Rusiya geri çəkilir: Bakı və İrəvan arasında şok anlaşma

Rusiya geri çəkilir: Bakı və İrəvan arasında şok anlaşma

26 Aprel 10:14
317
Bəyəndim (0) Bəyənmədim (0)

“Makronun dəyişəcəyini düşünmürəm, bu onu xislətidir. Bilirsiniz ki, Makron İran kökənli ermənidir. Ailə üzvləri 1937-ci ildə İrandan Ermənistana gəliblər, 1940-cı illərdə isə Fransaya köçüblər. Yəni Makronun qanında ermənilik var, bu birmənalıdır. Makronun arvadının birinci əri də erməni olub. Bundan başqa, Parisin meri İdalqo da ermənipərəstdir. Makronun ətrafında kifayət qədər belələri var. Yəni onun ermənilərlə bağlı mövqeyinin dəyişəcəyinə inanmıram. Amma artıq Makronun Azərbaycanın siyasətinə təsir etmək imkanları yoxdur. Çünki ATƏT-in Minsk qrupu birmənalı şəkildə dağılıb. Makronun özünün başı bəladadır”.

Oxuməni.az politoloq Cümşüd Nuriyevin Teleqraf.com-a müsahibəsini oxucularına təqdim edir:

- Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov ikinci dəfə üçüncü tərəfin iştirakı olmadan erməni həmkarı Ararat Mirzoyanla telefonda danışdı. Hesab etmək olarmı ki, artıq Azərbaycan və Ermənistan bundan sonra yola ikilikdə davam edəcək, yəni vasitəçi olmadan?

- Ən böyük arzumuzdur ki, aramızda hansısa tərəf olmasın. Bu tərəflər otuz ildə bizi barışmağa qoymadılar, əksinə, qarşıdurma yaratdılar, hər kəs öz marağına uyğun hərəkət etdi. ATƏT elə, Rusiya belə, İran da başqa cür etdi. Yəni bu işə kim qarışıbsa, vəziyyət daha da gərginləşib. Buna görə də, Azərbaycan və Ermənistanın danışıqları birbaşa aparacağına inanıram. Çünki ikinci dəfə baş tutan birbaşa danışıqlarda Azərbaycan və Ermənistan razılaşdı ki, birgə komissiya tezliklə görüşsün.

Azərbaycan birbaşa danışıqlara hazırdır. Ermənistan buna hazır deyildi. Baxmayaraq ki, İrəvanın başqa cür yanaşmaları var, amma bütün hallarda hər iki ölkənin xarici işlər nazirləri üçüncü tərəfin iştirakı olmadan telefonda danışırlarsa, bu, yerdəki məsələlərin həlli baxımından çox böyük irəliləyişdir.

- Azərbaycanla Ermənistan arasında Birgə Sərhəd Komissiyasının, habelə sülh müqaviləsinin işlənib hazırlanması ilə bağlı işçi qrupunun görüşlərinin yaxın zamanlarda təşkil olunmasına dair razılıq əldə olunub. Sülh danışıqlarından gözləntiniz nədir, gözlənilən barışıq əldə olunacaqmı?

- Barışığın olacağına inanıram. Bildiyimə görə, sərhədlə bağlı məsələlərə Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfov baxacaq, sülh müqaviləsi üzrə danışıqlara isə xarici işlər nazirinin digər müavini Elnur Məmmədov rəhbərlik edəcək. Eyni zamanda, Azərbaycanın dövlət sərhədləri ilə bağlı hansı qurumların səlahiyyətləri varsa, oradan nümayəndə iştirak edəcək. Azərbaycanın hər iki məsələ ilə əlaqədar komissiyası artıq hazırdır. Qarşı tərəfdən də bunu gözləyirik.

Danışıqlar daha yüksək səviyyədə də təşkil oluna bilər. Məsələn, bundan əvvəl işçi qrupları baş nazirlərin müavinləri səviyyəsində yaradılmışdı. Bilirsiniz ki, Şahin Mustafayev həm erməni, həm də digər əcnəbi dilləri çox gözəl bilir. Eyni zamanda, danışıqlarda təcrübəsi var. Yəni Azərbaycan tərəfində danışıqlarla bağlı qeyri-peşəkarlığın olma ehtimalı sıfıra bərabərdir, hər şey yüksək səviyyədə olacaq.

- Bəs Rusiya sülhdə maraqlıdırmı? Rusiyadan da müsbət mesajlar verilir. Brüssel görüşündən sonra Moskva fəallığını artırıb, hətta Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndə də təyin edib. Demək olarmı ki. Moskva Brüsseli qabaqlamaq üçün əldə edilmiş anlaşmaların icrasını sürətləndirəcək?

- Artıq Azərbaycan Prezidenti İlham Əliyev aprelin 25-də Rusiyanın xüsusi nümayəndəsi İqor Xovayevi Bakıda qəbul edib. Xovayev əvvəl ATƏT-in Minsk qrupunda Rusiyanın həmsədri idi. Sonra Moskva onun təyinatını dəyişdi. Ardınca ABŞ da belə bir addım atdı. ABŞ bu prosesdəki nümayəndəsi Endryu Şafferdir. Amerikalı nümayəndə də artıq Bakıda səfərdədir, ayın 29-dək burada olacaq.

Düzü, Rusiyanın bu yöndə atdığı addımları alqışlamaq lazımdır. Açığı, Rusiyadan bunu gözləmirdim. Amma görünür, Ukrayna ilə apardığı müharibə Rusiyanı mövqeyini yumşaltmağa məcbur edib. Çünki eyni anda bütün dövlətlərlə vuruşmaq Rusiya üçün sərfəli deyil. Buna başqa, Rusiya gördü ki, belə davam etsə, bütün Qafqazda siyasi nüfuzunu itirəcək. Yəni Ermənistan da əlindən çıxacaq. Eləcə də, Rusiya onu da anlayır ki, belə davam etsə, Azərbaycan Qarabağda qalan erməni terrorçularını özü çıxarmağa məcbur olacaq. Bundan sonra da Rusiya bütün Qafqazı itirəcək. Həm tarixi zərurət, həm Azərbaycanın yürütdüyü xarici siyasət və İlham Əliyevlə Vladimir Putin arasındakı dostluq münasibətləri bu məsələlərdə Rusiyanın mövqeyini xeyli yumşaldır. Daha doğrusu, onu Azərbaycanın həqiqətlərinə yaxınlaşdırır.

Hazırda Rusiyanın tutduğu mövqe bizi qane edir. Eyni zamanda, bizim Rusiya ilə heç bir problemimiz yoxdur.

- Emmanuel Makron Fransada keçirilən prezident seçkilərində qalib gəldi. Makrondan gözləntiniz nədir: ermənipərəst ritorikasını davam etdirəcək, yoxsa bölgədəki yeni reallıqlarla barışıb yola bu kontekstdə davam edəcək?

- Makronun dəyişəcəyini düşünmürəm, bu onu xislətidir. Bilirsiniz ki, Makron İran kökənli ermənidir. Ailə üzvləri 1937-ci ildə İrandan Ermənistana gəliblər, 1940-cı illərdə isə Fransaya köçüblər. Yəni Makronun qanında ermənilik var, bu birmənalıdır. Makronun arvadının birinci əri də erməni olub. Bundan başqa, Parisin meri İdalqo da ermənipərəstdir. Makronun ətrafında kifayət qədər belələri var. Yəni onun ermənilərlə bağlı mövqeyinin dəyişəcəyinə inanmıram. Amma artıq Makronun Azərbaycanın siyasətinə təsir etmək imkanları yoxdur. Çünki ATƏT-in Minsk qrupu birmənalı şəkildə dağılıb. Makronun özünün başı bəladadır. Fransa uzun müddət Avropanın diplomatik lokomotivi idisə, Makron hakimiyyətə gəldikdən sonra lokomotivdən qatara qoşulan vaqon statusuna keçib. İndi Makronun başı bununla dərddədir.

Makron daxildə islahatlar aparmaq istəyir, həmkarlar ittifaqları ona qarşı qəti mövqedədir. Eyni zamanda, Makron 50 faizdən çox səs toplasa da, ölkədən 40 faizdən çox millətçinin olması, onun başına daha bir bəla açacaq. Makron Fransanın problemlərini həll etmək iqtidarında olmasa, vaxtından əvvəl prezident seçkiləri keçirilə bilər. Çünki daxildə həm iqtisadi, həm siyasi, həm hərbi, həm də ideoloji baxımdan problemlər kifayət qədərdir. Makron da bu məsələləri həll edə bilmir. Buna görə də, Makronun Azərbaycanla bağlı nəsə edə biləcəyini düşünmürəm, heç nə edə bilməyəcək.

- ABŞ Prezidenti Co Bayden ikinci dəfə 1915-ci il hadisələrini “erməni soyqırımı” adlandırdı. Baydenə qədərki ABŞ prezidentləri bu ifadədən çəkinmişdilər. Maraqlıdır, bəs o, niyə bu ənənəni pozdu?

- Əslində, bu ifadəni ABŞ prezidentləri arasında ilk dəfə Ronald Reyqan 1981-ci ildə işlədib. Bəli, bundan sonra Reyqanı bu ifadədən çəkindirdilər. Qırx ildən sonra Bayden bunu təkrarladı. Reyqan artist idi, Bayden də siyasi şoumendir. Bu adam artıq xəyalatlarla salamlaşır, onlarla görüşür. Baydenin çox ciddi psixoloji problemləri var.

Bilirsiniz ki, orada ermənilər də var. Onlar da belə çıxışlara böyük pullar ayırırlar. Amma Baydenin nəsə deməsi, heç kimə heç nə qazandırmayacaq. İndi ABŞ-Türkiyə münasibətlərini gərginləşdirməyə çalışırlar. Bunda da ən çox maraq oradakı erməni lobbisinin payına düşür. Əslində, ABŞ-dakı erməni lobbisi heç ilk beşliyə də düşmür. Ən böyük lobbi irland-ingilis və ya anqlo-sakslardır. Bundan sonra yəhudi və yunan lobbisi gəlir. Təbii ki, yunan və erməni lobbiləri Türkiyənin favorit dövlətə çevrilməsini istəmirlər. Çalışırlar ki, ABŞ-Türkiyə qarşıdurması yaransın.

Bundan başqa, Baydeni hakimiyyətə silah tacirləri gətirib. Çünki Türkiyənin ən müasir silahlarla silah bazarına girməsi onları çox narahat edir, bunu heç cür Ərdoğana bağışlaya bilmirlər. Görünən budur ki, ABŞ-ın iqtisadi maraqları siyasi maraqlarına qurban verildi. Təbii ki, bu heç nəyi dəyişməyəcək. ABŞ-ın öz alimləri də bilirlər ki, orada soyqırımı olmayıb. ABŞ Senatı və Konqresinin arxivlərində bunun uydurma olduğuna dair kifayət qədər dəlillər var. Buna görə də, Baydenin bu sərsəm bəyanatları ABŞ-a başucalığı gətirmir. Ümumiyyətlə, xəstə adamın sayıqlamalarından narahat olmağa dəyməz. Adam xəstədir, Allah şəfa versin, başqa nə deyim.