23 quş növü insan fəaliyyətinin təsiri səbəbindən azalıb

23 quş növü insan fəaliyyətinin təsiri səbəbindən azalıb

20 Fevral 2014 15:28
Bəyəndim (0) Bəyənmədim (0)

Qara leylək, Qafqaz və Talış qırqovulunun nəsli kəsilib

Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun əməkdaşları "Xəzər dənizinin Azərbaycan sahillərində nadir, nəsli kəsilməkdə olan quşların müasir vəziyyətinin öyrənilməsi və qorunmasının elmi əsaslarının hazırlanması" mövzusunda tədqiqat işləri aparıb.

İnstitutun mətbuat xidmətindən verilən xəbərə görə, araşdırma nəticəsində 76 nadir quş növünün müasir vəziyyəti müəyyən edilib və onları qorumaq, sayının artımına nail olmaq məqsədilə elmi əsaslandırılmış tövsiyələr hazırlanıb.

İşin rəhbəri, Zooloji muzeyin direktoru, biologiya üzrə fəlsəfə doktoru İlyas Babayevin fikrincə, bu quşların 23 növü antropogen təsir səbəbindən azalıb və təhlükəyə yaxındır. Onlardan 4 növ həssas, 9 növ təhlükədə, 11 növ isə böhran vəziyyətindədir. 1 növ (Qara leylək) və 2 yarımnövün (Qafqaz və Talış qırqovulu) nəsli kəsilib. 26 növ isə antropogen təsirdən asılı olmayaraq həmişə az saylı və ya təsadüf rast gəlinəndir.

Xəzərin Azərbaycan sahillərində bu kimi quşların məskunlaşdığı ərazilər Qızılağac Dövlət Təbiət Qoruğu, Şirvan Milli Parkı, Yenikənd Su anbarı, Ağzıbir gölü və Samur Yalama Milli Parkıdır.