Alimlər ilk dəfə qocalan qaraciyər hüceyrələrini “cavanlaşdırıblar”

Alimlər ilk dəfə qocalan qaraciyər hüceyrələrini “cavanlaşdırıblar”

13:28
Bəyəndim (1) Bəyənmədim (0)

Cənubi Kaliforniya Universitetinin Kek Tibb Məktəbinin alimləri eksperimental sinasiguat preparatının köməyi ilə qocalan qaraciyər hüceyrələrinin funksiyalarını bərpa ediblər. Yaşlı gəmiricilər üzərində aparılan təcrübələrdə müalicə hüceyrələrin qandan amiloid-beta və “pis” xolesterin kimi tanınan LDL-ni daha effektiv təmizləməsinə kömək edib. Bu maddələrin artıq miqdarı Alzheimer xəstəliyi və ürək-damar xəstəlikləri ilə əlaqələndirilir. Oxuməni.az xəbər verir ki, tədqiqatın nəticələri Journal of Biological Chemistry jurnalında dərc olunub.

Alimlər qaraciyərin sinusoidal endotel hüceyrələrini araşdırıblar. Bu hüceyrələr orqanın qan damarlarının daxili səthini örtür və qandakı maddələrin orqanizmdəki birləşmələri zərərsizləşdirən və xaric edən hüceyrələrə keçməsinə kömək edir.

Yaş artdıqca bu hüceyrələrdəki məsamələr kiçilir. Nəticədə qaraciyərin qanı amiloid-beta da daxil olmaqla iri molekullardan təmizləməsi çətinləşir. Amiloid-beta beyində toplana və Alzheimer xəstəliyi üçün xarakterik olan lövhələr əmələ gətirə bilər.

Təcrübə zamanı yaşlı siçovullara iki həftə ərzində sinasiguat preparatı verilib. Müalicədən sonra qaraciyər hüceyrələrindəki məsamələr yenidən açılıb, qanda amiloid-beta səviyyəsi isə təxminən iki dəfə azalaraq cavan heyvanlarda qeydə alınan göstəricilərə enib. LDL xolesterinin səviyyəsi də cavan yaş üçün xarakterik olan həddə düşüb.

“Tədqiqatda qeyd olunur ki, preparat molekulyar reaksiyalar zəncirini işə salır: qaraciyər damarlarının daxili səthini örtən hüceyrələr HB-EGF zülalını ifraz etməyə başlayır. Bu zülal qaraciyər hüceyrələrinin qandan amiloid-beta və LDL-ni daha fəal mənimsəməsinə kömək edir. Yaş artdıqca bu amilin istehsalı azalır, lakin müalicə onun səviyyəsini bərpa edir”, — deyə araşdırmada bildirilir.

Müəlliflər hesab edirlər ki, qaraciyərə təsir göstərilməsi yaşla əlaqəli xəstəliklərin profilaktikasında yeni istiqamətə çevrilə bilər. Bununla belə, nəticələr hələlik yalnız heyvanlar üzərində aparılan təcrübələrdə əldə olunub. Alimlər amiloid-beta səviyyəsinin azaldılmasının Alzheimer xəstəliyi riskini aşağı salıb-salmadığını və bu yanaşmanın insanlarda təhlükəsiz tətbiqinin mümkün olub-olmadığını müəyyən etməlidirlər.

Almaz Həsənli