“Vəzifədə olanların oğulları erməni qızı almaqdan ötrü ölürlər”

“Vəzifədə olanların oğulları erməni qızı almaqdan ötrü ölürlər”

19 Aprel 16:59
232
Bəyəndim (0) Bəyənmədim (0)

Oxuməni.az Müasir Müsavat Partiyasının başqanı Hafiz Hacıyevin "Yeni Sabah"a müsahibəsini oxucularına təqdim edir:

- Ermənistan KİV-lərinin yazdığına görə, rəsmi İrəvan erməni cəmiyyətini sülhə hazırlayır. Bir sıra hadisələrdən, o cümlədən Azərbaycanın Xankəndiyə qaz verməsindən sonra bu istiqamətdə müzakirələr xüsusilə intensivləşib. Sizcə, sülhdən sonra Azərbaycan xalqı Qarabağ erməniləri ilə birgə yaşayışı qəbul edəcəkmi?

- Açığı, bunu gözləmirəm. Paşinyanın bu gün Moskvaya dəvət olunması, mətbuatın yazdığına görə, Arayiki kabinetindən qovması çox ciddi nüanslardan xəbər verir. Sülh müqaviləsinə hazırlaşmaq üçün bir az tezdir.

İkinci tərəfdən, onların başqa yolları da yoxdur. Dağlıq Qarabağ söhbəti yoxdur, artıq Qarabağ iqtisadi zonadır. Xankəndi də Azərbaycanın tabeliyində olan bir yerdir. Qanunla bu belə olmalıdır, amma gəlin görək ermənilər bunu qəbul edirmi?

Onları buna qoymayan Rusiyadır. İndi də Paşinyanı dəvət edib, ona nə tapşırıqlar veriləcək, bilinmir. Buna baxmayaraq, Avropada danışıqların əksinə gedir, etiraz edirlər. Bu baxımdan bizdə arxayınlıq yoxdur. Paşinyan öz ixtiyarı öz əlində olmayan adamdır, həm də Qarabağın seperatçıları Rusiyadan idarə olunur.

Ona görə sülh haqda danışmaq tezdir. Düşünürəm ki, danışıqlardan sonra qəti qərara gələcəyik.

Xankəndi öz torpağımızdır, ermənilər bunu qəbul etməlidir. Biz tolerant ölkəyik, cənab Prezident də dəfələrlə deyib ki, onlar vətəndaşlığımızı qəbul etsələr, Konstitusiyamıza uyğun hərəkət etsələr, bir yerdə yaşamağa hazırıq.

Bakıda 30 mindən artıq erməni gəlinimiz var, onlardan törəyənlər var, vəzifədə kifayət qədər erməni var. Ramiz Mehdiyevin həyat yoldaşı, qaynı ermənidir. Burada elə bir kriminal yoxdur. Bizim bəxtimiz belədir, həmişə bizdə ermənilər at oynadıblar və ən yüksək vəzifələrdədir. Bir hissəsi də Xankəndidə olsun, nolacaq ki? Onlar da ağ günə çıxar, erməni təəssübkeşliyi çəkən, onları sevən vəzifədə olan müsəlmanlarımız da var, oğulları ölür ki, erməni qız alsınlar… Burada elə bir problem görmürəm. Bəs görək, onları bizim vətəndaşlığı qəbul etməyə qoyacaqlarmı? Qoymasalar, biz onların başlarını əzməliyik, bir dənəsi də qalmamalıdır.

- Əgər bunu qəbul etsələr onlarla necə yola gedəcəyik?

- Biz dəfələrlə təklif etmişik ki, Xankəndiyə Azərbaycan Prezidentinin sərəncamı ilə azərbaycanlı mer təyin edilsin. Biz onları başa salaq. Bu olarsa, nə yaxşı, olmazsa da, biz öz torpaqlarımızı işğalçılardan azad etməliyik. Hələlik danışıqlar gedir, amma mən bu danışıqlara inanmıram.

- Siz vaxtilə ermənilərlə birgə yaşamısınız və onların xarakterinə bələdsiniz. Qarabağda seperatçılar olmazsa, onlar bizimlə sülh şəraitində yaşaya biləcək?

- Hələ ki, seperatçılar buna razılıq vermirlər. Bütün qüvvələr Paşinyana qarşı birləşiblər ki, onu devirsinlər və o, sülhə getməsin. Bu gün Paşinyan da Rusiyaya gedib. Görünür, Rusiya Ukraynada uduzmağının heyifini bizdən çıxmağa çalışır, amma bunu bacarmayacaq.

Mən ermənilərin içində böyümüş bir insan kimi deyə bilərəm ki, bizdən erməni dilini bilənlərdən, bacarıqlı biri Xankəndidə olsa, onlara izah edib, başa sala bilər. Amma ora həqiqətən bacarıqlı biri göndərilməlidir, yoxsa indikilər gəlib vəzifə tutur, sonra min hoqqadan çıxır. Biri arvadına 300 minlik maşın alır, biri dənizin qırağında villa alır…

Onlardan fərqli olaraq, milli mentalitetə uyğun, vətənini, Prezidentini sevən biri orada olmalıdır.

- Siz özünüz də Xankəndinin meri olmağa iddialısınız. Əgər sülh müqaviləsi imzalanarsa, özünüzü bu vəzifədə görürsünüzmü?

- Şəxsən mən Xankəndinin meri olsam, onlarla dil tapıb Azərbaycanda yaşamağa razı sala, seperatçılardan canlarını qurtara bilərəm. Orada hər şeyi düzgün təyin edilmiş kadr həll edəcək. Ona görə də orada Prezidentə sadiq adam lazımdır. Bugünkülərin 80-90 faizi Prezidentə xəyanət edir. Bu saat Prezidentin fərmanları icra etmirlər. Bütün günü Prezident sahibkarlar haqqında danışır, tapşırıq verir, amma verdiyi fərmanların hamısı havada qalıb, icra etmirlər.

Hakimiyyətin daxilində prezidentin tapşırığını yerinə yetirməyən təxribatçı qüvvələr var. Bu baxımdan Xankəndində onların dilini bilən, onları razı sala biləcək insanlara ehtiyac var. Biz onlara başa salmalıyıq ki, bizim erməni nazirimiz var, Bakıda nə qədər erməni var, filankəsin arvadı ermənidir yaxşı dolanır və s. Biz onlara bunu sübut etsək, düşünürəm ki, onlar bizim tələblərə razılıq verər.

- Bəs siz bunu bacaracaqsınızmı?

- Şəxsən mən bu yaşımda həmin yükü çiynimə götürməyə hazıram. Bu, Prezidenti çox istədiyimə görə, onun siyasi xəttini 30 ildir müdafiə etdiyimə görədir. İstənilən anda erməniləri Azərbaycanda yaxşı yaşamağa razı sala bilərəm.