Ergün Kırlıkovalı: Taleb Vardanyan məsələsində “kor nöqtələr”in qurbanına çevrilib
Amerika Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri tərəfindən istifadə olunan ixtisaslaşdırılmış materiallar istehsal edən yeganə türk mühəndis, “Integrated Polymer Industries” şirkətinin qurucusu, B-2 bombardmançı təyyarələri üçün görünməzlik təmin edən örtük materiallarının müəllifi, tədqiqatçı-yazıçı Ergün Kırlıkovalı AZƏRTAC-a məxsusi müsahibə verib. Oxuməni.az AZƏRTAC-a istinadən həmin müsahibəni təqdim edir.
- Nassim Nikolas Talebin Ruben Vardanyan həbsdə qaldığı müddətdə Bakıya gəlməkdən imtina etməsi ilə bağlı ona qərarının yanlış olduğuna dair məktub göndərmisiniz. Azərbaycana dəstəyinizə görə təşəkkür edirik. Belə bir məktubu yazmaq zərurəti nədən yarandı?
-Mən “Bir millət, iki dövlət” kəlamını ürəkdən mənimsəmiş bir insanam. Azərbaycana edilən təhqir Türkiyəyə və mənə edilmiş təhqirdir. İki əlim qanda olsa belə, mütləq cavabını yazaram. Son 50 ildə siyasətçilərə, media nümayəndələrinə, akademiklərə və bizi qaralayan digərlərinə beş mindən çox məktub yazmışam. Belə hallarda hər hansı bir Azərbaycan türkünün yazmasını gözləmərəm. Mən üzərimə düşən vəzifəni yerinə yetirərəm. Qəlbim, ağlım və ruhum yalnız o zaman üzərinə düşən vəzifəni yerinə yetirməyin rahatlığını tapır. Amerikada yaşayan türklər və azərbaycanlı türklər, ümumiyyətlə qazaxlar, özbəklər, qırğızlar, türkmənlər və uyğurlar da belə düşünürlər. Türkəsilli ABŞ vətəndaşları olaraq birlikdə, eyni çətir altında bu günə qədər çoxsaylı kampaniyalar həyata keçirmişik. “Birimiz hamımız, hamımız birimiz üçün” demişik. Xüsusilə də erməni və yunan lobbilərinin antitürk təbliğatına qarşı on minlərlə məktub göndərmişik. Azərbaycan mənim üçün Orta Asiyadakı qardaş türk dövlətlərinə bir körpü və doğma türk yurdudur. Mən nəyəmsə, Azərbaycan türkü də mənim üçün odur. Biz birlikdə daha güclüyük. Həyatım boyu qəlbimdə, düşüncəmdə və baxışımda türk birliyi anlayışını həmişə müdafiə etmişəm, həmişə də müdafiə edəcəyəm.
ABŞ-də hər il türk qardaşlarımızın iştirak etdiyi mədəni festivallar keçirilir. ABŞ-nin azərbaycanəsilli vətəndaşları da bu tədbirlərə böyük maraq göstərirlər.
Ermənilər bir əsrdən çoxdur ki, ABŞ-də dayanmadan apardıqları antitürk, anti-Azərbaycan, anti-İslam təbliğatı ilə müəyyən mənfi təsəvvür formalaşdırıblar. Əlbəttə, bu təsəvvürün formalaşmasında Anadoludakı xristian missionerlərin də təsiri olub. Bu mövzuları yaxşı araşdıran professor Castin Makkartinin “Amerikada türklər: Köklü qərəzin formalaşması” adlı kitabını gənclərimizin mütləq oxumasını tövsiyə edirəm. Düzdür, biz Amerikalı türklər olaraq bu qarayaxmalarla daim mübarizə aparırıq, amma mesajlarımız çox vaxt ya senzuraya məruz qalır, ya da çox qısaldılaraq verilir. Bezmədən, qorxmadan bu mübarizəni davam etdirmək lazımdır. Eyni əzmi, əlbəttə ki, azərbaycanlı qardaşlarımız üçün də göstəririk.
Bu sahədə səsləndirmək istədiyim üç məsələ var:
1. Qısamüddətli perspektivdə: Bizi qaralayan xain siyasi layihələrə və mediadakı qarayaxmalara dərhal qarşı çıxmalıyıq. Məsələn, erməni lobbisi bəzi ştatlarda “erməni soyqırımı” yalanının məktəblərdə dərs kimi tədris edilməsini istəyir. Əsassız “erməni soyqırımı” iddialarına indi də əsassız yunan və assuriyalı soyqırımları iddialarını əlavə etmək istəyirlər. Ermənilərin törətdikləri türk soyqırımlarının öyrədilməməsini istəyirlər. Görünən odur ki, biz susduqca bu siyahı uzanacaq. Antitürk lobbiləri tarix təhsilini silaha çevirmək istəyirlər. Bu cür layihələr hələ qanuniləşməmiş təşkilatlanıb onlara qarşı çıxmalıyıq. İnsanlarımız dərhal yazmalıdırlar ki, siyasətçilər bizim də ABŞ-də yaşadığımızın və səs verdiyimizin fərqində olsunlar.
2. Ortamüddətli perspektivdə: Öz bölgələrimizdəki siyasətdə daha fəal olmalıyıq. Türk və azərbaycanmənşəli amerikalıların ABŞ-nin sosial və siyasi həyatına daha çox qoşulmağı vacibdir. Yaşadıqları bölgələrdəki xeyriyyə təşkilatlarına könüllü üzv olmalıdırlar. Kasıblara, kimsəsizlərə və əlillərə yardım etməli, heyvanları və təbiəti daha çox qorumalıdırlar. Siyasətə maraq göstərməli, seçilmiş şəxslərlə yaxşı dialoq qurmalı və seçiləcək şəxslərlə dost olub onları maliyyə və seçki kampaniyaları ilə dəstəkləməlidirlər. Bütün bunları etsək, türk və Azərbaycan icmaları ABŞ-də daha çox tanınacaq, bilinəcək və seviləcək.
3. Uzunmüddətli perspektivdə: Gənclərimizin çox yaxşı təhsil almasına çalışmalıyıq. ABŞ-də yaxşı təhsil bahadır. Yaxşı universitetlərə daxil olmaq yalnız yüksək ödənişlərlə mümkün deyil. Bununla yanaşı, idmanda, incəsənətdə, musiqidə yaxşı olmaq və bəlkə də ən vacibi, sosial məsuliyyət layihələrində fəal rol oynamaq lazımdır. Uğurlu gənclərimizi siyasətə yönləndirməliyik.
- Ruben Vardanyanı haqlı olaraq cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı müəyyən dairələr Azərbaycana qarşı kampaniya aparır və iddia edirlər ki, bu həbs qanunsuzdur. Bununla bağlı fikirlərinizi öyrənmək istərdim.
-Karyerasını gizli maliyyə riskləri, yanlış narrativlər və “struktur korluğu” mövzularında dünyanı xəbərdar etməklə keçirmiş yazıçı Nassim Nikolas Talebin Vardanyanın hiyləgərcəsinə qurduğu bir illüziyaya boyun əyməsini ironik hesab edirəm. Taleb həqiqətən bu qədər axmaqdır, yoxsa özünü görməzliyə vurmaq ona sərf edir? Taleb ilə Vardanyan arasında pul və maraq əlaqəsi varmı, bilmirəm. Amma Vardanyanın maliyyə şəbəkəsinin, əməliyyat keçmişinin və qəfil siyasi addımlarının düzgün təhlili onun nümayişkaranə xeyriyyəçi kimliyinin saxtakarlıq olduğunu göstərəcək.
Faktlara və qeydlərə nəzər salaq. Vardanyanın “Troika Dialog” bankı əslində “Troika Camaşırxanası” kimi fəaliyyət göstərirdi. Qlobal maliyyə orqanlarına və hüquqi müfəttişlərə görə, bu şəbəkə şirkətlərin arxasında duran həqiqi sahiblərin kimliyini sistematik şəkildə gizlədirdi. Rusiyadan kənara qanunsuz yollarla milyardlarla dollar köçürmək üçün mürəkkəb ofşor sxemlər, hiylələr, paravan banklar və qabıq şirkətlər qurur, bunun sayəsində ilkin və ikinci dərəcəli təbəqələşdirmə üsullarından istifadə edirdi. Bundan əlavə, bank yoxlamaları bu şəbəkənin adi, heç nədən şübhələnməyən vətəndaşları necə istismar etdiyini və onlardan yararlanaraq kapitalı mürəkkəb beynəlxalq şəbəkələr vasitəsilə necə hərəkət etdirdiyini ətraflı şəkildə ortaya qoyub.
Sistematik maliyyə sui-istifadələrindən əlavə, Vardanyanın hərəkətlərinin ciddi hüquqi və təhlükəsizlik nəticələri var. Mənzərə bu qədər qaranlıq olduğu halda, Talebin ağır beynəlxalq sanksiyalarla üzləşən Vardanyanın qeyd-şərtsiz azad olunmasını tələb etməsi regional zorakılığı maliyyələşdirən mexanizmlərə fəal şəkildə müdafiə etməsi deməkdir.
Taleb məsələyə yanaşma tərzi ilə Vardanyanın yaratdığı ciddi siyasi qeyri-sabitliyi də görməzdən gəlir. Vardanyanın 2022-ci ilin sonlarında Qarabağda qəfil peyda olaraq bu bölgədə terrorizmi maliyyələşdirməsi, qanunsuz silahlı qruplar yaratması onun 2026-cı ilin fevralında Bakı Hərbi Məhkəməsinin verdiyi 20 illik həbs cəzası ilə nəticələndi. Vardanyanın keçdiyi yolu sadə bir humanitar mübarizə kimi görmək Talebin öz yazısında dediyi “kor nöqtələr”in qurbanına çevrilməkdir.
Bundan əlavə, Talebin bu mövqeyi münaqişənin azərbaycanlı qurbanlarına qarşı dərin tarixi empatiya çatışmazlığını göstərir. Otuz ildən artıq müddətdə Azərbaycan xalqı öz torpaqlarında dəhşətli faciələrə məruz qalıb. Bu mövqe 1992-ci ildən 2020-ci ilə qədər davam edən, bir milyona yaxın azərbaycanlı mülki şəxsi silah gücü ilə öz yurdlarından didərgin salan amansız hərbi işğalı və 1992-ci il Xocalı qətliamının sənədləşdirilmiş dəhşətlərini görməzlikdən irəli gəlir.
Kölgə ticarəti, qanunsuz qlobal maliyyə və müharibə logistikası ilə dərin əlaqələri olan bir oliqarxı müdafiə etmək üçün qlobal platformasından silah kimi istifadə edən Taleb heç bir halda etik mövqe nümayiş etdirmir. Əksinə, süni kampaniyanın saxtalığını ortaya qoyur. Əsl humanizm insanların ağrılarından qazanc əldə edən güclü maliyyəçilərin deyil, didərgin düşənin və təcavüz qurbanlarının yanında olmağı tələb edir. Talebi öz çevrəsindən kənara baxmağa, cinayətkar Vardanyanın müdafiəsinin dərin etik nəticələrini yenidən qiymətləndirməyə dəvət edirəm. Qısa desək, məşhur yazıçı olmaq başqa, insan olmaq başqadır.
Oxuməni.az





























































.jpg)




























