Xərçəngi təşviq edən zülal şişlərə qarşı “silaha” çevrildi
Xərçəngin inkişafına kömək edə bilən PPARD zülalı məhz immun hüceyrələrində aktivləşdirildikdə orqanizmə şişlərlə mübarizə aparmağa kömək edir. Bu qənaətə Cold Spring Harbor laboratoriyasının alimləri gəliblər. Oxuməni. az xəbər verir ki, tədqiqatın nəticələri Nature Immunology jurnalında dərc olunub.
PPARD zülalı yağ mübadiləsinin tənzimlənməsində iştirak edir və xərçəng hüceyrələrinin böyüməsini dəstəkləyə bilər. Lakin tədqiqatçılar müəyyən ediblər ki, onun təsiri hüceyrələrin növündən asılıdır: immun sisteminin hüceyrələrində bu zülalın aktivləşdirilməsi, əksinə, orqanizmin şişlərin böyüməsini məhdudlaşdırmasına kömək edir.
Alimlər bu yanaşmanı şişləri tanımaq üçün xüsusi olaraq modifikasiya edilmiş immun hüceyrələri olan CAR-T hüceyrələri üzərində sınaqdan keçiriblər. PPARD zülalı aktivləşdirildikdən sonra bu hüceyrələr xəstələrin toxumalarından yetişdirilmiş orqanoidlərdə, insan xərçəng hüceyrələri üzərində aparılan təcrübələrdə və siçanlar üzərindəki sınaqlarda şişlərin böyüməsini daha effektiv şəkildə ləngidiblər.
Tədqiqatçılar süd vəzi və yumurtalıq xərçəngi, eləcə də melanoma daxil olmaqla, digər şiş növlərində də müsbət nəticələr müşahidə ediblər.
Müəlliflərin fikrincə, PPARD zülalının aktivləşdirilməsi hüceyrə immunoterapiyasının effektivliyini artırmağa kömək edə bilər. Ehtimal olunur ki, bu zülal immun hüceyrələrinə yağlardan enerji mənbəyi kimi daha səmərəli istifadə etməyə və şişə hücum etmək qabiliyyətini qorumağa imkan verir.
Hələlik nəticələr laboratoriya və klinikayaqədərki təcrübələrdə əldə edilib. Bu yanaşmanın insanlar üçün təhlükəsiz və effektiv olub-olmadığını müəyyənləşdirmək üçün əlavə tədqiqatlar aparılmalıdır.
Almaz Həsənli






















.jpg)








.jpg)





























































