“Rusiyanın Azərbaycandakı adamları fəallaşıblar , Ölkədə təxribatlar ola bilər...” – “Ramiz Mehdiyev getsə də, tör-töküntüləri hələ qalır”

“Rusiyanın Azərbaycandakı adamları fəallaşıblar , Ölkədə təxribatlar ola bilər...” – “Ramiz Mehdiyev getsə də, tör-töküntüləri hələ qalır”

18 İyul 2022 13:59
Bəyəndim (0) Bəyənmədim (0)

Cümşüd Nuriyev: “Türkiyəyə qarşı təbliğat aparılması Azərbaycan dövlətinə xəyanətdir”

“Azərbaycanda FETÖ-nün tör-töküntüləri də fəallaşıb, onlar tam təmizlənməyib”

Artıq xeyli müddətdir ki, regionumuzda ciddi siyasi proseslər gedir. Rusiya Qarabağ məsələsinin birdəfəlik həllini uzatmağa çalışır və Xankəndindəki separatçıları silahsızlaşdırmaq istiqamətində konkret addımlar atmır. Əksinə, separatçıların fəaliyyəti üçün hər cür şərait yaradır. İran ənənəvi siyasətini davam etdirir və din pərdəsi altında ölkəmizdəki şəbəkəsini zaman-zaman aktivləşdirir. Bununla paralel olaraq son günlər ölkəmizdə anti-Türkiyə təbliğatının aparılması zəif də olsa müşahidə olunur.

Regionda nə baş verir və hansı perspektivlər görünür?

Oxuməni.az mövzu ilə bağlı professor Cümşüd Nuriyevin AzPolitika.info-ya müsahibəsini təqdim edir:

- Cümşüd müəllim, hazırda Rusiya-Azərbaycan münasibətlərində xüsusi gərginlik və ya fikir ayrılıqları varmı, əgər varsa, bu, özünü nədə nümayiş etdirir?

- Son 30 ildə, yəni Azərbaycan müstəqillik qazanandan bu yana Azərbaycan-Rusiya münasibətləri hər zaman gərgin olub. Hansısa mərhələlərdə və dövrlərdə münasibətlərdə gərginlik özünü daha qabarıq göstərib. Zənnimcə, 2020-ci ilin noyabrın 10-da gərginlik mövcud idi. Amma bu, getdikcə azalmağa başladı. Qeyd edim ki, Türkiyə-Rusiya münasibətlərinin yaxşılaşması bu kontekstdə Azərbaycanın xeyrinə olan amildir. Bundan başqa, Azərbaycan Prezidentinin yürütdüyü siyasət də Rusiya ilə gərginliyi aradan qaldırıb. 23 fevralda imzalanan bəyannamə Azərbaycan-Rusiya münasibətlərinə iqtisadi, siyasi və hərbi istiqamətdə yeni baxışları gündəmə gətirdi. Ona görə də, indiki mərhələdə Azərbaycan-Rusiya münasibətlərində açıq görünə bilən gərginlik çox aşağı səviyyədədir. Amma Rusiyada hərbi elitanın müəyyən xətləri var, bu daha çox ermənilərlə bağlıdır. Onların Azərbaycana qarşı olan münasibətində xəyanətkarlıq var.

Xüsusilə, onlar Ukraynadakı uğursuzluğu digər müstəviyə keçirməklə bunu ört-basdır etməyə çalışırlar. Ona görə də Rusiya-Azərbaycan münasibətlərində açıq deyil, gizli qarşıdurmaya cəhd var.

Azərbaycanda ən güclü “beşinci kolon” Rusiyanındır. Ona görə də, Rusiyanın Azərbaycanda olan adamları daha çox gərginliyi artırmağa çalışırlar. Son günlər baş verənlərdən mənim gəldiyim nəticə budur.

- Siz konkret olaraq nəyi nəzərdə tutursunuz?

- Məsələn, Sabirabadın icra hakimiyyətinin başçısının hərəkətlərini. Artıq ikinci qazidir gəlir onun yanına və sonra da özünü öldürür. Bu, Azərbaycana qarşı təxribatdır. Belə təxribatlar bəzi rayonlarda olub, bundan sonra olacağı da istisna deyil. Bununla yanaşı, Rusiyanın ermənipərəst mediasında Azərbaycanla bağlı yanlış informasiyalar, əleyhimizə olan fikirlər gündəmə gətirilir. Daxildə də rusmeyllilərin fəallaşması hiss olunur. Azərbaycanda adi bir xoşagəlməz hadisə baş verəndə onlar az qalır əllərinə həna qoysunlar. Qazi intihar edib. Məncə, bu məsələyə ayrı cür yanaşılmalıdır. Vətən üçün canını qoyan bir qazi kiminsə sözünə görə özünə qıyıbsa, bu, artıq başqa məsələdir.

Əsas məsələyə qayıdaq. Xalqı incidənlər birmənalı olaraq Rusiyaya işləyirlər. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ən çox şikayət edilən nazirlikdir. Bu nazirlik də gərək insanlara həssas yanaşsın, problemi olan qazilərlə hörmətlə davransın. Bu adamların yalnız maliyyə, sosial deyil, psixoloji problemləri də var. Odur ki, belə hallara həssas yanaşılmalıdır.

İkincisi, bu mövzuda dezinformasiya da yayılır. Bunları yayanlara baxın. Onlar Rusiyanın nəzarətində olanlardır. Ramiz Mehdiyev getsə də, tör-töküntüləri hələ qalır. İstər ölkə daxilində, istərsə də xaricdə olan adamlar bundan yararlanmağa çalışırlar. Onlar üçün vətən hissi yoxdur. Onlara sifariş verənlər əsasən Rusiya və İrandır. Övladlarımız gedib 44 gün içində canlarını, bəziləri bədənlərinin bir hissəsini qoydu. İndi rahat kabinetdə əyləşənlərin qazilərə hörmətsiz yanaşması qəbuledilməzdir. Mən hesab edirəm ki, Sabirabad rayonunda baş verənlər gündəmdə qalmalıdır. Bunlar niyə Azərbaycan dövlətinin əleyhinə gedirlər? Digər tərəfdən xaricdə, elə Rusiyada olanlar da elə fikir formalaşdırırlar ki, Azərbaycan dövləti qazilərinə baxmır. Yəni dezinformasiya maşını işləyir.

Həmçinin, ölkə daxilində gedən proseslər, müxalifətin fəallaşması və xaricdəkilərin hərəkətləri göstərir ki, Azərbaycana qarşı hansısa təxribatlar ola bilər. Bu, istisna olunmur. Əvvəlcədən də demişdik ki, Qazaxıstan və Özbəkistandan sonra çalışacaqlar ki, Gürcüstana və Azərbaycana müəyyən transferlər olsun. Əsas odur ki, biz bütün bunlara öncədən hazırlıqlı olaq. Bütün tarixlərdə hakimiyyətlərin səhvləri də, nöqsanları da olub, ideal hakimiyyət olmayıb və olmayacaq da. Biz utopik sosializmdə yaşamırıq. Amma bundan kimlərsə istifadə edirlərsə, biz millət olaraq onun üzərinə getməliyik. Qısası, biz birlikdə güclüyük.

- Siz rusiyameylli qüvvələrin fəallaşdığını iddia edirsiniz. Hazırkı dönəmdə bu fəallıq nəylə bağlıdır?

- Bu fəallaşma təsadüfi deyil. Əslində, bizim “beşinci kolon” məsələsində də bəxtimiz gətirməyib. Məsələn, Türkiyədə “beşinci kolon” iki qüvvədir - PKK və ermənilər. Rusiyada, Ukraynada və Gürcüstanda da buna oxşar vəziyyətdir. Ancaq Azəbaycan yeganə ölkədir ki, burada ən azı üç “beşinci kolon” var. Rusiyameylli, İranpərəst, Qərbyönlü və sair. Normalda bir millətin daxilində bu qədər kənara işləyən qüvvə olmamalıdır. Elə bu səbəbdəndir ki, bizdə az qala altmış siyasi partiya var.

-Son zamanlar anti-Türkiyə kampaniyası müşahidə olunur, hansısa politoloq çıxıb Türkiyəni tənqid edir, bir başqası yazır ki, Azərbaycan Ordusu Türk Ordusuna inteqrasiya oluna bilməz və sair. Sizcə, bunlar təsadüfi açıqlamalardır, yoxsa nələrsə baş verir?

- Bu hallar mənim də qarşıma çıxır. Türkiyəyə qarşı iki kolon fəaliyyət göstərir - Rusiya və İran meyllilər. Türkiyə əleyhinə olanların heç birinin qanı təmiz deyil və bu, birmənalıdır. Bunu qoyaq bir kənara. İkincisi, bizim ölkənin 90 faizi türkdür. Türkiyəyə qarşı ucuz təbliğatın aparılması Azərbaycan dövlətinə xəyanətdir. Məncə, bunun başqa adı yoxdur. Azərbaycanda Türkiyəyə qarşı kampaniya NATO-nun zirvə görüşündən sonra başlayıb. Həmin görüşdə aydın oldu ki, Türkiyənin müttəfiqləri FETÖ-nü terrorçu kimi tanıyacaq. Bundan sonra Azərbaycanda FETÖ-nün tör-töküntüləri dərhal fəallaşdı. Mən hesab edirəm ki, onlar tam təmizlənməyib. Məncə, onların özləri danışmırlar, sifariş verirlər. Amma dərk etmirlər ki, bu millətin adı türkdür. İnsan özünü sevməlidir ki, başqalarını da sevsin. Türkiyənin əleyhinə aparılan təbliğat həm də çox təhlükəlidir və “parçala və hökm sür” siyasətinin tərkib hissəsidir. Bu da imperiya siyasətidir. İran da, Rusiya da imperiya olub. Biri dağılıb, digəri dağılmaq üzrədir.

- İyulun 19-da Tehranda keçiriləcək Ərdoğan-Putin- Rəisi görüşündən gözləntilər nədir?

- Onsuz da Qafqazda “3+3” formatında əməkdaşlıq təklif olunur. Tehranda isə bölgənin üç böyük dövləti bir araya gələcək. Rusiyanın 145 milyon, Türkiyə və İranın isə ayrı-ayrılıqda 85 milyon əhalisi var. Cənubi Qafqazda isə ən böyük dövlət Azərbaycandır, Gürcüstan və Ermənistanın birlikdə heç 7 milyon əhalisi yoxdur. Burada böyük güc mərkəzi formalaşır. Gürcüstanın Rusiya ilə problemləri vardı, indi tədricən aradan qalxır. Qərb də Ermənistan və Gürcüstanı Ukrayna müharibəsi kontekstində Rusiyaya dəstək verməkdə qınayır. Yəni, bu iki ölkə az qala Rusiya tərəfə itələnir.

Tehran görüşündə çox məsələlər müzakirə ediləcək. İran da təklənir. Bayden Yaxın və Orta Şərqə təsədüfən səfər etməyib. Tehranda Türkiyə Azərbaycanın, İran və Rusiya Ermənistanın maraqlarından çıxış edəcək. Üstəlik Tehranda iki müsəlman və bir xristian dövlət başçısı bir araya gəlir. Məncə, orada həm dini, həm hərbi, həm iqtisadi, həm də siyasi müstəvidə müzakirələr aparılacaq. Ola bilsin ki, ölkələr arasında milli valyutadan istifadə məsələsinə əhəmiyyət verilsin. Şübhəsiz ki, bölgədə ticarət yollarının açılması məsələsi də əsas diqqət mərkəzində olacaq və bu da Azərbaycan üçün əhəmiyyətlidir. Görüşdən sonra daha dəqiq fikirlər söyləmək olar. Məncə, bu, İran və Rusiyanın sonuncu şansıdır. Əgər Türkiyə ilə razılaşmasalar, bunun nəticəsi ağır olacaq. Hazırda İsrail-Türkiyə əlaqələri İranı narahat edir. Üstəlik İran Suriyada anti-Türkiyə fəaliyyəti göstərir. Ehtimal edirəm ki, Tehranda razılaşma olsa, bölgədə proseslər rəvan gedəcək, əks təqdirdə gərginləşmə müşahidə edəcəyik.

Hər halda Baydenin Yaxın Şərq səfəri göstərir ki, İran üçün təhlükəli oyun başlayır. Üstəlik, bu səfər çərçivəsində bir sıra mühüm razılaşmlar əldə olunub. Xüsusilə, dini çərçivədə anlaşmalar. Məncə, Ərəb dünyasını İrandan ayırırlar. Bu, İran üçün ciddi təhlükədir. Odur ki, İran yaxşı düşünməlidir. Bu ölkəni ən azı dörd yerə parçalamaq niyyəti var.