“ABŞ və İran Zəngəzur dəhlizinin açılmasına imkan vermirlər”

“ABŞ və İran Zəngəzur dəhlizinin açılmasına imkan vermirlər”

27 Sentyabr 16:25
394
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan-Azərbaycan münasibətləri hər keçən gün daha da gərginləşir. Halbuki biz bu ilin sonuna qədər sülh müqaviləsinin imzalanmasını, Zəngəzur dəhlizinin açılmasını gözləyirdik. Görünən budur ki, Ermənistanı sülhə gətirmək məqsədilə Azərbaycan ordusunun cəza tədbirləri davam etməlidir.

Oxuməni.az mövzu ilə bağlı siyasi şərhçi Oqtay Qasımovun Azpolitika.info-ya müsahibəsini oxucularına təqdim edir:

- Oqtay bəy, sentyabrın 12-13-də Azərbaycan-Ermənistan sərhədində baş verən hərbi qarşıdurmadan sonra ümumi ab-hava gərgin olaraq qalır. Hazırda müəyyən kontaktlar olsa da, Ermənistanın sülhə gəlməmək üçün ənənəvi siyasətini davam etdirdiyi açıq sezilir. Mövcud durumu necə qiymətləndirirsiniz?

- Əslində 12-13 sentyabrda olan hadisə qəfil baş verməyib. Proseslərin gedişatı belə gərginliklərin və qarşıdurmaların olacağını göstərirdi. Azərbaycan tərəfi də bunun baş verməməsi üçün dəfələrlə mövzu qaldırmışdı. Sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılmasına dair komissiya apreldə müəyyənləşdirilsə də, Ermənistan razılıqlara əməl etmədi, komissiyaların effektiv işləməsinə maneçilik törətdi. Sonrakı dövrdə Azərbaycan tərəfi Qarabağda qalan Ermənistan ordusunun qalıqlarının çıxarılması məsələsini gündəmə gətirdi. Məlum oldu ki, Rusiya tərəfi bu silahlı qruplaşmaların iyulun sonuna qədər çıxarılmasına dair öhdəlik götürsə də, bu, yerinə yetirilmədi. Daha sonra, avqustun 3-də Qarabağda ciddi təxribatla üzləşdik və Azərbaycan hərbçisi həlak oldu. Dərhal ordumuz “Qisas” əməliyyatı keçirərək bu təxribatlara sərt şəkildə cavab verdi. Eləcə də Laçın dəhlizinə alternativ yolun açılması da gərginliyə səbəb olsa da, erməni tərəfi üçtərəfli sazişin bəndlərinə tabe olaraq Azərbaycan tərəfinin tələblərini qəbul etdi və yerinə yetirdi. Bundan sonra ermənilər Laçın dəhlizinə alternativ yoldan istifadə etməyə başladı. Amma ümumən prosesin gedişatı gərginliklərin olacağından xəbər verirdi və hazırda da gərginlik qalmaqdadır. Çünki ortada ciddi səbəblər var.

Birincisi, Qarabağın ərazisində olan Ermənistan ordusunun hələ də çıxarılmamasıdır. Baxmayaraq ki, Ermənistan deyirdi ki, sentyabra qədər məsələni həll edəcək. Həm də qeyd edirdilər ki, guya Qarabağ ərazisində Ermənistan ordusu ilə paralel olaraq “Qarabağ müdafiə ordusu” mövcuddur və Ermənistanın üzərinə götürdüyü öhdəliklər onlara şamil edilməyəcək. Amma 10 noyabr sazişindən görürük ki, söhbət iki ordudan - Azərbaycan və Ermənistan ordusundan gedir. Əgər bunlardan kənarda hansısa silahlı qurum, birləşmə varsa, onlar artıq terrorçu kateqoriyasına girir və Azərbaycanın belə silahlı qruplara qarşı terror əməliyyatı aparması qanunidir.

İkincisi, Ukrayna savaşı ilə bölgəmizdə ABŞ-Rusiya rəqabəti də güclənməyə başladı. Bununla bərabər ABŞ və İran tərəfindən Ermənistana müəyyən reveranslar edildi. Əslində Ermənistan, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi üçün hər iki dövlətdən dəstək aldı. 30 il müddətində Azərbaycanın İranla 100 kilometrdən çox ərazisi Ermənistanın işğalı altında qalanda, Tehran “ərazi bütövlüyü bizim qırmızı xəttimizdir” deyə bəyanat vermədi. Amma 10 noyabr anlaşması ilə Zəngəzir dəhlizini açmağı üzərinə öhdəlik götürən Ermənistana dəstək verilir ki, bu dəhliz açılmasın, işlər ləng getsin. Bu dəhlizin açılmamasının əsas səbəbkarları kimi İran və ABŞ-ı göstərmək olar. Onlar Ermənistanı bu işə təhrik edirlər. Halbuki avqustun 31-də Azərbaycan və Ermənistan rəhbərliyi Brüsseldə bir araya gəldilər. Orada sentyabrın sonuna qədər xarici işlər nazirlərinin görüşü razılaşdırıldı və onlara sülh sazişi üzərində işə başlamaq təlimatı verildi. Eyni zamanda sülh sazişinin yekun mətninə Azərbaycan və Ermənistan rəhbərləri tərəfindən baxılması məqsədilə görüşün keçirilməsi də razılaşdırıldı. Amma görünən odur ki, hələ bölgədə geosiyasi rəqabət apran dövlətlər bu prosesi əngəlləməyə çalışırlar. Bu prosesin başında da ABŞ-ı görürük. Amerikada hesab edirlər ki, Rusiya bölgədən çıxarılmalı və onun yerini ABŞ tutmalıdır. ABŞ rəsmilərinin son 4-5 ay müddətində Ermənistana göndərdikləri məktublarda, verdikləri bəyanatlarda biz bunun təzahürünü görürük. Son olaraq Nensi Pelosinin İrəvan səfəri, orada verdiyi təxribatçı bəyanatlar kifayət qədər problematikdir. Bunun ardınca Baydenin Paşinyana göndərdiyi məktubda seçilən ifadələr - “münaqişənin həllinin bitmədiyi”, “Dağlıq Qarabağ xalqının hüquqları” kimi ifadələr bir daha göstərir ki, ABŞ bölgədə sülhün və əməkdaşlığın bərqərar olmasında maraqlı deyil. Üstəlik, Ermənistanın müstəqil siyasət aparmadığını nəzərə aldıqda deyə bilərik ki, bundan sonrakı dövrdə də gərginliklərlə qarşılaşacağıq. 12-13 sentyabr hadisələrinin bundan sonra da təkrar olunacağı istisna deyil. Çünki bunun əlamətləri var. Ermənistan 44 günlük savaşdan sonra bölgədə sülh prosesinə qatılmaq və regionda sabitliyin formalaşdırılması əvəzinə, revanşist xəyallarla yaşayır, Azərbaycanla sərhədi bərkidir, orada hücum silahları, hava hücumundan müdafiə qurğuları yerləşdirir. Bunların hamısı da Azərbaycana qarşı təxribat planlarıdır. Azərbaycanın da beynəlxalq hüququn ona verdiyi imkanlar çərçivəsində haqqı var ki, öz severenliyini, vətəndaşlarını qorumaq üçün preventiv tədbirlər görsün, özünə qarşı olan təhdidləri aradan qaldırsın. Bundan sonrakı dövrdə də Azərbaycan belə addımlar atmalıdır. Bəli, belə tədbirlər keçirilərkən onun hüquqi, siyasi ideologiyası, təbliğat tərəfi hazırlanraq həyata keçirilməlidir. Eləcə də Azərbaycana qarşı olan təhdidlər məhv edilərək sırandan çıxarılmalıdır.

- Yəni növbəti hərbi qarşıdurmalar gözləyirsiniz...

- Əgər, sentyabrın sonuna qədər Qarabağda yerləşən Ermənistan ordusu tam çıxarılmasa gərginlik qalacaq. Nəzərə almaq lazımdır ki, Azərbaycanın mövqeyi birmənalıdır və bütün ərazilərində suverenliyini təsdiq etmək istəyir. Bunlar çıxarılmayacağı təqdirdə biz eyni təxribatları Qarabağ tərəfdə görəcəyik. Əgər Ermənistan təxribatları davam edəcəksə, cavabını da olacaq.

Nikol Paşinyanın BMT-dəki çıxışı sülhə dəvət deyil, sülhü əngəlləmək kimi qiymətləndirilməlidir. Ermənistan açıq şəkildə və birmənalı olaraq Azərbaycanın təkliflərini qəbul etmir, ərazi bütövlüyümüzü tanımır. Bu halda necə sülh ola, əməkdaşlıq mühiti yarana bilər? Bu baxmdan düşünürəm ki, onların müəyyən təsirləri qalmaqdadır. Xüsusilə, məsələyə digər xarici qüvvələrin təsiri və maraqlarını əlavə etsək, bu daha açıq görünə bilər.

- Siz son döyüşlərin aparıldığı regionu yaxşı tanıyırsınız. O cümlədən Zəngəzur mahalını. Azərbaycan ordusunun 12-13 sentyabr tarixlərində çıxdığı ərazilər coğrafi baxımdan nə qədər əhəmiyyətlidir?

- Olduqca əhəmiyyətlidir. Təəssüf ki, 12-13 sentyabr tarixlərində erməni təxribatı səbəbindən itkilərimiz oldu. Erməni tərəfinə yerində cavab verilib, ona ağır zərbələr vurulub. Eyni zamanda olduqca strateji nöqtələrdə Azərbaycan ordusunun mövqeləri möhkəmləndirildi. Bunlar kifayət qədər ciddi mövqelərdir. Xüsusilə Qarakilsə və digər istiqamətlərdə olan mövqelərimiz Ermənistanın logistik hərəkət istiqamətlərini görməyə imkan yaradır. Həm vizul, həm də texniki baxımdan bu imkan var. Bildiyiniz kimi, Zəngəzurun Naxçıvan və Qarabağ arasında qalan hissəsi kifayət qədər dar zolaqdır. Xüsusilə, dağlıq ərazilərdən - Laçın və Kəlbəcərin dağ zirvələrindən Naxçıvan sərhədi görünür. Orada bəzi yerlərdə zolağın eni 30 kilometr ətrafındadır. Eyni zamanda bu ərazidən Ermənistanı İranla birləşdirən yollar keçir. Qarakilsədə və Qafanda hava limanı, eləcə də nəqliyyat strukturu bizim tam nəzarətimizdədir. O baxımdan biz kifayət qədər əlverişli mövqelərdəyik, sonrakı hərbi qarşıdurma zamanı da bu mövqelərimizi bir qədər də sağlamlaşdırmışıq.

Beynəlxalq sərhədlər anlayışına gəldikdə, deyim ki, Azərbaycan və Ermənistan BMT-yə qəbul edilərkən ərazi bütövlüyü tanınıb. Amma Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiya və delimitasiya prosesi getməyib, eləcə də sülh sazişi bağlanmayıb. İndi faktiki bizim sərhədimiz dövlət sərhədi deyil, təmas xəttidir. Döyüş əməliyyatı getdiyi ərəfədə isə təmas xətti dəyişə bilir.

Digər tərəfdən, Ermənistan o əraziləri öz sərhədi hesab edirdisə, 30 il ərzində niyə burada sərhəd infrastrukturunu qurmayıb? Əslində SSRİ dövründə koordinatlar olub. Mən yaşadığım kənd sərhəd kəndi olduğundan o zaman xüsusi dirəklər və işarələr qoyulurdu. Amma Ermənistan 30 ildə sərhəd qurğu işi aparmayıb, sərhəd zastvası qurmayıb. Sadəcə düşünüblər ki, bu ərazilər onlarındır. Hazırda Azərbaycan konkret mövqedən çıxış edir, deyir ki, gəlin sərhədlərin dəqiqləşdirilməsi üzrə işləyək, əlimizdə xəritələr var. Yalnız bu halda məlum olacaq ki, tərəflərin razılaşdırdığı konkret sərhəd hissəsi haradır. Mən onu bilirəm ki, Qafan-Zəngilan hissədə aparılan işlər qaydasında olub, xırda-xuruş işlər qalıb ki, bu da delimitasiya və demarkasiya prosesində müəyyənləşəcək. O baxımdan proses getməlidir. Ermənistanın hay-küy salmasına baxmayaraq nə qədər ki, sülh sazişi imzalanmayıb, sərhədlər dəqiqləşdirilməyib, bu məsələlər açıq qalacaq. Bunu da Laçında çıxışı zamanı Azərbaycan dövlət başçısı qeyd edib.

- Bundan sonra diplomatik və ya sülh danışıqlarının perspektivi necə olacaq?

- Sözsüz ki, diplomatik danışıqlar aparılacaq. Eləcə də müxtəlif təşəbbüslər olacaq. Hazırda ABŞ fəallaşmaq istəyir, artıq Nyu-Yorkda ABŞ Dövlət katibinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşdü. Düzdür, bu, nəticəsiz görüş idi, protokol görüşü oldu. Amma Blinken sentyabrın sonunda nazirlərin yenidən görüşməsini arzuladığını ifadə etdi.

Qeyd edim ki, əslində sentyabrın sonu üçün xarici işlər nazirlərinin görüşü razılaşdırılmışdı, belə bir plan var idi. Görünən odur ki, danışıqlar və diplomatiya işə düşə bilər. Ancaq təəssüflər olsun ki, Ermənistan iki ildir ənənəvi siyasətinə sadiq qalaraq nəticəsiz danışıqlar yanaşmasını davam etdirir. Ermənistanda hesab edirlər ki, proseslərin uzadılması ona gətirib çıxarar ki, hansısa geosiyasi dəyişiklik nəticəsində şərtlər ermənilərin xeyrinə dəyişə bilər və Ermənistan yenidən özünün işğalçılıq planlarını həyata keçirə bilər. İndi Ermənistanda hakim düşüncə belədir. Anti-Rusiya isterikası, ABŞ-a yaltaqlanmaq, KTMT-dən çıxmaqla bağlı deyilənlər əslində bununla bağlıdır. Onlar hesab edirlər ki, Ukrayna savaşı fonunda Rusiya zəifləyir və Qərblə daha da yaxınlaşmaq lazımdır. Guya KTMT-ni tərk edən kimi Qərb sturukturları Ermənistanı qucağına alacaq, hərbi dəstək veriləcək. Yəni düşüncə budur. Mən, hələlik diplomatik danışıqların yaxın zamanlarda hansısa nəticəyə gətirib çıxaracağına çox da inanmıram. - Demək istəyirsiniz ki, daha çox silahlar danışacaq?...

- Görünən budur. Nə qədər ki, Ermənistan ağlını başına yığmayıb, revanşist çağırışlar davam edir, xüsusilə Nensi Pelosinin İrəvan səfərindən sonra bir az da ruhlanaraq reallıqlardan uzaq düşüblər. Ona görə də Azərbaycan belə ssenarilərə hazırlaşır.

Onu da qeyd edək ki, ötən gün müdafiə naziri orduya əmr edib ki, təxribatlara qarşı sərt tədbirlər alınmalıdır. Ona görə də bu proses davam edəcək. Biz zaman-zaman atəşkəsin pozulduğunu görürük. Üstəlik, atəşkəsin pozulduğu rayonlarımız siyahısına Daşkəsən də əlavə olunub. Halbuki 30 illik münaqişə dövründə Daşkəsənin adı nadir hallarda çəkilib, lakin son dövrlərdə bu istiqamətdə təxribat intensivliyini görürük. Bu baxımdan bizim Ermənistanla sülhə yaxınlaşmağımıza bir xeyli zaman var.