"Allah oruc tutan bəndələri ilə fəxr edər..."

"Allah oruc tutan bəndələri ilə fəxr edər..."

19 İyul 2012 17:36
929
Bəyəndim (0) Bəyənmədim (0)
Orucuna səmimi qəlbdən, şüurlu olaraq, məhz Allaha ibadət kimi əməl edən insan əslində bir mələkdir

İslamda oruc Allaha elə bir ibadət əməlidir ki, insan Allahın buyruğunu yerinə yetirmək üçün özünü sübh azanından gün batana qədər orucu batil edən şeylərdən saxlayır, dünya ləzzətlərindən çəkinir, gündəlik fəaliyyətini davam etdirsə də, özünü ancaq Allaha ibadətə həsr edir, nəfsini təmiz saxlayır və bu zaman şeytan onun qəlbinə yol tapa bilmir. Həzrəti Peyğəmbər Salavatullah buyurmuşdur: "Elə ki, Ramazan gəldi, Cənnətin qapıları açılar. Cəhənnəmin qapıları bağlanar və şeytanlar zəncirdə olar".

Oruc Allaha ibadət əməlidir. Peyğəmbərimiz (s) demişdir: "Hər şeyin qapısı vardır – ibadətin qapısı isə orucdur". Əslində bütün ibadətlər Allah üçündür. Amma orucun xüsusi yer vardır. Oruc daxildən gələn səbirə, dözümə söykənir. Bunu isə ancaq Allah görür. Digər tərəfdən, oruc tutan insan öz əməli ilə şeytana qalib gəlir. Belə ki, şeytanın insanla mübarizədə əsas silahı nəfisi, istəyi və şəhvətidir. Şəhvətlər isə yemək-içməklə güclənir. Oruclu insan özünü yeməkdən-içməkdən saxlamaqla nəfsinə qalib gəlir, şəhvətlərini boğur və bununla da şeytana yol vermir ki, onun daxili aləminə yol tapsın. Odur ki, Allah oruc tutan insanı öz mələklərinə göstərər ki, bir baxın, Mənim bəndəm Mənim xatirimə şəhvətini, ləzzətini, yeməyini, içməyini tərk edib. Orucuna səmimi qəlbdən, şüurlu olaraq, məhz Allaha ibadət kimi əməl edən insanı Allah öz mələklərinə tay tutar.

Oruc müsəlmanlara vacib buyurulmuş ibadət əməlidir. Bu barədə Qurani-Kərimin hökmü belədir: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi". Bu mübarək ayə hicrətin 2-ci ilinin Şaban ayında nazil olmuşdur. Deməli, müsəlmanlar Ramazan orucunu miladi təqvimlə 624-cü ildən etibarən tutmağa başlayıblar.

Allah oruc-ibadətlərinizi qəbul etsin, ey müsəlmanlar!

Günel Həbib

O.M.