“Soçi sənədində  Azərbaycan əleyhinə bəndlər olub...” - “Putinlə Paşinyan görüşdən öncə birlikdə planlaşdırmışdılar ki...”

“Soçi sənədində Azərbaycan əleyhinə bəndlər olub...” - “Putinlə Paşinyan görüşdən öncə birlikdə planlaşdırmışdılar ki...”

4 Noyabr 13:39
195
Bəyəndim (1) Bəyənmədim (0)

Qabil Hüseynli: "Rusiya Azərbaycanın ədalətli mövqeyi qarşısında məkirli planını həyata keçirməyin mümkün olmadığını görüb və buna görə də geri çəkilib"

“İtandakı molla rejiminin tarixin arxivinə atılmasına elə də çox vaxt qalmayıb”

Ötən ayın son günü Soçidə baş tutan üçtərəfli görüş Azərbaycanla Ermənistan arasında sülhə nail olunması yolunda həlledici rol oynamadı. Rusiya İrəvan-Bakı münasibətlərini qaydaya qoymaq əvəzinə özünün bölgədəki rolunu şişirdilmiş formada təqdim etməyə, regiona başqa güc mərkəzlərini buraxmayacağını göstərməyə çalışdı. Nəticədə Putin özü etiraf etdi ki, bir sıra məsələlər üzrə razılığa gəlmək mümkün olmadı. İndi isə ruslar çalışır ki, “Qarabağ problemi”nin həllini gələcək nəsillərə ötürsün. Bakı məsələnin mümkün qədər tezliklə həllində maraqldır. İrəvn isə faktiki olaraq Moskva ilə Brüssel arasında qalıb.

Oxuməni.az mövzu ilə bağlı sabiq dövlət müşaviri, professor Qabil Hüseynlinin Azpolitika.info-ya müsahibəsini oxucularına təqdim edir:

- Qabil müəllim, İranın Azərbaycan sərhədində keçirdiyi hərbi təlimlər, Xankəndində təşkil olunan erməni mitinqi və “Valday” klubunda verilən açıqlamalar fonunda Soçidə üçtərəfli görüş keçirildi. Görüşün yekunlarına dair bəyanat qəbul olundu. Putinin təşəbbüsü ilə keçirilən bu görüşün nəticələrini necə qiymətləndirirsiniz?

- Mən bunu sülhyaratma prosesinin imitasiyası kimi qiymətləndirirəm. Çünki burada real olaraq sülhyaratma prosesinə töhvə verəcək heç bir addım atılmadı və ya atmaq mümkün olmadı. Görüş ərəfəsində Nikol Paşinyan və Vladimir Putin Xankəndində keçirilən mitinqə sinxron ola biləcək addımlar atmağa hazırlaşırdılar. Onlar “dağlıq Qarabağ” mövzusuna dair və sülhməramlıların indi olduğu ərazidə daha çox qalmasını nəzərdə tutan maddələri bəyanata daxil etmək niyyətində idilər. Özü də 15-20 illik müddətinə. Amma Azərbaycan Prezidentinin səyləri nəticəsində bu məkirli plan həyata keçmədi, həmin maddələr bəyanatın yekun mətninə düşmədi.

Faktiki olaraq belə çıxdı ki, Soçi görüşü formal xarakter daşıyırmış. Alternativ Brüssel platforması bütün parametrlər üzrə Soçi və ya Moskva görüşlərini üstələyir.

Moskva bölgədə gərginliyin aradan qaldırılması niyyətində deyil. O, öz silahlı qüvvələrini bölgədə daha çox saxlamaq niyyəti ilə gərginliyi bir qədər də artırır. Üstəlik, Qərb və Avropa İttifaqı ilə sülhyaratma prosesində apardığı rəqabət onun məkirli geostrateji niyyətləri ilə birlikdə sülh prosesinə ciddi ziyan vurur.

- Rusiya Soçi görüşü ilə dünyaya bölgənin məhz onun təsir dairəsində olduğunu, buraya heç kimi buraxmayacağını nümayiş etdirə bildimi?

- Məncə, bunu etməyə çalışdı, hətta Paşinyanı Putinin çətiri altına salmaqla “Ermənistan mənim təsir dairəmdədir” təsəvvürünü yaratmağa cəhd etdi. Amma üçtərəfli görüşdən əvvəl Paşinyan və Putin arasında ciddi fikir ayrılıqlarının olmasına dair məlumatlar vardı. Hətta Paşinyan Putinə deyib ki, bölgədə sülhyaratma prosesində Brüssel platforması dah münasibdir və biz bu yolla getmək məcburiyyətində qalacağıq. Azərbaycan isə bu görüşdə özünü sərbəst, müstəqil və heç nəyə əhəmiyyət vermədən dövlətimiz əleyhinə olan məkirli planları pozmaq xəttini tutdu. Beləliklə də Putinin Rusiyanın bölgədə açar dövlət olması və moderatorluğu əldən verməyəcəyinə dair görüntü yaratmaq istəyi fiasko ilə başa çatdı. Deyərdim ki, Soçi görüşündən sonra həm Putinə, həm də onun bölgədə yürütmək istədiyi siyasətə dair ağır və üzücü təəssürat qalır. Hesab edirəm ki, bundan sonra Rusiyanın başını qaldıraraq bu mövzuda hansısa fikir söyləməyə mənəvi haqqı azalıb və zamanla bu haqq tamamilə yoxa çıxacaq.

- Soçidə qəbul edilən üçtərəfli bəyanatı necə analiz etmək olar, orada Azərbaycanın əleyhinə, Ermənistanın lehinə olan hansısa məqamlardan danışmaq olarmı?

- Bəyanatda əleyhimizə olan heç bir detal görmürəm. Putinin də etiraf etdiyi kimi, “mütəxəssislərin” əvvəlcədən hazırladığı mətni dəyişməyə məcbur olublar, hansı ki, biz belə mətnlərin necə hazırlandığını yaxşı bilirik. Əslində, həmin sənəddə əvvəldən hazırlanan və Azərbaycan əleyhinə müddəalar yer alan bəndlər olub. Bu bəndlər də Azərbaycan Prezidentinin ciddi etirazları və qətiyyətli mövqeyi sayəsində mətndən çıxarılıb. Hətta Putin də deməyə məcbur oldu ki, bəzi müddəaları mətndən çıxarmalı olublar.

Mətndə diqqəti cəlb edən həm də o idi ki, tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyır. Üstəlik, Rusiya da tərəflərin ərazi bütövlüyünü tanıyır. Bu da onu deməyə əsas verir ki, Rusiya Azərbaycanın ədalətli mövqeyi qarşısında məkirli planını həyata keçirməyin mümkün olmadığını görüb və buna görə də geri çəkilib.

Bunun nəticəsi olaraq Soçi görüşündən çıxan Nikol Paşinyan dərhal mollaların yanına - Tehrana qaçdı. Özü də bəyan etdi ki, Soçi görüşü haqqında İran Prezidenti Rəisiyə hesabat verib. Əslində, mən burada təəccüblü heç nə görmürəm.

- Niyə?

- Artıq faşist xarakterli erməni dövlətinin ondan geri qalmayan mollakratiya rejimi ilə əməkdaşlığı hər şeyi ortaya qoyur. Yəni, kimin kimlə oturduğu, kimin kimə tay olduğu ortadadır. Dünənə qədər müsəlmançılıqdan, “islam inqilabı”nın dünyaya ixrac edilməsindən danışan molla rejimi bu gün qəsbkarlıq, işğalçılıq siyasəti aparan və müsəlman dövlətinə qarşı təcavüz həyata keçirən, bir milyon müsəlmanı yurd-yuvasından didərgin salan, etnik təmizləməyə məruz qoyan, Xocalı və Qaradağlı kimi qanlı soyqrımlar həyata keçirəm Ermənistanla əməkdaşlıq etməklə öz mahiyyətini bir daha üzə çıxarır. Molla rejimi dünənə qədər terrorizmə dəstək verən ünvan kimi tanınırdısa, bundan sonra faşizmə dəstək verən dövlət kimi xarakterizə edilə bilər. Məsələn, Yaxın Şərqdəki terror qruplarını yardımla bəsləyən mollalar bu gün faşist Ermənistanı dəstəkləməklə dünya ictimai fikir tarixində yeni iz açır.

Azərbaycan xüsusi xidmət orqanı tərəfindən ölkəmizə qarşı silahlı terroru qarşısına məqsəd qoyan dəstənin ifşa edilməsi və bu fəaliyyətə İranın Azərbaycandakı səfirliyinin rəhbərlik etdiyinin ciddi faktlarla sübuta yetirilməsi göstərir ki, İran dövləti “nəmənə bir şeydir”. Ondan insanlığa, müsəlmançılığa, hüquqlara qarşı hər cür terror hərəkətlərini gözləmək mümkündür.

- Bundan sonra Azərbaycana qarşı hansı təzyiqləri gözləmək lazımdır?

- İran deyilən başıbəlalı ölkə ilə Rusiya adlandırılan imperialist dövlət həmişə Cənubi Qafqaz mövzusunda ortaq hərəkətlər edib. Bu gün tarix sanki təkrarlanır. Gözlər önünə1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələri gəlir. Bu müqavilələrlə Azərbaycanın ikiyə bölünməsi xatırlanır. Baş verənlər göstərir ki, bu sənədlərin üzərindən 200 il keçməsinə baxmayaraq tarix təkrarlanır və baş rollarda yenə İran və Rusiya çıxış edir. Amma dünya nə 1813, nə də 1828-ci ildəki dünya deyil. Dünya dəyişir, yeni nizam yaranıb. Bu nizamı diktə edən dövlətlərin Rusiya və ya mollakratiya rejimi kimi ucuz, səviyyəsiz, qəddar münasibət ortaya qoyan tərəflərlə heç bir əlaqəsi yoxdur. Dünya dəyişir və bu dünyada nə Rusiyanın imperalist cəhdlərinə, nə də mollakratiyanın əzələ nümayiş göstərməsinə yer olmayacaq.

Əslində, tarixin laxlayan və ayaq üstə güclə dayanan molla rejimini süpürüb arxivə atmasına elə də çox vaxt qalmayıb. Bölgənin başı üzərindən həm Rusiya hegomonluğunun izləri, həm də mollakratiya tədricən silinmək üzrədir. Günlərin birində biz daha azad, daha müstəqil, daha firavan Cənubi Qafqaz görəcəyik.

- Noyabrda Brüsseldə Azərbaycan və Ermənistan arasında müxtəlif formatlarda görüşlər planlaşdırılır. Hansı gözləntilər var?

- Mənim zənnimcə, Soçi görüşünün fiaskoya uğramasından sonra Brüssel platforması yeni impuls alacaq. Onsuz da sərhədlərin delimitasiyası ilə bağlı görüş Brüsseldə oldu. Ardınca Azərbaycan və Ermənistan liderlərinin bir araya gəlməsi gözlənilir. Zənnimcə, proseslərə yeni təkan vermək üçün Avropa İttifaqı ortaya ciddi güc qoymalıdır və qoyacaq. Bu səylər nəhayət sülh müqaviləsinin imzalanmasına, tərəflərin bölgədə dayanıqlı sülh yaratmasına gətirib çıxara bilər.