Şuşada verilən mesaj: bu yol Ermənistanı məhvə aparır

Şuşada verilən mesaj: bu yol Ermənistanı məhvə aparır

11 Noyabr 12:37
97
Bəyəndim (0) Bəyənmədim (0)

Oxuməni.az Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovun Teleqraf.com-a müsahibəsini oxucularına təqdim edir:

- Tofiq müəllim, üçtərəfli Bəyanatın imzalanmasından iki il ötür. Bu müddətdə həll edilən və edilməyən məsələlərin xronologiyasına diqqət etsək, real mənzərəni necə qiymətləndirmək olar?

- 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli sənəd digər bir nöqteyi-nəzərdən qiymətləndirilməlidir. İlk növbədə bu, Azərbaycanın öz məqsədlərinə çatması üçün vacib bir mərhələ idi. Bu sənədin icrası nəticəsində Azərbaycan əsgəri Beyləqana yaxın mövqelərdə deyil, Ermənistanla sərhəddə dayanır. Bu təbii ki, hələ şərti sərhəd hesab edilir. Hazırda isə Azərbaycanın üçrəngli bayrağı Şuşada, Kəlbəcərdə, Qubadlıda və digər ərazilərimizdə dalğalanır. Bu baxımdan Azərbaycanın indiki vəziyyəti 2020-ci ilin 27-i sentyabrı ilə müqayisə edilə bilməz. İndi mövqelərimiz olduqca güclənib. Təbii ki, bəzi məsələlər həll edilməyib. Çünki ümid var idi ki, Ermənistan bu cür məğlubiyyətdən, kapitulyasiya sənədinə imza atdıqdan sonra 10 noyabr 2020-ci ildə imzalanan Bəyanatın bütün bəndlərini icra edəcək.

- Razılaşmada yer alan üçüncü tərəfin, yəni Rusiyanın Bəyanatla bağlı davranışları ilə bağlı nə demək olar?

- 10 noyabr üçtərəfli Bəyanatı imzalanan vaxt əminlik var idi ki, Rusiya tərəfi bu razılaşmanın təminatçısıdır. Amma sonradan biz gördük ki, razılaşmanın bir çox bəndlərinin icrası təmin edilsə də, bəzilərinin həlli qalıb. Bu baxımdan da, indi vəziyyət elədir ki, biz öz məqsədlərimizə daha çox yaxınlaşmışıq. Demək olar ki, ölkəmiz öz məqsədlərinə nail olmaq üçün çox əsaslı mövqelər yaradıb. Buna ölkəmizin gücü və potensialı da mövcuddur.

- Azərbaycan-Ermənistan xarici işlər nazirləri Vaşinqtonda ABŞ-ın təşəbbüsü ilə yenidən bir araya gəldi. Soçi görüşlərindən sonra yenidən ABŞ-ın vasitəçiliyindən hansı gözləntilər var?

- Vaşinqton prosesi çox vacib bir meydandır. Bu, Azərbaycanın yenidən öz mövqelərini bəyan etmək üçün yaxşı bir platformadır. Bu mövqe isə Azərbaycanın təklif etdiyi 5 prinsipdən ibarətdir. Bu, gələcək sülh sazişinin əsasını təşkil edən prinsiplərdir. Amma Ermənistanın siyasəti eyni zamanda digər bir mövzuya da diqqət yetirilməsini tələb edir. Bunun hansı sənəddə öz əksini tapacağı hələ ki bilinmir. Qəbul edilən öhdəliklərin icrası mütləq təmin edilməlidir. Əgər burada qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyin və bir-birinin daxili işlərinə qarışmamaqla bağlı bəyanat verilsə də, bu, başqa bir suallar yaradır. Çünki burada Ermənistanın praktiki addımları ilə bağlı məsələlər açıq qalır.

- Ermənistanın praktiki addımları dedikdə nəyi nəzərdə tutursunuz?

- Ermənistan dövlət səviyyəsində öz büdcəsi və digər yollarla Qarabağda hələ də qalmaqda olan qondarma rejimin separatçılarına dəstək verir. Bununla bağlı Ermənistanın dövlət büdcəsində xüsusi bir maddə yer alıb. Gələn il üçün də bu məsələ Ermənistanın dövlət büdcəsində öz əksini tapıb. Ona görə də götürülən öhdəliklərə Ermənistanın əməl edəcəyi bəyan edilmiş olsa belə, onun dövlət büdcəsinindən ayrılacaq həmin yardımlar məsələsini də birdəfəlik həlli vacibdir.

- Sizcə, Ermənistanın danışıqları manipulyasiya etməkdə məqsədi nədir?

- Ermənistan hələ ki köhnə siyasətini təzə şəraitdə davam etdirməyə cəhd edir. Beləliklə də ortaya çox ciddi məsələlər çıxır. Hələ ki vasitəçilər Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıyan bəyanata imza atmasına nail ola bilməyiblər. Ermənilər də hər cür vasitə ilə bu məsələdən qaçır. Belə olan halda əldə edilən razılaşmanın müddəalarının icrası vəziyəti ortaya çıxanda da problemlər yaranacaq. Ona görə də Vaşinqtonda tərəflər arasında aparılan danışıqların, fikir mübadiləsinin olması çox vacibdir. Çünki ABŞ tərəfi real mövqeləri və addımları daha yaxşı görəcək. Onlar bir daha şahidi olacaqlar Ermənistan sülhə hazır deyil.

- Prezident İlham Əliyev Şuşada Ermənistan və ona qahmar çıxmağa çalışan tərəflərə yenidən açıq mesajlar verdi. Qarşı tərəfin nəhayət bundan nəticə çıxarmaq ehtimallarını necə dəyərləndirirsiniz?

- Ölkə başçısının mövqeyi konseptual məsələlərə hesablanmışdı. Burada bir çox məsələlərə Azərbaycanın mövqeyi baxımından aydınlıq gətirildi. Daha doğrusu ayrı-ayrı yerlərdə səslənən fikirlərə çox dolğun və dəqiq cavab verilib. Şuşada dövlət başçısı tərəfindən səslənən mesajlar çoxdur. Sözsüz ki, bunun hamısının əhəmiyəti var. Burada diqqət çəkən bir məqam odur ki, Prezident erməni xalqına müraciət edib. Bu da ondan ibarətdir ki, indi erməni xalqı seçim qarşısındadır. Onların hansı yolu seçəcəkləri bəlli deyil. Konfrantasiya, revanşizm yolu seçiləcəksə dövlət başçısının da dediyi kimi Azərbaycan buna layiqli cavab verməyə hazırdır. Həmçinin bu qarşıdurmada hansısa bir tərəfdarlarla Azərbaycana təzyiq etmək də mümkün olmayacq. Çünki erməni tərəfi bu yolu seçmiş olsa, Azərbaycan sözsüz ki, buna adekvat cavab verəcək. Amma Ermənistan cəmiyəti nəhayət düşünməlidir ki, bu yol onlar üçün yeni itkilərə gətirib çıxaracaq. Burada digər yol sülhdən keçir. Sülh yolu seçilsə itkilərdən, qarşıdurmadan xilas olub gələcəyə baxmaq mümkündür. Ölkə başçısı tərəfindən Şuşada səslənən məqamlardan bir o oldu ki, bəziləri Ermənistanın xoşuna gəlmək üçün hansısa bəyanatlar verir. Əslində bu bəyanatlar heç də Ermənistanın maraqlarına görə edilmir. Xarici oyunçular burada öz maraqlarını güdür. Bunun isə qurbanı erməni xalqı olacaq. Bu baxımdan ölkə başçısının vermiş olduğu mesaj qarşı tərəf üçün çox vacibdir.