səmərəliliyinə uyğun aparılır.
- Qarabağ və Şərqi Zəngəzurda yeni yaşayış məntəqələrinin istiliklə təmin olunma prosesi nə yerdədir? Neçə qazanxana və istilik paylayıcı məntəqəsi fəaliyyət göstərir? İşğaldan azad olunmuş ərazilərin neçə faizi istiliklə təmin olunub?
- Bu ərazilərdə cəmiyyətin balansında yalnız Şuşa şəhərindəki 7 qazanxana var. Bu ərazilərdəki digər qazanxanaları balansımıza götürmədən, xidmət müqavilələri əsasında istismar etməyi və onlara servis xidməti göstərməyi təklif edirik. Belə müqaviləyə tərəflərin razılığı ilə avadanlığın texniki baxışdan keçirilməsi, istifadəyə yararlığının və lazım olan iş həcminin müəyyənləşdirilməsi, təmir-bərpa işləri və mövsüm ərzində istismarın təşkili daxil edilə bilər. Bu yanaşma cəmiyyətin səmərəliliyini artırmağa, dövlət büdcəsindən ayrılan subsidiyanı azaltmağa və sahəni kommersiya və bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirməyə xidmət edir.
- Bəs “Azəristiliktəchizat”ın fəaliyyətində rəqəmsal texnologiyaların tətbiqi hansı mərhələdədir? İstilik sərfiyyatının real vaxt rejimində izlənilməsi və “ağıllı sayğac” sistemlərinin tətbiqi gündəmdədirmi?
- Abonent uçotu, hesablaşmalar və ödənişlərin qeydiyyatı artıq elektron sistemlər vasitəsilə aparılır. İstilik enerjisinin uçotunu təkmilləşdirmək üçün pilot layihə çərçivəsində bəzi yaşayış və qeyri-yaşayış binalarının girişində istilik sayğacları quraşdırılıb. Sərfiyyatın real vaxtda izlənilməsi üçün təkcə sayğac kifayət etmir: məlumatların məsafədən ötürülməsi və vahid sistemdə təhlili imkanları da yaradılmalıdır. Bu, sərfiyyatdakı dəyişiklikləri və mümkün itkiləri daha tez aşkarlamağa kömək edəcək. Tətbiqin genişləndirilməsi texniki hazırlıqdan, ölçmələrin dəqiqliyinin yoxlanılmasından və maliyyələşmədən asılıdır.
- Mənzillərdə istiliyin lazımi səviyyədə olmaması ilə bağlı şikayətlərin əsas səbəbləri nələrdir?
- Hər müraciətdə ilk məqsədimiz istiliyin zəif olmasının səbəbini müəyyənləşdirmək və problemin həllinə kömək etməkdir. Nasazlıq qazanxanada, xarici şəbəkədə və ya binadaxili sistemdə yarana bilər. Buna görə bina girişindəki göstəricilər və mənzillərə istiliyin çatması birlikdə araşdırılmalıdır. Bu sualın aktuallığını nəzərə alaraq, onun üzərində ətraflı dayanmaq istəyirəm.
Köhnə binalardakı şaquli sistemlərdə mənzillər bir-biri ilə əlaqəlidir. Bir mənzildə boru və ya radiatora edilən müdaxilə eyni şaquli xəttə qoşulmuş digər mənzillərdə də dövriyyəni poza bilər. Binadaxili problemləri üç əsas qrupda ümumiləşdirmək olar:
- Layihəyə uyğun olmayan radiator və boruların quraşdırılması, şaquli xətlərin və baypasların ləğvi nəticəsində dövriyyənin pozulması;
- Radiatorların eyvana köçürülməsi, əlavə radiator və ya “isti döşəmə”nin qoşulması ilə sistemin layihədən kənar əlavə yüklənməsi;
- Texniki xidmətin və yuyulmanın aparılmaması nəticəsində çöküntülərin yığılması, sistemdə havanın qalması.
Cəmiyyət öz şəbəkəsindəki nasazlıqları aradan qaldırır. Binanın ümumi istilik sisteminə xidmətin təşkili binanı idarə edən qurumların və mülkiyyətçilərin, mənzildaxili avadanlığın saz saxlanılması isə mənzil sahibinin məsuliyyətinə aiddir.
- Bəzi vətəndaşlar istilik haqqının yüksək olduğunu bildirirlər. Qarşıdakı dövrdə qiymət dəyişikliyi gözlənilirmi?
- Əvvəla qeyd edim ki, tarifləri cəmiyyət müəyyən etmir. Təbii inhisar subyekti kimi göstərdiyimiz xidmətlərin tarifləri Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilir. Qaydalara əsasən xidmətlərə çəkilən xərclər, təsərrüfatın texniki-iqtisadi göstəriciləri və digər hesabatlar mütəmadi olaraq Tarif (qiymət) Şurasına təqdim olunur. Tariflə bağlı istənilən dəyişiklik barədə qərarı bu təhlillər əsasında Şura verir.
- Sakinlərdən daxil olan şikayətlərə baxdıqda, hazırda sistemin ən zəif nöqtəsi haradır?
- Əsas risklər köhnəlmiş yeraltı xətlər və texniki xidmətə ehtiyacı olan binadaxili sistemlərdir. Öz şəbəkəmizi mərhələli yeniləyir, binadaxili problemlərin həlli üçün idarəedici qurumlar və sakinlərlə əməkdaşlıq edirik. Binanın sistemə qoşulma səviyyəsi də səmərəliliyə təsir edir. Mənzillərin yalnız bir hissəsi istilik aldıqda qazanxana və şəbəkənin saxlanılması xərcləri daha az istehlakçı arasında bölünür. Bu isə mərkəzləşdirilmiş istilik təchizatı sistemlərinin səmərəliliyi ilə bağlı yanlış təsəvvürün yaranmasına səbəb olur.
- Ümumilikdə, vətəndaş üçün “Azəristiliktəchizat”ın xidmətində bu qış hansı real dəyişiklik hiss olunacaq? Xidmətin keyfiyyətinin artırılması və istiliklə bağlı problemlərin azaldılması istiqamətində hansı yeni addımlar atılıb?
- Dəyişiklik ilk növbədə yenilənmiş qazanxanaların xidmət etdiyi ərazilərdə hiss olunacaq. Bu il daha 3 qazanxana üzrə işlər tamamlandıqdan sonra yenilənmiş qazanxanalardan istilik alan binaların sayı 153-ə, mənzillərin sayı isə təxminən 8,8 minə çatacaq. Xətlərin yenilənməsi və mövsümqabağı təmir işləri də nasazlıq riskini azaltmağa yönəlib.
- İctimaiyyətin narazılığına səbəb olan məsələlərdən biri də istilik sistemlərində qəza və nasazlıqların məhz istiliyə ən çox ehtiyac duyulan mövsümdə aradan qaldırılmasına başlanılmasıdır. Belə problemlərin istilik mövsümündən əvvəl müəyyən edilərək aradan qaldırılması mümkün deyilmi? Bu istiqamətdə əvvəlcədən hansı hazırlıq işləri aparılır?
- Narazılığı başa düşürük. Qəzaların qarşısını almaq üçün əsas işlər yay aylarında görülür: qazanxanalar və şəbəkələr sınaqdan keçirilir, aşkarlanan zəif hissələr təmir olunur. Bununla belə, sınaqlar istismar zamanı yarana biləcək bütün nasazlıqları əvvəlcədən üzə çıxarmır. Mövsüm ərzində nasazlıqlara operativ müdaxilə üçün növbətçi qəza-təmir briqadaları yaradılır, ehtiyat hissələri və materiallar əvvəlcədən tədarük olunur.
- Bəzi çoxmənzilli binalarda sakinlərdən biri mərkəzləşdirilmiş istilik sistemindən çıxaraq fərdi kombi sisteminə keçdikdə, onlardan yuxarıda yerləşən digər mənzillərin istilik təchizatında problem yarandığı bildirilir. Belə hallarda problemin səbəbi həmin mənzildən sistemin sökülməsi ilə əlaqələndirilir. Bu cür vəziyyətlərin qarşısının alınması və yuxarı mərtəbələrdə yaşayan sakinlərin istiliklə təminatının qorunması üçün hansı mexanizm tətbiq olunur?
- Bu məsələ qanunvericiliklə tənzimlənir. “İstilik enerjisindən istifadə qaydaları”nın 7.1.11-ci bəndinə əsasən istehlakçılar “yaşayış binasının layihəsinə əsasən mənzildən keçən və binanın ümumi istifadəsində olan birdən artıq mənzildən keçən istilik xətlərinin özbaşına olaraq yerinin dəyişdirilməməsi, kəsilməməsi və ya dövriyyənin pozulmasına səbəb olan digər hallara yol verilməməsi”nə görə məsuliyyət daşıyırlar.
Qaydaların 8.2-ci bəndində isə deyilir: “İstilik təchizatının fərdi qaydada dayandırılması çoxmənzilli yaşayış binalarında mənzillər üzrə boruların şaquli paylanması halında mənzilin daxilində yalnız digər istehlakçıların hüquqları pozulmadan həyata keçirilməlidir. İstilik təchizatının fərdi qaydada dayandırılması halında mənzilin daxilindən keçən dik boru hər hansı birləşmə və ya əlaqələndirici olmadan keçməli, belə birləşmə və ya əlaqələndirici olduğu halda onlar müvafiq qaydada plomblanmalıdır”.
Sadə dillə desək, sakin mərkəzləşdirilmiş sistemdən çıxa bilər, amma mənzilindən keçən ümumi şaquli boruya toxunmamalıdır. Bu qaydanı pozaraq qonşularını istilikdən məhrum edən şəxs məsuliyyət daşıyır.
- Bəzi binalarda istilik olsa da, mənzillərin ayrı-ayrı otaqlarında temperaturun aşağı olması ilə bağlı şikayətlər var. Bu problemin həlli üçün hansı işlər görülür?
- Sakinlər 956 Çağrı Mərkəzinə müraciət edə bilərlər. Müraciət əsasında problemin mənbəyi yerində araşdırılır, istiliyin binaya verilməsi və mənzildaxili dövriyyə yoxlanılır. Nəticəyə uyğun olaraq zəruri tədbirlər və məsul tərəf müəyyənləşdirilir. Cəmiyyət hazırda mənzildaxili problemlərin aradan qaldırılmasına ödənişsiz kömək göstərir. Bu sistemlərə müntəzəm texniki xidmətin təşkili üçün isə mülkiyyətçilərin ixtisaslaşmış şəxslərlə müqavilə bağlaması vacibdir.
- Vətəndaşın ödədiyi xidmət haqqı ilə aldığı xidmətin keyfiyyəti arasında uyğunsuzluq yaranırsa, bunun məsuliyyəti necə müəyyənləşdirilir?
- Bu da “İstilik enerjisindən istifadə qaydaları” ilə tənzimlənir. Qaydaların 7.3-cü bəndinə əsasən istehlakçı, o cümlədən aşağıdakı hüquqlara malikdir:
7.3.2. müqavilədə nəzərdə tutulmuş keyfiyyət göstəricilərinə uyğun etibarlı və fasiləsiz istilik enerjisi ilə təmin olunmaq;
7.3.3. müqavilə şərtlərinə uyğun olaraq istilik enerjisinin razılaşdırılmış həcmdə verilməməsi və ya aşağı keyfiyyətdə verilməsi nəticəsində vurulmuş ziyanın satıcı tərəfindən ödənilməsini tələb etmək;
7.3.4. istehlak edilmiş istiliyin və isti suyun dəyəri barədə hesabın bu qaydalarla müəyyən edilmiş qaydada və müddətdə təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablanmasını tələb etmək.
Araşdırma nəticəsində xidmətin natamam və ya keyfiyyət tələblərinə uyğun göstərilmədiyi müəyyənləşərsə, istehlakçı haqqın yenidən hesablanmasını, ziyan dəyibsə, onun ödənilməsini tələb edə bilər.
- Bu qış əvvəlki illərlə müqayisədə vətəndaş hansı problemi artıq yaşamamalıdır?
- Açığını deyim bir mövsümdə bütün problemləri aradan qaldırmaq mümkün deyil. Amma qazanxanaları yenilənmiş binalarda sakinlər istiliyin daha sabit və keyfiyyətli verilməsini hiss etməlidirlər. Xətləri dəyişdirilmiş ərazilərdə qəza ehtimalı da azalmalıdır. Məqsədimiz sakinlərin sabit istilik alması və müraciətlərinin səbəbi, görülən tədbirlər barədə aydın cavab almasıdır.
- İlham müəllim, qarşıdakı 3–5 ildə “Azəristiliktəchizat”ın fəaliyyətində hansı əsas dəyişiklikləri görəcəyik, əsas prioritet hədəflər hansılardır?
- Qarşıdakı 3–5 ildə əsas məqsədimiz istehlakçılara daha keyfiyyətli və dayanıqlı istilik xidməti göstərmək, infrastrukturu yeniləmək və cəmiyyətin maliyyə səmərəliliyini artırmaqdır. Bu istiqamətdə fəaliyyətimiz üçün iki mühüm əsas formalaşıb.
Birincisi, ötən il qüvvəyə minmiş “İstilik təchizatı haqqında” Qanundur. Qanun müəyyən istisnalarla, qüvvəyə mindikdən sonra tikilən çoxmənzilli binaların layihələrində mənzillərin vahid istilik mənbəyindən və ya bir neçə binanı əhatə edən şəbəkədən təchizatını nəzərdə tutur, həmçinin istilik təchizatı subyektlərinin hüquq və vəzifələrini, obyektlərin və şəbəkələrin mühafizə zonaları ilə bağlı tələbləri müəyyənləşdirir. Özəl investisiyaların dəstəklənməsi və rəqabət mühitinin formalaşdırılması da Qanunda əsas vəzifələr sırasında göstərilir. Bu müddəalar sektorun inkişafı üçün hüquqi zəmin yaradır.
İkinci mühüm əsas Asiya İnkişaf Bankının həyata keçirdiyi “İstilik təchizatı sektorunun dekarbonizasiyası və bərpaolunan mənbələrdən istilik enerjisinin inteqrasiyasının təşviqi” texniki yardım layihəsidir. Layihə sektorun və ASC-nin yaxın və orta müddətli inkişaf istiqamətlərini müəyyənləşdirməyə, müasir idarəetmə və texnologiyaların tətbiqi ilə istehsal və əməliyyat səmərəliliyini artırmağa xidmət edir.
Layihə çərçivəsində ölkənin istilik təchizatı sektorunun strategiyasının və tarif metodologiyasının hazırlanması, mövcud qanunvericiliyin nəzərdən keçirilməsi və yeni texniki standartlara uyğun tənzimləyici bazanın təkmilləşdirilməsi nəzərdə tutulur. Eyni zamanda, bazar şəraiti və tarif modelləri əsasında korporativ diaqnostikanın aparılması, maliyyə proqnozları və dövlət subsidiyalarından asılılığın tədricən azaldılması üzrə icra planının hazırlanması, həmçinin bərpaolunan enerji əsasında kiçikmiqyaslı pilot layihənin hazırlanması və həyata keçirilməsi də texniki tapşırığa daxildir.
Qeyd olunan hüquqi və strateji çərçivə ASC-nin yaxın və orta müddətli fəaliyyət prioritetlərini müəyyənləşdirir. İlk növbədə, əsas vəzifəmiz mərkəzləşdirilmiş istilik sisteminə qoşulmuş istehlakçılara keyfiyyətli və dayanıqlı xidmət göstərmək, qazanxana və istilik şəbəkəsi avadanlıqlarının təhlükəsizlik, əməyin mühafizəsi və istismar qaydalarına uyğun işləməsini təmin etməkdir. Bununla yanaşı, uzun müddət istismar olunmuş köhnə qazanxanaların modernləşdirilməsini davam etdirmək, istilik təchizatı obyektlərində rəqəmsal və müasir idarəetmə texnologiyalarını tətbiq etmək, sayğaclaşmanı genişləndirmək və bərpaolunan enerji mənbələrindən istifadə imkanlarını araşdırmaq əsas inkişaf istiqamətlərimizdir.
Oxuməni.az











































































.jpg)















