Bir ağacın möcüzəsi

Bir ağacın möcüzəsi

19 Aprel 2011 11:23
Bəyəndim (0) Bəyənmədim (0)

Baobab ağacları Afrikanın bir simvoludur. O, daha çox tropik ölkələrdə rastlaşan, çinar ağacına bənzəyən bitkidir. Budaqları ağac kökünə bənzəyən, kölgəsi belə olmayan bu ağac lay-lay olduğundan ağac sənayesi üçün uyğun deyil. Afrikada müqəddəs hesab edildiyi üçün toxunulmayan baobabın maraqlı hekayəsi də var.

Qara qitənin qərbində yerləşən Seneqalda ölkə əhalisinin yalnız 1 %-ni təşkil edən Serer qəbiləsinin mənsubları yaşamaqdadırlar. Onlar bir zamanlar qəbilənin ozanlarını baobab ağacının dibində basdırırlarmış. Gələcək nəsillərə şifahi xalq ədəbiyyatından bəhs edən ozanlar - yəni giriyotlar heç vaxt əkinçiliklə məşğul olmayıblar. Elə bu səbəbdən torpağı haqq etmədikləri üçün onlar öldükləri zaman qəbilə camaatı tərəfindən baobabın ətəyində basdırılırlarmış. Bu adət 1960-cı ilə qədər davam etdikdən sonra rəsmi olaraq qadağan olunub. Elə həmin vaxtdan etibarən də tədricən yaddaşlardan silinib.

Baobabdan Afrikanın fərqli ölkələrində fərqli halda istifadə edilib. Məsələn, Zimbabvedə bu ağac əksər hallarda dayanacaq rolunu oynayıb. Nigeriyada isə baobab 19-cu əsrdə türmə olacaq qədər böyük idi. Hətta bəzi insanlar bu bitkidən bir neçə mərtəbəli "villa" belə düzəldərək, ora sığınırlarmış.

Afrikanın bəzi yerlərində 5000 yaşı olan baobab ağaclarına rast gəlmək mümkündür. Hətta onların bəzilərinin doğum günü İsanın anadan olmasından əvvələ qədər uzanır.

Seneqalın milli simvolu olan bu möcüzəvi ağac özündə litrlərlə su saxlaya bilir. Ona görə də onların yanması ehtimalı haradasa 0-a bərabərdir. Yarpaqlarından şəfalı qidalar və dərmanların hazırlanmasında istifadə edilir. "Oda çörəyi" adı verilən meyvəsi isə C vitamini ilə zəngindir. Eyni zamanda heyvanların da sığınacağı hesab edilən baobab "Valt Disney" tərəfindən də unudulmayıb. "Kral aslan" cizgi filmində o "həyat ağacı" olaraq təsvir olunub.

Ağacın nemətləri kökündən ucuna kimi sıralana bilər. Belə ki, onun kökündəki mayedən kosmetik vasitələrin ərsəyə gətirilməsində istifadə olunur. Yarpaqlarından şorbalar, toxumlarından qəhvə, meyvəsindən isə tort üçün krem düzəldilir.

Onun uzunluğu 25-30 metr, eni isə 3-6 metr arasında dəyişə bilir. Bu parametrlərə baxmayaraq, baobabı ev şəraitində də böyütmək mümkündür.

İndi başa düşülür ki, "Bakılı oğlanlar" KVN teatrı Hacıbala Abutalıbovun adından baobab ağacını Bakının mərkəzində əkdirməklə düz iş görüblər...

Günel Həbib

O.M.