“Səssiz qiyam”ın arxasındakı qüvvə: Azərbaycanın dostu niyə istefa verdi?

“Səssiz qiyam”ın arxasındakı qüvvə: Azərbaycanın dostu niyə istefa verdi?

5 Aprel 11:39
471
Bəyəndim (0) Bəyənmədim (0)

“Zənnimcə, Azərbaycan-Pakistan münasibətləri şəxs amilinə söykənmir. Ola bilsin ki, siyasi liderlərin burada cüzi rol oynayır. Çünki Pakistan-Azərbaycan münasibətlərinin bünövrəsi bizim böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən qoyulub. Pakistanda malyariya xəstəliyi tüğyan edəndə Hacı Zeynalabdin Tağıyev öz maddi vəsaiti hesabına Avropadan yüz minlərlə vaksin alaraq, pakistanlı qardaşlarımıza göndərib. Bu, Pakistanda malyariyanın qarşısının alınmasında çox böyük rol oynayıb”.

Oxuməni.az politoloq Qabil Hüseynlinin Teleqraf.com-a müsahibəsini oxucularına təqdim edir:

- Pakistan Baş naziri İmran Xan bir müddətdir davam edən siyasi böhrandan sonra istefa verdi. Sizcə, onu istefaya məcbur edən əsas səbəblər hansılardır? İmran Xanın özü ona qarşı hökumət və parlamentdə baş qaldırmış etirazın arxasında ABŞ-ın dayandığını iddia edir.

- İmran Xanın Vaşinqtonla münasibətləri ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması zamanı korlandı. ABŞ o zaman Pakistan üzərindən hava marşrutu açmağı və buradan Amerikanın Əfqanıstandakı hərbçiləri və diplomatlarını daşımaq istədi. Amma nəyə görəsə, İmran Xan buna icazə vermədi. Bu da əvvəllər ABŞ-la müttəfiq olmuş Pakistanın bu ölkə ilə münasibətlərini sarsıtdı. Beləliklə, ABŞ hökumətinin İmran Xana qarşı təzyiqləri başladı. Amerika Pakistan müxalifətinin əlindən tutaraq, onu İman Xana qarşı addımlar atmağa sövq etməyə çalışdı. Müxalifət tez-tez mitinqlər keçirmək və İmran Xanın istefasını tələb etmək kampaniyasına start verdi.

İş o yerə çatdı ki, İmran Xanın partiyasından olan bir neçə deputat müxalifətə keçdi. Bundan sonra vəziyyət Pakistan baş naziri üçün kritik görünməyə başladı. Çünki hakim partiyanın deputatlarının müxalifətə keçməsi parlamentdə hökumətə etimad məsələsini gündəmə gətirə bilərdi. Belə də oldu. İmran Xan isə xalqdan yeni mandat almaq və yeni, güclü fraksiya ilə hakimiyyətdəki yerini qorumaq məqsədilə prezidentdən parlamentin buraxılmasını istədi. Bu xahişi də yerinə yetirildi. İndi 90 günlük vaxt ayrılıb, bu müddət ərzində parlament seçkiləri hazırlanmalı və keçirilməlidir.

Nəticələrin necə olacağını söyləmək çətindir. Hər halda qeyd etməliyik ki, İmran Xan həm Pakistan cəmiyyətində, həm də dünyada güclü liderlərdən biri kimi tanınırdı, Azərbaycan və Türkiyəyə də isti münasibətləri ilə seçilirdi. Bu baxımdan, yeni parlamentin, hökumətin necə olacağı insanı düşündürür. Hətta bunun gözlənilməz nəticələri də ola bilər.

- Nə kimi gözlənilməz olaylardan söhbət gedir?

- Amerika Pakistan müxalifətinə ciddi yardım göstərir, onun addımlarını dəstəkləyir. Üstəgəl, İmran Xanın partiyasından olan deputatların və ya sıravi üzvlərin müxalifətə keçməsi də bu zəmində baş verir. Qorxuram ki, bu dəyişiklik və müxtəlif siyasi qüvvələr arasındakı prinsipsiz sövdələşmələr cəmiyyətdəki qüvvələr nisbətini İmran Xanın ziyanına işləyə bilər. Amma İmran Xanın liderlik keyfiyyətləri var, gözəl təbliğat aparmağı bacarır. Güman edirəm ki, siyasi mübarizə amansız və barışmaz olacaq.

- Pakistan baş nazirinin istefasında onun Rusiya səfəri və bu ölkənin lideri Vladimir Putinlə görüşünün rolu vardımı? Yəni rus ordusunun Ukraynaya işğalçı hücumunun başladığı gün Moskvaya getməsi Xan üçün xoş olmayan təsadüf idimi?

- Mənə belə gəlir ki, bu, çox yanlış addım idi. Digər yandan, Pakistanın Rusiya ilə uzunmüddətli strateji əlaqələri yoxdur. Amma buna baxmayaraq, İmran Xan həssas bir məqamda Rusiyaya getdi, rus ordusunun Ukraynadakı işğalının ilk saatlarında bir sıra sənədlərə imza atıldı və s. Hesab edirəm ki, bu dünya, xüsusən də Qərb tərəfindən yaxşı qarşılanmadı. Bu da Pakistan daxilində İmran Xana qarşı əhval-ruhiyyəni coşduran məsələlərdən biri oldu, onun əleyhinə formalaşan təlatümün əsasını qoydu.

Zənnimcə, İmran Xan həm Əfqanıstandan çıxan ABŞ və müttəfiqləri üçün Pakistanda hava dəhlizinin açılması, həm də Rusiya ilə o qədər də uğurlu olmayan münasibətlər məsələlərində impulsiv və emosional davrandı. Yəni bundan daha yaxşı hərəkət etmək mümkün idi. Bilmirəm, mənim özümə də qaranlıqdır ki, o, niyə belə tələm-tələsik addımlar atdı.

- Azərbaycanın dostu İmran Xanın istefası Pakistanın ölkəmizlə münasibətlərinə təsir edəcəkmi?

- Zənnimcə, Azərbaycan-Pakistan münasibətləri şəxs amilinə söykənmir. Ola bilsin ki, siyasi liderlərin buradakı rolu cüzi rol oynayır. Çünki Pakistan-Azərbaycan münasibətlərinin bünövrəsi bizim böyük xeyiriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən qoyulub. Pakistanda malyariya xəstəliyi tüğyan edəndə Hacı Zeynalabdin Tağıyev öz maddi vəsaiti hesabına Avropadan yüz minlərlə vaksin alaraq, pakistanlı qardaşlarımıza göndərib. Bu, Pakistanda malyariyanın qarşısının alınmasında çox böyük rol oynayıb.

Hesab edirəm ki, Azərbaycan-Pakistan münasibətlərinin bünövrəsi kifayət qədər sağlam və sarsılmazdır. Kimsə istəsə belə, bu bünövrəni dağıdıb, Azərbaycan-Pakistan münasibətlərini başqa səmtə yönəldə bilməz, bu mümkünsüzdür. Bu, uzun illərin sınağından üzüağ çıxmış münasibətlərdir. Altmış ildən çoxdur ki, bu münasibətlər belə sağlam təməllər üzərində gedir və daha da inkişaf edir. Hətta Sovet İttifaqı illərində də, Azərbaycan-Pakistan münasibətləri çox yüksək səviyyədə idi.