ABŞ Cənubi Qafqazda oyuna girir və Ermənistanı fəlakətə sürükləyir

ABŞ Cənubi Qafqazda oyuna girir və Ermənistanı fəlakətə sürükləyir

24 Sentyabr 14:44
193
Bəyəndim (0) Bəyənmədim (0)

Oxuməni.az rusiyalı hərbi ekspert İqor Korotçenkonun Teleqraf.com-a müsahibəsini oxucularına təqdim edir:

- ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi Ermənistana səfər etdi. Həmişə Amerika balansı qorumaq üçün öz rəsmi şəxslərini həm İrəvana, həm də Bakıya göndərirdi. Bu dəfə belə olmadı. Sizcə, Amerika niyə balansı pozdu?

- Birincisi, bu səfər təkcə xarici siyasi deyil, həm də daxili siyasi xarakter daşıyırdı. Pelosinin missiyası mümkün qədər çox səs toplamaq, ABŞ-da yaşayan ermənilərin səslərini səfərbər etmək, eyni zamanda, qlobal erməni diasporunun ianələri hesabına partiya vəsaitlərini artırmaqdır. Bu, birinci amildir.

İkinci faktor budur ki, ABŞ Cənubi Qafqazda oyuna girir. Amerikalılar Ermənistan üçün Azərbaycan, Rusiya və eyni zamanda İrana qarşı oynayırlar. Əgər amerikalılar onların düşündüyü kimi uğur qazansa, o zaman gələcək konfiqurasiyada Ermənistan ABŞ-ın tərəfində olmalı, Rusiya ilə bütün əlaqələri pozmalı, anti-İran dayağı kimi çıxış etməlidir. ABŞ hadisələrin belə bir inkişaf xəttinə yönəlməsinə çalışır. Bu məqsədlə də mövcud sülh və bu gün müzakirə olunan nəqliyyat dəhlizlərinin açılması prosesini pozmağa səy göstərirlər. Bunlar iki dəhlizdir - Şimal-Cənub və Zəngəzur dəhlizləri. Buna görə də uzun müddətdən sonra Vaşinqton Ermənistan və Qarabağdakı separatçılara münasibətdə belə açıq mövqedən çıxış edir.

- Pelosinin səfəri ərəfəsində Ermənistandan Rusiya və KTMT əleyhinə sərt ittihamlar irəli sürüldü. Hətta İrəvanda KTMT-dən çıxmaq tələbi ilə aksiya keçirildi. Prosesin bundan sonrakı gedişatı haqda proqnozunuz necədir: Ermənistan istəyinə nail ola bilərmi?

- Təbii ki, Rusiya bu məsələ ilə maraqlanır. Rusiya KTMT-nin hərbi-siyasi birlik kimi qorunub-saxlanılmasını istəyir. Onu da nəzərə almaq lazımdır ki, ABŞ hələlik yalnız vədlər verir, Rusiya isə investisiya baxımından real yardım göstərir. Bu baxımdan Pelosi İrəvanda olarkən, baş nazirin müavini Overçuk da Ermənistanın paytaxtına gəldi. Pelosi vədlər verərkən, Overçuk İrəvanda Rusiya və Ermənistan arasında uzunmüddətli perspektivdə ticarət-iqtisadi əlaqələr kompleksinin inkişafını müzakirə etdi.

Təbii ki, Kreml Paşinyanın qarşısını almaq üçün lazım olanı edəcək. Amma biz bütün hallarda anlamalıyıq ki, Paşinyan etibarsız tərəfdaşdır. Qərbdən fərqli olaraq, Rusiya üçün prioritet bölgədə sülh və sabitliyin olmasıdır. Rusiyanın gördüyü tədbirlər də buna hesablanıb. Bunlar da təkcə Azərbaycanın ərazi bütövlüyünün tanınmasını deyil, həm də üç ölkənin liderlərinin iştirakı ilə Soçi və Moskvada imzalanmış üçtərəfli bəyanatların həyata keçirilməsini ehtiva edir.

- Rusiya-Ukrayna müharibənin gedişatı haqda fikriniz necədir: Kremlin əsas hədəfi nədir?

- Biz buna xüsusi hərbi əməliyyat deyirik. Bu əməliyyatın keçirilməsində məqsəd Ukrayna ərazisindən Rusiya Federasiyasına təhlükənin qarşısını almaq və bunu aradan qaldırmaqdır. Ukrayna da son illərdə belə bir təhlükə yaradırdı. Bütün bu hadisələrin məntiqi baş verənlərə gətirib çıxarıb. Buna görə də Rusiyanın xüsusi hərbi əməliyyat zamanı vəzifəsi öz təhlükəsizliyini təmin etməkdir.

Hələlik Rusiya prezidentinin bəyan etdiyi məqsədlərə nail olmamışıq. Bundan sonra Qərbdən Ukrayna rəhbərliyinə kompromis danışıqlarına icazə verilsə, o zaman durum dəyişə bilər. Kiyev danışıqlara gəlməsə, Rusiya öz təhlükəsizliyini təmin etmək üçün imkanlarından istifadə edəcək.