Çinli kimyaçılar istifadə olunmuş günəş panellərindən gümüşü duz vannası vasitəsilə çıxarmaq üsulu hazırlayıblar

Çinli kimyaçılar istifadə olunmuş günəş panellərindən gümüşü duz vannası vasitəsilə çıxarmaq üsulu hazırlayıblar

15:36
Bəyəndim (1) Bəyənmədim (0)



Çinin Ninqsia Universitetinin alimləri, zəhərli turşulardan istifadə etmədən, istifadə olunmuş günəş panellərindən gümüşün 97%-ə qədərini geri qazanmağın yolunu tapıblar.

Oxuməni.az xəbər verir ki, b barədə *Interesting Engineering* məlumat yayıb.

Üsul günəş elementlərinin natrium və kalium hidroksidlərinin əridilmiş qarışığına batırılmasını nəzərdə tutur. İsti duz silisium lövhəsinin üzərindəki örtüyü parçalayır və gümüş keçiricilərin ondan bütöv şəkildə, saf metal halında ayrılmasına imkan verir.

Tədqiqat müəllifləri qeyd edirlər ki, "bu nəticələr kristal silisium əsaslı fotovoltaik materiallardan qiymətli metalların turşusuz və az itki ilə çıxarılması mexanizmlərinə aydınlıq gətirir".
Kommersiya məqsədli günəş panellərinin ilk nəsli 25–30 illik istismar müddətinin sonuna yaxınlaşır. İstifadə olunmuş panellərin kütləsində gümüşün payı 0,03%-dən az olsa da, onun ümumi dəyərinin təxminən yarısını təşkil edir.

Adətən, təkrar emal proseslərində gümüşü ion formasına çevirən nitrat turşusundan istifadə olunur. Bu, zəhərli azot oksidlərinin ayrılmasına və turşulu tullantı sularının yaranmasına səbəb olur, üstəlik, sonradan metalın geri qazanılması prosesi də mürəkkəbləşir. Əksinə, əridilmiş duz vannası passivləşdirici silisium nitrid (SiNx) təbəqəsini kənarlaşdırır və onun keçiricilərlə əlaqəsini zəiflədir. Tədqiqatda qeyd olunur: "230 °C temperaturda 150 saniyə ərzində gümüşün geri qazanılma göstəricisi 94,34%-ə çatdı və SiNx passivləşdirmə təbəqəsi effektiv şəkildə kənarlaşdırıldı; əldə edilən maksimum gümüş geri qazanma göstəricisi isə 97,11% təşkil etdi".

Ən böyük çətinlik silisium əsasını korroziyadan qorumaq idi – bu, əvvəlki üsulların həll edə bilmədiyi bir problem idi. Qoruyucu təbəqə aradan qalxdıqdan sonra hidroksid ionları silisiuma hücum edərək onu həllolan silikatlara çevirir və səthdə kiçik çuxurlar əmələ gətirir. Temperaturu və emal müddətini tənzimləməklə, silisium itkisini 2,62%-lə məhdudlaşdırmaq mümkün olmuşdur (230 °C temperaturda, 100 saniyə ərzində).

Bu üsul indiyədək yalnız laboratoriya şəraitində sınaqdan keçirilib. Tədqiqatın nəticələri *Journal of Cleaner Production* jurnalında dərc olunub.

Əziz MUSTAFA