Roma dövrünə aid sirli daş alimləri çaşdırdı
Arxeoloqlar Niderlandda tapılan hamar ağ Roma dövrü daşının sirrini açmağa yaxınlaşıblar. Yeni araşdırma göstərir ki, tapıntı, ehtimal ki, bir oyun lövhəsidir və süni intellekt mümkün qaydaları bərpa etməyə kömək edib. Oxuməni.az xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) məlumat yayıb.
Dairəvi əhəngdaşı kəsişən düz və diaqonal xətlərlə bəzədilib. Uzun müddət tədqiqatçılar onun nə üçün istifadə edildiyini anlaya bilməyiblər. Lakin üçölçülü skan vacib bir detalı üzə çıxarıb: xətlərin bir hissəsi digərlərindən nəzərəçarpacaq dərəcədə daha dərin olub.
"Daş üzərindəki xətlər boyunca aşınma görürük - məhz fiqurların səth boyunca hərəkət etdiyi yerlərdə", - qədim oyunlar üzrə ixtisaslaşmış Leyden Universitetinin arxeoloqu Valter Krist bildirib.
Oyuqların dərinliyi bəzi marşrutlar üzrə fiqurların daha tez-tez hərəkət etdiyini göstərməyə imkan verib. Oyunun məntiqinin nə ola biləcəyini anlamaq üçün Maastrixt Universitetinin mütəxəssisləri araşdırmaya qoşulublar.
Komanda Ludii adlı süni intellekt əsaslı proqramdan istifadə edib - oyun sahəsinin formasına əsaslanaraq qədim oyunların mümkün qaydalarını bərpa edə bilən bir alqoritm. Sistemə eyni bölgə və dövrdən yüzə yaxın məlum antik oyun yüklənib.
"Kompüter onlarla mümkün qaydalar dəsti yaratdı. Sonra özü ilə oynadı və insan üçün maraqlı və oynana bilən bir neçə variant seçdi", - tədqiqatçı Dennis Soemers izah edib.
Bundan sonra alimlər ehtimal olunan gediş sxemlərini daş üzərindəki aşınma xəritəsi ilə müqayisə etdilər. Nəticədə onlar ən ehtimal olunan variantı müəyyən ediblər: strategiya rəqibin fişlərini minimum sayda gedişlə mühasirəyə almaq və "tutmaq" idi.
Bununla belə, tədqiqatçılar vurğulayırlar ki, bu rekonstruksiya hələ də bir fərziyyə olaraq qalır.
"Əgər Ludii-yə istənilən xətt sxemini göstərsəniz, o, həmişə oyunun qaydalarını təklif edəcək. Buna görə də, romalıların məhz bu şəkildə oynadığına tam əmin ola bilmərik", - Soemers qeyd edib.
Alimlərin sözlərinə görə, bu iş rəqəmsal texnologiyaların arxeoloji tapıntıların şərhinə necə kömək etdiyini nümayiş etdirir. Hətta "aldadıcı dərəcədə sadə" bir lövhə belə, demək olar ki, iki min il əvvəl mövcud olmuş mürəkkəb strateji oyunu gizlədə bilər.
Tədqiqat göstərir ki, süni intellekt tarix elmində yeni bir alətə çevrilə bilər – arxeoloqu əvəz etmədən, ona fərziyyələri yoxlamaqda və mədəni irsin itirilmiş elementlərini bərpa etməkdə kömək edərək.
Almaz Həsənli












































.jpg)
.jpg)
.jpg)




























.jpg)
.jpg)
.jpg)












