1 bal ayında 6 fəlakət

1 bal ayında 6 fəlakət

7 Aprel 2011 12:50
Bəyəndim (0) Bəyənmədim (0)

İsveçli Svanstrom cütlüyü bal aylarında getdikləri hər yerdə fəlakətlə qarşılaşdı: Almaniyada fırtına, Avstraliyada yanğın və Yaponiyada zəlzələ! Erika və Stefan Svanstromun 4 aylıq bal ayı tətilində başlarına gəlməyən qalmadı. Onlar yeni doğulmuş körpələri ilə birgə Almaniyadan Cənub-Şərqi Asiya sahillərinə gedəcək, sonra Avstraliyaya keçəcəkdilər. Tətilləri isə Tokioda nöqtələnəcəkdi.

Ər-arvad Almaniyaya getdiklərində bütün Avropanı təsiri altına alan qar fırtınası səbəbindən günlərlə aeroportda məskunlaşmaq məcburiyyətində qaldılar. Dəniz və qum xəyalı ilə yaşayanlar Baliyə yollansalar da, burada da onları musson yağışları rahat buraxmadı. Sonradan Erika və Stefan Avstraliyanın Perz şəhərinə keçdilər. Bu dəfə onları yeni bir uğursuzluq - bölgəni təsiri altına alan yanğın qarşıladı. Çarəsizlikdən Sairns şəhərinə yollanan səbəbkarlarımız mərcan qayalıqlarını görmək üçün dəridən-qabıqdan çıxdılar. Ancaq... Böyük fırtına onların bu arzularını elə qönçə ikən soldurdu. Canlarının dərdindən onlar 2500 nəfərlə birlikdə bir super marketə sığındılar. Xilas olduqları üçün sevinən Erika və həyat yoldaşı Stefan Yeni Zelandiyanın Kristşurş şəhərinə getdilər. Şəhərin zəlzələdən sonra darmadağın olduğunu görəndə sonuncu dayanacaq kimi Tokionu seçdilər. Lakin Yaponiyadakı 9 bal gücündəki zəlzələ və sunami ilə qarşı-qarşıya gəldilər.

Beləcə, şanslarına küsən məqaləmizin qəhrəmanları kor-peşman geri döndülər. Çox güman ki, onlar uzun müddət bal ayı planları barədə düşünməyəcəklər. Ən azından bu olay yaddaşlardan silinənə qədər...


Günel Həbib


O.M.