Azərbaycana qarşı məkrli ssenari: “Kremlin divarı arxasında cızılır”

Azərbaycana qarşı məkrli ssenari: “Kremlin divarı arxasında cızılır”

21 Aprel 2022 12:14
Bəyəndim (0) Bəyənmədim (0)

“Dediyim kimi, aranı qatmaq istəyirlər, adını da “Rusiya-Ermənistan münasibətlərinin strateji yüksəkliyə qaldırılması” qoyublar. Paşinyan dünənə qədər Qarabağ məsələsinin Azərbaycan konstitusiyasına uyğun nizamlanmasını istədiyini deyirdi. Fikrini əsaslandırarkən, onu da bildirirdi ki, bunu bütün dünya, o cümlədən, Rusiya da istəyir. İndi görək, Rusiya hansı havanı çalacaq. Qarabağ Azərbaycan ərazisidir, biz də bundan başqa heç bir fikri yaxına buraxmayacağıq”.

Oxuməni.az politoloq Qabil Hüseynlinin Teleqraf.com-a müsahibəsini oxucularına təqdim edir:

- Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüş haqda fikriniz nədir? Sizcə, Putin Paşinyanı hansı məqsədlə Moskvaya çağıra bilərdi?

- Zənnimcə, Avropa Birliyinin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının aparılması və sülhyaratma prosesinin bir sıra məqamlarının uzlaşdırılması Putində qəzəb və paxıllıq yaradıb. Putin aranı qarışdırmağa çalışır. Eyni zamanda, Brüsseldə əldə edilmiş razılaşmaları təftiş etmək istəyir. Buna görə də, Paşinyanı yanına çağırdı və ona “ev tapşırığı” verdi. Üstəgəl də, gözdən pərdə asmaq üçün Mariya Zaxarovanın dediyi kimi, çoxsaylı sənədlər imzalandı. Belə sənədlərin imzalanması əvvəlcədən nəzərdə tutulmamışdı. Heç kimə sirr deyil ki, Ermənistan və Azərbaycan arasında münaqişənin yaranmasında və onun idarə edilməsində Rusiya həmişə önəmli rol oynayıb. Bu baxımdan, Xocalı soyqırımının ən azı mənəvi məsuliyyəti Rusiyanın vicdanına yazılıb.

Putin indi daha ambisiyalı çıxış etməyə başlayıb. Bundan əvvəl onun erməni xarici işlər naziri Lavrov Azərbaycan ordusunun Fərrux dağı və Ağdərə istiqamətindəki hərəkətini çox sərt tənqid etmişdi. Halbuki bu məsələ onun dövlətinə aid deyil. Hətta onu da deməyi unutmamışdı ki, qoşunlar geri qayıdacaq. Qoşunlar geri qayıtmayıb və Azərbaycan ordusu öz dislokasiya mövqelərini dəyişib, həmin ərazilərdə də möhkəmlənir.

İndi meydana Putin daxil olub. Putin də hədə dili ilə danışır. Gah Ermənistanın başını sığallayır, gah da Azərbaycanın əleyhinə fikirlər səsləndirir. Bu adam unudur ki, cəmi iki ay əvvəl Azərbaycanla strateji müttəfiqlik haqda müqavilə imzalayıb. Bir sözlə, yenidən aranı qarışdırmaq istəyirlər. Amma unudurlar ki, bölgədə Türkiyə kimi sülh və əmin-amanlığın təminatçısı olan bir ölkə var. Onu da unudurlar ki, bölgənin ən güclü ordusu Azərbaycanındır. Eləcə də Rusiya Ukrayna cəbhəsindəki müharibədə ciddi şəkildə uduzur və bu məğlubiyyətin nəticələri gələcəkdə daha fəlakətli ola bilər.

Dediyim kimi, aranı qatmaq istəyirlər, adını da “Rusiya-Ermənistan münasibətlərinin strateji yüksəkliyə qaldırılması” qoyublar. Paşinyan dünənə qədər Qarabağ məsələsinin Azərbaycan konstitusiyasına uyğun nizamlanmasını istədiyini deyirdi. Fikrini əsaslandırarkən, onu da bildirirdi ki, bunu bütün dünya, o cümlədən, Rusiya da istəyir. İndi görək, Rusiya hansı havanı çalacaq. Qarabağ Azərbaycan ərazisidir, biz də bundan başqa heç bir fikri yaxına buraxmayacağıq.

Paşinyan Moskvaya gedərkən, səfər bir günlük nəzərdə tutulmuşdu, sonra bunun müddəti ikiyə qaldırıldı. Bütün bunlar göstərir ki, Kremlin divarları arxasında Azərbaycana qarşı məkrli oyunların ssenarisi cızılır. Amma unutmasınlar ki, Azərbaycan bu məkrli oyunun həyata keçirilməsinə imkan verməyəcək. Bu səbəbdən də Ermənistana cəmi bir ay vaxt verib. Paşinyanın oradan qayıtdıqdan sonra hansı havanı çalacağına da baxmaq lazımdır. Hər halda Azərbaycan istəyir ki, bölgədə sülh olsun, nəhayət, Ermənistanın başqasının əlinin altından çıxaraq, müstəqillik və inkişaf yolunu seçsin. Amma təəssüf ki, biz görürük ki, 1988-ci ildən bəri böyük dövlətlərin barmaqları bu bölgədə gedən ictimai-siyasi proseslərin içindədir.

Vəziyyət müəyyən həddə qədər mürəkkəbləşə bilər. Hesab edirəm ki, Türkiyə-Azərbaycan birliyi bu durumu yaratmaq istəyənləri ram edəcək, onlara meydan sulamağa imkan verməyəcək və bölgədə Ermənistanın özünün də xeyrinə olan proseslərin inkişafına rəvac verəcək. Yerdə qalan bütün hallar istisnadır, region və ölkələrinin maraqlarına ziddir. Buna görə də, dövlətlər öz maraqları çərçivəsində hərəkət etməlidirlər.

- Bəs Moskvadan qayıdan Paşinyan mövqeyini dəyişəcəkmi?

- Avropa Birliyinin bölgədə sülhyaratma prosesinə daxil olmasında Paşinyanın kifayət qədər rolu var. Fransanı da, Şarl Mişeli də Makron vasitəsilə o, dilə gətirirdi. Bu kontekstdə də, indiyədək söylənməyən və ya sirli pərdə arxasında saxlanılanılan fikirlərin böyük əksəriyyəti açılıb və mətbuata deyilib. İndi Nikol Paşinyan qayıdıb nələrisə başqa formada əsaslandırmağa çalışacaqsa, bu, başdan ayağa biabırçılıq olacaq, Azərbaycan-Ermənistan münasibətlərinin xeyli kəskinləşməsinə, bölgədə sülhyaratma istiqamətində qət edilmiş məsafənin itirilməsinə, üstəgəl, İrəvan-Brüssel münasibətlərinin pisləşməsinə gətirib çıxaracaq.

Paşinyan onsuz da Moskvada ciddi xətalara yol verdi, Rusiyaya qarşı beynəlxalq sanksiyaları pislədi və bu prosesə qoşulmayacaqlarını bildirdi, Rusiyanın addımlarının “haqq-ədalət işi” olduğunu bəyan etdi və s. Bu, həm Ermənistana müəyyən sanksiyaların tətbiq ediləcəyi, həm də Paşinyanın Qərbdəki imicinə zərbənin vurulması deməkdir. Əgər qayıdıb öz hərəkətlərinə yeni çalarlar əlavə edəcəksə, yenə də fikrini dəyişəcəksə, bu, Paşinyanın bir dövlət və hökumət başçısı kimi tamamilə sıradan çıxması demək olacaq. Çünki dünya belə riyakarlığa dözmür.

- Sizcə, mövcud situasiya prosesləri hansı yönə apara bilər?

- Yəqin ki, Azərbaycan ordusunun separatçıların yaşadıqları ərazilərdəki hərəkətinin qarşısını almaq üçün sülhməramlılara göstəriş verilib. Azərbaycan ordusu indiyədək sülhməramlılarla qarşı-qarşıya gəlməyib. Zənnimcə, çalışacaq ki, bundan sonra da gəlməsin. Putin də yüz il oturub bu dünyanı gözləyəsi deyil, hər gün onun durumu ilə bağlı məsələlər dünya mediasının gündəminə gətirilir. Üstəgəl, Azərbaycan Türkiyə ilə məsləhətləşərək, bu yöndə müəyyən addımlar atacaq.

Əgər Rusiya bölgəyə ordu yeritmək istəyəcəksə, bunun da cavabı veriləcək. Artıq Rusiya regional səviyyədə də dövlət deyil, ordusu dağılmış, daxildə ciddi problemləri olan, iqtisadi sanksiyaların məngənəsində sıxılan bir dövlətdir. Rusiyanın bu bölgədə at oynadacaq resursu yoxdur. Məncə, Rusiya çömçəsini uzadıb burada aranı qatmaq istəyəndə yüz ölçüb, bir biçməli olacaq.