“Bəzi müğənnilərdə ağıl çatışmazlığı var”

“Bəzi müğənnilərdə ağıl çatışmazlığı var”

23 Avqust 2012 17:09
Bəyəndim (0) Bəyənmədim (0)
Yarımçıq qalan söhbət

"Kadr arxası" rubrikasının bugünkü qonağı hər zaman kadr arxasında olmağa üstünlük verir. Hərdən kadr önünə də çıxır, deyiləcək sözü olanda. Bu dəfə də zaman yetişdi və onunla söhbətimizi qaldığımız yerdən davam etdirməli olduq.

- Nail, səndən bu yaxınlarda müsahibə götürmüşdüm. Qismət belə gətirdi ki, yenidən həmsöhbətim oldun. Bu qısa zamanda həyatında nələr dəyişib?

- Ciddi bir dəyişiklik olmayıb. Sadəcə, söhbətimiz səmimi alındığından davam etdirməli olduq (gülür).

- Onda söhbətimizi elə səmimi ruhda da davam etdirək. İlk əvvəl oxucularımıza uşaqlıq xatirələrindən danış.

- Uşaqlıq illərim kasıbçılıqla keçib. Mənə ana nənəm baxıb. Həmişə nənəm zarafatla deyərdi ki, səni dünyaya mən gətirmişəm, hamıya özüm deyirəm ki, qızımın oğludur. Nənəmin ən sevimli nəvəsi idim. Çox uşaqlar evdə ərköyün, dəcəl olur. Amma mən çox sakit uşaq olmuşam evdə.

- Amma indi elə də sakit görünmürsən. Səncə şou-biznesdə yaxşı, pis klipmeyker var?

- Hər kəsin öz yeri, öz bazarı var. Məncə, şou-biznesdə ən yaxşı, ən pis klipmeyker mən özüməm. Yaxşıyam ona görə ki, müğənnilər hər gün mənə zəng edib klip çəkdirmək istəyirlər. Pisəm ona görə ki, bəzilərinin yuxusuna haram qatmışam.

- Bəs ortalıqdakı klipmeykerlər bu ada layiq olmaq üçün hələ çox çalışmalıdırlar?

- Məncə, klip böyük sənət deyil. Hətta bunun ali təhsilini verəcək institutu və ya universiteti yoxdur. Yəni heç bir institutda klip rejissoru fakültəsi deyilən bir fakültə yoxdur. Klip müğənnini gündəlikdə saxlayan birinci reklam növüdür. Baxın, heç bir müğənni bir neçə il əvvəl çəkdirdiyi klipi "raskrutka" eləmək istəmir. Çünki vaxt dəyişir. Mənim üçün klipmeykerlik sənəti qazanc yeridir.

- Bəzi gənclər var ki, öz güclərinə serial çəkilər. Bəs Nail necə, serial çəkmək istəyir? Ümumiyyətlə, Azərbaycan televiziya məkanında hansı seriallara baxırsan?

- Şəxsən mən şou-biznesin simasıyam. Klip çəkmək mənim üçün daha maraqlıdır, nəinki serial. Heç düşünməmişəm ki, nəsə bədii film, ya da serial çəkim. Hətta olur ki, müraciət edirlər reklam çarxlarına görə, çəkməkdən imtina edirəm. Mənim həvəsimə baxır, həvəsim olmayanda iş görmürəm. Fikrim yalnız klip bazarındadır. Çox sevdiyim işdir. Düzünü deyim, Azərbaycan telekanallarında yayımlanan heç bir seriala baxmıram. Çox bayağı çəkirlər.

- Səncə qadınlar kişilərdən nə istəyirlər?

- İllərin təcrübəsindən bilirəm, qadın kişidən sevgi, nəvaziş və əsl kişilik istəyir.

- Nəyə görə bu sahə birdən-birə səndə maraq oyatdı?

- Uşaqlıqdan klipmeyker olmaq istəyirdim. Səkkiz ilə yaxındır bu sahədəyəm, 150 klip çəkmişəm.

- Klip çəkilişi zamanı başına maraqlı hadisə gəlibmi?

- Çox olub hadisələr. Yeni başlamışdım klip çəkməyə. Rəqqasə Fatimə üçün hind rəqsinə klip çəkirdim. Yay idi, çox isti idi. Guya istədim Fatiməni başa salım ki, çox günün altında olmasın, çünki kadr yanır. Daşın üstü sürüşkən olduğundan ayağım sürüşdü, yıxıldım düz şəlaləyə. Həmin gün bütün günü şortikdə gəzdim.

- Küsülü olduğun müğənnilər varmı?

- Hər kəsin öz seçimi, öz ağlı var. Hərə öz ağlına görə yaşayır. Mənim küsülü olduğum yox, məndən küsən müğənnilər var. Nə var, nə var, Nail onların, belə deyək, düşmən olduğu müğənnilərlə işbirliyi qurub. Ümumiyyətlə, mən elə adamam ki, mənə deyəndə bunu eləmə, mən onu tərsinə edirəm. heç kim mənə şərt qoya bilməz.

- Nədən stimul alırsan?

- Ailəmdən, işimdən, Allahın yaratdığı gözəlliklərdən.

- Bəs nəyin peşmançılığını çəkirsən?

- Bəzən peşman oluram ki, niyə bəzi müğənnilər üçün bu qədər artıq işlər görürəm, axı onların çoxu buna layiq deyil? Bu barədə peşman olduğum anlar olur.

- Bu illər ərzinə hansı müğənniləri dərindən tanıdın? Hansı maskalarla rastlaşdın?

- Nələr gördüm, nələr yaşadım, amma heç vaxt bu haqda danışmayacağam. Çünki mən sirr məzarıyam, yəni "moqila".

- Ruhdan düşdüyün vaxtlar olubmu?

- Arada olur, amma mən özümü ələ ala bilirəm. Əslində tez depressiyaya düşənəm, amma depressiyadan da çıxmağı bacarıram. Ürəyim istəyən bir müğənniyə klip çəkən kimi, işbirliyinə başlayan kimi depressiyadan çıxıram.

- 2011-ci ildə çox qalmaqallarda adın çəkildi. Səncə, bu nədən irəli gəldi?

- Nə istəyirlər, kim nə deyir desin, qoy danışsınlar. Onsuz da cavabsız qalacaqlar.

- Məndə olan məlumata görə, avtomobil qəzasına düşmüsən.

- Danışmaq istəmirəm. Hamısı gözdür, nəfisdir. Yenicə şokdan ayılmışam. Unutmuşam artıq. Tez-tez qəza etməyə öyrəşmişəm. Fikirləşirəm ki, bu yaxınlarda özümə sürücü götürüm.

- Öz işlərindən heyran olduğun hansıdır?

- Mən işlərimdə ayrı-seçkilik etmirəm. Hamısında heyran olduğum məqamlar var. Sadəcə, bu məqamları görməyə saf, gözəl gözlər lazımdır.

- Səncə, Nailin varlığı bəzilərini niyə qıcıqlandırır?

- Artıq alışıblar (gülür).

- Həyatında hansı yolu seçmisən - mübarizə, yoxsa səbir?

- Səbir, səbir, düşünülmüş addımlar.

- Bu yay harda dincəlmisən?

- Hələ ki dincəlməmişəm. İnşallah, qışda gedəcəm Dubaya.

- Özündə bəyənmədiyin cəhət hansıdır?

- Hamı ilə səmimiyəm. Amma, bəlkə də, bu müsbət cəhətimdir və insanları başa düşürəm, sevirəm.

- Tək qalanda nə haqda fikirləşirsən?

- Gələcəyimi düşünürəm. Atdığım addımları, yaşadığım günləri analiz edirəm. Amma heç sevmirəm təkliyi. Tək qalan kimi özümə qulaq yoldaşı axtarıram.

- Çalışırsan şou-biznesdə həmişə diqqət mərkəzində olasan. Səbəb nədir?

- Hər zaman çalışıram ki, üzdə olum, dəbdən düşməyim.

- Nə vaxta qədər müğənnilərlə işləyəcəksən?

- Müğənnilər məndən, mən onlardan bezənə qədər. Məncə, bu, heç vaxt olmayacaq, həmişə işləyəcəyik.

- Tənqidə münasibətin necədir?

- Tənqid gözəl şeydir, amma yerində.

- Şou-biznesdə bəzi kişi müğənnilər plastik əməliyyatlar etdirir, saç əkdirir. Nailin necə, nə vaxtsa buna ehtiyacı olacaq?

- İnşallah, sentyabrda burnumu əməliyyat etdirəcəm. Burnumda əyrilik var. Bunu gözəllik üçün yox, sağlamlığıma görə etdirəcəm. Ümumiyyətlə, çox qorxuram qandan, həkimdən. Amma ürəklənmişəm, gedəcəm.

- Şou meydanında özünə hansı çərçivəni yaratmısan?

- Maraqlı çərçivə yaratmışam. O çərçivədə bir-birinə düşmən olan müğənnilər çoxdur. Onların hamısı dostlarımdır. Mənim üçün eynidir. Mən bir-biri ilə küsülü olan müğənnilərlə daha çox işləmişəm.

- Ulduzluq xəstəliyinə tutulmaqdan qorxmursan ki?

- Artıq virusları özüm daşıyıram. Baxır harda, kimə qarşı ulduzluq eləmək lazımdır. Çünki səni buna məcbur edirlər.

- Səncə, bəzi müğənnilərdə məhəbbət çatışmazlığı var?

- Sevməyən insan oxuya bilməz. Sadəcə, bəzi müğənnilərdə ağıl çatışmazlığı var.

Rejissorlar bir kadrı ən yaxşı halda birinci dubldan çəkə bilirlər. Mənim Naillə söhbətim birinci kadrın ikinci dublunda yekunlaşdı. Kim bilir, bəlkə də, bu, elə ikinci kadrın birinci dublu idi...

Şəlalə Nəriman

O.M.