Müşahidə kameralarında süni intellekt əsaslı üz tanıma texnologiyası işə salınıb

Müşahidə kameralarında süni intellekt əsaslı üz tanıma texnologiyası işə salınıb

13:30
Bəyəndim (0) Bəyənmədim (0)

Noyabrın 16-dan etibarən Honq Konq polisi ictimai yerlərdəki müşahidə kameralarında süni intellekt əsaslı üz tanıma texnologiyasını işə salıb. SmartView adlı bu layihə şübhəlilərinin tapılması, itkin düşənlərin axtarışı və ictimai təhlükəsizliyin artırılması məqsədi daşıyır.
Polis komissarı Co Çou Yat-minin sözlərinə görə, texnologiya hətta üzünü maska ilə gizlədən şəxsləri də müəyyən edə bilir. Lakin cinayətkarların sistemdən yayınmasının qarşısını almaq üçün texniki detallar gizli saxlanılır.
2024-cü ildə başlayan layihə çərçivəsində hazırda polisin 10 min kamerası fəaliyyət göstərir və daha 10 min dövlət kamerasının sistemə qoşulması nəzərdə tutulur. 2028-ci ilədək hava limanı, metro, tunellər və ticarət mərkəzləri də daxil olmaqla şəhər üzrə ümumi kamera sayının 60 minə çatdırılması planlaşdırılır.
Sistem bütün kameralarda fasiləsiz deyil, yalnız konkret cinayət araşdırmaları və yüksək riskli itkin düşmə halları zamanı xüsusi icazə ilə aktivləşdiriləcək. Sınaq mərhələsində bu texnologiya artıq bir soyğunçunun tutulmasına və itkin düşmüş bir yaşlı şəxsin 1,5 saat ərzində tapılmasına kömək edib.
Qaydalara əsasən, adi görüntülər 31 gün, biometrik üz məlumatları isə 180 günədək saxlanılacaq. Hüquq müdafiəçiləri bu cür məlumatların uzun müddət saxlanılmasının vətəndaşların şəxsi həyatının toxunulmazlığına təhlükə yarada biləcəyindən narahatdırlar. Honq Konq polisi sistemdən sui-istifadəyə yol verilməyəcəyini və məqsədin yalnız ictimai təhlükəsizliyi qorumaq olduğunu bildirib.

Şahmurad