Rusiya hərəkətə keçdi: Paşinyana qarşı B planı işə düşdü

Rusiya hərəkətə keçdi: Paşinyana qarşı B planı işə düşdü

8 Sentyabr 2022 09:33
Bəyəndim (0) Bəyənmədim (0)

Oxuməni.az politoloq Natiq Mirinin Teleqraf.com-a müsahibəsini oxucularına təqdim edir:

- Qanunsuz şəkildə Xankəndiyə köçən erməni əsilli rusiyalı milyarder Ruben Vardanyanla bağlı fərqli fikirlər var. Bu fikirlərdən birinə görə, Vardanyan Rusiyanın Baş nazir Nikol Paşinyanın yerinə hazırladığı namizəddir. Siz bu barədə nə düşünürsünüz?

- Əvvəla, Vardanyanın özünü təqdim etdiyi biri kimi olduğunu iddia etmək özünü aldatmaqdır. O, manipuliyatordur, pullarını da cinayət yolu ilə əldə edib. Rusiyada 1 milyardı cinayətə əl atmadan qazanmaq mümkün deyil. Ayrıca, bu qədər də pulu legitim yolla çıxarmaq mümkünsüzdür. Əgər Vardanyan asanlıqla Rusiya vətəndaşlığından imtina edərək, əl-qolunu sallaya-sallaya Xankəndiyə gəlirsə və boyunu aşan açıqlamalar verirsə, demək ki, ona həmin ölkədə xüsusi xidmət orqanları tərəfindən “yaşıl işıq” yandırılıb və əldə etdiyi vəsaitlərdən rahat şəkildə istifadə etmək icazəsi verilib. Bu mənada, ona siyasi dəstək vədinin verildiyi də mümkündür.

Vardanyanın Paşinyanı əvəzləmək məsələsinə gəldikdə, bu, onun öz gücü ilə əmələ gələcək məsələ deyil. Vaxtilə Robert Köçəryan da Rusiyanın dəstəyi ilə Ermənistanda hakimiyyətə gəlmişdi. “Qarabağ klanı”nın üzvləri Ter-Petrosyanı Rusiyanın dəstəyi ilə devirərək, ard-arda Ermənistanda hakimiyyəti zəbt etdilər. Vardanyan məsələsi də həmin ssenariyə oxşayır. Çünki Rusiya artıq Sərkisyan-Köçəryan klanının hakimiyyətə gəlmək gücünün olmadığına və erməni cəmiyyətindən onlara dəstək verilmədiyinə əmindir. Buna görə də alternativ variantlar işə düşür.

Ruben Vardanyan qarabağlı deyil. Ancaq Qarabağ məsələsi üzərindən Vardanyana populyarlıq qazandırmaqla, tədricən onu Xankəndidən Ermənistana transfer etmək istəyirlər. Vaxtilə separatçı rejimin başçısı olan Köçəryan İrəvana nazir statusunda gedərək, prezidenti devirib hakimiyyəti ələ keçirmişdi. İndi eyni modeli Ruben Vardanyan üzərində sınaqdan keçirə bilərlər. Söhbət Vardanyanın yox, Rusiyanın siyasi texnoloqlarının gücündən və onların Ermənistanın ictimai rəyinə təsir imkanlarından gedir. Bu, həm də Ermənistan cəmiyyətinin və Paşinyan iqtidarının reaksiyasından asılı olacaq.

- Bəs siz necə düşünürsünüz: Vardanyanla bağlı qarşıya qoyulan hədəflərə çata biləcəklərmi?

- Açığı, düşünmürəm ki, Vardanyan bu yöndə ciddi nəticə göstərə biləcək. Çünki bu məsələ təkcə İrəvan yox, onun Qərbdəki havadarları – ABŞ və Fransa tərəfindən də ciddi müzakirə mövzusu olacaq. Yəqin ki, Qərbin xüsusi xidmət orqanları baş verənlər haqda məlumatlıdırlar. Vardanyana əngəl olan məsələlərdən biri bu ola bilər. Bu baxımdan, Vardanyanın ikili oynaması və ya ikili vədlər verməsi mümkündür, ancaq Qərbi uzun müddət aldatmaq mümkün olmayacaq.

Hesab edirəm ki, bu məsələdə ən önəmli faktor Azərbaycan və Türkiyədir. Əgər əvvəllər Qarabağ işğalda idisə və Azərbaycanın baş verənlərə müdaxilə imkanları yox idisə, indi öz ərazi bütövlüyümüzü bərpa etmişik. Yəni bütün Qarabağ Azərbaycanın ordusunun nəzarətindədir, hər nöqtəyə nəzarət edə bilirik. Yəni Vardanyanın orada Azərbaycana təhdid yarada biləcək istənilən fəaliyyəti tərəfimizdən sərt reaksiya ilə qarşılanacaq. Hesab edirəm ki, bu baxımdan, Vardanyanı Xankəndidə uzun müddət qoruyacaq güc tapılmayacaq, sonda qaçacaq. Ola bilsin ki, fəaliyyətini Ermənistanda davam etdirsin, amma Qərb baş verənləri doğru hesablayıbsa, onun orada da ifşa edilməsi uzun çəkməyəcək.

Paşinyan vasitəsilə bu adamı ifşa edəcəklər. Çünki Vardanyan oğru, cinayətkar və səviyyəsiz küçə gədəsidir. İndi Ermənistanın siyasi elitası belə bir adamı qəbul edəcəkmi? Dediyim kimi, bu, Paşinyan hökuməti və onun Qərbdəki havadarlarının davranışlarından asılı olacaq.

- Paşinyandan Azərbaycanla bağlı maraqlı açıqlamalar gəlir. Paşinyanın partiyasının üzvü Arman Yeqoyan bildirib ki, Azərbaycanla sülh danışıqlarında Qarabağ məsələsi müzakirə edilmir. Yeqoyan bunu Paşinyanın partiyanın iclasında dediyini bildirib. Hesab etmək olarmı ki, Ermənistan rəhbərliyi rəsmən Azərbaycana qarşı əsassız ərazi iddiasından imtinaya hazırlaşır?

- Açığı, bundan o qədər də əmin deyiləm. Çünki qarşıda riyakar, gündə üç dəfə fikrini dəyişə bilən bir Nikol Paşinyan faktoru var. Ayrıca, Nikol Paşinyan bu gün “iki od arasında”dır. Birincisi, Paşinyan Rusiyanın sərt gücü qarşısında narahatdır. Çünki Rusiya özünə qarşı “təhlükə” kimi gördüyü hər şeyə qarşı gücdən istifadə edə biləcək bir dövlətdir. Bunu da Ermənistan daxilində etmək üçün yetərli qədər gücü var. Ən azı erməni ordusunun zabitlərinin əksər hissəsi Rusiyanın əks-kəşfiyyat orqanlarının nəzarətindədir. Əks halda, Paşinyan Brüsseldən qayıtdıqdan dərhal sonra ermənilər sərhəd və Qarabağ istiqamətlərində atəşkəsi pozmazdı.

İkincisi, Rusiyaya əks tərəfdə dayanmış bir Qərb faktoru da var. Qərbin də Paşinyandan gözləntiləri mövcuddur. Buna görə də, düşünürəm ki, ən azı indiki məqamda Paşinyanın bu iki güc arasında balans yaradaraq, Türkiyə və Azərbaycanla sülh sazişi imzalaması ehtimalı o qədər də yüksək deyil. Açığı, bununla bağlı o qədər pozitiv deyiləm. Buna görə də, düşünürəm ki, bu vəziyyəti biz özümüz yaratmalıyıq. Yəni “Qisas” kimi əməliyyatlar davamlı olmalıdır. Separatçılar və onlara havadarlıq edən rus sülhməramlıları, eləcə də Paşinyan hökuməti əmin olmalıdırlar ki, Azərbaycana qarşı istənilən hərbi təxribata dərhal sərt cavab veriləcək. Hesab edirəm ki, bu əminliyi yaratdıqdan sonra erməniləri və onların havadarlarını istədiyimiz nöqtəyə gətirəcəyik.

Ayrıca, bu gün regional və qlobal səviyyədə geosiyasi vəziyyət çox mürəkkəbdir. İndi fikir verin ki, ABŞ kimi qlobal güc Türkiyəyə qarşı Yunanıstanı təhrik edir. Türkiyəni yeni müharibəyə çəkməklə onu çökdürmək istəyirlər. Əsas hədəflərindən biri də 2023-cü ildə Türkiyədə keçiriləcək prezident seçkisində istədikləri nəticəni əldə etməkdir. Ona görə də, bu kimi məsələlərə münasibətdə Türkiyə-Azərbaycan birliyi davamlı olmalıdır. İrəvan da anlamalıdır ki, belə bir böyük geosiyasi qarşıdurmada Ermənistan ayaq altında qala bilər. Ermənistan rəhbərliyi öz ölkəsinin varlığını təhlükəyə atmaq istəmirsə, sülhdən başqa heç bir yola getməməlidir.

Ermənistan rəhbərliyi anlamalıdır ki, vəziyyət daha da mürəkkəbləşsə, nə Fransa, nə ABŞ, nə Rusiya, nə də digərləri onu müdafiə edə biləcək. Vəziyyət tamam başqa məcrada inkişaf edə bilər. Belə təhlükələr var.

- Ermənistan baş naziri bölgədə kommunikasiyaların açılması yönündə müsbət irəliləyişin olduğunu deyib. Bu qənaətə gəlmək olarmı ki, Türkiyə və Azərbaycanın əsas hədəflərindən biri - Zəngəzur dəhlizi artıq reallığa çevrilir?

- Hələlik bəzi məsələlərlə bağlı qeyri-müəyyənlik qalır. Azərbaycan da hələlik bu yöndə qərar verməyə tələsmir. Amma baş verənlərdən demək olar ki, Zəngəzur dəhlizi məsələ ilə bağlı üfüqdə işartı görünür. Yəni bu ehtimal var. Amma dediyim kimi, qarşıda bir Paşinyan faktoru var. Paşinyan “iki od arasında” qaldığı üçün son anda qərarından vaz keçə bilər. Çünki ABŞ-ın Ermənistana müəyyən vədlər verməsi mümkündür. Bilirsiniz ki, Amerika Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil. Nəinki maraqlı deyil, hətta bu prosesi əngəlləmək istəyir. Amerika ilə yanaşı, qonşu ölkə İran da bu dəhlizin əleyhinədir. Amma Rusiya üzləşdiyi sanksiyalar fonunda Zəngəzur dəhlizi kimi yeni kommunikasiya xətlərinin açılmasında maraqlıdır. İndi Paşinyanın buna nə qədər qarşı çıxa biləcəyini görəcəyik.