
Yupiterin peykində həyat var?!
"Avropa" buzlu peykinin səthində su buxarı fontanları aşkar edilib
Amerikalı alimlər Yupiter planetinin "Avropa" adlı buzlu peykində həyat izlərinin ola biləcəyini sübut edən yeni dəlillər tapıblar. "Hubble" kosmik teleskopundan əldə edilmiş təsvirlərdə "Avropa" peykinin buzlu örtüyündəki çatlardan isti hava axınının səthə çıxdığı görünür.
"BBC" telekanalının məlumatına görə, tədqiqatçılar peykin səthində 200 kilometrədək hündürlüyü olan nəhəng su buxarı fontanları aşkar ediblər. Bu fontanlar kiçik orqanizmlərin yaşaması üçün əlverişli şəraitin olmasından xəbər verir. Məsələ burasındadır ki, maye halında olan su yer kürəsinə xas olan üzvi həyatın mütləq şərti hesab edilir.
Alimlər güman edirlər ki, Yupiterin "Avropa" peykinin özülündə, səthdən 10-30 kilometr məsafədə dərinliyi 160 kilometrədək olan okean var. Lakin Yupiterə və onun peyklərinə kosmik missiya 2022-ci ildən tez yollanmayacaq.