Tədqiqat: Şimali Amerikanın qədim sakinləri buzlaşma dövrünün qızğın çağında iqlimin kəskin dəyişməsinə tab gətiriblər
ABŞ və Böyük Britaniyadan olan alimlər Nyu-Meksiko ştatındakı Uayt-Sends Milli Parkında qazıntı işlərini genişləndirərək son buzlaşma maksimumu dövründə burada izlər qoymuş insanların hansı şəraitdə yaşadıqlarını müəyyən ediblər. İnsan ayaq izləri çöküntülərin 20 qatında aşkar edilib və onların yaşı dəqiqləşdirilib: 23,5–21,7 min il əvvəl. Beləliklə, insanlar təxminən iki min il ərzində bu ərazidən keçiblər və bütün bu müddət ərzində ətrafdakı təbiət əhəmiyyətli dərəcədə dəyişib. Oxuməni.az xəbər verir ki, tədqiqatın nəticələri Science Advances jurnalında dərc olunub.
Bu ərazidəki ilk izlər 2021-ci ildə təsvir edilib və həmin vaxt onların təxminən 23–21 min il əvvələ aid olduğu müəyyənləşdirilib. Mütəxəssislərin bir qismi bu tarixləndirməyə şübhə ilə yanaşıb. Buna görə də yeni tədqiqatın müəllifləri daha uzun geoloji kəsik üzərində araşdırma apararaq əvvəlki nəticələri yoxlamaq qərarına gəliblər. Qazıntı xəndəyinin uzunluğu 11 metrdən 25 metrədək artırılıb və nəticədə qalınlığı təxminən 2,7 metr olan çöküntü təbəqələri üzə çıxarılıb.
Tədqiqatçılar insanlara məxsus 152 ayaq izini ölçüblər. İzlərin ölçüsünə əsasən, onların dörd yaşdan kiçik uşaqlar, təxminən 6 və 12 yaşlı uşaqlar, eləcə də yeniyetmələr və ya böyüklər tərəfindən qoyulduğu ehtimal edilir. Yaxınlıqda qədim xortumluların, nəhəng tənbəllərin, itkimilərin, ehtimal ki, ayıların və quşların izləri, həmçinin yüklərin daşınması üçün istifadə edildiyi güman olunan sürütmələrin açdığı cızıqlar da qorunub saxlanılıb. Alimlər burada yaşayış düşərgəsinə aid əlamətlər aşkar etməyiblər. Buna görə də hesab edirlər ki, insanlar bu ərazidən sadəcə keçiblər.
Çöküntü qatlarının yaşını daha dəqiq müəyyənləşdirmək üçün tədqiqat qrupu iynəyarpaqlı ağacların tozcuqlarının radiokarbon üsulu ilə tarixləndirilməsi metodunu təkmilləşdirib. Müqayisə nümunəsi kimi Kolorado ştatında yaşı 110 min ildən çox olan çöküntülərdən götürülmüş tozcuqlardan istifadə edilib. Bu qədim tozcuqlar laboratoriya emalı zamanı nümunələrə nə qədər kənar karbonun qarışdığını müəyyənləşdirməyə imkan verib. Nəticədə tozcuqların yaşının müəyyənləşdirilməsindəki xəta beş dəfə azalıb.
Alınan məlumatlar su bitkisi olan ruppiyanın toxumlarının yaşı ilə müqayisə edilib. Daha sonra əldə olunan xronologiya Qrenlandiya buz qatlarında qorunmuş iqlim məlumatları ilə tutuşdurulub.
Bərpa edilmiş mənzərəyə görə, təxminən 24,2–23,6 min il əvvəl tapıntıların aşkarlandığı ərazi Otero gölünün dibində yerləşirdi. Ətrafdakı dağlarda əsasən şam ağaclarından ibarət qarışıq iynəyarpaqlı meşələr yayılmışdı. Havanın orta temperaturu təxminən 12 dərəcə təşkil edirdi ki, bu da indiki göstəricidən təxminən 4 dərəcə aşağı idi.
Təxminən 23,6 min il əvvəl havanın temperaturu yüksəlməyə başlayıb, göl dayazlaşıb və qərbə doğru çəkilib. İynəyarpaqlı meşələrin yerini palıd və yovşan kolluqları tutub. Təxminən 22,4 min il əvvəl isə istiləşmə sürətlənib və göl hövzəsi qurumağa başlayıb.
Təxminən 23,2 min il əvvəl bölgədə güclü, lakin qısamüddətli quraqlıq baş verib. Bu hadisə Şimali Atlantikada temperaturun kəskin yüksəlməsi ilə eyni vaxta təsadüf edib. Quraqlıqdan sonra göl əvvəlki vəziyyətinə qayıtmayıb və torpağın gah islandığı, gah da quruduğu dayaz su hövzəsinə çevrilib.
Suyun çəkilməsi nəticəsində üzə çıxan sahil zolağı insanların və iri heyvanların hərəkəti üçün yol açıb. İnsan ayaq izlərinin aşkarlandığı ən qədim çöküntü qatı da məhz bu dövrə aiddir. Tədqiqat müəlliflərinin fikrincə, əldə etdikləri məlumatlar bu iqlim hadisəsinin vaxtını hətta Qrenlandiya buz nüvələrinin verdiyi məlumatlardan daha dəqiq müəyyənləşdirməyə imkan verir.
Alimlər vurğulayırlar ki, insanlar nəsillər boyu meşələrin çöllüklərlə əvəzlənməsinin, gölün geri çəkilməsinin, rütubətli dövrlərin isə quraqlıqla növbələşməsinin şahidi olublar. Buna baxmayaraq, onlar bu hövzəyə gəlməyə davam ediblər. Tədqiqatçılar bunu ərazidəki təbii resursların insanlar üçün nə qədər əhəmiyyətli olduğunun göstəricisi hesab edirlər.
Bundan əlavə, bu, ABŞ-ın cənub-qərbi üçün həmin dövrə aid temperaturun kəmiyyət göstəricilərini və bir neçə onillik dəqiqliyində zaman bölgüsünü əhatə edən ilk iqlim salnaməsidir. Bu məlumatlar həm insanların, həm də meqafaunaya aid iri heyvanların hərəkət etdiyi ərazidən əldə olunub.

Almaz Həsənli































.jpg)








.jpg)



















































