"Qriqoryan həqiqəti deyir, yoxsa növbəti yalanı uydurub məsuliyyəti bizim üzərimizə atır..?"

"Qriqoryan həqiqəti deyir, yoxsa növbəti yalanı uydurub məsuliyyəti bizim üzərimizə atır..?"

30 İyul 2022 10:49
Bəyəndim (0) Bəyənmədim (0)

Həftəsonu Ermənistandan daha maraqlı xəbərlər gəlməkdədir. Ermənistan mətbuatında Azərbaycanla, konkretr olaraq Qarabağla əlaqədar hər bir informasiya həmişə diqqət çəkir və bu xəbərlərdən düşmənin nəyə kökləndiyi barədə müəyyən təsəvvür yaranır. Əlbəttə, ermənilər xarakter etibarı ilə kifayət qədər hiyləgər bir toplumdur və siyasilərindən də bu xislət yan keçmir. Ona görə də açıq mənbələrdən, yəni mətbuatdan alınan informasiyaların özünün də arxa planını öyrənmək, təhlil etmək, tələsik nəticə çıxarmamaq vacib şərtlərdəndir. Bir neçə məlumatı nəzərdən keçirməklə proseslərin hansı istiqamətdə, hansı şərtlərlə inkişafını və ya qeyri-müəyyənliyini öyrənməyə çalışaq. Bu gün daha çox maraq kəsb edən məlumatlar Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Armenpress nəşrinə verdiyi müsahibədə müşahidə edilib desək.., yanılmarıq. Bu müsahibənin bəzi məqamlarına nəzər salmağın faydalı olacağını hesab edirik.

Yeni Laçın yolunun Ermənistan ərazisində davamı olan Tex-Kornidzor avtoyolun rekonstruksiyasının nə vaxt bitəcəyi ilə bağlı suala Qriqoryanın cavabı belə olub: “ Tikinti 9 noyabr 2020 üçtərəfli bəyanatında nəzərdə tutlan müddətə başa çatacaq”. Azərbaycan tərəf yay günlərində yolun bizə aid hissəsinin başa çatacağı haqqında əvvəllər məlumat verib. Qriqoryanın məntiqi ilə razılaşsaq üçtərəfli bəyanatda yolun “üç il ərzində” istifadəyə verilməsi nəzərdə tutulur. Deməli, ermənilər üç ilin tamamında da bu yolu istifadəyə verə bilər və bəyanata əməl etdiklərinə əsaslana bilərlər. Bu isə o deməkdir ki, yeni Laçın yolu, ermənilərin sözünə görə 2023-cü ilin noyabrın ilk ongünlüyündə də istifadəyə verilə bilər. Adını da qoyarlar ki, razılaşmanın müddəalarını pozmayıblar. Bu isə o deməkdir ki, Laçın rayon mərkəzində, Zabux və Sus kəndlərində işğaldan sonra məskunlaşmış Suriya, Livan erməniləri, daha doğrusu terrorçuları o vaxta qədər həmin yerlərdən çıxıb getməyə bilərlər. Hesab edirik ki, yeni Laçın yolu Azərvaycan - Ermənistan dövlət sərhədinə çatan kimi qarşı tərəfə, əsasən Rusiya hərbi kontingentinin komandanlığına bildirməlidir ki, Ermənistan tərəfdən yolun yenidən qurulmasının ləngidilməsi yolverilməzdir və yolun bizə aid hissəsi istifadəyə verilən kimi köhnə dəhliz bağlanacaq və Laçın, Zabux və Susda məskunlaşan ermənilər bu yerləri tərk etməlidir.

Armen Qriqoryanın müsahibəsində başqa məsələlər də diqqəti çəkir. Delimitasiya məsələləri üzrə ikitərəfli komissiyanın növbəti iclasının avqustun ikinci yarısında Moskvada keçirilməsi ilə bağlı təklifin Azərbaycan tərəfdən gəldiyini deyən Təhlükəsizlik Şurasının katibi “ erməni tərəf ikinci görüşün iyunda və iyulda keçirilməsinə hazır idi”- vurğulayıb. Azərbaycan rəsmiləri də, siyasi şərhçilər də ikitərəfli komissiyanın yaranması və iclaslarının keçirilməsi, ümumiyyətlə sülh danışıqlarının süni şəkildə ermənilər tərəfdən uzadıldığını vurğulayıb. Qriqoryan həqiqəti deyir, yoxsa növbəti yalanı uydurub məsuliyyəti bizim üzərimizə atır?

Başqa diqqətçəkici məsələ Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı sualın cavablandırılmasıdır. Armen Qriqoryan: ”-Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, yalnız bizim qanunvericiliyimizə daxil olduğuna görə. Biz dəfələrlə demişik ki, Ermənistan və Azərbaycan 1991-ci ildə imzalanmış və sonradan ratifikasiya olunmuş MDB-nin yaradılması haqqında sazişlə bir-birinin ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıyıb. Və bu gün bu sənəd həm Ermənistanın, həm də Azərbaycanın qanunvericiliyinin bir hissəsidir. Bunu ikitərəfli səviyyədə də ifadə etmək lazımdır. Və dediyimiz kimi, belə bir perspektivdə bizim üçün qəbuledilməz heç nə yoxdur və Ermənistanın, bəli, Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur”. Kifayət dərəcədə pozitiv bəyanatdır və Ermənistan rəsmiləri nadir hallarda birmənalı olaraq ərazi bütövlüyümüzü tanıdıqlarını bəyan edirlər və adətən də sülhün imzalanmasının şərti kimi Qarabağın statusunu da qeyd edirlər. Armen Qriqoryan status məsələsinə toxunmayanda jurnalist tələsik “ bəs, Qarabağ, Qarabağın statusu məsələsi necə olacaq?” sualını verib. Armen Qriqoryanın bu cavabı isə birmənalı olmasa da, bizim üçün perspektiv fəaliyyətin istiqamətini göstərmək təsirini bağışlayır. Təhlükəsizlik Şurasının katibi: ”Biz dəfələrlə demişik ki, Qarabağ məsələsi bizim üçün ərazi məsələsi deyil. Bu mənada Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları bizim üçün prinsipial əhəmiyyət kəsb edir. Baş nazir Paşinyan Milli Assambleyadakı çıxışlarının birində qeyd edib ki, Dağlıq Qarabağ məsələsini Ermənistan-Azərbaycan münasibətlərindən ayırmaq ideyası var”. Yəni, birbaşa deməsə də, Qriqoryan Qarabağ məsələsinin Azərbaycan və Rusiya Federasiyası arasında həll olunacağına böyük bir işarə vurub. Əlbəttə, bu bizim üçün yenilik deyil, 10 noyabr 2020 bəyanatından sonra prosesin bu istiqamətdə inkişaf edəcəyini bilmək üçün baş sındırmağa ehtiyac yox idi. Amma, Ermənistanın bunu rəsmi mövqe kimi vurğulaması, etiraf etməsi yeni situasiya yaradır. Bizə rəsmən Ermənistanın kənara çəkilməsi çox vacibdir. Brüssel görüşləri, ABŞ-ın iki ölkə arasında münasibətlərin normallaşmasına yönəlik son günlər göstərdiyi diplomatik gedişləri də buna hesablanıb ki, sülh müqaviləsi tezliklə imzalansın.

Rusiya-Ukrayna müharibəsinin getdiyi bir vaxtda məsələnin sürətlənməsini Rusiyadan başqa hamı istəyir. Rusiya rəsmilərindən biri də etiraf etdi ki, sülh üçün başqa tərəflərin vasitəçiliyindən narazı deyillər, amma əldə olunan razılaşmalar 10 noyabr üçtərəfli razılaşmasına əsaslanmalıdır.

Olsun, amma tez olsun. Zaman indi bizim xeyrimizə işləyə bilər.

İlham İsmayıl