Prezidentin üçtərəfli danışıqlar təklifi: Qərb və Rusiya oyundan çıxarılır

Prezidentin üçtərəfli danışıqlar təklifi: Qərb və Rusiya oyundan çıxarılır

27 Oktyabr 2022 15:15
Bəyəndim (0) Bəyənmədim (0)

Oxuməni.az politoloq Zərdüşt Əlizadənin Teleqraf.com-a müsahibəsini oxucularına təqdim edir :

- Zərdüşt bəy, Rusiyanın yenidən təşəbbüsü ələ alaraq Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında görüş üçün təkliflə çıxış etməsi Brüssel və Praqa gündəliyindən sonra nə dərəcədə təsirli ola bilər?

- İndiki vəziyyət elə formalaşıb ki, Qərbin və Rusiyanın yanaşmalarında ciddi fərqlər yoxdur. Yəni vəziyyətə bir məsələ təsir göstərir. O da 44 günlük müharibədə Azərbaycanın qələbəsidir. Bu qələbəni Rusiya və Qərb də qəbul edir. Sadəcə Qərbin istiqamətlər, gələcək sülhün cizgiləri barəsində fikirləri fərqlidir. Qərbin istəyi odur ki, münaqişə bitsin, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın. Bundan sonra iki ölkə arasında dəmir və avtomobil yolları açılsın, kommunikasiyalar bərpa edilsin. Eyni zamanda Türkiyə-Ermənistan, Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşsın. Bunun ardınca isə Qərb özünün iqtisadi, siyasi üstünlüyündən istifadə edib bölgədə mövqelərini gücləndirsin.

- Sizcə, Qərb və Rusiyanın sülh prosesinə yanaşmasındakı əsas fundamental fərq nədən ibarətdir?

- Hazırda Rusiyada iqtisadi, siyasi üstünlüklər yoxdur. Ona görə də, Rusiya üçün təsiredici vasitə münaqişənin qalmasıdır. Rusiyanın istəyi odur ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi elə imzalansın ki, Qarabağ məsələsi potensial münaqişə ocağı kimi qalsın. Bununla da rus sülhməramlıları bundan sonra da bölgədə mövcudluğunu qorusun. Qarabağın “gələcəyi” məsələsi isə sonraya saxlansın. Bu baxımdan Qərbin və Rusiyanın prosesə yanaşmasındakı fundamental fərqlər məhz budur.

- Avropa İttifaqının vasitəçiliyi ilə sülh prosesinin sürətlə irəliləməsi müşahidə edilirdi. İndiki real vəziyyəti necə şərh etmək olar?

- Əslində Qərb təşəbbüsü ələ alıb sürətlə irəliləyirdi. Praqa görüşü bunun parlaq nəticəsi idi. Ona görə də, Rusiya bu prosesi Qərbin əlindən almaq üçün Azərbaycan və Ermənistan liderlərini Rusiyaya dəvət edib. Burada Rusiyanın təsir imkanları da nəzərdən keçirilməlidir. Amma unutmaq olmaz ki, Rusiyanın Azərbaycana ciddi təsir imkanları yoxdur. Çünki bizim ciddi tərəfdaşlarımız var. Eyni zamanda burada Türkiyə faktoru mövcuddur. Amma Ermənistanın arxasında heç bir güc yoxdur. Qərb Ermənistana can-can deməsinə baxmayaraq, ona kömək edə bilməyəcək. Çünki Ermənistandakı daxili vəziyyətə Rusiya daha çox nəzarət edir. Onun bu ölkəyə təsir imkanları genişdir. Belə bir şəraitdə Nikol Paşinyan məcburdur ki, Rusiyanın göstərişlərini yerinə yetirsin. Hər halda proses gedir. Ortada bir kəndir var. Rusiya və Qərb hərəsi bir istiqamətə çəkir.

- Prezident İlham Əliyevin Azərbaycan-Gürcüstan-Ermənistan arasında məsləhətləşmələrin aparılması ilə bağlı təşəbbüsünü hər iki formata alternativ kimi dəyərləndirmək nə dərəcədə məntiqlidir?

- Bəli, əslində bu, düzgün istiqamətdə atılan bir addımdır. Əgər Paşinyan bu təklifi qəbul etsə, tərəflər böyük güclərin müdaxiləsi olmadan milli maraqları nəzərə alaraq daha asanlıqla, səmərəli şəkildə ümumi razılığa gələ bilərlər. Çünki Qərbin və Rusiyanın öz maraqlarını təmin etmək məqsədilə vasitəçiliyinə qarşı Prezident İlham Əliyevin üçtərəfli qaydada danışıqlar aparılması təklifi çox düzgün bir addımdır. Hazırda “top” Ermənistan tərəfindədir. Əgər onlar Azərbaycan Prezidentinin təklifini qəbul etsələr, Ermənistan və Azərbaycan xarici təsirlərdən yaxa qurtara bilər. İki ölkə öz milli maraqlarını nəzərə alıb hansısa bir razılığa gələr. Burada həmçinin Qarabağ ermənilərinin təhlükəsizliyi və gələcəyi də həllini tapa biləsi məsələlərdir.