Hüceyrələrin qocalması ilə bağlı gözlənilməz paradoks aşkarlanıb
Sanford Bernhem Prebis Tədqiqat İnstitutunun Kaliforniya Universitetinin San-Dieqo kampusundan olan həmkarları ilə birgə apardığı araşdırmada paradoks aşkarlanıb: faydalı hesab edilən hüceyrələrin “özünü təmizləmə” prosesi yaşlı insanlarda fiziki vəziyyətin pisləşməsi ilə əlaqəli ola bilər. Oxuməni az xəbər verir ki, tədqiqatın nəticələri Aging Cell jurnalında dərc olunub.
Söhbət hüceyrənin özünün zədələnmiş hissələrini parçalayaraq yenidən emal etdiyi autofagiya prosesindən gedir. Əvvəllər hesab edilirdi ki, bu proses yaş artdıqca sadəcə zəifləyir. Lakin alimlər 23–72 yaş arası könüllülərin qan və dəri hüceyrələrini araşdıraraq autofagiyanın hüceyrə tipindən və cinsdən asılı olaraq həm arta, həm azala, həm də dəyişməz qala biləcəyini müəyyən ediblər. Kişilərdə dəri hüceyrələrində bu proses yaş artdıqca zəifləyib, qadınlarda isə sabit qalıb. Qadınların dəri hüceyrələrindən əldə edilən neyronlarda isə autofagiyanın səviyyəsi hətta artıb.
Ən gözlənilməz nəticə 70 yaşdan yuxarı insanlarda qeydə alınıb: autofagiya nə qədər aktiv gedirdisə, sağlamlıq göstəriciləri bir o qədər zəif olurdu. Qan hüceyrələrində bu, aerob dözümlülüyün azalması, dəri hüceyrələrində bədən kütləsi indeksinin yüksəlməsi, neyronlarda isə əl sıxma gücünün zəifləməsi və maddələr mübadiləsinin yavaşlaması ilə müşayiət olunurdu.
Tədqiqatın aparıcı müəllifi Kerolayn Kumsta bildirib: “Autofagiya prosesinin güclənməsi gənclərdə faydalı, yaşlılarda isə problemli ola bilər”. O əlavə edib ki, insanlarda autofagiyanın faydalarını təsdiqləyən inandırıcı sübutlar “çox azdır”. Onun həmkarı Tatyana Moreno isə vurğulayıb ki, “autofagiya və qocalma əvvəllər düşünüldüyündən xeyli daha mürəkkəb proseslərdir”.
Yaşı 77–88 arasında olan beş nəfərin iştirak etdiyi kiçik pilot təcrübədə 12 həftə ərzində yüngül gimnastika məşqlərinin qandakı hüceyrələrdə autofagiyanı gənclər üçün xarakterik səviyyəyədək azaltdığı ehtimal olunur. Eyni zamanda, iştirakçıların fiziki göstəriciləri yaxşılaşıb. Müəlliflər bu nəticənin ilkin xarakter daşıdığını vurğulayırlar: iştirakçıların sayı çox azdır və daha genişmiqyaslı tədqiqatlara ehtiyac var.
Alimlərin ehtiyatla ifadə etdiyi əsas nəticə budur: autofagiyanı hər kəsdə, xüsusilə də yaşlı insanlarda universal şəkildə sürətləndirməyə çalışmaq təhlükəli ola bilər.
Almaz Həsənli











































.jpg-3.jpg)
.jpg-2.jpg)
.jpg-1.jpg)














































